Toya hazırlıq – BİRCƏNİN ROMANI

Toya hazırlıq – <span style="color:red;">BİRCƏNİN ROMANI
17 mart 2017
# 16:49

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Bibim yenə yanıma qayıtdı:

- İndi də gəl sabaha hazırlıq görək.

Bu səfər lap odlandım:

- Ay balam, nooldu, bu hazırlıq bitmədi?! Nə qədər hazırlaşmaq olar, bezmişəm daha!

Telli mama səbirlə anlatdı ki, mən özümə lazım olan şeyləri evimizdən aparmalıyam. Bunu eşitcək Əlinin göndərdiyi kitabı, bir də it şəkilli daxılı qapıb götürdüm; daxıla bir xeyli qəpik-quruş yığılmışdı. Bibim götürdüklərimə baxıb xəfifcə güldü, dedi bunlardan da vacib şeylər var, onları yığıb hazırlamalıyıq...

Cehizlərim oğlan evinə çoxdan getmişdi. Cehiz də nə cehiz! Bir qadına lazım olan nə qədər avadanlıq varsa hamısından, özü də ən bahalısından. Üstəlik: iki inək, 20 qoyun, 50-yəcən toyuq-cücə, hinduşka; balon-balon mürəbbələr; bir iri motal (pendir xəstəsi olan kiçik dayım çox hayıfsılanmışdı motal maşına qoyulanda). Təkcə mənim vəfalı pişiyim Gülsərən qalmışdı, bilmirdim onu neyləyim. Pişik mənim evdən gedəcəyimi duymuşdu – qovurdular, atırdılar bayıra, qapı bir balaca aralı qalan kimi özünü təpirdi yanıma.

Bibimin çox narahatlıq keçirdiyini görüb, onu sakitləşdirmək naminə bir-iki paltarımı, onların da kölgəsində kitablarımı, xatirə dəftərlərimi seçib bir yeşiyə yığdım. Hava qaralır, qohumlar dağılışırdı. Telli mama bir balaca ləyəndə isti su gətirdi ki, əllərini qoy bura, həm bir az yumşalsın, həm də bəlkə ağara – yemək bişirməkdən, göy doğramaqdan əllərim qapqaraydı. Anam içəri girib əllərimi suda görəndə elə bil başına at vurdu:

- Sabah camaat tökülüşüb bura gələcək, sən əllərini suya qoymusansa, onlar nə yeyəcək?!

Bibim anama yalvarmağa başladı:

- Heç olmasa bu gecə ona dəymə, qoy özüylə əlləşsin. Nə lazımsa, hamısını mən eləyərəm.

Anam elə bil heç onu eşitmədi, həmişəki hökmüylə gözümün içinə baxıb:

- Düş aşağı, bir qazan yarpaq dolması bük, - dedi.

Fərmanını verib, gəldiyi kimi sakitcə aşağı düşdü. Mən əllərimi sudan çıxarıb anamın dalınca getdim. Bibim yanıma düşüb mənə yalvarırdı:

- Sən əlini işə-gücə vurma, qoy kim eləyir, eləsin.

Mən o dəm anamın acığına tövlə kürüməyə də hazırıydım. Telli mamaya sarı dönüb:

- Oturmayacam, - dedim, - nə desə, hamısını eləyəcəm!

***

O gecə hamı çəkiləndən sonra dolmanı da bükdüm, bütün tör-tökünüyü də yığışdırdım. Anamın gözləri baxan səmtə çevriləndə aynabəndin yuxarı başında tayalanmış pal-paltarı gördüm; anladım ki, bunlar da ütülənməlidi. O gecə, nənəm demiş, danı diri tutdum. Toyda işlənib yuyulmuş bütün süfrələri, dəsmalları ütüləyib yerbəyer elədim. Ardınca beş qardaşımın, bir də atamın sabah geyinəsi olduğu bütün paltarları ütülədim, hər kəsin geyim-kecimini öz yatağının yanına yığdım. Bütün ayaqqabıları yuyub mazladım. Bu işləri gördüyüm müddətdə bibim bir an yanımdan çəkilmədi. Mənim halımı gördükcə o, yəqin ki, ürəyində anama nifrət körükləyir, nifrin yağdırırdı.

Martın 22-si səhərini belə açdım. Samovara od salanda baxışım bütün gecəni bibimlə məni gözdən qoymayan anamın baxışıyla toqquşdu. Onun baxışından heç nə qana bilmədim – elə bilirdim indicə gəlib məni qucaqlayıb sinəsinə sıxacaq, mənə çəkdirdiklərinin halallığını alacaq. O gecə anam ondan umduqlarımın yüzdə birini mənə versəydi, bəlkə də xoşbəxt olardım, başıma gətirdiklərini tamam-kamal unudardım.

Aramızda üçcə addım məsafə vardı. Uzun zaman bir-birimizə baxa-baxa qaldıq. O gecə, o səhər anamın mənə göz qoya-qoya nə düşündüyünü bu gün də bilmirəm. Sabah gəlin köçəsi qızına bircə gecəni öz xəyallarıyla baş-başa qalmağı, görəsən, niyə rəva görmədi anam?..

Mart soyuğu canımı buza döndərmişdi. İndi elə istəyirdim ki, tezcə öz yerimə girim, südəmər it küçüyü kimi ayaqlarımı qarnıma yığıb doyunca yatım. Bibim qulağıma pıçıldadı ki, get ananı qucaqla – yazıq Telli mamamız da anamdan tük salırdı. Anama yarınım deyə bibim məni çox dilə tutdu, dedim yox, bacarmaram. Ən çox bundan qorxurdum ki, birdən gedib onu qucaqlayaram, məni itələyər, bu da mənə yeni bir dağ olar. Çox istəyirdim ki, məhz o gəlib məni köksünə sıxsın. Ancaq o gecə, o səhər nə anam bu addımı atdı, nə də mən.

Üst-başım yağlışoy, əllərim, dırnaqlarım qapqara özümü yıxdım nənəmin taxtına. Canımın ağrısı, üz-gözümün göynərtisi, başımın zoqqultusu, ayaqlarımın sızıltısı – hamısı bir-birinə qarışmışdı. Bütün ağrılara dirsək göstərib nənəmin yorğan-döşəyində büzüşdüm...

***

Nə qədər yatdığımı bilmirəm. Bir də gördüm bibim həyəcanla məni silkələyir:

- Gün günorta olub, qalx heç olmasa başından bir az su axıt, indicə oğlan evi gələcək!

Bu ağır xəbərdən qulaqlarım uğuldadı, bədənim ürpəşdi. Gözlərimi gen açıb tavana baxdım, heç nə görmədim. Nənəmin kiçik pəncərəsindən darvazamıza boylandım, yenə kimsə görünmədi. Axı mən gözləyirdim, axı kimsə mütləq gəlməliydi, qeybdən mənə bir əl uzanmalıydı axı! Kimsə gəlməliydi, mütləq gəlməliydi! Bu qədər əminliklə kimi gözləyirdim, kimi?..

İçimdəki öləzimiş umudla ayağa qalxdım. Bibim məni hamamda gözləyirdi. Meyit kimi lal-dinməz dayanıb ona baxırdım. Nənəmin eviylə hamamın arasında içim soğulub bomboş qalmışdı.

Telli mama bir anda məni çılın-çılpaq soyundurdu – ayrı vaxt utandığımdan onun yanında soyunmazdım. Damın ortasındakı iri ləyənə girib büzüşdüm. Bibim nənəmdən qalma tayqulpu isti suyla doldurub başımdan tökdükcə damarlarımda dayanmış qanımın donu açılırdı. Telli mama bir əliylə kürəyimi kisələyir, o biri əliylə də dayanmadan canıma isti su axıdırdı.

Birdən onun təntik nəfəsi boynumu yandırdı, başımı qovzayıb geri döndərəndə bibimin için-için ağladığını gördüm. Onun bu halı ürəyimi parçaladı, elə vannada domuşuqluca mən də qoşuldum bibimə. Elə hönkürdüm, elə uladım, Telli mama qorxuya düşdü, tez başladı mənə yalvarmağa ki, amandı, səs eləmə, atan, əmilərin qapıdadılar.

Sonra bibim dizlərini ləyən bərabəri yerə qoyub mənim suyu süzülən bədənimi qolları arasına aldı. Mən başımı sulu-sulu onun iri məmələrinin arasına soxdum, bibimin əyni-başı tamam yaş oldu. Bu dəm anam qapının arasından başını içəri uzatdı:

- Yığışdırın bu şaxsey-vaxseyi! Çıxın rədd olun ordan, bir azdan camaat qapıya töküləcək!

Mən onun səsini eşitcək dimdik ayağa qalxdım. Bibim son dəfə mənim suyu süzülən əndamıma sarıldı. Bununla da hamam mərasimi başa çatdı.

Dəsmalla qurulanmağa ehtiyacım olmadı – bibim canımın suyunu paltarına hopdurmuşdu. Köhnə xalatımı əynimə taxdım, başıma bir məhrəba doladım. Bibim qapıya çıxıb həyətdəki əmilərimi, qardaşlarımı, əmim oğlanlarını evə kişlədi, sonra məni sol yanıyla üst evə qaldırdı. Limon dilimlərini əllərimə, dırnaqlarıma sürtüb, məni bir az adam arasına çıxası hala gətirdi. Qalırdı saçlarımı darayıb yığmaq, bir də gəlinliyi geyinmək.

Saçımı, üz-gözümü şəhərdən gəlmiş dayım arvadı bəzəyəcəkdi. Anam bu işə də qarışdı, başını içəri uzadıb:

- Onun üz-gözünü boyayıb rəngləməyin haaa, - dedi, - qardaşları qapıdadı.

Bəzək-düzək mənim heç vecimə də deyildi. Ancaq bibim də, gəlinlərimiz də çox pərt olmuşdular – heç gəlin də bəzənib-düzənməmiş toy maşınına oturardımı? Gəlinin bəzənib-boyanmağında nə qəbahət vardı, görəsən?..

***

Dedilər əvvəlcə tumanını, corabını geyin. Bibimdən xahiş elədim ki, hamı bayıra çıxsın, alt paltarlarımı geyinəndən sonra gəlsinlər. Sözümü yerə salmadılar. Ayrı vaxt tuman geyəndə ürəyim sıxılırdı, indi beşini üst-üstə geyindim. Düşünürdüm ki, altdan nə qədər qalın geyinsəm, mənə yaxın düşmək bir o qədər çətin olar.

Çarpayımın üstündə oturulu qalmışdım. Bir belə zülmün, zillətin, iztirabın sonu buydumu? Qonşumuzun qızı Sənubərin köçdüyü gün düşürdü yadıma. Qız necə sevinirdi, ilahi, çəpiş kimi oynaqlayırdı, oxuyurdu. Saat 11-dən geyinib hazır durmuşdu, özü də əsim-əsim əsirdi. Oğlan evinin gəldi xəbəri gəlin otağına çatanda qızın az qalmışdı dili batsın. Bəs mən niyə belə deyildim? Heç əynimdəki köhnə xalatı da dəyişməyə həvəsim yoxuydu.

Qabaq otağa keçib pəncərədən həyətimizə baxdım. Atam, qardaşlarım, əmilərim, əmim oğlanları qapıda boy-boya düzülmüşdülər. İçimdən zəlzələ dalğası kimi bir titrəyiş keçdi. Əllərimi pəncərəyə dayaq verib bu zavallı kişiləri uzun-uzadı seyr elədim. Bir az sonra ayaqlarımın arasına dəyən yumşaq toxunuşdan səksəndim.

Aşağı baxanda Gülsərənin xırdaca gözlərini ayaqlarımın arasından üzümə zilləyib miyoldadığını gördüm. Onun yupyumşaq tüklərinin təmasından budlarım yuxarı şirin bir dalğa axdı. Bu təmas budlarımdan göbəyimə doğru yayıldıqca özümün bir qız, bir dişi olduğumu hiss elədim. Əllərim qeyri-ixtiyari döşlərimə doğru uzandı – sinəmdə bir cüt bürüşük yumru qalmışdı.

Tez pəncərədən aralanıb çarpayıma sərilmiş gəlinliyimə baxdım. Bu məqamda gözümün selinə bənd vura bilmədim, Dostum – gəlinliyimə yox, elə bil öz kəfənimə baxırdım. Elə ağlayırdım, elə ağlayırdım, deyərdin bəs həyətə yığışan o əzizlərim hamısı birdən qırılıb, deyərdin bəs yağı od vurub xanimanımı yandırıb.

Ha çalışdım, özümü toplayıb sakitləşə bilmədim, həyəcandan yenə burnumun qanı fışqırdı. Qan açılan kimi gözümün yaşı qurudu. Bibim özünü aynabəndə atıb hay saldı, həyətdə gördüyüm kişilər hamısı bir anda içəri doluşdu. Kimisi başıma buz qoydu, kimisi dərmanımı verdi, böyük qardaşım yanıma iynə vurdu.

Birdən anam camaatı yarıb mənə sarı gəldi; elə bildim indicə məni qucaqlayıb köksünə sıxacaq, heç olmasa bu gün “yazıq balam” deyib fəryad qoparacaq. O isə lap yaxınıma gəlib məni bir xeyli süzəndən sonra:

- Yenə nə artistlik eləyirsən?! - deyib gəldiyi kimi də geri qayıtdı.

Musa əmimin arvadı otaq dolu adamın arasından çıxıb məni elə ağız-burnum qanlı-qanlı sinəsinə sıxdı:

- Qurbanın olum, özünü ələ al. Başını qaldır, bu düzülən kişilərə bax. Heç olmasa onlara rəhmin gəlsin. Bizi el içində sındırıb xar eləmə.

Gözümü bir boy qaldıranda ilk gördüyüm Musa əmimin qanlı sinəsi oldu – başımı köksünə sıxanda mənim toyuma geydiyi təzə ağ köynəyi burnumun qanına boyanmışdı. Gözümü bir az da qaldıranda divar boyu düzülmüş qardaşlarımı, əmim oğlanlarını gördüm. Atama sarı heç baxmadım. Ucaboy, savadlı, qoçaq, hər biri bir elin dirəyi olan doğmalarımı elə büzüşmüş, gözüyaşlı görəndə qolum-qanadım qırıldı, əlim yerdən-göydən üzüldü. İndi sanki qollu-budaqlı bir nəslin taleyi mənim əlimdəydi. Onların bu köməksiz halı içimi oyuq-oyuq elədi, burnumun qanı dərhal kəsdi. O an özümü nəsildə hamıdan güclü bilirdim.

Əlimin işarəsiylə otaqdakılara “çıxın” dedim. Hamı suçlu-suçlu, peşman-peşman aşağı düşdü.

Qan iyindən uşaqlıqdan iyrənirdim. Vanna, sabun istədim; nə qədər yudumsa, yenə üst-başımdan qan qoxusu getmədi. Yenə yazıq bibim həyətdəki kişiləri içəri qatıb, məni təzədən çimizdirmək üçün aşağı düşürdü. Neylon kalqotqamı, üst-üstə geyindiyim beş tumanı soyunub bibimə verdim. Yenidən ləyənə oturub suyun içində büzüşdüm. Bu an toy hamamı əvəzinə yuyata girməyə sidq-ürəkdən razı olardım, kəfənimi özüm geyərdim, qəbrimi öz əlimlə qazardım, özüm o qəbrə girib üstümü torpaqlayardım...

Telli mama yenə məni ağlaya-ağlaya çimdirdi, əndamıma ətirli sabunlar çəkdi. Bibim hıçqıra-hıçqıra isti suyu başımdan axıdır, mənimsə gözlərimin qabağından əmimin qanlı köynəyi çəkilmirdi.

Sonra Telli mama məni yuxarı qaldırıb yaxşı-yaxşı quruladı. Əgər doğmalarımın bayaqkı ağlar gözlərini, əlacsız, köməksiz duruşlarını görməsəydim, o gün o gəlinliyi mənə döyə-döyə geyindirəcəkdilər. Ancaq mən ot olub yerdən çıxmamışdım, həyət dolusu o kişilərə özümü borclu sayırdım. Ona görə də dinməz-söyləməz başladım geyinməyə.

ardı var

# 4418 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #