Oğlumun yaxasından əl çək! - Bircənin romanı

Oğlumun yaxasından əl çək! - Bircənin romanı
14 fevral 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İkinci kursun semestr imtahanları başlananda Cavid özünü təntik mənə yetirdi:

- Ana, məni Amerikaya oxumağa göndərirlər.

Sevincdən, həyəcandan oğlumun sinəsi çənəsinə dəyirdi.

- Niyə Amerikaya?

- Tək Amerika deyil, İngiltərə də var. Ora çox bahadı deyə mən Amerikanı seçdim.

- Mənim gücüm çatarmı səni orda oxutmağa?

- Ana, sən biletimi alacaqsan, bir də kirə pulumu ödəyəcəksən, yerdə qalanını məktəb həll eləyəcək.

- Ta nə qaldı, hamısı mənim boynuma düşdü ki...

- Narahat olma, mənə orda iş də tapacaqlar.

Həmin gecə Cavid o qədər hüdüləyib tökdü ki, beynimin içi onun səsiylə doldu. Taylanın qəfil atmacası ikimizin də başını sələsi atmış balon kimi partlatdı:

- Annəsi, oğlumuz da qız sevir, biləsən.

Cavid ona hücum çəkdi:

- Qızın bura nə dəxli var, ay alçaq?

Araya girib Taylanı qorumağa çalışdım, kürəyimin arxasında daldalanmış Tapdığım yenə səsini kəsmədi:

- Qız da gedir Amerikaya, annəsi.

- Gedir gedir də, orda oğluma həyan olar.

Cavid nənəsindən əxz elədiyi aleylərdən bir yağlısını Taylana göndərdi:

- Di öl, gördün, mənim anam hər şeyi başa düşür.

- Ya şərəfsiz, mən neçə dəfə demişəm, sənin annən böyük adamdı, sənin annən çox böyük annədi, amma sən karizmasız birisən.

Yenə süpürləşməyə başladılar. Onları güc-bəla ayırıb Taylana yalvardım:

- Qadan alım, bir sus, qonşular köçdü səsimizdən.

Boynunun damarları şişib yoğunlamış Taylan kirimədi:

- Ya annə, bu şərəfsiz sənin zülümlə qazandığını iki aydı o qıza yedirdir, indi o da buna qoşulub getsə sənin başına daş düşəcək.

- Necə yəni qıza yedirdir?

- Həftəyə 10 manat ona yetirdi, hələ artıq da qalırdı, düzmü deyirəm? İki aydı həftəyə 30 manat bizim bu Kəloğlanı görmür.

- Neyləyir Cavid o pulları?

- Qıza dönər alır, kontur alır, yolpulusunu verir.

Buraxsaydım Cavid onu didəcəkdi, amma mən də uşağımı ayağa vermədim:

- Eybi yox, adam qrup yoldaşının əziyyətini çəkər.

- Annə, bu bir başqa yoldaşdı, tezliklə görəcəksən.

O gecə Cavid Taylanı yanından qovdu. Qonaq otağındakı divanda qara böcəyə yer sala-sala xısıldadım:

- Dilini dinc qoy, onun dalınca da çöllərə düşmə, qoy neyləyir eləsin.

- Ya annə, sənə yazığım gəlir, o qız tam başqa bir qızdı.

Bu söhbətdən çox keçməmiş Taylanın dedikləri yerini aldı.

***

Cavidin sevdası evimizə bəla kimi, virus kimi soxuldu. Qız bizdə qalan qızlarla uzaqdan-uzağa intriqaya girdi, ikisinin də evimizdən çıxmağını tələb elədi. Başı Amerika sövdasına qarışmış Caviddən gizlin qızlarım gəlinliyə namizədlə görüşə getdilər, onunla birlikdə şəhəri gəzib-dolanıb əyləndilər, qızı arxayın salmağa, inandırmağa çalışdılar ki, Cavidə öz qardaşları kimi baxırlar. Di gəl, boyu bir əlcə, hikkəsi boyundan beş qat böyük olan qızı bu görüş də dincəltmədi. Adı Nuriyyə idisə də öz aramızda ona Nefertiti deyirdik.

