Latış qızı ilə qatarda...

Latış qızı ilə qatarda...
25 noyabr 2014
# 13:01

Kulis.az yazıçı Azər Abdullanın yeni-“Su qohumluğu” essesini təqdim edir.

Ən qədim daş yaddaşı?.. Necə? Nə dedin!? Suyun yanında daş dünənki uşaqdı, uşaq da yox, qığıldayan çağadı, çağa da yox, ınqa, ınqa deyən bəbədi. Su, torpaqdan da, Günəşdən də öncədi, ilkindi, qədimdi. Suyun yaddaşı bunları deyir. Suyun hissiyatı, yaddaşı barədə film çəkilib, çox sayda elmi məqalələr yazılıb. Əgər Suyun yaddaşı varsa, onda onun yaddaşı da ruh kimi görünməz, ölməz, əbədidir. Dağ çaylarından yellənib axan, daşlara çırpılan, havalanıb uca qayalardan atılaraq parçalanıb tikə-tikə olan- damcılara, zərrəciklərə bölünüb yerə tökülən, yenidən bir-birinə qovuşub axaraq çaya, gölə, dənizə, okeana dönən, gah şaxtadan donub buz olan, gah istidən buxarlanıb göyə qalxaraq buluda dönən, yellərin qabağına düşüb kəndlər, şəhərlər, qitələr adlayan bulud bəlkə Ələyəz, bəlkə Savalan, Qoşqar, Murov dağının üstünə yetəndə yorulub ağırlaşdığından yenidən bölünüb damcı-damcı yerə tökülən, töküləcək də illərin ayrılığından bir-birinin həsrətini çəkmiş sevgililərtəkin dərhal qucaqlaşıb qovuşan bizim, sizin, onların, dünyamızın Suları... Məni sənə, səni mənə gətirən, bizi onlara aparıb, onları bizə qaytaran Sular...

Başı daşdan-daşa dəysə də, qazanda qaynayıb daşsa da, torpaqdan-qumdan keçsə də, şəkildən-şəkilə, formadan-formaya düşsə də yaddaşını qoruyub saxlayan sirli, əzəlı-əbədi SU... Hansı suçunamı görə cəza çəkməsi üçünmü, bəlkə əksinə, xeyirxahlıq üçün, yaranışdan ötrü uzaaq, uzaqlardan Yer üzünə göndərilmiş, ancaq milyon illər keçsə də, bu dünyaya alışmayan, öyrəşməyən dar qəfəsə salınmış canavar, aslantəkin dayanmadan havalı-havalı dolanan, qurtulub gəldiyi yerə can atan havalı sular, sevdalı sular...

Nəinki göldə, dənizdə, nəinki okeanda, hətta bir damcının yarısının yarısında, yarısındanın da yarısında... dünyanın tarixini yaşadan, (tarix Sudan başlamırmı?) dünyamızın varlıqları içində təkcə Tanrının mübarək üzünü görüb Yer üzünə Endirilən havalı Sular, sevdalı Sular... Sən kimlərə, nələrə qohum, doğma deyilsən, kimin, nəyin canında yoxsan, mübarək Sular? Göydə ucan quşlarla, Sularda üzənlərlə, yerdə qaçanlar, sürünənlərlə, otlar, kol-koslar, ağaclarla, qayalardakı mamırla bizim Su qohumluğumuz yoxdumu?

Bizi bir-birimizdən təkcə dağlar, dərələr, sonsuz səhralar, dənizlər deyil, məsafələr deyil, onlardan çooox - çox uzaq, hüdudsuz-nəhayətsiz zaman ayırdı, uzaqlaşdırıb yadlaşdırdı... Hamımızın canımızdakı Günəş, hava-yel, torpaq qohumluğumuz bir yana, mən SU qohumluğumuzdan, doğmalığımızdan danışmaq istərdim. Günəş rəngli qanımızdan süzülüb gələn ağdan ağ bir damcıdan əkildik qaranlıq ana tarlaya, Sulu qanla Suvarıldıq böyüdük, bir gün, gün kimi doğduq dünyaya, bəmbəyaz qar ağlığı süd əmib gündə bir buğda boyu boy atıb böyüdük. Canımıza dolan al qan da Sulu-Sulu, bəmbəyaz süd də Sulu-Sulu...

Günəş-ışıq-nur-od, hava-yel, toz-torpaq qohumluğumuz bir yana... mən təkcə yenə də SU tanışlığımız, SU dostluğumuz, SU qohumluğumuzdan söz açmaq istərdim. Zəngəzurun Mığrı bölgəsində Lök kəndinin yaylaq yerindəki Top adlanan ərazidə Seyid Əhməd bulağından paqqıldayıb çıxaraq təknə boyda gölməçəyə göllənmiş bumbuz Suyun aynasında bir gün gördüm öz əksimi. Daşıb gölməçəni aşaraq yamyaşıl yarpızların arasıyla ilantəkin axıb uzandıqca uzanan, nəhəng yastı sal qayanın üstünə yayılaraq yay günəşini udub xumarlananda göz qamaşdıran o gümüşü dupduru Suyun bir hissəsi havalanıb günbatan səmtdəki bir əlçim bəmbəyaz buluda sarı yönəldi. Yeddi gündən sonra mənə yuxuda dedilər, həmin bulud Mığrı, Araz, Kür çaylarından, Göyçə gölündən, sonra da Xəzərdən və başqa-başqa bulaq, çay, dənizlərdən qalxan buxarı da canına çəkib göy üzüylə üzə-üzə gedib Fransanın paytaxtına çatanda dolub qaralaraq ağırlaşdığından yağmura çevrilən damcılar Parisin binalarına, Eyfel qülləsinə, Luvr muzeyinə, Momparnas deyilən əraziyə, Notr-dam kilsəsinə, küçələrinə bağlarına çiçək-çiçək ələnərək axıb Sena çayına qarışdı...

