Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı

Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı
23 avqust 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Nə yazmaqdan, nə də yazdıqlarımı cırmaqdan usanırdım. Qapı-bacada tək qalıb darıxan atam arabir eşikdən mənə səslənirdi:

- Belə getsə yazıçı olacaqsan, ay balam, bir başını çölə çıxart, mənim bağrım çatladı.

- Dərdindən öldüyün arvadını çağır sənə yoldaşlıq eləsin.

- O mənə yoldaş olmadı ey, ayağıma tuşaq, başıma daş oldu. Gəl bir çay dəmlə içək, domino şaqqıldadaq.

Dəftər-qələmi atıb gedirdim atamın yanına. Olan-olmazdan çay süfrəsi açıb dominoda cığal kişiylə oyunu qızışdırırdıq.

Bir gün də oyunumuzun şıdırğı yerində əmim qızı Şəfaqətin kənd bələdiyyəsinin sədri işləyən əri yanında bir nəfərlə bizə gəldi. Hal-əhval tutandan sonra yeznə atama dedi:

- Rəhim dayı, bu gördüyün oğlan jurnalistdi, gəlib kəndimizdə üzdə olan bir ailədən oçerk yazmağa. Mən də sizin ailəni məsləhət bildim.

Atam duruxdu:

- Kənddə o qədər oçerk yazılmalı ailə var, neçə şəhid evi var, apar onlardan yazsın, bizim ailənin nəyini yazacaq?

Atam çox dedi, yeznə əl çəkmədi, axırda jurnalisti bizə tapşırıb getdi. Arıq, uzun, üzündə addaq-buddaq tük yerləri qaralan jurnalist atamı sorğu-suala çəkəndə kişi qonağın qanmayacağı dildə mənə işarə verdi:

- Yüküm ağır olacaq, gör neyləyə bilirsən. Aşıq üz görən yerdə həm yatağan olar, həm də qalağan.

Yəni bir şey hazırla, qonağı yedirdib tez yola salaq.

Qapıdakı cücələrdən ikisini tutub başını üzdüm – anam evdə yoxuydu deyə arxayın idim. Çolpaları tezcənə pülüşükdən çıxarıb atdım tavaya.

Atam jurnalistə ailəmizdən çox kəndin güzəranından, şəhid oğullarımızdan, dul gəlinlərdən, yetim uşaqlardan danışırdı, arğaz oğlan da bir gözü mənə baxa-baxa yazırdı. Mən hər dəfə çayları təzələdikcə oğlan soruşurdu:

- Rəhim dayı, bu qız nəyinizdi?

Atam da hər dəfəsində mənə göz basıb cavabdan yayınırdı. Yemək hazır olub süfrəyə gələndə oğlan dözməyib özümdən xəbər aldı:

- Siz bu evin nəyisiz?

Mən də atamdan soruşdum:

- Mən bu evin nəyiyəm?

Bilmək istəyirdim görüm atam buna mən barədə nəsə deyibmi. Kişi gülə-gülə oğlana qayıtdı ki:

- Özün tap görək bu qız bizim nəyimizdi. Bir də, bəri bax, sən ondan yazmağa gəlmisən, yoxsa bizim ailədən?

Atamın bozardığını görəndə jurnalist kəkələdi:

- Yox ey, deyirəm sizin ailədəndisə onun da haqqında nəsə yazım.

- Ay bala, aləm aşıyladı, keçəl də başıyla, onun yazısını yazan yazıb, sən əlindəkini qarala. Ondan yazmağa sənin gücün çatmaz.

Jurnalist qabındakı tikələri ütələk udduqca atamla onun intizar baxışlarına altdan-altdan göz qoyub qımışırdıq. Oğlan doyandan sonra əlini yumağa durdu. Əlüzyuyan bağa açılan qapıdan azca aralıdaydı, mən armud dərmək üçün o qapıdan adlayanda jurnalist əlləri sabunlu üstümə tüyüdü:

- Xanım, sən Allah sən bu kişinin nəyisən?