Çox keçmədən Nefertiti Taylanla Cavidin də arasını vurdu. Onun uzaqdan uzanmış barmağı evimizin ortasından qalın bir qırmızı xətt çəkib evdə əməlli-başlı cəbhələşmə yaratmışdı: Cavidin otağına ancaq Nuşu xala girə bilirdi, qızlar süfrəni yığandan sonra gözə görünməməyə çalışırdılar, heç qonaq otağındakı televizora da yaxın gəlmirdilər. Biz ana-bala yenə gözümüzlə danışmağa başlamışdıq, vacib sözümüz olmayanda ikimiz də susub eləcə baxışırdıq. Artıq Cavidin xaricə getməyində mən hamıdan çox maraqlıydım, sənəd, viza üçün nə qədər pul istəyirdisə o dəqiqə ovcuna basırdım. Qalırdı səfirlikdə imtahanlardan keçmək, o sınaqdan da uğurla çıxsaydı Cavidə bilet alınmalıydı.

Qızın üzünü görəndən sonra onun oğlumla getməyini istəmirdim. Bir gün işdən gəldim ki, Cavid çox kədərlidi. Qızlar, Nuşu xala üzümə sözlü-sözlü baxırdılar, Taylan vurnuxurdu. Ha soruşdum bir dillənən olmadı. Nuşu xala salat üçün bişirdiyi qırmızı çuğundurun qıçasıyla salfetə nəsə yazıb qucağıma atdı. Cavid başını telefonun üstünə əyib şartaşart mesajlaşırdı. Salfeti o üz-bu üzə çevirdim, heç nə qanmadığımı görən Cavid Nuşu xalaya qanlı-qanlı baxıb çəmkirdi:

- Ürəyini partlatma, de anam da bilsin.

Qızların gülüşləri üzlərində qurudu.

- Nə olub axı hamınız baxışıb himləşirsiz?

Yenə dillənən olmadı. Cavid hirslə qonaq otağının qapısına sarı yeridi, əlini dəstəyə atanda qanrılıb üzümə baxdı:

- Ana, sevinin, Nefertiti səfirliyin imtahanından kəsildi.

- İndi nolacaq?

- Heç nə, gedə bilməyəcək.

- Sabah qaçım o səfirin üzündən öpüm gərək.

- Niyə, ana?

- Mənim gəlinimin oralarda nə işi var axı, biriniz orda olun, biriniz burda.

Cavid sözümdəki kini, kinayəni tutmadı deyə sakitcə aşağı düşdü. Çöl qapısı örtülən kimi hamımız bir-birimizə sarıldıq. Taylan necə hoppandısa az qaldı başı tavana dəyə.

- Ya annəm, qız özünü ömürlük yandırıb.

- O nə deməkdi?

- Səfir soruşub Amerikadakı hansı musiqi qruplarını sevirsən? Qız da deyib “Əlli sent” qrupunu.

- Bəyəm elə qrup var?

- Əlbəttə.

- Varsa niyə qızı ora buraxmasınlar?

- Çünki o qrup ordakı xalqın özünü inqilaba çağırır.

- İşə bax bir. Bununla da son?

- Əvət, həm də necə bir son, - deyib Taylan sevincindən dombalaq aşdı.

***

Cavidin Amerikaya getmək xəbərini eşidəndə anam mənlə savaşa çıxdı:

- Sənin nə çox uşağın var ki, onu da başından genidirsən?

- Başımdan niyə genidirəm, uşağım oxumağa gedir.

- Öz balanı dünyanın o başına göndərib özgə balalarına yedirdəcəksən qazancını?

- Özgə niyə olur, Firəngiz də sənin nəvən deyilmi?

- Tək Firəngizdi bəyəm? Yalladığın o yan tulaları nədi bəs?

- O biri də Cavidin dostunun bacısıdı. Ay ana, vallah elə biz də o qızın anasının daşıyıb gətirdiyini yeyirik.

- Bəs sənin qazancını kim yeyir?