Babamın adına olan Seyid Əhməd çeşməsinin başında əyləşib mavi göy üzünün günbatan səmtindəki bir əlçim bəmbəyaz buluda baxdığım vaxtdan əlli üç il sonra bacımın Həcc ziyarətindən dindar anama yarım litrlik şüşədə gətirdiyi Zəm-Zəm Suyundan bir qurtum mən də içəndə boğazımdan ildırım sürətiylə keçən ehramları, səhralara dağılmış dəvələri, xurma, zeytun ağaclarını hiss etdim.

Ticarət amacıyla Məkkədən çıxıb Qüdsdən də o yanda olan Bəsrə şəhərinə gedib alış-verişini uğurla başa vuran, qayıdarkən Ərəbistanın yandırıb yaxan günəşindən qorumaq üçün Hz. Muhəmmədin (s.ə.s) başının üstüylə üzüb kölgə salan Bulud yadıma düşdü. Hacıkənd yolu üstündə, yaxud İsmayıllıdakı kükürdlü Bulaq, yaxud Tərtər dağındakı Soyuq Bulaq, yaxud öz yaylaq yerimizdə dizə çöküb dadlı Suyunu içdiyim neçə-neçə o bulaqları deyil, nə üçün, niyə məhz Seyid Əhməd Çeşməsini birdən xatırlamağımı anlaya bilmirəm.

Şimalda ağ ayıların ağnadığı qalın döşək kimi bəmbəyaz, yupyumşaq qarda, bissimillah deyilmədən, boğazına bıçaq çəkilmədən Hindistandan gətirilib müsəlman şəhəri Bakının market mağazalarında satılan ölmüş inək ətində, Yaşıl Bazarın ikinci sırasındakı piştaxtada vaxtı ötmüş, ərpimiş Mərakeş qreypfrutda, Norveç som balığında, İslandiya pinqivinlərinin canında və yanlarını basa-basa güclə yeriyib baş vurduqları mavi Sularda... uzaq əcdadları pinqivinlərdən olub sonralar Avstraliyanın Murrey çayı boyunca min illər yaşamış tutu quşu nəslinin bir nümayəndəsi hansı dolaşıq, kəşməkəşli yollardan keçərək gəlib bu gün şair Vaqif Səmədoğlunun evindəki qəfəsdə hay-küy salan, bəzi anlarda vüqarlı, qürurlu duruşu görkəmiylə lap Vaqif Səmədoğlunu yada salan bapbalaca, cuppulu tutu quşunun canındakı Suda da mən bilirəm, Göy gölümüzün, Samur-Dəvəçi kanalından ləngərlə axan Sularımızın mütləq və mütləq bir zərrəsi-qarışığı olmalıdı. Bəyaz gövdəli çinar bir xanımı, boynu bükük bənövşə həyalı küskün bir gözəli, mamırlı, əzəmətli qaya yenilməz bir kişini, yanlarını basıb yastı-yastı yeriyən qara qarğa dağar-lovğa birisini xatırladanda əbəs yerə demirlər bunun bir Suyu filankəsi yada salır...

Adamın adama oxşamasını tapmağa nə var, Natiq Səfərovsa, adamın heyvan oxşarını tapmaqda əvəzsiz istedad idi. Gənclik illərində üz-üzə gəlib əlini uzadıb mənə salam verəndə şirin mırıldamağını yamsılayaraq

- Sən şirə oxşayırsan- deyərdi.

İllər ötəndən sonra bir dəfə yağışlı havada islanıb qıvrılmış, həm də artıq seyrəlmiş saçıma işarəylə, bir azda təəssüf və kədərlə:

- Azik, şirliyin gedib, daha pudelə oxşayırsan- dedi. Tofiq Abdini qarğaya, Əli Həsənlini qayada dayanmış təkəyə... Əlisa Nicat yanında olanda deyirdi qurda- boz qurda oxşayırsan, Əlisa onun bənzətməsindən xoşallanırdı, eləki Əlisa aralanıb uzaqlaşırdı, - Diqqətlə onun gözlərinə baxarsan, qurddan çox tülküyə oxşayır... –söyləyərdi.

Birisi barəsində-filankəs qocalıb, işdən düşüb- deyəndə, başqa birisı-yox, hələ canı Suludu- söyləmirmi?..

Bəs vahimələnib qorxan adama dərhal Su içirilməsi nədəndir?.. Qorxmuş adamı bir simsar, bir arxa-köməktəkin sakitləşdirən, ona toxtaqlıq verən SU deyilmi?

Bir də var həmişə nəm, Sulu olan gözün yeyib içməsi... Mənim “gözüm yemir” deyərlər. Bir də deyərlər mənim bu işdən, bu adamnan “gözüm SU icmir.”

İrəvan Kənd Təsərrüfatı Texnikumunun bir yük maşını tələbələri, ucadan deyib-gülə Göyçənin Toxluca kəndinə təcrübəyə gedirdik. Adını unutduğum balaca erməni kəndində maşınımız sürətini azaldıb döngəli, yoxuşlu yolla bir evin yanından keçəndə əvvəldən düşünüb əlverişli mövqe seçmiş həmin evin damına toplaşmış onmu, on beşmi yeniyetmə oğlan, qız, gəlin, arvad əllərində cam, dolça, vedrə dolu Suyu çığrışa-çığrışa üst-başımıza əndərdilər. Sonra bildik, həmin gün Sulaşma günü olduğundan yaşından, cinsindən, əynindəki geyimindən, dinindən, milliyyətindən asılı olmayaraq ermənilər qarşısına çıxanı, yanından ötəni Sulamalıymış. İslanıb cücəyə döndüyüm həmin an kəndimizdə silos yığımı vaxtı, oğlan, qız, bəzən kişi bilmədən kiməsə alma, ərik atan, kiminsə böyründən bir burmac çimdik götürən... biçilmiş yamyaşıl qarğıdalı bafasını çiynində daşıyarkən badalaq atıb yıxdığı əsgərlikdən yenicə dönüb əsgər formasını dəyişməmiş oğlan, o qızı qucaqlayıb içmək üçün bulaqdan yenicə gətirilmiş bir vedrə buz kimi Suyu onun başınnan əndərərək pıçıltı və ehtirasla dediyi “bu Su səni soyutmaz!” sözləri, islanıb qızın bədəninə yapışmış ipək donunun altından qabarmış döşlərinin iri giləsini, bütün əzaları seçilən tökmə bədənini xatırladım.