Söz ağzından çıxmamış ayaqları yaş yerdə sürüşdü, oğlan arxası üstə yerə dəydi – bayaq cücələri qaynar su dolu ləyəndə isladıb yolandan sonra o suyu yerə mən tökmüşdüm. Jurnalistin şalvarının arxası, pencəyinin kürəkləri lehməyə batdı. İrəli durub onun əlindən tutdum, qalxmağına kömək elədim. Oğlan dikəlib üst-başının istahatdan çıxdığını görəndə başladı çımxırmağa:

- Allah kəssin sizi, xaraba qalsın elə bu kəndi! Sən də kimliyini cəhənnəmə de, gora de! İndi mən bu abırda hara çıxım?

Məni gic gülmək tutanda atam özünü yetirdi:

- Qərib itin quyruğu paçasının arasında olar – gəldin yazdın, yedin, içdin, çıx get də, zalım balası, nəyinə lazımdı bu qız?

Atam yanbızının palçığını şalvarı aşağı suvaq çəkən jurnalistə bir zoxma da vurdu:

- Bala, yaxşı qurtardın, sevin ki, erməni gəldiyini bilib başımıza güllə yağdırmadı.

- Erməni mənim bura gəldiyimi hardan biləsiydi?

- Nə təhər hardan biləsiydi, kəndə jurnalist gələn kimi qonşumuz Yetərin xalatını atırıq sərhəd çubuğunun başına.

Bayaqdan gözlərini məndən çəkməyən oğlan indi mənə gözünün ucuyla da baxmırdı, atamla köməkləşib üst-başının palçığını təmizləyirdi.

Jurnalist cumculuq torbasını əlinə alıb qapıya doğru yönələndə atam dedi:

- Ay Bircə, heç olmasa indi de görək sən bu evin nəyisən?

Bir gözüm atamda, bir gözüm də pərt jurnalistdə yavaşca dedim:

- Mən bu evin qulluqçusuyam.

Oğlan duruxub udqundu:

- Heç olmasa babat pul verirlər?

- Yox, qadan alım, elə bir qarın yeməyə işləyirəm.

- Ərə getmisən?

Yenə atama baxdım, onun bic-bic gülən gözlərindən gözümü yayındırıb başımı aşağı saldım. Mən əvəzdən kişi dilləndi:

- Hə, gedib, üç dəfə ərdə olub.

- Üç dəfə niyə? - Oğlan sulxu düşmüş yenə üzümə baxdı.

- Başyeyəndi də, qadan alım, - atam dedi, - getdiyi kişi bir il keçməmiş ölür.

- Yazmalı mövzu bu imiş ki, - deyib jurnalist irişdi.

Atam doqqazı onun arxasınca örtəndə qanqalboğaz oğlan dilləndi:

- Ağsaqqal, mənə yolpulu verməyəcəksən?

- Nə pul, qadan alım? - Atam özünü lap avamlığa qoydu.

- O boyda yol gəlmişəm, sizin ailədən yazacam.

- Mən də elə bilirdim sən mənə nəsə verəcəksən.

- Qabağı qaranlığa gedir, mənə bir şirinlik ver gedim. Gül kimi kostyumum da zay oldu.

Atam onun cibinə əlli manat pul qoydu. Jurnalistin üzü güldü, dişləri ağardı:

- Yaxınlarda bura qayıdıb sizin ailədən, bax elə bu xanımdan yenə bir yazı yazacam.

- Hə, neylək, yazarsan, indi get, əynin-başın islanıb, sətəlcəm olarsan. Arada gəlib bizim qulluqçunun ərlərindən də bir kitab bağlayarsan.

Oğlan ayağını çölə qoyan kimi məni gülmək tutdu. Atam doqqazı bağlayıb mənə sarı gələ-gələ:

- Çaqqalın könlündə toyuq qaqqıldar, - dedi. - Barı bu günkü qonaqlığımızı anana demə, ikimizin də yeddi arxa dönənini sərəcək çöllərə...

***

Gecələrin gəlişini həsrətlə gözləyirdim. Günün qulağı batan kimi kənddə işıqları söndürürdülər – hansı qapıdan işıq gəlirdisə ermənilər o səmtə güllə yağdırırdılar. Kəndqırağı evlərin sakinləri həyət-bacalarının işini çıraq işığında görürdülər.