- Qazancımı yığıram – uşağımı oxumağa göndərəcəm, evimizi təmir elədəcəm, vaxtı çatanda oğlumu evləndirəcəm, sonra onun balasına pampers alacam...

- Özün bilərsən, neylirsən elə, öz yağınızı öz başınıza sürtün, mənim oğlanlarımın yaxasından əl çək. Gör neçə il ikinizi də saxladılar, yedirdib səmritdilər, səni qurulu ev elədilər. Ta bundan sonra qoymaram sənə qəpik də versinlər.

- Bəyəm mən sənin oğlanlarından pul istəyirəm?

- İstəməyə üzün də qalıb hələ? Get harda gücün çatırsa oğlunu orda oxut, asılma balalarımın yaxasından.

- Atan oxuyan Quran haqqı indən belə acından ölsəm də sənin oğlanlarına əl açmaram.

Anam qırımımdan qan damdığını görüb daha söhbəti uzatmadı...

***

Qış ayğır kimi girib qısraq çıxdı. Oğlum böyük çillədən sənəd-sünəd toplamağa başlayan ta yazın qırx beşinəcən ələm-yesir oldu, küçə-bayırın qarını-palçığını ayaqlarında daşıdı. Bu yolda nə istədisə heç birini əsirgəmədim. Uzun, yorucu sənədləşmə, səfirliyə verdiyi imtahanlar, gedəcəyi ştatı tanımaqdan ötrü baxdığı sənədli filmlər, cinsi yolla yoluxan qorxulu xəstəliklərdən qorunmaq üçün qatıldığı treninqlər, sınaqdan çıxa bilməyən sevgilisinə görə keçirdiyi həyəcan oğlumu asmancada qoydu. Biletini aldığı gün həm sevinirdi, həm də deyəsən bir az qorxurdu.

- Ana, gördün oğlun təkbaşına necə bir dağ aşdı?

- Hələ dağın ətəyinə indi çatıb oğlum, oxuyub bitirəndən sonra dağı aşmış olacaq.

- Torpağını torbayla daşıyacam o dağın. Amma yoldaşlarım heç xoşuma gəlmir.

- Niyə, elə də pis uşaqlar deyil.

- İkisini də ataları zorla göndərir, getmək istəmirlər.

- İstəmirlər getməsinlər. Bəs sən nə yaxşı belə uça-uça gedirsən?

- Düzü, inanmırdım məni buraxasan, buraxsan da o qədər xərc çəkəsən. İndi hər şey hazırdı, di gəl, içimdə sevincdən çox peşmanlıq var.

Elə bildim məni ilan vurdu, beynimə zəhər damdı.

- Peşmansan getmə. Özünə niyə zor eləyirsən?

- Axı pulumuz batacaq.

- Cəhənnəmə batsın, sənin başının sadağası olsun. Qəlbində bir nigaranlıq, qorxu varsa getmə.

Qapının arasından bizə baxan Firəngizin donqultusu Cavidi özündən çıxardı:

- Qızı qoyub gedə bilmir ey.

Cavid yerindən duranacan Firəngiz öz otağına qaçıb qapını arxadan bağladı.

- Yalansa dilin çürüsün, poxlu qarğa, keçəl sağsağan! Sənin acığına gedəcəm, baxarsan!

Hərzə danışan ağzını qapayıb oğlumu divana oturtdum, məyusluğunun, səksəkəsinin kökünü görmək üçün qəlbinin dərinliyinə işıq tutdum:

- Pulu eyninə alma, dostun Elxan qonşunu döydü, atası iki o qədər xərc çəkdi. Mən də elə bilərəm, iraq olsun, sənin də əlindən bir xata çıxıb. Bax budu deyirəm, peşmansansa getmə.

- Ana, bəsdi də, sənin də yanında söz danışmaq olmur ey, - Cavid dartınıb əlimdən çıxdı. - Gedəcəm!

***

Yola düşməyinə sanılı günlər qalmış Cavidlə gedəsi tələbələrdən birinin valideynləri bizə tanışlığa gəldi. Bu gəlişi arzulamasam də qonaqlara yox deyəmmədim.

