Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı

Qanı gördükcə qorxudan titrəyirdim - Bircənin romanı
18 sentyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Evə çatan kimi bir yorğan, bir döşək, bir yastıq ayırdım, mələfəsini, üzlüyünü, adyalını da üstünə qoyub bağlayıb Elşənə zəng vurdum. Evimizi tanıyırdı, Həmidin gözündən yayınmaq üçün işdən evə bir-iki dəfə onun maşınıyla gəlmişdim.

Yorğan-döşəyi görəndə Elşənin gözləri alacalandı:

- Ay Bircə xanım, heç anam toyumda mənə belə cehiz verməyib, - dedi, - sən nə yaxşı dostsan, Allah canına qıymasın.

- Halal xoşun olsun, apar, - dedim. - Danışdığımız kimi, əməliyyatdan sağ çıxsam geri alacam.

Elşən qucağındakı mitilə baxıb bir anlıq duruxdu, üzünü qırmızı ipək üzlü yorğanın qanadı altında gizlədib dedi:

- Onda səni heç ordan sağ çıxmayasan.

Səs-səsə verib gülüşdük. Firəngiz xasiyyətinə bələd olmadığı iş yoldaşıma acıqlı baxıb dilləndi:

- Dilin qurumasın, ay dayı, niyə elə deyirsən?

- Ay qızım, sənin bu xalan mənə o qədər mürəbbə, bal, şirniyyat daşıyıb ki, mənim tamahım qoymaz o ölsün.

- Sən bir tikə tortdan ötrü ev yandırarsan, adam öldürərsən, - dedim.

- Neyləyim ey, bəxtim gətirib ki, arvad olmamışam.

Elşən bizim gülüşlərimizin sədaları altında qapıdan çıxhaçıxda Həmid bir topa qara yel kimi kandarı kəsdi, mənlə göz-gözə gələndə baxışlarımdan üşənib bir pillə aşağı endi. Elşən pilləkəni düşə-düşə çiban çıxmış dilini yenə dinc qoymadı:

- Bu gecə bizim nəsildə artım olacaq. Üç əsgər böyüdürəm, yəqin qırmızı yorğandan sonra əsgərin sayı dördə çatar.

- Allah bərəkət versin, - deyib dalınca əl yellədim.

Qapını cəftələməyə macal tapmadım, Doneş məni itələyib oğru pişik kimi özünü içəri dürtdü:

- Bəs bacılarım deyirdilər sən ağır xəstəsən?

- Ağır xəstəliyə canın ürcah olsun, əzizlərin tutulsun.

- Hmm, bu mazaqlaşdığın da təzə aşnandı? Yorğan-döşəyi ona verməkdə xeyir ola?

Başımdan eləmək üçün:

- Laləyə göndərirdim, - dedim.

- Mənə gəlirsən? Sənə demədi bu gecə bu döşəyin üstündə arvadı qayıracam?

- And iç ki, elə dedi. Gətirimmi kitabı?

Elə bildim Həmidi ilanlar tas-tas elədi. Kitablar olan otağa sarı gözüyumulu baxıb balası ölmüş camış kimi manqırdı:

- Mən pox yeyərəm nəslimlə bir də sənə and içsəm.

- Onda dilini qatla qoy qarnına, açıl başımdan.

Dəhlizdə durub otağın qapısını kəsdirmişdim, onu içəri buraxmaq istəmirdim.

- Düzünü de çıxım gedim, mama qəbri sənlə işim olmayacaq.

- Pul lazımıydı, işlətmədiklərimi satdım.

- Elə mənə satardın da. Yadındadı sənə yalvardım o qırmızı yorğanı ver mənim kraliçama, vermədin.

- Əcəb elədim, güllü xonça bəy evinə?

Bilirdim çəkdiyim misaldan heç nə anlayan deyil.

- Bəs oynaşına niyə verdin?

- Ağzında oynaş deyirsən, ona necə verməyim?