Axşam süfrəmiz yığışdırılan kimi atamla anam girirdilər yataqlarına. Gəlin oğlunu götürüb qalxırdı üst evə. Rüfət özünü verirdi kəndin, atam demiş, kazinosuna. Aytac kitablarımdan birini götürüb qurbağa kimi səvərirdi mənim çarpayıma:

- Mama, mən bu gecə də sənlə yatacam.

- Sən yat, mən kitab oxuyuram.

- Onda mən də dərsimi oxuyuram, - deyib kitabı tərs-avand üzünə tuturdu, mənim söylədiyim nağıllardan birini kitabdan oxuyurmuş kimi danışmağa başlayırdı.

Uşaq yuxulayandan sonra mən çırağın zəif işığında ağlıma gələnləri yazmağa başlayırdım, yorulanda yazdığımı qırağa qoyub kitablardan birini götürürdüm. Gecələr mən ayrı adam, ayrı qadın olurdum. Gecə qurduğum sarayların yerində gündüz bayquşlar ulayırdı. Gecələrim nə qədər işıqlı olurdusa gündüzlərim bir o qədər qaranlıq olurdu. Gecələr könlümün taxtına çıxan xanımın gündüzlər heç yanından da ötə bilmirdim. Gecə diri ruhların, gündüz ölü canların arasında dolaşırdım. Gecələr mənim can evim, gündüzlər türmə kameram idi. Gecə şəriksiz-ortaqsız səltənət yiyəsi olurdum, gündüz heç bir barmağıma da yiyəlik eləyə bilmirdim.

Gecə bütün qadınları xoşbəxt görürdüm, Dostum. Balasına qarın dolusu çörək tapmayan, uşağının cırıq çustuna yamaq vuran, əndamı bayırda qalmasın deyə şəhid ərinin miras tumanını geyinən dul qadınları gecə çadırıma buraxmırdım. Mənim ağ çadırımdakı xanımların şaftalı çiçəyi rəngində donu, göy krujevalı sinəliyi, güpürlü alt paltarı olurdu. O xanımlar soyuq daşlardan boylanan, sağlığında bir yol da boynuna sarılmadıqları, yatağına sevinclə atılmadıqları kişilərin qəbrinə tikanlı gül aparıb, sonra da sevgisiz, könülsüz, özlərindən xəbərsiz doğduqları uşaqlarına yem axtarmırdılar. Mənim gecə səltənətimin qadınları sevdiklərinə corab toxuyurdular, istədiklərinin yaxasına tikansız gül taxırdılar, lala qırmızı, çəhrayı gecəliklərində həyəcandan əsə-əsə ağ at belində gələsi oğlanın yolunu gözləyirdilər...

***

Ayın üzü soluxanda gün çırtlayırdı, mən öz səltənətimdən qopub tappıltıyla yerə çırpılırdım. Yenə dünya həmişəki rəngləriylə qarşıma sərilirdi.

Yetər körpə qızının əlindən tutub mal nobatına gedirdi. Üç uşaqlı Raya gimrik oğlunu mələdə-mələdə qızının kurtkasını onun əyninə geyindirib uşağı məktəbə yola salırdı. Nazlı bir əlcə köhnə çörəyi yardım yağına bulayıb, arasına duz səpib balasının məktəbli çantasına qoyurdu. Nübar yamaqlı alt paltarlarını sinəsi oğul yaralı qaynatasının gözündən irağa – bağın kolpanlı yerinə sərirdi.

Uşağı-böyüyü yola verəndən sonra yaşı hələ otuza çatmamış bu dul qadınlar doqqazlarının ağzında sağa-sola baxınıb bir qat düşməni, bir qat zəmanəni, bir qat da yaxalarını yetim əlində qoyub getmiş ərlərini qarğıyırdılar, sonra gözlərinin yaşını nimdaş donlarının qoluna silə-silə rəngi tökülmüş, paslanmış, çərçivəsi əyilmiş, tutacağı qırılmış həyət qapılarını şaqqıltıyla örtüb evlərinə çəkilirdilər. Dul gəlinlərin doqqazı da dərdli-qəzəbli səslənirdi, özgə qapılar bunlar kimi hirsli-hikkəli çırpılmırdı, umudsuz örtülmürdü.

