Mənimki qorxudan keçmişdi - BİRCƏNİN ROMANI

Mənimki qorxudan keçmişdi - BİRCƏNİN ROMANI
27 oktyabr 2017
# 11:21

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Dərd məni almışdı ki, taksi qapıda dayananda uşaq qucağımda maşından necə düşəcəm. Qarnımda, göbəyimin altında şiddətli ağrı cövlan eləyirdi. Qollarımda uşağı götürməyə hey-hərdəm qalmamışdı.

Bayırda sazaq əsirdi, amma canımdan buz kimi tər axırdı. Bətnimdəki döldən azad olsam da, onun yerini dəhşətli ağrılar, qorxular doldurmuşdu. Evdən icazəsiz pul götürdüyümü, heç kimə genəşmədən aborta getdiyimi biləndə Eminə nə cavab verəcəkdim?..

Qaynanam əlləri belində pilləkənin başında Ərəbzəngi kimi durub yolumu kəsmişdi:

- De görüm hardan gəlirsən, bu nə həkim idi belə?!

Onun üzünə baxmağa ürək eləmirdim, elə bilirdim hardan gəldiyimi üz-gözümdən oxuyacaq:

- Nə bilim, uşağa görə çağırmışdılar.

- Kim çağırmışdı?

- Həkimi.

- Eminin xəbəri vardı?

- Yox, o gedəndən sonra dedilər.

- Hə, nooldu, neylədilər, iynə vurdular uşağa?

Qulaqlarım cingildədi, bilmədim nə cavab verim, özümü karlığa vurdum. “Hə” desəm, deyəcəkdi aç baxım.

- Yox, vurmadılar, yoxladılar, dedilər gələn ay vurarıq.

Cavid qucağımda qaynanamın böyründən sivişib tez otağıma keçdim. Nə ayaq üstə durası, nə də sorğu-suala cavab verəsi halım vardı. Elə bilirdim qarnımda bir əlibıçaqlı oturub içimi eşir.

Cavidi yedirib yerinə uzandırdım. Özüm də uşağımın yanına yıxılıb qorxunun, həyəcanın, can ağrısının əlindən bir hovur nəfəs dərmək istəyirdim. Elə bilirdim isti yorğan-döşəkdə bircə saat qıvrılıb yatsam, canımın sızıltısı azalar. Yuxu gözlərimi bağlamamış qaynanam qapını zərblə açıb bir komandan hökmüylə əmr verdi:

- Uşaq yatan kimi dur paltarları yu! Kimsə gəlib sənin işini görən deyil ki.

İsti otağın, rahat yatağın təmasından buzu yenicə əriməyə başlayan bədənimə yenə üşütmə gəldi. Bu soyuqda bu əzik-üzük canımla bir taya paltarı necə yuyacaqdım!

Ayrı əlacım yoxudu. Cavid yuxuya gedən kimi durub əynimi altdan-üstdən qalın geyindim, başıma şal doladım, ancaq yenə üşütməm kəsmədi. Evdəki sobadan bir xəkəndaz köz götürüb bayırda ocaq qaladım, başladım paltarları yumağa. Acından uçunurdum, amma boğazımdan içəri bircə tikə də adlatmaq gücündə deyildim.

Paltarları isti suda ovcaladıqca əllərimin istisi içimə axırdı, canımın sızıltısı bir balaca azalırdı. Boz ayın soyuq üzünə çırtma-çırtma qar atırdı, qara qarğalar başımın üstündə qarıldaşırdı. Şər qarışmamış paltarları yuyub sərməyə tələsirdim.

Başımı qaldıranda gördüm ki, eltim Maral zümzümə eləyə-eləyə mənə sarı gəlir:

- Əmiqızı (atalarımız eyni soydan olduqlarına görə həmişə məni belə çağırardı), qaçaraq hara getdin-gəldin iki daşın arasında? Nəsə şübhələndim səndən...

Mən bir az qızarıb-bozardım, irəli-geri durdum, axır düzünü deyəsi oldum:

- Aborta getmişdim.

Gəlin əlini üzünə atdı:

- Boooyyy, təkbaşına?

- Bəs kimlə gedəydim?

- Evdəkilər bilir?