Doneş bir anda yırtıcıya dönüb qoftamın sinəsini əlinə yığdı, məni özünə tərəf çəkib var gücüylə divara çırpdı. Kürəyim divara dəyəndə elə bildim içimdən nəsə qopdu. Həkim mənə dönə-dönə tapşırmışdı ki, nəbadə ağır şey qaldırasan, cəld, kəskin hərəkət eləyəsən.

Çənəm kilidlənəndə dişim dilimi paralamışdı, ağzımdan qan gəldiyini görən çapovulçu qorxuya düşdü:

- Əsəbiləşdim, bağışla. Baxıcıya sənin şəklini iki dəfə göstərdim, ikisində də dedi ki, bu adamın başında qaranlıq var, həkimə getməlidi. Ofagilin mollası da elə deyib.

- Mənim şəklimi özün kimi cindarlara nə haqla göstərirsən? Yadında qalsın, molladan adam, palıddan badam olmaz. Di rədd ol xarabana.

- Ağzın əyilər, şəkk eləmə.

- Öz ağzın əyilsin, get yat o minarənin kölgəsində, dərmanın da dovşan yumurtası olsun.

Doneş yenə həmişəki sayaq üz-gözünü turşutdu:

- Aman Allah, bu gözəllikdə qadının danışığına bax!

Taylanın qara yumağa bənzər başının Cavidin otağından uzandığını görəndə ürəkləndim:

- Sürük get xarabana, burax yaxamızı, ay eşşək beyni yemiş, imkan ver dərdimizi-azarımızı çəkək.

- Heç nə deməyəcəm, beş dəqiqə oturub qalxıram.

- Olmaz, gedən yerimiz var, süpürül.

- Döşəyi göndərdiyin yerə gedəcəksən?

- Hə, düz tapmısan, elə ora gedirəm, - deyib qarnından basa-basa onu qapıya doğru itələdim.

Getdikcə gücdən düşürdüm, bədənim süstləşirdi. Taylanın uzatdığı kağız dəsmalla ağzımın qanını sildim, salfetə bulaşmış qanı görəndə məni öyümə tutdu. Taylan aramızdan keçib qapını açdı, xarabalıq bayquşuna eşiyi göstərib dedi:

- Ya gedin burdan Allah aşkına, annəmin halı yaxşı deyil.

- Alə, sən sox içivə.

Sözünü bitirməmiş onun xaşal qarnını verdim yumruğun qabağına. İrəli-geri durduqca hiss eləyirdim ki, ayağım yapışqan kimi nəyəsə batır-qopur. Həmid baxdığı səmtə baxanda qollarım yanıma düşdü – ayaqlarımın altında qan göllənmişdi.

Doneş arxasına baxmadan sivişib qapıdan çıxdı. Eyvana qaçıb aşağı baxdım – hələ maşına çatmamışdı. Pəncərənin qabağına düzülmüş dibçəklərdən birini qapıb onun maşınının üstünə tolazladım. Saxsı qab maşının qabaq kapotuna dəyib parçalanıb yerə dağıldı. Birini də tulladım. Doneş maşını yerindən tərpədib aradan çıxanda atdığım üçüncü dibçək arxa kapotun üstünə çırpıldı.

***

Baldırlarım aşağı axan qanı gördükcə qorxudan titrəyirdim, elə bilirdim indicə canımı tapşıracam. Firəngiz Taylanı otağa salıb məni hamama dartdı:

- Gəl görüm, ay bunun al qanı göl olsun, göl qanı xırman! Ay bunun qanlı köynəyini qurd-quş aparsın, öldürdümü səni! İsti suyla yuyunma görək başımıza nə gəlir.

Firəngizin arvad-arvad tökdüyü qarğışları eşidəndə məni gülmək tutdu:

- Bunları hardan yığmısan, ay qız?

- Cənazəsinə soğan-sarımsaqla girdiyimə nə desəm ürəyim soyumaz. Qonşumuz Şakir dayı içib gəlib uşaqlarını döyəndə nənəm onu belə qarğıyırdı.

Mən hamamdan çıxana təcili yardım maşını özünü yetirdi. Firəngiz son vaxtlar keçdiyim müayinələrin nəticələri qeyd olunmuş kağızların qatını bir-bir açıb həkimlərin qənşərinə düzdü. Sabah əməliyyata gedəcəyimi biləndə Nigar xanımla əlaqə saxladılar, onun dediyi iynələri mənə vurub getdilər.

Vəziyyətim bir balaca düzələndən sonra Nigar həkim zəng eləyib üzümü danladı:

- Sənə demədimmi özünü qoru, içini şiş tamam alıb?

- Bu şiş hardan çıxdı axı, ay həkim, əvvəl-əvvəl belə söz deyilməmişdi axı.

- Ay balam, sən sabah əməliyyata girirsən, nə deyirəmsə ona da əməl elə.

- Həkim, hamamda burxuldum, bir balaca büdrədim.

- Gecəyə qalma, bir azdan dur gəl klinikaya.

Uzanıb qardaş-bacımla danışıq saatımı gözləməyə başladım. Yasəfin evdə olmadığını biləndə Taylana bir torba verib Laləgilə göndərdim:

- Annəm, artıq çox gecdi, - Taylan dedi, - sabah aparsam olmazmı? İndi getsəm geri qayıda bilməyəcəm.

- Qayıtma, qal uşaqların yanında, - dedim, - yeznə də evdə yoxdu.

Qalırdı Cavid. Klinikaya hökmən getməliydim, həkimlər məni gözləyirdilər. Doneşgillərdən hələ bir soraq yoxuydu. Maşına xeyli ziyan vurmuşdumsa da bilirdim ki, qorxusundan səsini çıxarmayacaq. Altdan-yuxarı zillənmiş miskin baxışlarını, üfürülmüş şar kimi maşına doğru qaçmağını yadıma saldıqca ləzzətlə gülürdüm. İndi yüz faiz gahgir it kimi marığa yatıb xəbər gözləyirdi, mənim öldüyümü güman eləyib başını divara döyürdü, ardınca polis gələcəyini düşündükcə zəhri yarılırdı. Bütün bunları xəyalıma gətirmək mənə öz halımı unutdururdu.

Cavidə zəng vurdum, qızın xalasıgildə olduğunu dedi. Bir az ordan-burdan danışıb üzümə üz bağladım:

- İstəyirsən gəlmə, gecdi, qal orda.

- Ana, doğru deyirsən?

- Əlbəttə.

- Ayrı vaxt qoymurdun axı, indi nə yaxşı qalmağımı istəyirsən? Evdə kim var?

- Taylan, qızlar, mən, - deyib oğlumu yanıltdım.

- Hər şey yaxşıdı?

- Lap yaxşıdı.

- Ana, çox sağ ol, öpürəm səni. Qapıdan, qazdan, sudan muğayat olun.

Bundan sonra Səməndərlə də qaçaraq danışıb növbəmi sovdum. Cavidə, Laləyə, Səməndərə ünvanladığım vəsiyyətləri üç yerdən ayrı-ayrı “Anna Karenina”nın arasına yerləşdirdim. Satıb-sovub axırına çıxdığım qədimi qızıllarımın üstünə sonradan aldıqlarımı da qoyub Firəngizə verdim. Otağımı sağ gedib ölü qayıdası adamın otağı kimi bəzədim. O anlarda özümü çox gərəkli, tapılmaz, matah sanırdım, elə bilirdim mən ölən kimi doğmalarım otağımı muzeyə çevirəcəklər. Şəkillərimdən bəyəndiyim birini termonun güzgüsünə söykədim, xalatımı, corablarımı səliqəylə çarpayının üstünə sərdim, vəsiyyətlərim asan tapılsın deyə Annanın kədərli dastanını yastığımın altına dürtdüm. Əqrəblərin çıqqıltısı yuxumu qaçırdığından otağımın divarından saat asmazdım – indi dəhlizdəki iri saatı otağıma keçirib divardan asdım. Firəngiz təəccüblənəndə dedim:

- Hansı saatda-dəqiqədə ölsəm əqrəbləri dayandırarsan.

Bacıqızı məni ələ salmağa başladı:

- Buna görə heç kimə xəbər vermirsən? İndi mən aləmi ayağa qaldıraram, baxarsan. Kim sənin saatına baxıb ağlayacaq? Qırxın çıxanacan yas saxlanacaq, vəssalam. Nefertiti bu evə ayaq basan kimi saatı atacaq zibilliyə. Bir də, ay xala, sən Janna Darksan, Fridasan, şahzadə Dianasan, kimsən bəyəm?

- Hər kiməm özüm bilərəm. Bunu bilirəm ki, qardaşlarımın halı yaman olacaq. Hansı necə ağlayacaq – onu da bilirəm, hansı şəklimi hardan asacaq – onu da görürəm.

- Sənə ağlasa bir Xədicə ağlayacaq. Çalış ölmə.

Firəngiz romantikamın qazını alıb məni klinikaya yola saldı.

***

Bura həmişə yatdığım xəstəxanalara bənzəmirdi. Əynimdəki paltardan, əl telefonumdan, bir də xəstəlik tarixçəmdən başqa içəri heç nə keçirə bilmədim. Tibb bacısı məni palataya qatıb getdi. Əlim, gözüm, qulağım dünyadan üzüldü. Firəngizə tapşırmışdım zəng vurub məni soruşan olsa yatıb desin, sonra da mesaj yazıb mənə məlumat versin.

Otağım isti, yatağım tərtəmiz, ətraf səssizlik idi. Sümüklərimə illərin yorğunluğu çökmüşdü. İndiyəcən məni xəstəxanalarda ən çox narahat eləyən, dava-dərmanın faydasını azaldan, müalicələrin canıma yatmasına imkan verməyən ayaqqabı taqqıltısı, çəkələk tappıltısı olmuşdu. Burda isə həkimlər də, tibb bacıları da ayaqlarına dabansız ağ başmaqlar geymişdilər, qarışqa kimi səssizcə yeriyirdilər. Sakitlik gözlərimi şirin-şirin sığayırdı, anamın bətninə düşəndən üzübəri başıma nə gəlmişdisə hamısını unudub dərin yuxuya dalmaq istəyirdim.

Yatağa uzanar-uzanmaz bir göyçək tibb bacısı əlində iri jurnal kəsdirdi başımın üstünü. Məni al dillə dindirib on yeddi yaşımdan üzü bu yana hansı xəstəxanalarda yatdığımı, cərrah bıçağı altına neçə kərə düşdüyümü, nəslimizdə cavan ölənlərin olub-olmadığını, ata-anamın hansı xəstəlikləri daşıdığını, neçə qarın doğduğumu, neçə dəfə aborta getdiyimi bitdə-bitdə jurnala yazdı.

Dan üzünəcən məni çimir çalmağa qoymadılar, qollarımdan iri dərman şırınqaları asdılar. Gözümü tavana zilləyib yazdığım vəsiyyətlərə görə utanırdım. Belə klinikada ölməyə hələ-hələ imkan verməzdilər.

Dilimin dişlək yeri boğazımacan şişmişdi, dilim ağzımda çətinliklə hərlənirdi. Həkimim tez-tez zəng vurub məni amanatlayırdı:

- Özünü qoru haa, yıxılıb ora-buranı yaralasan bütün planlarımız pozulacaq.

Sağ qolum sistemə qoşulmuşdu, sol əlimlə saçlarımı sinəmə sərib sığallayırdım. Tanımadığım adamların şəfqətindən, qayğısından xoşhal olub ocaq qırağında yatan tox pişik kimi xumarlanırdım. Başımı qapısından uzatdığım uzaq keçmişim üzümə gülürdü, doğmalarım mənə əl eləyib gül uzadırdı, Ağabəy həkimin mehriban çöhrəsi pəncərəmə ay kimi doğub mənə təskinlik verirdi. Görünür nifrət yaddaşım sönmüş, sevgi yaddaşım oyaq qalmışdı – həyatımda olmalı olan nə vardısa yadıma onlar düşürdü; təsadüfi epizodlar, təsadüfi adamlar, Doneş-Moneş əsla yadıma düşmürdü, elə bil bunlar ömrümə yazılmamışdı.