Onlarla dərd ortağı, qismət ortağı olsam da içimi-çölümü dul qadınlardan gizlədirdim, onlar qədər bədbəxt, naçar olmadığımı dul “həmkarlarıma” hiss elətməkdən çəkinirdim. Hansısa dul gəlinlə su üstünə, çəpər qırağına dərdləşməyə çıxanda əynimə anamın köhnə donunu, ayağıma atamın sürütmələrini geyirdim. Kamil də tez-tez məni amanatlayırdı:

- Amandı, onların gözü baxa-baxa üst-başından qızıl asma, yaxşı geyinmə, - deyirdi, - yazıqdılar, sınıqdılar, yetim yekəldirlər.

Bəzək-düzəklə onsuz da aram yoxuydu, üstəlik, dərd əlində əsir-yesir qalmış gəlinlərin üzünə abad evin qayğısız qızı kimi çıxmaq onların dərdinə sayğısızlıq olardı. İki yetimlə quru yurdda qalmış 26 yaşlı Nübarın söylədikləri bu gün də canımı göynədir; dizləri qarnında, əlləri döşlərinin üstündə çəpər dibində büzüşüb oturmuş gəlinin gözündən axan yaş yerdə gölmələnmişdi:

- Ay Bircə, mənim üzüm dəvənin diziymiş, - deyirdi, - bu yaşda qadın ömürlük kişisiz qala bilərmi? Vallah mən dözməyəcəm, bağrım çatlayacaq. Qaynanam deyir dik gəzmə, məmələrin göz tökür. Əyilə-əyilə gəzməkdən qozbel olmuşam. Deyirəm, ay qansız, neyləyim, döşlərimi haramda gizlədim? Güllə qabağına çıxmayaydı oğlun, ölməyəydi...

Dostum, bax mənim yerdəki işıqlı dünyamda döşləriylə qovurğa qovurub göz yaşlarıyla sac külləyən, tifil ovuclarında samovara qor salıb özlərini gözgörəti dağlayan belə kamsız gəlinlər, belə sütül canlar dolaşırdı. Onlar dişi yanğısını, erkək hərəmşiyini canlarından göz yaşlarıyla çıxarırdılar. Yaxşı ki, mənim sehirli kitablarım, güllü, aylı, ulduzlu, ağ çadırlı gecələrim vardı.

***

Hərdən Kamilgil ər-arvad harasa gedəsi olanda məni evlərində qarovulçu qoyub xəstə qızlarını mənə tapşırırdılar. Bu səfər də belə oldu.

Kamilin arvadının dayısı gəncliyində nişanlısını öldürüb on beş il türmədə yatmışdı. Uzaq Sibirdə cəzasını günə-gün çəkib qayıdan dayı cavan oğlan kimi gedib qoca kişi kimi qayıtmışdı. Azadlığa çıxandan sonra kəndin lap qırağında bir balaca koma qaraldıb tək-tənha yaşamışdı, elə o daxmada da ömrünü başa vurmuşdu.

Kamil gəlini də götürüb yasa getdi, qaldım Aysellə baş-başa. Qapıdan çıxaçıxda qardaşım qulağıma pıçıldadı:

- Nə istəsə ver, çalışıb tez qayıdacam.

Aysel uca boylu, gur saçlı gözəl bir qız olmuşdu. Hayıf ki, uzun illərin müalicələri, min cür dava-dərman bir fayda verməmişdi, qızı şeytanın səltənətindən geri çağırmağa heç kəsin, heç nəyin gücü çatmamışdı. Günün bir yarısını durmadan ağlayırdı, bir yarısını gözlərini bir nöqtəyə zilləyib gülümsünürdü. Heç nədən coşub ev-eşiyi dağıdırdı, atasından savayı hamıya əl qaldırırdı. Əmilərinin, bibilərinin heç birinə yovumurdu, adlarını dilinə almırdı. Hərdən mənlə mehriban olurdu.

Kamilgili yola salandan sonra evə əl gəzdirdim, Ayselin dərmanlarını verdim. Həyətdən bir dəstə gül dərib masanın üstündəki güldana qoydum. Zaldan mətbəxə keçmişdim ki, Aysel məni səslədi:

- Ay Bircə mama.

- Hay can.

- Bu gülləri kimdən ötrü gətirdin?

- Sənə gətirmişəm, qadan alım, - deyib ona yaxınlaşdım.