- Yox-yox, heç kim bilmir, qadan alım, hələ sən də demə.

- Bəs yazıq deyilsən bu soyuqda paltara güc gəlirsən?

- Neyləyim, Zöhrə xala dedi yumalısan.

- Onun dediyi qanun-zad deyil ha! Yazıqsan, a bala, tulla hamısını, get özünü ver ocağın qırağına, yoxsa simləyərsən.

Dayanıb bir xeyli üzümə baxdı, başını bulayıb getdi.

***

Paltarı yumaq çətin deyildi, çətini yuyulmuş paltarı həyətdən axıb keçən buz kimi arxda suya çəkmək idi. Əllərimi isti sudan çıxarıb soyuq suya salanda dişim dişimə dəyirdi. Ona görə də paltarı atırdım arxın suyuna, sabunu yuyulub təmizlənənə qədər barmaqlarımın ucuyla o yan-bu yana çevirirdim, sonra da aparıb sərirdim.

Bu yandan da Maral dilini dinc qoymaz, məndən aralanan kimi gedib düşər qaynanamın üstünə (olmasın belə canıyananlıq!):

- O gəlin abortdan gəlib, bir taya paltarı niyə tökmüsən onun qabağına bu soyuqda? Qorxmursan xalxın uşağı hovlayar, balası əllərdə qalar?

Bir onu gördüm ki, qaynanam yelli-yelli, havalı-havalı başımın üstünü aldı. Elə bildim arvad məni döyməyə gəlir. Yox, döyməyinə döymədi, ancaq gözümün içinə nələr dedi, nələr!.. Qulaqlarım həya pambığıyla tıxandı, içimə xəcalət alovu düşdü. Əllərimi buzlu sudan çəkmək yadımdan çıxdı, başım çiynimdən asıla qaldı. Bir anda titrətməm də keçib getdi, yanan əllərimlə paltarları buzlu suda ovxaladıqca ovxaladım, soyuq canıma əsər eləmədi, bəlkə də su özü əllərimin odundan isindi.

Qaynanam nə dedi, dillənmədim, nə qədər qışqırdı, dönüb ona sarı baxmadım. İşi belə görəndə Zöhrə xala axırıncı oxunu Axilles dabanıma tuşladı:

- Eybi yox, qoy Emin gəlsin, sənin əməllərini bir-bir qoyacam onun ovcuna. Sonra da atanı-ananı çağırdacam bura.

Daha qorxmurdum, mənimki qorxudan keçmişdi. Əksinə, cinayətimin üstündən sirr pərdəsi götürüldüyü üçün bir az da rahat oldum. Ancaq tutduğum işə görə zərrəcə peşman deyildim.

O gecə qızdırma-titrətmə canımı əldən saldı. Səhərəcən məni qara basdı – yenə eybəcər adamlar saçlarımı yolurdular, gah da nəhəng adamyeyən qarışqalar məni sürüyüb yuvalarına aparırdılar. İçimin zoqqultusundan dilim keyiyirdi, dişlərim sızıldayırdı.

Səhər nə illah elədimsə, yerimdən qalxa bilmədim. Yenə qaynımın balaları hovuma-harayıma çatdılar, mən cəhənnəm odunda yananda Cavidi aparıb saxladılar. Qaynanam başımın üstünü kəsdirib yenə meydan suladı:

- Ölürsənmi? Öl, sənə bu da azdı! Uşaqlar əlinə-ayağına dolaşırdı, niyə o körpənin günahına batdın? Mənim çörəyimi itlər yeyir, sən qudurmusan, özbaşına iş görürsən?!

Bəlkə paltar yumasaydım, bu hallara düşməzdim, bir az yüngül ötüşdürərdim o ağrıları. Qızdırmam düşüb bir balaca özümə gələndən sonra da güclü bir öskürək tutdu sinəmi. Ancaq bütün bunlar sonra olanların yanında toya getməliydi, qiyamət Emin gələndə başladı.

Qaynanam onun pilləkəni çıxmağını belə gözləmədi:

- Çox vacibiydi sənin ovun? Gəl gör arvadın neylədi sən gedən kimi?

Emin ayaqqabısını soyuna-soyuna bir gözü məndə soruşdu:

- Cavid hanı?

- Yatır.

- Bəs anam nəyi deyir, nə iş tutmusan?

Mən çiyinlərimi çəkib otağımıza qaçdım. Bilirdim anası hər şeyi yerli-yataqlı danışacaq, mənə qalırdı öz otağımda oturub cəza payımı gözləmək. Qızdırma, öskürək, ağrı, qorxu, həyəcan məni onsuz da əldən salıb bezdirmişdi, istəyirdim ərim bəlalı başımı cəzama tez çatdırsın, canım qurtarsın.

Üz-gözünü tük basmış Eminin ilk sualı bu oldu:

- Sən pulu hardan aldın həkimə getdin?

Mən başımı onun pul saxladığı siyirməyə sarı uzatdım:

- Ordan götürdüm.

- Niyə götürdün, dədən qoymuşdu o pulu ora?

- Neyləməliydim, kimdən pul alasıydım?

Söz ağzımdan qurtarmamış Emin üstümə cumdu. Məni əlində top kimi oynadıb harama gəldi vurmağa başladı. Səsimi çıxarmırdım, eləcə başımı qoruyurdum ki, üzümü-gözümü zərbə tutmasın. Heç ağlamırdım da, nəsə ağlaya bilmirdim. Bircə dəfə var gücümlə “ay Zöhrə xala” deyib qaynanamı çağırdım. Arvad qapının arasından başını içəri salıb:

- Gedəndə mənə məsləhət eləmişdin ki, indi məni çağırırsan, - dedi, - onun əllərinə qurban olum, qoy öldürsün səni.

Eminin məni döydüyünü görən qaynımın kiçik oğlu qaçıb anasına xəbər aparmışdı. Onda gördüm Maral qapını itələyib qaranəfəs özünü içəri atdı:

- Başıxarab, çıx rədd ol burdan, öldürəcəksən xalxın uşağını?!

Maralın Eminə ərki vardı, onun sifətinə hər sözü çırpa bilirdi, üstəlik, yaşca böyük olduğundan Emin onun hörmətini saxlayır, üzünə qayıtmırdı. Məhşər ayağında özünü hayıma yetirən Maral məni Eminin əlindən aldı, gözü qızmış ərimi itələyib eşiyə çıxardı.

Xəcalətimdən başımı qaldırıb eltimin üzünə baxa bilmirdim, onun məni mal kimi döyülmüş, alçalmış vəziyyətdə görməyi məndən ötrü döyülüb-söyülməkdən betər idi. Daha Cavid də bu işlərdən qanırdı, Emin üstümə yeriyəndə qorxub qışqırırdı.

Xeyli vaxt idi burnum qanamamışdı, indi öskürdükcə burnumun qanı özümdən üç addım qabağa sıçrayırdı. Koftamı burnuma tutub qanı kəsməyə çalışırdım. Eminin havası alınmamışdı, qapının arasından içəri dartına-dartına hələ də bağırırdı:

- Bunlar jurnaldı, kinosu hələ sonra olacaq. Demək, sənin oğurluq eləməyin də varmış? Hazırlaş, buna görə cavab verəcəksən.

Maral təəccüblə üzümə baxdı:

- Nə oğurluq, ay qız?

Ağız-burnumun qanını silə-silə qulaqlarımacan qızardım, içimdən necə bir cərəyan keçdisə burnumdan axan qan o dəqiqə dayandı.

- Həkimə gedəndə siyirməsindən pul götürmüşdüm, onu deyir.

Maral iki əliylə Eminə “aley” verdi:

- Kül sənin kişi başına! Ananın sazını kökləmə, ə, bə neyləməliydi yazıq qız, gedib özgəyə əl açmalıydı? Sənin kimi kişidə mən bir gün də oturmaram, vallah.

Maral Eminə dişinin dibindən çıxanı deyib getdi. Yenə cəhənnəm səhrasının ortasında simsarsız, arxasız, köməksiz qaldım, nə özümə, nə sözümə söykək verən olmadı. Nənəm demiş, bu soyu talanmış olan-qalan canımı əzib dərimə yığmışdı, bir torba haram ətə dönmüşdüm.

***

O gecə ürəyim özü boyda qubar bağladı, ömrümün bir varağına da silinməz xallar düşdü, umudum çürük sap kimi qırıldı. Min ilin hirsi-hikkəsi gözümün yaşına bükülüb xirtdəyimə yığıldı. Heyim kəsildi, hənirim içimə düşdü, qəpik-qəpik yığdığım, üstündə əsdiyim hörmət fələyin qumarında yenə talan olundu. Hörüyüm başıma uçdu, abrım-həyam töküldü. Belə urvatsız tutulduğu yerdə hansı gəlin doğub-törəmək istəyərdi? Nəyin xətrinə, nədən ötrü – rüsvaylığına, rəzilliyinə şahid duranların sayını artırmaqdan ötrümü?..

Piltik-piltik olmuş canımdan bezib oysanmışdım daha. Bu evdə mənim mərəkəm pozulmuşdu, insan övladına sayğım, işıqlı dünyaya məhəbbətim elədən-belə, belədən-belə tapdanıb çığnanmışdı, mərhəmət üzünə həsrət qalmışdım. Zalımın zülm əliylə hərlənən çarxına ilişmişdim, boynuburuq qalmışdım, sitəmdən başım açılmırdı. Bu məngənənin arasında hələ bir doğmalıydım da? Yox! Yox!! Yox!!!

Həmin gecə ilk dəfə Emin Cavidi məndən alıb yanında yatırdı. Mən yorğanımı götürüb boylu vaxtımda özüm üçün səliqəyə salıb rahatladığım, baldızımın da doğandan sonra qırx gün qaldığı otağa keçdim. Bayırda boz ayın bomboz sazağı əsirdi, hardasa uzaqlarda çaqqallar vağıldaşırdı, canımın sızıltısından gözümə yuxu getmirdi. Pırpızaqlı fikirlər beynimi yüz yerdən deşirdi, göylərin qapıları üzümə bağlanmışdı. Çırağın zəif işığında tavana zillənmiş gözlərim ölü qoyun gözü kimi donuxmuşdu.

Birdən Eminin həyəcanlı səsi məni huşdan ayıltdı. Bir göz qırpımında özümü bu otaqdan o otağa yetirdim. Cavidin burnundan qan açılmışdı! Yer ayağımın altında ləngər vurdu, divarlar üstümə gəldi.

Qanı axdıqca yazıq uşaq səksənirdi, qorxudan ağlayırdı. Balama toxtaqlıq verəsi halda deyildim, çünki özüm ondan betər qorxurdum. Evin yıxılsın, fələk, bu sısqa, cansız uşaqda bu qədər qan hardandı?

Eminin bərəlmiş gözləri üzümə canavar kiniylə baxırdı:

- Səni gördüyüm günə bir qara daş düşəydi! Hamısı sənin xəstəliklərindi, indi də bir-bir uşağa keçir.

Dinmədim. Bu dəm qaynanam qaranəfəs özünü hadisə yerinə çatdırdı:

- Görürsən Allah səni nə təhər cəzalandırır? Getdin günahsız uşağı məhv elətdin, al bu da sənə cavabı!

Anası belə deyəndən sonra Emin bir də coşdu. Mən Cavidi götürüb gəldiyim otağa qayıtdım, ancaq qapıdan çıxmamış çevrilib Eminə sözümü dedim. Özü də sakitcə, haysız-küysüz:

- Allah Cavidə dəyməsin, bir də qalsam, uf demədən bir də abort elədəcəm. Sənin görüb-görəcəyin elə bu olacaq.

- Ay sən öləsən! Bu da bir işiydi, mənim evdə olmadığımdan istifadə elədin.

Ürəyimdə dedim: “Baxarıq!”

Cavidin başının altına iri yastıq, alnına soyuq dəsmal qoydum, burnunun ucunu yavaşca-yavaşca sıxıb buraxdım. Qan dayanan kimi balamı qollarımın arasına alıb layla çaldım:

...Yastığında gül bitsin

Döşəyində bənövşə...

Balam qızılgülün içində şirin yuxuya dalanda mən də cəhənnəm tikanlarının arasında ayağımı basmağa yer axtarırdım...

ardı var

# 1364 dəfə oxunub

Müəllifin son yazıları

# # #