Həkim on bir tamamda məni əməliyyat otağına götürəcəyini deyib getdi. Yenə qaldım iki dünya arasında...

***

Əməliyyata on dəqiqə qalmış Laləyə zəng vurub hal-əhval tutdum:

- Boğazım ağrıyır, həkimə gəlmişəm, - dedim, - telefonuma zəng çatmasa narahat olma.

De hı, Lalə bir qoparaq qopardı, dediyimə peşman oldum:

- Birdən boğazının ətini kəsərlər, bizdən gizlədərsən ha!

- Yox, ay qız, bu klinikada telefon işlətməyə icazə vermirlər.

- Onda söndürmə, qoy açıq qalsın.

- Yaxşı, söndürmürəm, analiz verib işə qayıdacam, cavab verməsəm narahat olma.

Bacım yenə başladı haray-həşir salmağa.

- İndi neyləyək, - dedim, - həkim məni gözləyir axı, pis elədim sənə zəng vurdum? Qorxdum birdən axtararsan, bağrın yarılar.

Lalə məni bütün müqəddəslərə and verib rahatlaşdı, telefonumu söndürməmək şərtiylə yaxamı buraxdı.

Aygünü yığdım:

- Əməliyyata girirəm, heç kim bilmir. Saat birə qədər cavab verməsəm Laləyə, Cavidə yerimi deyərsən.

İndi də Aygün başladı, nə başladı:

- Klinika işimə yaxındı, bu dəqiqə gəlirəm.

- Gəlsən də üzümü görə bilməyəcəksən. Dur qaç Lalənin yanına, məni rahat buraxın.

Telefonu tumbanın siyirməsinə atan kimi bayaqdan səbirlə məni gözləyən tibb bacısı damarıma dərman yeritdi. Dərman qarışıq canıma xoşbəxtlik, sakitlik, rahatlıq yayıldı. Gülməyə başladım. Sonra iki tibb bacısının yanına düşüb klinikanın içində xeyli yol getdim. Qadınlar məni bir qapıdan içəri salıb özləri geri qayıtdılar. Bura çox soyuğdu, otaqda biri kişi, qalanı qadın altı nəfər saydım. Hamısı xüsusi geyimli, əlcəkli, ağzıbağlıydı deyə birini o birindən seçə bilmədim.

- Hə, Bircə xanım, necəsən?

Nigar həkimi səsindən tanıyıb ona sarı ayaqlandım.

- Üstümə gəlmə, uzan çarpayıya, indi sənlə işimiz olacaq.

Qolları cürbəcür cihazlara qoşulu təkərli çarpayının üstündə yerimi rahatladım. Hər dəfə əməliyyata girəndə özümə söz verirdim ki, bu dəfə yatmayacam, yatsam da başıma gələnləri – həkimlərin mənə neylədiklərini, nədən danışdıqlarını xatırlamağa çalışacam. İndi yenə var gücümü toplayıb həkimlərin danışığına qulaq verirdim:

- Ay Nigar, bu səhər avtobusdan düşəndə şərfim az qala məni öldürmüşdü.

- Necə?

- Təzə aldığım şərfin bir qulağı qaldı ayağımın altında, üzüqoylu sərildim yerə. Dizlərim, dirsəklərim indi də sızıldayır.

Qadınların arasındakı tək kişi qoluma yenə dərman yeridirdi, canıma yenə dinclik, məstlik yayılırdı. Səsimin çıxıb-çıxmadığını bilməsəm də dodağımın altında deyindim:

- Tarixdə şərfin öldürdüyü xeyli qadın olub.

Kişi soruşdu:

- Kimdi onlar?

- Biri Yeseninin sevgilisi Aysedora Dunkan. Qırmızı şərfi arabanın təkərinə dolaşıb boynunu qırdı.

Həkimlərdən kimsə dilləndi:

- Bu Nigar elə bil xəstələrini də seçib kəsir. Aranızda Aysedoranı tanıyan var?

Vəssalam, söndüm. Bundan sonrası yadımda deyil...

# 8590 dəfə oxunub

Müəllifin son yazıları

# # #