Üzümə baxıb gülümsədi, sonra güldanı qəfil qapıb üstümə atdı. Özümü yana çəkdim, güldan divara dəyib çilikləndi. Ani baxışdıq, bildim vəziyyətim yaxşı olmayacaq. Mən qapıya sarı yönələndə hökmlə qışqırdı:

- Hansı cəhənnəmə gedirsən, qayıt şüşəni yerdən yığ, gülləri də apar sox gözünə.

Bir gözüm Ayseldə gəbənin üstünə dağılmış gülləri, güldanın gimrik tikələrini dənlədim. Qapıya çıxıb Musa əmigilin həyətinə boylandım, gözümlə Ziyanı axtardım, tapmadım. Bir əlimdə xəkəndaz, bir əlimdə süpürgə içəri girdim. Aysel zaldan öz otağına keçib uzanmışdı. Evin çöl qapısını açıq qoymuşdum ki, qız üstümə gəlsə qaça bilim. Başım aşağı əndikmiş halda şüşələri süpürüb xəkəndaza yığırdım. Birdən belimə nəsə dəydi, elə bildim kürəyimdə ildırım çaxdı. Dikələndə Ayselin bərəlmiş gözlərini görüb dəhşətə gəldim. Xəkəndaz əlimdən düşdü, şüşə qırıqları yenidən gəbənin üstünə dağıldı.

Zavallı qız döşəmə taxtası əlində qarşımda dayanmışdı. Belimin zoqqultusu sinəmə yayılırdı. Qız taxtanı başının üstünə qaldırıb endirməyə hazırlaşanda başladım yalvarmağa:

- Aysel, qadan alım, mən səni çox istəyirəm, səni mən böyütmüşəm. Yadında hər axşam sənə nağıl danışırdım? At əlindəkini yerə, gəl sənə şokolad verim, kitab oxuyum.

Sözlərim əsər eləmədi, Aysel dişlərini qıcayıb üstümə cumdu:

- Öldürəcəm səni! Sənin nağıllarının divləri məni indi də yatmağa qoymur. Sən o gülləri dərib niyə mənim qabağıma düzdün?

Masanın başına hərim-hərim hərlənirdik – Aysel qovurdu, mən qaçırdım. Qorxmurdum, qızı sakitləşdirməyə çalışırdım. Bir dönə də fırlananda döşəmə taxtasını üstümə atdı. Taxta süfrədəki çay termosunu aşırdı, termos yerə düşüb çilikləndi. Üstəlik, mən də taxtaya dolaşıb yıxıldım. Elə bunu gözləyirmiş kimi Aysel belimə minib yapışdı saçlarımdan.

Uşaqlıqdan iki yerimi çox qorumuşam – bir başımı, bir döşümü. Başıma qonan milçək də mənə yük olub, ağırlıq eləyib. İndi bu qansızın əlinə dolayıb gücü gəldikcə dartdığı saçlarımın çırtıltısı qulaqlarımı batırırdı. Əlimi hara atırdımsa ovcuma şüşə qırığı sancılırdı.

Yalvarmağın, ağlamağın xeyri yoxuydu, başladım qızla süpürləşməyə. Onun qollarını çimdikləyib əlindən çıxdım, özümü qapıya çatdırıb əmimgilin həyətinə doğru var səsimlə bir ağız bağırdım:

- Ay Ziya, özünü yetir!

Aysel məni qapının ağzında xırxalayıb yenə barmaqlarını saçıma yeritdi:

- Heç kim gələsi deyil, səni öldürəcəm, - deyib ləzzətlə güldü.

Qız belə güləndə məni titrətmə tutdu, gerçəkdən qorxmağa başladım, sonumun çatdığını düşündüm. Qollarım heydən kəsildi, çidarlı at kimi yerə sərildim. Artıq mənə elə gəlirdi Aysel ayıqdı, havalanan mənəm.

Qız çay dəsmalıyla qollarımı boyunduruq samı kimi bir-birinə cələklədi, şeytani qəhqəhəylə gülə-gülə məni saldı yumruğun altına. Zərbələr məni qorxutmurdu, Ayselin iblisanə gülüşü canıma vəlvələ salırdı, elə bilirdim qız insan donundan çıxıb əzrayıla dönüb. Çataqlanmış qollarımla üz-gözümü qorğanırdım, qız saçımdan yapışıb başımı döşəməyə vurduqca şüşə qırıqları məni yaralayırdı. Sıyrıqlarımdan axan qan Ayseli daha da coşdururdu.