Bazarlığını mən elədim, süfrəni Nuşu xalayla Aygün açdı. Tələbənin atası, anası, özü, bir də özündən kiçik qardaşı masa arxasına keçənə qədər sadə, təmirsiz otaqlarımızı, ənlik-kirşansız divarlarımızı növbəylə süzüb sırayla qımışdılar.

Nizaminin “İsgəndərnamə”də təsvir elədiyi həbəş hökmdarına oxşayan ata qarşısında yaltaq it kimi şöngümüş boşqabdakı cücə buduna saymazyana baxandan sonra gözünü utandığından göyə çəkilmək istəyən çılpaq tavanımıza zilləyib dedi:

- Mənim balalarım fəsilsiz böyüyüblər, yaxşı oxumasalar da saray kimi evdə yaşatmışam onları.

Qızardım, gözlərimi divana sarı hərləyib Nuşu xalaya ötəri bir baxış göndərdim – yəni bu kişi başımıza çıxmamış dillən. Gonbul arvad uşaq əli kimi balaca toppuş əlləriylə saçlarını qarışdırıb mənə göz süzdürdü – yəni niyə ölmürsən, süfrə üçmərtəbə olsun deyə başımıza od ələyirdin.

Kişi budu dişinə çəkib, bir küncü qopub sallanan divar kağızına ilişdi:

- Heç olmasa bunları təzələyəydiniz.

Birtəhər səsimə yol açıb dilləndim:

- Zəlzələdən sonra ev bu günə düşüb. Biz bura təzə köçmüşük, köçəndən bəri xeyli iş görülsə də hamısını çatdırmadıq. Uşaqlar tətilə çıxanda davam eləyəcəyik.

- Barı pulun-paran varmı?

- Şükür Allaha, hər şeyimiz var, təki sağlıq olsun.

Kişinin Cavidlə gedəsi oğlunun adı İlkin idi, məşhur filmdəki Bıdıya oxşayırdı. Atasının həqarətlə baxdığı süfrəmizi xəcalətdən qurtarmaq üçün İlkin iki ovurduyla yeyirdi.

- Ay xanım, deyirəm hansı ürəklə atasız tək uşağı dünyanın o başına göndərirsiz?

Mən də yavaş-yavaş neştərimi itiləməyə başlamışdım:

- Oxuyan uşağa ata nə gərək?

- Bəs o qədər təhsil haqqını kim verəcək?

İlkin sözləri yeməyə qatıb ovurdlarında çeynəyə-çeynəyə atasının sualına cavab verdi:

- Ay ata, Cavid ən yüksək balı yığıb, təhsil haqqı ödəməyəcək.

Kişi oğlunu fərəhlə süzüb dedi:

- Kimi atasına güvənir, kimi də özünü zülümə salır.

- Zülüm niyə olur, - dedim, - çəkdiyi əməyin bəhrəsini görür.

- Bəs ev kirəsini nəylə ödəyəcəksiz?

- Allah kərimdi, bizi darda qoymaz.

Beləcə mehribanlıqla qonaqlığımızı başa vurduq. Qapıdan çıxanda kişi oğlunun kasıb evin uşağıyla yoldaşlığından məmnun olmadığını bir daha nəzərimizə çatdırdı:

- Mən oğlumu orda işləməyə qoymayacam. Getsin oxusun, gəzsin, arxasında mənim kimi atası var.

İnsafən İlkin şirin uşaq idi, xıltı vardısa da hələ qaynayıb üzə çıxmamışdı:

- Ay Bircə xala, - dedi, - Cavidlə də danışmışam, evi o süpürəcək, yeməyimizi mən bişirəcəm.

Nuşu xala uşağın cavabını gecikdirmədi:

- Qadan alım, eşit inanma, Cavid süpürən ev mənim təpəmə dəysin.

Kişi bunu eşitcək bozardı:

- Ay bacı, bəs nolacaq, mən göndərəcəm sizin uşaq da müftə yeyəcək?

- Ay qardaş, xoşun gəlmir, uşağını bəri başdan ayır o biri uşaqlara qoş, bizim oğlan kasıb evdə qalacaq.

Cavid Nuşu xalanı qucaqlayıb qonaq otağına itələdi:

- Narahat olmayın, sağ-salamat gedək çataq, orda bir-birimizə dayaq olacağıq.

Sağollaşanda ananın telefon nömrəsini aldım:

- Uzaq yerdi, hansımız uşaqlardan xəbər tutsaq bir-birimizə çatdırarıq...

Gecənin yarısınacan Nuşu xalayla Aygün susmadı, kürək-kürəyə verib məni də, oğlumu da töhmət atəşinə tutdular:

- Bunlardan ötrü bizi diz qatlamağa qoymadın, danaqarın aşımızı yeyib bizə ağız büzdü. O yorğa sıpanın cavabını niyə vermədin?

Yağış deyildi başıma çətir tutam, ox deyildi sinəmə qalxan verəm, güllə deyildi əynimə zireh geyinəm. Hər yandan döşədilər, gözümü döyüb baxdım, onlara tolazlamağa bir qıça söz tapmadım. Məndən ayıq, məndən yetik iki böyükcəmin səbbini almaq üçün bircə bunu deyə bildim:

- Əşi, bizim dostluğumuz tülküylə durnanın yoldaşlığından o yana keçməz. Hərə öz qabından yesə yaxşıdı.

O gecəylə bitmədi – ta Cavid gedənəcən Nuşu xala o kişinin yerişini yeridi, eynən onun kimi burnunu eşib hər dəfəsində ödümüzü ağzımıza gətirdi, barmağındakı üzüyü həbəşi qonağımız kimi fırladıb Cavidi cırnatdı...

Çox keçmədi o kişinin oğluyla bağlı arzularını elə oğlunun özücə atasının qursağında qoydu.

***

Yaşıl işığa bürünmüş aprel günlərinin birində evimizdə ürəyimcə bir süfrə açdım. Səməndər rayondan, Sevil də kənddən əlidolu gəldilər, Hakim qardaşımla Lalə bacım kəndçilərdən geri qalmayıb şəhərin naz-nemətini evimizə daşıdılar. Biz Bakıya köçəndən süfrəmin qırağında bu miqyasda bir məclis qurulduğu ilk dəfəydi.

Qardaşlarım bir az açıq, bir az örtülü, bir az da zarafata salıb Cavidə öyüd verirdilər. Hakim yenə dilini itiləyib sözləri narın-narın doğrayırdı:

- Qadan alım, ehtiyatlı ol, yad iqlim, yad millət, düşərsən görmədiyin azadlığa, korafəhim olarsan, huşun başından çıxar, amanatın əldən gedər.

Cavid kar-kas gözünü döyəndə Lalə onun yerinə cavab verdi:

- Dayısı, heç narahat olma, düz üç aydı Cavidə o barədə dərs keçirlər.

- Eləmi? Ay bacı, bunu bayaqdan denən mən də dincəlim.

Səməndər öyüdünü bir az gendən götürdü, tarixə düşmüş ana-bala sevgilərindən – Uzun Həsənlə Sara Xatundan, Şah İsmayılla Aləmşahbəyimdən misallar çəkdi. Sonda Nizaminin peyğəmbərlik mərtəbəsinə çatdırdığı İsgəndərin ölüm ayağında anasına yazdığı məktubdan bir neçə beyt deyib hamımızı kövrəltdi:

Səni and verirəm əmdiyim südə,

O şirin laylaya, o ilk öyüdə.

Bu dünya fanidir, əbəs ağlama,

Mənimçün yas tutma, qara bağlama.

Dünyanın əzəldən axırı budur,

Əyilmə ələmdən, mətanətlə dur!..

Cavidin gedişi yalan oldu, qardaşımın dedikləri məni hönkür-hönkür ağlatdı. Sevil gözlərindən yaş dama-dama Səməndərə sarıldı:

- İndi sən Nizaminin bu öyüdünü kimə verdin – Cavidə, yoxsa Bircəyə?

- Elə ikisinə də...

# 11859 dəfə oxunub

Müəllifin son yazıları

# # #