...Yer üzündə tarix boyu hansı milyonçu, milyardçının, hansı imperator, hansı prezidentin verdiyi qonaqlıqdakı adamların, yaxud, hansı idman oyununa (lap çoxluğun sevdiyi futbol olsun) azarkeşlik etməyə gələnlərin sayı, yayın bircə günündə Suların, həm də Günəşin dəvətiylə möhtəşəm qonaqlığa yığışmış insan sayına çata bilər!?. Mən heç bütün Yer üzü Sularının deyil, təkcə yeniyetmə çağlarımda dönə-dönə iştirak etdiyim Zəngəzurun Mığrı bölgəsindəki Lök kəndimizin ətəyindən şırhaşır axan Mığrı çayı, gəncliyimdəsə sayını unutduğum Xəzərin, hərəsində bircə yol olduğum Göy-Göl, Maral göl, Qara dəniz, Baltik dənizi Sularının dəvətiylə bircə gündə yığışmış sayagəlməz körpə, yeniyetmə, gənc oğlan-qızların, ahıl, qoca-qarıların və mənim də iştirak etdiyim fantastik qonaqlıq... o qonaqlıq ki şəhərin, respublikanın, dünyanın uzaq-uzaq məmləkətlərindən dəvət etdiyi yad adamları belə bir-birınə isinişdirər, doğmalaşdırar, dostlaşdırar, sevdirər, yorğunluğu candan çıxarar. Həmin SU qonaqlığının birində Zuğulba çimərliyində Xəzərinmi aydın göy Sularından çıxmış, göy üzünün maviliyindənmi enmiş masmavi çimərlik geyimindəki əsmər qızın saçının ucundan qopub yuvarlaq çiyinlərinə, almayanaq üzünə, sinəsinə, oralardan da axıb tökülən göz yaşı kimi şəffaf damcıları, uzun illərdir o oğuz gözəlinin ayaqları altındakı narın, qızılı qumlartəkin canıma çəkmək ıstəmişəm. Gün batabatda mən yenicə geyinib möhtəşəm Su qonaqlığından məmnun-məmnun ayrılmaq istəyəndə o Sular, SU pərisinə bənzər o qızı görəndə elə bil ayaqlarımı yerə mismarladılar. Əlləri belində göy Suların sonsuzluğuna baxırdı. Oğlanlar, kişilər bir yana, qızlar, qadınlar da bir-birini dümsükləyib pıçıltıyla “Ona bax” deyirdilər. Ondan aralıda olsam da təkəbbürdən, cəsarətsizlikdən, əfəllikdən, utancaqlıq-həyadanmı, yoxsa onun gözəlliyinin zəhmindənmi mən ona oğrun-oğrun baxır, geriyə dönəndə də, gözümü yumanda da Onu görürdüm. O irəliləyib gözəl ayağını suya toxunduranda elə bildim dəniz diksindi. Su dizinə çatanacan O, dənizə doğru irəlilədi, qurşağına çatanda mənə elə gəldi, dəniz ehtirasla Onu yavaş-yavaş qoynuna çəkir. Sular sinəsinə çatanda O, dənizin üzünə qalxıb yüngülcə qu quşu kimi üzməyə başladı. Gün ərzində bir-birimizlə danışmasaq belə bir-birimizin üz-gözünə alışdığımız adamlardan xeyli aralanıb tanımadığım adamların əhatəsində bir anı fövtə vermədən soyunub özümü, qısqandığım Suların qoynuna atdım. Gah Suyun altıyla, gah üzüylə üzə-üzə Ona yaxınlaşdım. Bir neçə dəqiqə öncə ayrıldığım dəniz birdən-birə isinmişdi. Yan-yörəmdəki adamları unutmuşdum. Aramızda xeyli məsafə qalsa da özümü Onunla dənizdə, Mığrı çayının qabağını kəsib düzəltdiyimiz balaca göldə, içərisi ləbələb SU ilə dolu dərin, geniş bir təhnədəki kimi hiss etdiyimdən, sadəcə, xoşbəxt idim...

Abşeronun Pirşağı, Mərdəkan, Şıx çimərliyinin elə bil ələkdən keçmiş narın qızılı qumuna öyrəşdiyimdən Krımın Göytəpə-Koktobel sanatoriyasında Qara dənizin qırağı boyunca sanki qəsdən balıqqulağı səpildiyindən uzanıb dincələ bilmir, sahilboyu gəzişəndə bir xırman boyu yerdə, adamların az qala bir-birinə söykəndiyi ərazidə Abşeron çimərliklərində olduğu kimi narın qumluğu və oraya yaxınlaşan füsunkar bir gözəli görəndə sevincimin üstünə daşıya bilməyəcəyim, dartıb apara bilməyəcəyim bir sevinc-fərəh də qatıldı. O vaxtdan, iyirmi beş il keçməsinə, qocalmış yaddaşımın ərazisinin çox hissəsini toz-torpağın örtməsi, lilin-lığın basmasına baxmayaraq, dənizdən çıxıb mənim yenicə kəşf etdiyim xırman boyda narın qumluğa sarı yaxınlaşan ucaboy, yüngül yerişli, üzündən, boynundan qabaqca yavaş-yavaş axan damcıların özlərindən aşağıdakı damcılara qovuşandan sonra mis rəngli, parlaq, uzun, yaraşıqlı budları, ayaqları boyu yeyin şütüyən, qulaqlarının tənəsindən dünyanın ən bahalı brilyant dənələritəkin parlayıb tez-tez qopub düşən damcıları görəndə, qəfildən keçən yüzilliyin əllinci illərin axırlarında bizim yaylaq yerində “Bərəhellər” adlanan buğda zəmilərinin birində günəşin şaxıdığı vaxt taxıl biçərkən, vərdə mənim böyrümdə boy-buxunca, rəng-rufca eynən Venesuela gözəli Vanessaya oxşayan, (on səkkiz yaşlı venesuealı yaraşıqlı Vanessa Fernandesin tennis üzrə çempion olduğunu, arfada gözəl çaldığını, ingilis, ispan, portuqal, rus dillərində sərbəst danışdığını, dünya gözəllik yarışında birinci yer qazandığını sonra biləcəkdim.) ancaq tumanı topuğunu döyən, boğazınacan düyməli uzun koftalı, corabı pıtraqlı, qılçıqlı, alnında, boğazında toza bulaşıb gilələnmiş tər damcıları olan on yeddi yaşlı Güləndam yadıma düşəndə azca qabaq qəlbimə sığmayan sevincimə çökən seyrək dumana bənzər kədəri, üç-dörd addım aralıdan Vanessanın iki kərə mənə, tanımaza-bilməzə səxavətlə bağışladığı şirin, məlahətli təbəssümü silib apardı. Vanessanın bir Suyunun löklü Güləndama bənzəməsi, yox, yox, elə bil yarıya bölünmüş bir almanın iki yanıydı, bu bənzəyiş SU qohumluğundan gəlmirmi?..

Xəzərin sahilində yayda gördüyüm ayağı yandıran qızılı, boz qumlara bənzəməyən Baltik dənizinin qırağındakı şəkər tozutəkin, o qədər də istisi olmayan narın bəmbəyaz qumluğu görəndə heyrətləndim. Soyunub dənizə girəndə SU, sərin yaylaq bulağı kimi məni üşütdü. “Burda çimmək mənlik deyil” ağlımdan keçsə də, gələcəkdə Baltik Sularında mən də çimmişəm deyə Su dizimə çatanacan irəlilədim. Suyun soyuqluğu bir yana, hələ uzun-uzun latış oğlanlarını demirəm, ucaboylu latış qızlarının yanında özüm-özümə liliput kimi göründüyümdən, çimmək həvəsindən düşdüm. Qayıdıb bəyaz qumun üstündə oturub dəftərçəmdə “rəssamlığımı” eləməyə (bir az da yan-yörəmdəki adamların diqqətini çəkmək amacıyla) başladım.

Eskizlərimi çəkərkən üç gün öncə Moskva-Riqa qatarıyla bir kupedə gəldiyimiz onuncu sinfə adlamış, mən boyda, yaraşıqlı, latış qızı Layma barəsində düşünürdüm. Görəsən, Layma niyə kədərliydi. Ortayaşlı şən rus kişilərinin nə kupedə söylədiyi məzəli anektodlardan, nə də qatardan düşəndən sonra xeyli yol gedib şair Yan Raynis parkına çatanacan mənim kəkələyə-kəkələyə canfəşanlıq eləməyimdən bircə dəfə də olsun onun dodağının qaçdığını gördüm. Yalançıya lənət, bir kərə onu güldürmək səadətinə nail oldum.

Öz çantamdan başqa Laymanın ağır çamadanını da götürmüşdüm. Qolum ağrıdığından yorulub əldən düşdüyümü qəsdən büruzə verərək dərindən nəfəs alıb köks ötürdüm, çamadanı dalıma atıb yenə qəsdən yanlarımı basa-basa ağır-ağır yeriyəndə o yaxınlaşıb çamadanı almaq istəyəndə mən səmrəmiş at kimi yerimdə soncuxlayıb götürülüb çapmağa başladım. Dönüb arxaya baxanda onun güldüyünü gördüm. Rus dilini məndən də pis bildiyindən qatardan düşəndən sonra güc-bəla ilə mənə Riqada yox, iki yüz iyirmi kilometr şəhərdən aralı hansısa qəsəbədə (qəsəbənin adını unutmuşam) yaşadığını bildirəndə dilxor oldum.

Onun avtobusunun yola düşməsinə dörd saat vardı. Yağış kəsmişdi, Layma yaylığıyla sildiyi nəm skamyada oturduq. Yayın ortası olsa da bir bölük qalın Duman ağır-ağır bizə sarı sürünürdü. Mənim cəsarətsiz və utancaqlığımdan, Laymanın üzündəki kədərə bürünmüş ciddilikdən onun üşüyən gözəl əllərini əlimə alıb isitmək ürəyimdən keçsə də cürətim çatmırdı. Ağır-ağır sürünən duman hiss olunmaz təmasla onun başına, təravətli yanağına, balaca burnuna, çənəsinə, kirpiyinə, mavi gəzlərinə, qaşına, zərif, qumral tellərinə sığal çəkdi. Həmin duman burulğanı burula-burula axıb mənim üz-gözümü, başımı bürüyəndə içimdə sözə gəlməyən xoş duyğular yarandı. O anlar mən gözəlliyin, xoşbəxtliyin dadını duyub o Dumanı acgözlüklə içimə çəksəm də, Laymanı əyləndirib könlünü ala bilmədiyimdən sıxılırdım. Onu səhər yeməyinə dəvət etmək istəyi ilə -Yaxında harda kafe var?- soruşanda sadəcə, çiynini çəkməklə yerini bilmədiyini, şəhəri yaxşı tanımadığını anlatdı. – Axı sən qatarda da bir şey yemədin. Görüm, yaxında bir şey tapa bilərəmmi...- deyib ayağa qalxanda o, qətiyyətlə etiraz etdi, çamadanına işarəylə latışca dediyini təxminən “sən getsən, mən çıxıb gedəcəm” kimi başa düşüb yenidən yanında oturdum. Birdən nə görsəm yaxşıdı, İlahi!.. Onun barama qurdunun ağzından çıxan zərif sapa bənzər qumral ipək tellərinin üstü, bulud arxasından boylanıb gülümsəyən gün işığında titrəşərək bərq vurub parıldaşan iynənin ucu boyda ulduzlarla, Su zərrəcikləriylə bəzənmişdi. Layma ilə bir an baxışlarımız toqquşanda onun iri, mavi gözlərində əks olunmuş qıvrım saçımda da sayrışan həmin ulduzcuqları gördüm. Duman bizi sevgililər bilib başımızı incilərlə dolu tacla bəzəyib sakitcə axıb getmişdi...

...Bakı buludları dedim, o buludlar təkcə Azərbaycan Sularındanmı qalxmışdı, yox anam balası, bu yerdə canında daha çox kişi qanı olan adam atam balası əvəzinə, anam balası deyənə rişxəndlə baxıb cılız, nakişi, xoşqeyrət də deyə bilər. Mən burdaca soruşuram, bəyəm bu dünyada biqeyrət, nakişilər azdımı, əkdiyi evladını biryolluq qadının ümidinə buraxan azmı erkək var? Doqquz ay qanıyla... bir, bəzənsə iki, üç... il südüylə əmizdirib bəslədiyi, sonra da yedizdirib böyüdüb boya-başa çatdırdığı evladının qarşısında qul kimi dayanan ananın uşağına anam balası demək bu qədərmi suç, qəbahət? İndiki söhbət gəlib ana südünə çatdı, qabaqca bətnində al qanıyla, doğulandan sonra bəbəsini bəmbəyaz südüylə əmizdirən, çağasının ətə-qana gəlməsi üçün südünün bol olmasından ötrü həmişəkindən daha çox yediyi o yeməklərin içində doğma vətən torpağının yetirdiyi naz-nemətdən başqa Afrika bananı, Holland pendiri, Rusiya kartofu, Türkmənistanın carco yemişi, Bolqarıstanın duza qoyulmuş xiyarı... dünyanın başqa-başqa torpaq, dəniz, okeanlarının yetirdiyi yeyiləcək məhsullar da ola bilər. O nemətlərin canındakı sonsuz, sayagəlməz dövretmədən, qarışmış Sulardan başqa, Azərbaycan göylərindəki buludda Sakit okeanından buxarlanıb buluda dönmüş nazla, ağır-ağır üzərək gəlib Kaliforna göylərində arın-arxayın qərar tutmuş o buludu günlərin bir günü çovğun, tufan qabağına qataraq saatda 120-160, bəzənsə lap 200 km sürətlə gətirib gah alçaqdan göydələnlərin, gah uca-uca dağların başına vurub parçalayıb tikə-tikə edərək, burub fırladıb qarışdıraraq, neçə gündən sonra gətirib Bakı göylərindəki buludlara qovuşdurub.

Ay nədi, il nədi, qərinə, yüz il nədi, min nədi, milyon il nədi. Sonsuz zaman içində parçalanıb tikə-tikə bir-birindən ayrılan, qovulub dolanıb yenidən birləşib qovuşan bulud... Balinanın burnuyla, köpək balığın üzgəciylə, kilkələrin quyruğu, qurbağanın qıçıyla yarılan, dağılıb parçalanan, yellərdən, tufanlardan şahə qalxıb saçaqlanan, qayıqları, gəmiləri aşıran, dam boyda dalğaların yoğurub qarışdırdığı Sular...

Bulduzer, ekskavatorla, bellə, kotanla, qazmayla qazılıb torba-torba, maşın-maşın daşınan, zəlzələnin üfürüb şartəkin şişirtdiyi, bəzən dağıdıb yerlə yeksan elədiyi dağlar, vulkanların deşib qanına qəltan elədiyi, dəli yellərin, çovğunların qabağına qatıb soldan sağa, sağdan sola səpələdiyi qocaman torpaq... Mən torpaqdan yox, uca-uca dağları, düzləri, bütün yer kürəsini doğmaca balası kimi sevgiylə qucaqlayıb bağrına basmış Sulardan danışmaq istəyirəm.

Bütün çirkabları, bütün bulaşıqları yuyub təmizləyən, özüsə murdarlıqlardan, çirkablardan sıyrılıb tər-təmiz çıxan, qanadlanıb yüp-yüngülcə, alnıaçıq göylərə qalxıb buluda-göy-səma Sularına çevrilən... gecələr Ay, gündüzlər Gün işığında arınıb durulan, yenidən Yerə enən pak, təmiz havalı Sular, sevdalı Sular... Nədəndi, nədəndi, səma Sularından söz düşəndə Tanrının göndərdiyi mələklər Hz. Muhəmmədin ürəyini çıxarıb şeytanlı hissəsini kəsib atdığı, qalan hissəsini məhz göyün-səmanın tər-təmiz Sularıyla yuduqları əhvalat yada düşür...

Lök kəndinində məktəbdən yuxarıda amfiteatrı xatırladan həyətdə tut ağacının altında sübh çağı aftafadakı Su ilə dəstəmaz alan Ağa nənəm (anamın anası), Yaz bayramı dan yeri yenicə söküləndə, qurdla tülkünün, ağ sapla qara sapın seçilməyən vədəsində və Suların bakirə məqamında kənd çayının dəhnəsindən mis güyümünə sərin SU doldurub içərisinə yeddi xırda çay daşı salıb gətirən, məni altı min il öncəyə, şumerlərə qaytaran anam... bəlkə şumerlərdən də altı min il o yana, bəlkə o yannan da altı min il o yannan gələn adət-gələnəyi yaddaşımızda saxlayan, dövr etdirən qanımızdakı, canımızdakı mübarək Sulardı... Mesapatomiyada Dəclə, Fərat, Diyala çaylarının yatağından hündürdə qalmış Susuz torpaqlar şumerlərin düzəltdiyi çarxlar, çayın axınıyla fırlanaraq Suyu yuxarı qaldırıb novlara tökərək zəmilərə axıdılırdı. Elektriklə işləyən Su çəkən motorlar icad olsa da, şumerlərdən gəlmə həmin çarxlar Kür- Araz Sularında bu gün də fırlanaraq Sabirabad, Saatlı, İmişlidən olan kasıb-kusubun bostanlarında qovun, qarpız, yemiş, şamama tağlarına can verməkdə.

Hər dəfə yay tətilindən sonra kənddən Bakiya gələndə anamın ardımca SU atdığı kimi, başqa eldən olan gəlini də bir qayda olaraq Peterburqa, İstanbula oxumağa gedən övladlarımızın arxasınca SU atmağı heç vaxt yadından çıxartmadı. Bir kərə gecə saat üçdə uşaqların anası oğlumuzun arxasınca bu dəfə iri sapılcandakı Suyun hamısını səxavətlə atanda, bizdən aşağı mərtəbədə yaşayan, blokumuzda bir kəslə salamlaşmayan qaşqabaqlı, ciddi görkəmli məsul işçi, hər qarşılaşanda mənə Piterin bəyaz gecələrinı, (həm də Dosdoyevskinin “Bəyaz gecələr”ini) yada salan gözəl, mədəni, istiqanlı, məsum, romantik baxışlı, açıq rəngli geyimdə milliyyətcə rus xanımıyla qonaqlıqdanmı, səfərdənmi qayıdanda, tozlu pilləkənlərə dəyib sıçrayan SU damcıları onların üstünə çilənəndə kişi dodağının altında həm də hikkəylə:- Şto za dikost! Otstalıye!..- bir sayaq pıçıltıyla dedi, eşitdiyimi güman edən qadını bir an mənə baxıb mehribanlıqla gülümsəyərək (elə bil ərinin nalayiq sözlərinin əvəzinə təbəsümüylə könlümü almaq istəyirdi) ərinə:- Ne volnuysa, eto je tradisiya...

– Şəm...... müəllim, xanımınız düz buyurur, özü də beş min ildən də çox yaşı olan tradisiya! (gələnək) Birincisi bağışlayın, bu, qəsdən olmayıb. İkincisi də... Şair, alim İsmayıl Vəliyev var, qabaqlar mərkəzi komitənin ışçisi olub, dəyərli ziyalı, vətənpərvər oğlandı. Şumerlərin “Bilqamıs dastanını” dilimizə çevirib...

Mən bir gün öncə “Bilqamıs dastanını”n üçüncü lövhəsini oxumuşdum, dastanı oxuyub bitirsəydim, yaddaşım zəif olduğundan heç kimə salam verməyən məmur qonşuma ənənədən gəlmə adətimizi yerli-yataqlı deyə bilməyəcəkdim. Baxtım orda gətirmişdi ki, əsəbiləşdiyinə görəmi qaraqabaq qonşum qapılarına saldığı açarı dönə-dönə şaqqıltı ilə fırlatsa da qapı açılmırdı ki, açılmırdı. Sanki sözümü, fikrimi deyib bitirmək üçün qapı qəsdən açılmırdı. Özgə vaxt ləng işləyən tutqun beynim açılmışdı.

- Şəm...... müəllim, dastanın bir yerində Egelamax şahının ağıllı, tədbirli, müdrik anası Ninsun xanım da insanlara həmişə pislik edən, şər qüvvə Humbabanı öldürməyə gedən igid Bilqamısla Enkudunun ardınca bir cam SU atmışdı...

Yüz illər, min illər ötsə də Atillanı şirin uyqusundan ayılmağa qoymayan bəlkə məzarı üstündən axan Tissa çayı Sularının həzin, şirin laylalarıdı...

Yaylaqla aranın ortasında Aşağıçay deyilən yerdə, günün günorta vaxtı baş-başa vermiş azman vələs, ulas, ağcaqayın, qoz ağaclarının qaranlığa bənzər qalın kölğəsində bir-birinə söykəli qoşa qayanın arasından axan buz kimi bulaqdan diz çöküb içən, ikinci Vətən savaşında başçılıq etdiyi alayıyla paltarlıca Dunay Sularını vurub keçən yaraşıqlı, cəsur, əqidəli Abım (dədəm) görəsən indi Su yaddaşının harasındadı?..

Mənim dediklərim nə nağıl, nə də əfsanədi. Nəvələrim mənə yalvarıb nağıl danışmağımı istəyəndə onları sevindirəcək bir hekayə, bir nağıl deyə bilmədiyimdən qızarıb bozarır, onların yanında üzüqara qalıram. İndi söylədiyimin gerçək olduğuna inanmasaydım, ağzımı açıb danışmazdım. Mənim söylədiyimə inanan da sağ olsun, inanmayan da. Ancaq mən inanıram ki, Ermitajda Rembrantdın Danaya tablosundakı qadının uzandığı döşəkdə, sol qolunun altındakı mütəkkədə, başının arxasındakı balıncda, lap elə Danayanın alnında, irəli uzatdığı sağ əlinin ovcundakı işıqlı yerdə bizim Göy-Ğölümüzün yaxud, Cəbrayıl şəhər mərkəzindəki çinarın altındakı kəhrizin gözyaşıtəkin dupduru Suyunun milyonda, milyardda bir zərrəciyi də olmalıdır. Həmin Su zərrəciyi rəssamın işlətdiyi yağlı boyadaymış təbii. Bəlkə tablonun mükəmməl kompozisiyasından, Danayanın gözəlliyindən başqa, həm də yağlı boyayla rəsmə ötürülmüş Su zərrəciyinin ruh kimi gözə görünməz çəkiciliyi, cazibədarlığı olduğundan adam ovsunlanır, sehrə düşür... Bəs Van Qoqun yaratdığı “Səpinçi” tablosu çox nəsnələrlə yanaşı mənə həm də Baykal gölünü xatırladır. Tarladakı balıqlara bənzər mavi yaxılar-mazoklar niyə dünyanın saysız gölləri, dənizlərini yox, məhz Baykal gölünü mənə xatırladır?..

Yeniyetmə kənd oğlanlarından heç kimin könlünü qırmayan, kənd oğlanlarının biriylə, vaxtı-vaxtında suvarıldığından meşə ağacları kimi boy atmış qarğıdalı tarlasında, biriylə adama boy verməyən sapsarı buğda zəmisində, başqa birisiylə inək tövləsində buzovlara ayrılmış arakəsmədə, nə bilim, dərin yarılğana uzanmış nəhəng gilas ağacının sıx yarpaqlı iri budağında, calaq əriklərin yığım vaxtı Əmrakar çeşməsi başında... bir sözlə, bığ yeri yenicə tərləmiş (Sulanmış) sevgiyə tamarzı oğlanların qucaqlamasına, sığallayıb sıxçalamasına, saçını tumarlamasına, bir sözlə, yeniyetmə oğlanlardan kiminsə sözünü yerə salmayan, qızlar bulağından yenicə Su içmiş noxudu gülüşlü, qaz yumurtası boyda bərk məmələri olan sarışın, səxavətli, genişürəkli, o şən qız, görəsən bu saat SU yaddaşının harasındadı?..

Doğulanda da, ömrüm boyu bəzən həzin mahnı kimi ruhumu oxşayan pıçıltıların, bəzənsə sellərinin gur, vahiməli nırıltılarını, dinləsəm də, bu dünyanı tərk edərkən qismət olarsa, yuyat yerində yuyulsam, yenicə örtülmüş məzarımın üstünə bir vedrə carlansan da səndən heç vaxt doymadığım havalı Sular, sevdalı Sular?.. Sən Tanrınınmı qeyd dəftərcəsi, yoxsa əl güzgüsüsən?..

İsa (ə.s.) artıq hər şeyin bitdiyini, vaxtın yetdiyini bildiyindən, alın Yazısının yerinə yetməsi üçün – Susadım,- deyəndə sirkə dolu qabı onun ağzına tutdular. Sirkədən bir qurtumdan da az udanda- Tamam oldu- decək Onun başı əyilib can verdi. Yəhudilər İsanın sağında və solunda çarmıxa çəkilmiş əsgərlərin baldırlarının qırılıb cəsədlərinin çıxarılmasını prokurator - baş kahin Ponti Pilatdan xahiş etdilər. Əsgərlər onların baldırlarını qırdılar. Ancaq İsaya çatanda Onun öldüyünü görəndə baldırlarını qırmadılar. Əsgərlərdən biri Onun böyrünü nizə ilə deşəndə oradan qan və Su axdı... Bunlar Yəhyanın müjdəsindəndi.

Tanrının əmriylə Musa (ə.s.) əsasını daşa vuranda on iki çeşmə qaynayıb çıxdı. On iki çeşmənin Suyu və İsadan axan SU... Gələn vəyhin ağırlığından mindiyi dəvənin ayaqları dirək kimi yerə batmış, Rəsulullahın bədənindən, alnından, üz-gözündən süzülən qan-tər yenidən torpağamı hopdu, buxarlanıb buludamı qarışdı, min illər boyu formadan formaya, şəkildən şəkilə düşüb dövr eləyən sonsuz Sularamı qarışdı? O Suyun dağılmış zərrəcikləri bu gün güldə, çiçəkdə, insanların, nəfəs alan bütün canlıların bədənində dövr etmirmi?..

Demirəm milyon, milyard qərinə, demirəm trilyon, sekselyon əsr... bunlar bəlkə də sənin üçün qısa, ani bir vaxtdır, canım Sular. Sonsuz, nəhayətsiz, ağılagəlməz, təsəvvür olunmaz zamanın hansısa bir məqamında İstanbulun Boğaziçi Sularında balaca bir balığın qəlsəməsində, yaxud, Hind okeanının ən dərin yerində, yaxud, Baykal, yaxud, xain-məkrli siyasətlə qurudulmaqda olan Urmiya gölündə, yaxud, Amazon çayında, Niaqar şırnağında, bəlkə lap elə Madaqasqar adası göylərində qaralıb ağırlaşmış buludlardan qopan bir damcıda, yaxud, innab yarpağında, bal arısının bir qanadında, qırxayağın otuz doqquzuncu ayağında, lap elə şikarını görmüş bədheybət kaftarın par-par yanan bərəlmiş hərisli göz bəbəyində, Gəncənin Balçı məhəlləsinin tərəvəz bostanlarının birinin ləkində boy atmış yamyaşıl şux tərxunun ucundakı son yarpağında, dünya gözəli ismətli bir qızın yanağında gilələnmiş bir damcı həya tərində, Sibir Tayqasında şütüyən qoşa marallı xizəkdə əyləşmiş yakut gözəlinin qaşındakı qırovda, Afrika cəngəlliyində pələngin qovduğu, insan qövmünə bəlli olmayan bir qəbilə üzvünün pələsəng ağaca dırmaşarkən sıyrılmış qolundan axan qanın bir damcısında, o damcının bir zərrəsində, Antarktidanın qalın buzlaqlarının lap dibində, lap elə Xəzərə axıdılan çirkab Sularında... aman Allahım, sonsuz, ağlagəlməz nəhayətsiz zamanın və sükutun içində bu uzun ömrümdə sevdiyim, əzizim, doğma bildiyim, lap doğma bilmədiyim, mənə yad tanışlarımdan, lap elə aramızda salam-əleyküm olmasa da, üzdən tanıdığım Mığrı bazarını süpürən yaşlı, donqar erməni Qukasla haçansa birdaha üz-üzə gələcəyəmmi?.. Heyhat...

Naşı birisi ovxarlı dəhrəsi, baltasıyla bir fidan ağacı kəsəndə, yazağzı budanan tənəklərdən ağrıdan göz yaşı axanda, birisi durğun çayı, gölü, dənizi qamçılayanda, yaxud, dayanıb uyuyan Suyu daşlayanda, atdığı xırda yasdı-yapalaq daşları Suyun üzündə bir neçə yol atdandırmaq istəyəndə, Suyun diksinib ayıldığını, çimçəşdiyini görəndə mənim də diksinməyim, canımın acışması... torpaq yollardakı gölməçələrdə şüşə kimi nazik buzlar tapdanıb sınanda, dənizdə buzqıran gəmilərlə qalın buzlar şaqqıltıyla qırılanda qabırğamın, qolumun, qıçımın sındığını hiss eləməyimin, Suya tüpürüləndə iyrənib çimçəşməyimin, ürəyimin bulanmasının nədənini mənə kim deyə bilər, kim!?.

Su qohumumuzu elə də yumşaq, həlim xasiyyətli bilməyin. Az öncə ovxar sözü işlətdim. Yanıb yumşalan, əyilən poladdan olan kəsici yarağı Suvarandan sonra onu dəyişdirən- bərkidib əyilməz edən, kəsərini artıran Su deyilmi?..

...Dəyişir, qarışır, hər şey bir-birinə qarışır. Daş dəmirə, dəmir ağaca, ağac torpağa, Suya qarışır. Adam da hər şeyə, hər şey də hər şeyə qarışır. Xristiyanların xaç Suyu dolanıb, fırlanıb müsəlmanların dəstəmaz, yuyat Sularına qarışır.

...Səbri çatmaz bir yerdə dayanmağa Suların. Qitədən qitəyə, yerdən göyəcən dövr etməlidi Sular. Buna görədir, Adəmin (ə.s.) dişlədiyi almadan axan şirənin bir damcısında, yaxud, gəmisinə qəzəblə çırpılıb saçaqlanan dalğadan qoparaq Nuhun (ə.s.) alnına qonan damcıların birində, yaxud, pələsəng dirilik Suyunu içərkən Xızırın (ə.s.) dodaqlarının qırağından axan damcıların birində, yaxud, peyğəmbər Yəhyanın (ə.s.) yediyi çəyirtkənin buynuzcuqlarından birinin son ucundakı, yediyi çöl balının (MATTA 3. 4) canındakı Su zərrəciyində, yaxud, bir fəriseyin evində süfrə başında İsa (ə.s.) əyləşəndə həmin şəhərin suçlu bir qadını gəlib arxada Onun ayaqları yanında dayanıb (LUKA 7. 37-38) ağlayaraq Onun ayaqlarını göz yaşlarıyla isladıb saçlarıyla silən, ayaqlarını öpən, ağ mərmər qabda gətirdiyi dəyərli yağla məsh edən, İsanın (ə.s.) ayaqlarına tökülən, tökülcək də ayağıboyu sürüşən, sürüşdükcə günahdan təmizlənib arınan, durulan o qadının göz yaşlarında, dəyərli yağın canındakı Su zərrəciklərindən heç olmasa bircəciyi... yaxud, sıradakı vəhylərdən birini eşidəndə vahimədən dəvənin üstündə Muhəmmədi (ə.s.ə.) bürüyən qan-tərin (İbn Səd, 1-131-132) bir damcısındakı zərrəciyindən... bunlardan min illər ötəndən sonra bir yaz günü şər qarışanda bağçamızda çiçəkləmiş alma ağacının altındakı boz daşın üstündə təkcə qəmli oturub nədənsə kövrələrək, bulud kimi dolmuş on beş yaşlı ortancıl bacımdan nəvazişlə: – Orda niyə oturmusan?- soruşanda, kirpiklərini sıxcaq sol gözündən qopub yanağıboyunca sürüşən bir damla qanlı göz yaşındakı SU zərrəsi, (hər dəfə dahi Füzulinin “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım” misrasını oxuyanda, yaxud, eşidəndə bacımın gözündən qopub yanağıboyu axan o qan damlası gəlib gözümün qabağında dayanır.) yetmiş dörd yaşlı bədənimdəki Suda, yaxud, ömrümboyu aldığım saysız nəfəslərimin birində, o nəfəsimin içindəki görünməyən, çəkiyə gəlməyən saysız canlı, doğma, qohum SU zərrəciklərdən birinin “canında” da olmalıdı.

Hər şeyin, hamının canından keçib birini o birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq, qohumlaşdırmaq istəyən havalı Sular, sevdalı Sular... Birimizdə olan acgözlük, doymazlıq dinozavrlardan, birimizdəki yığıcılıq mişovuldan, birimizdəki biclik, hiyləgərlik tülküdən, birimizdəki yaltaqlıq, yalmanlıq itdən... sədaqətlilik atdan, dözümlülük dəvədən, müdriklik ilandan... İnsanın, insanlığın, bəzən lap heyvanların (arılar, atlar, delfinlər...) xasiyyət-xarakterindəki yaxşılıq, xeyirxahlıq, işıq, humanistlik yüz iyirmi dörd min peyğəmbərin, övliyaların, müdriklərin qanında, canında dövr edib dünyamıza, eləcə də canımıza, ruhumuza hopub yayılan Tanrının göndərdiyi Aydan arı, Günnən duru Sularla ötürülüb gəlməyibmi?.. Hamımızda, hər şeydə - bütün canlı varlıqların canında, həm də bir SU qohumluluğumuz yoxdurmu?..

Suyla doğduq, Suyla yaşadıq, Suyla yaşıdıq, Yeri, Göyü dolaşdıq. Suya dönmək, hamının, hər şeyin içindən-canından keçmək, bütün çirkabları, murdarlıqları yuyub təmizləmək, yenidən Goy üzünə Sular kimi pak-təmiz qalxmaq!.. Susuzam Suya, Suuuuuuuuuu!............

S O N

Fevral, 2014

# 3801 dəfə oxunub

Müəllifin son yazıları

# # #