Bilmirəm nə qədər belə hölləşdik. Qapının səsi gələndə geri qanrılmağa qorxdum. Kamilin bağırtısını eşitcək Aysel başımı döşəməyə bir də çırpıb məni buraxdı. Qız otağına doğru qaçanda Kamil onu qamarladı.

Ziya da qardaşımla bir gəlmişdi, məni yerdən qaldırıb qollarımı açanda əmoğluya yalvardım:

- Məni burax, gör Kamil birdən qızı vurar.

Ziya üzümə qınaq qarışıq qəzəblə baxdı:

- Qoy vursun, gör səni nə günə salıb o zalım.

Gəbənin üstündə səvərə qalmışdım, Kamil mənə yaxınlaşmağa qorxurdu:

- Ziya, qadan alım, irəli dur Bircəni qaldır, çölə çıxart görək qızın qolu-qıçı sınmayıb?

Əmim oğlu qolumu boynuna salıb məni bayıra sürüdü. Kamil əlində bir topa tük qarşımda dayanıb uşaq kimi ağlayırdı.

- Bunu onun ovuclarından sıyırıb yığmışam. Niyə özünü onun əlinə verdin, niyə qoydun səni bu günə sala? Mənim yasa gedən qıçım sınaydı.

Qardaşım dizlərimi qucaqlayıb hönkürürdü.

- Deməli mən bir az da ləngisəydim bu qız səni öldürüb bizi beyman eləyəcəkdi?

Qollarımın sıyrıqlarına, şüşə cırmış boyun-boğazıma, ovuclarımın içinə dönə-dönə baxıb özünü qarğıyırdı.

- Mən səni belə əfəl bilməzdim, nə təhər oldu ona gücün çatmadı?

Ziya qoluma girib məni evlərinə apardı. Səkinə bibi üzümün yarğanlarına baxıb yaşmağının altından xısıldadı – qardaşlarımın yanında heç vədə bərkdən danışmazdı:

- Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım. Sən əcəlinlə ölməyəcəksən, onun-bunun yükünü təpənə yığıb bir gün o yükün altında qalacaqsan.

Sonra balaca mis kasanı Ziyanın uşaqlarına uzadıb:

- Biriniz bunun içinə işəyib mənə verin, - dedi.

Ziya qışqırdı:

- Ay arvad, sidiyi neylirsən, Kamil getdi yod dalınca.

- Sidikqayğanağı çatıncadı, - deyib Səkinə bibi uşağın hansına yalvardısa heç biri qaba sidiyini salmadı.

Ziya arvadıyla saçımın arasından şüşəni təmizləyənə qədər Səkinə bibi öz həkimliyini elədi, sidikdə bişirdiyi yumurtanı sıyrıqlarımın üstünə düzdü. Ziya arvadı araya qoydu:

- Özünü daldaya verib sənin şərəfinə sidikqayğanağı bişirib ey, ay Bircə, - dedi, - nolar, qocaların sidiyi də dərmandı.

- Neyləyim, küçüklərinə yalvardım, heç biri yaxına gəlmədi, - deyib arvad yaşmağını ağzına qaldırdı. - Ədə, səsini kəs, Kamil gəlir.

Qardaşım yetişənəcən Səkinə bibi bal, sidik, yumurtayla yaralarımın hovunu almışdı. Kamil qoluma girib məni evimizə aparanda yavaşca dedim:

- Qolumu burax, özüm ehmal-ehmal gedəcəm. Atam səni qolumdan yapışmış görüb qorxar.

Ayağımı sürüyə-sürüyə özümü birtəhər evimizə saldım. Atam gözünü oxuduğu kitabdan ayırmadan:

- Qara qız bəzənincə toy əldən gedər, - dedi, - ay balam, acından öldük, getdiyin yerdən qayıtsana.

Dillənmədiyimi görən kişi başını qaldırıb üzümə baxanda huyuxdu:

- Səni kim bu günə salıb?

- Qolu qurumuş Aysel, - deyib Kamil arvad kimi dizlərinə döydü...

ardı var

# 6663 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #