Yataqda gəbərən general – HEKAYƏ

Yataqda gəbərən general – HEKAYƏ
10 aprel 2017
# 15:47

Əsl adı Rene Brabazon Reymond (1906 - 1985) dünya ədəbiyyatı tarixinə 93 detektiv romanın və xeyli hekayənin müəllifi olan Ceyms Hedli Çeyz (James Hadley Chase) kimi düşüb. Oxuculara təqdim olunan hekayədə o, diktator generalı qətlə yetirən yeniyetmənin sonrakı həzin və ləyaqətsiz sonundan bəhs edir.

Hər şey ildırım sürətiylə baş verdiyindən o, özü üçün hər hansı hərəkət planı cızmağa macal tapmadı. Yanına gələnlər Pedro de Babarı gəbərdərsə, üç yüz dollar alacağını vəd elədilər. Cəmi üç yüz dollar ha! Bunların ağlı azıb! Nə isə... məzənnəni beş yüzə qədər qaldıra bildi, bundan çoxuna isə sifarişçi razı olmadı. Gələnlərin dediyində duracağını görüncə, o da naəlac qalıb, razılaşdı. Özü də yaxşı bilirdi ki, de Babarın qətlindən sonra Kubadan təcili qaçmalıdır. Bu, sən deyən gözünə durmurdu. Onsuz da Kuba zəhləsini tökmüşdü. Günün günorta çağı de Babarın yaşadığı bunqaloya kəşfiyyata yollandı. Bu yer elə Kuba hərbi qüvvələrinin komandanı olan bir generalın yaşayacağı qədər səfalı yer idi.

Birmərtəbəli evin çevrəsindəki iri bağda cürbəcür güllər əkilmişdi. Yelpicəbənzər budaqlarıyla palmalar az qala masmavi göylərə baş çəkirdilər. Bu guşə elə rahat idi ki, oğlanın içində amansız həsəd hissi baş qaldırdı. İndi o, özünü əlinin tək hərəkətiylə bu gözəlliyi yox edəcək qədər güclü bir tanrı kimi hiss etmək istəyirdi. Günortanın bürküsündən cangüdənlər sərin guşələrə çəkilmişdilər. Oğlan ehmalca bunqaloya yanaşdığı vaxt yaxınlıqda heç kəs gözə dəymirdi. Tikilinin arxa tərəfinə gedən dar yola çıxana qədər o, kolların arasıyla irəlilədi.

Səssiz tərpənməyə çalışırdı. Sarımtıl-bəyaz dərisi boyunca tər damlaları dığırlanırdı. Öz canı üçün qorxmurdu, generalı gəbərtməsinə əngəl olacaq bir səhv buraxmaqdan ehtiyatlanırdı o. Bunqaloya tam yanaşandan sonra binanın həndəvərində dolaşdı, pəncərələrdən içəri göz qoymağa başladı. Bu vaxt belə bir şey baş verdi. Pəncərənin birindən baxanda de Babar ilə bir qadını yataqda gördü. Qadın tam görünmürdü. O, iri açılan gözlərini kirli-bəyaz tavana zilləmişdi. Qadın alt dodağını gəmirir, başını yastığın üzərində gah sağa, gah sola çevirirdi. Oğlan duruxub, baş verənləri süzdüyü vaxt qadın gözlərini qıyaraq, dabanlarıyla yatağı döyəcləməyə başladı.

Generalın boynu bir öküzünkü qədər yoğun idi və ondakı üç enli piy qatından oğlan gözlərini heç cür ayıra bilmirdi. Ətli, iri qulaqlarının ardıyla tər damlalarının dığırlanmasına məhəl qoymayan kişi öz yöndəmsiz bədəniylə ağır-ağır kərkinməyinə davam edirdi.

Oğlan soyuqqanlı şəkildə qoynunda gizlətdiyi kobud lüləli tapançanı çıxartdı. Ani tərəddüd keçirdi. Ancaq, yox, bəlkə də bu cür əlverişli məqam bir daha əlinə düşməyəcəkdi. General indi açıq hədəf idi. Yaxınlıqda cangüdənlərindən də bir kimsə yox idi deyə, sivişib aradan çıxmaq bir elə qəliz olmayacaqdı.

O, barmağını pəncərənin altına salmaqla, çərçivəni qaldırdı. Bu zaman xəfif, cırmaqlamanı xatırladan bir səs eşidildi. General bundan duyuq düşdü. Ağır-ağır geri qanrılmaqla, çiyninin üstündən geriyə boylandı. Oğlan dayanıb, ona gülümsünürdü. Öz-özlüyündə düşünürdü ki, bu vəziyyətdə generalın canını almaq məzəli, həm də çox məzəli olacaq. Görəsən indiyədək generalın tutduğu bu iş zamanı kimisə, nə vaxtsa heç öldürmüşdülərmi?

Başını bir az da içəri uzadan oğlan tapançanın lüləsini qaldırdı. General tapançaya baxdı. Yerindəcə quruyub qaldı. Üzünün qanı çəkildiyindən çopurluq xəstəliyinin dərisindəki yadigarı sayılan yaşılımtıl-bəyaz, kələ-kötür izlər aşkar sezildi.

Qadın israrla deyirdi:

- Davam elə... davam elə... Axı, niyə ara verdin?

General ona heç nə demədi. Artıq əlindən heç nə gəlməzdi. Bacardığı tək şey – ehtiras yağan baxışlarını tapançadan çəkməmək idi. Əcəb həngaməyə, tələyə düşmüşdü o!

Qadın gözlərini açıb:

- Nə olub sənə? – soruşanda səsi xırıldadı, sanki nəfəsi daralmışdı. Təkrar: – Nə olub sənə? – deyən qadın da pəncərəyə tərəf boylandı.

Oğlan ona da gülümsədi. Tapançanı görən qadının qorxudan dodaqlarının da rəngi qaçdı. Baxan deyərdi ki, indicə canını tapşıracaq.

Oğlan tətiyə xəfifcə basdı. Qarşısındakı bir cüt adam xeyli məzəli göründüyündən o, atəşi gecikdirmək istəyirdi, ancaq cangüdənlər də hər an içəri soxula bilərdilər. Atəşin açılmasıyla generalın qadından aralanmaq cəhdi eyni ana təsadüf elədi. Güllə kişinin beynini dağıtdı. Aşıb, üstünə yıxıldığı qadını o, əməlli-başlı yatağa pərcimlədi.

Oğlan pəncərədən otağa keçdi. Qadın onu görmüşdü, onu diri buraxmaq sonradan oğlanın başına bəla aça bilərdi. Qadın yerindən qımıldanmağa da cəhd göstərmirdi. Səssizcə uzanıb baxırdı. Generalın dağılan kəlləsinin qanı qadının üzünə və boynuna axmaqda idi. Bütün bu olub-bitənlərdən möhkəm sarsılan qadın yaşamaq uğrunda çarpışmağa da gərək duymurdu. Qarşısındakı hədəf yetərincə kiçik idi, buna görə də oğlan üçüncü əl atəş açmağa hər hansı gərək duymadı.

Kaş o qadının ucbatından orada ləngiməyəydi. Birinci atəş səsinə qaçıb gələn cangüdənlər oğlanı gördülər. Düzdür, qaçıb, aradan çıxdı, ancaq onlar kimin ovuna çıxacaqlarını artıq dəqiq bilirdilər. Oğlan isə indi limana gedib çıxmalı, körfəzi keçmək üçün orada onu gözləyən qayığa minməliydi.

Axşama doğru axtarışlar lap gücləndirildi. Oğlan qaça bilməsin deyə, bütün tədbirlər görülmüşdü. Sıldırım qayanın üstündəki kəndli daxmasının arxa otağında gizlənən oğlan bütün axşamı orada keçirdi. Ev sahibi onu sorğu-suala çəkmədi, onsuz da bu ölkədə qiyamın vaxtı çoxdan çatmışdı, general de Babar isə elə gəbəriləsi it idi.

Gecənin zülmətində oğlan sahilə yanaşdı. Arxasınca qayıq gələnə qədər, yəni daha üç saat burada vaxt öldürməliydi. Havanın bürküsü və əsgərlərin onu hər tərəfdə axtarması üzündən buraya gəlib çıxması xeyli zillətli olmuşdu. Xoşbəxtlikdən oğlan əsgərləri tez görmüşdü, buna görə də indi zülmətdə büzüşüb, oturmaq idi tək çarəsi. Onlar gedəndən sonra isə - dabanına tüpürmək.

Odur ki, pəncərələri limanın sahilinə açılan kafedə oturmaq işinə gəlirdi. Balaca masanın arxasında oturub, ətrafı güdür, təlaşlı nəfəsini adi ahəngə qaytarmağa çalışırdı. Zahirən elə sakit təsir bağışlayırdı ki, ona görən heç kəs beşcə saat əvvəl Kubanın ən tanınmış siyasətçisini və generalını məhz bu oğlanın öldürdüyünə inanmazdı. Düzdür, kənardan yorğun, çılğın və pinti görünürdü. Bununla belə, o, indicə içəri soxulacaq əsgərlərin onu yerindəcə güllələyəcəyinə dair təlaşlı fikirləri özündən tamam uzaqlaşdırmış və ya içindəcə boğmuşdu.

Ona yanaşan ofisiant nə sifariş edəcəyini xəbər aldı. Qarşısındakı adam baxışlarındakı təlaşı sezməsin deyə, oğlan gözlərini yerdən ayırmadan pivə sifariş elədi.

Ofisiant pivəni gətirənə qədər oğlan alaqaranlıq zalı süzdü. Barmen ilə ofisiantdan başqa içəridə iki nəfər – matrosla məşuqəsi – vardı.

Matros düt deyincə içmişdi. Elə lül-qənbər sərxoş idi ki, döşəməyə sərələnməsin deyə, masadan ikiəlli yapışmaqdaydı. Üzündə təbəssüm dolaşan qadın ona pəsdən, ancaq iti-iti nələrsə deyirdi. Qadının iri, qara gözlərindən etimadsızlıq qarışıq bir bişkinlik oxunurdu. Görünür, özüylə gecələmək üçün bu sərxoşu birtəhər yola gətirməyə çalışırdı.

Bu cütlüyə göz qoyan oğlan bir anlığına özünün axtarışda olduğunu da unutdu. Qadının zəli kimi matrosdan yapışıb, əl çəkmədiyini anlayanda içini qəribə çiyrinmə hissi bürüdü. Təxminən bir il öncə özü bir qadınla olmuşdu. Həm də bunu sırf maraq xatirinə eləmişdi. O, qadını illah dadmaq üçün yox, sadəcə bu “işin” məğzini anlamaq üçün tapmışdı, çünki tay-tuşlarının onunla bu xüsusda məzələnmələri və pıçhapıçları lap zəhləsini tökmüşdü. Bu barədə danışılanlardan bir şey anlamadığı üçün əziyyət çəkirdi sadəcə.

Getdikləri ev kirli-pasaqlı idi. Otaqda hər gün baş verən iyrənc işlər isə sanki tünd ləkələr şəklində evin divarlarına hopub, qalmışdı. Elə qadın da natəmiz bir məxluq idi. İndiyədək eşitdiyi o lağlağıların və pıçhapıçların məğzini öyrənəndən, yəni qadından qurtulandan sonra o, küçəyə çıxan kimi qusmuşdu.

Oğlan hədsiz dərəcədə bakirə idi və həmişə belə qalmağı arzulayırdı. Hərdənbir içində baş qaldıran ehtiras dalğalarının səbəbini nə anlayırdı, nə də onlarla bacarırdı - onlara sadəcə nifrət bəsləyirdi, vəssəlam. Başqa birisiylə bu cür təmasa girməyi əsla arzulamırdı. Öz bakirə və hələlik hədsiz qısa ömrünü o, tamamilə yalqızlıqda yaşamaq istəyirdi. Onun gözündə paradan-puldan başqa heç nəyin mənası yox idi. Elə de Babarı da sırf pula görə öldürmüşdü. Öz qısa ömründə illah pul qazanmaq xətrinə saysız-hesabsız iyrənc işlərə qol qoymuşdu. Buna rəğmən, heç vaxt əlində-ovcunda pulu olmazdı onun. Sanki pullar qum kimi barmaqlarının arasından süzülüb gedirdi, buna görə də o, ara vermədən özünün xırım-xırda və alçaq işlərini təkrarlamağa məcbur idi.

Ofisiant gətirdiyi pivəni onun qabağına qoydu. Oğlandan pul almaq üçün durub gözlədi, sonra bar dəzgahına tərəf yönəldi. Oğlan pivəni içməyə başladı. Parçı tamam boşaldana qədər, həm də nəfəsini dərmədən içdi pivəni. Parçı masanın üstünə qoyanda gəyirdi. Üzü əyilib-bürüşüncə, əlinin ardıyla ağzını sildi.

Cingiltili telefon zəngi gələndə oğlan necə diksindisə, az qaldı parçı döşəməyə aşırtsın. Barmen piştaxtanın altına tərəf əyilib, telefonun dəstəyini qaldırdı. Bir neçə saniyə dinləyəndən sonra nə isə mızıldandı və dəstəyi yerinə qoydu.

Geri qanrılaraq, matrosa dedi:

- Ey-ey, sənin buralardan uzaqlaşman yaxşıdır. Əsgərlər indicə bura gələcəklər, bütün barları ələk-vələk edirlər.

Oğlan hər şeyi eşidirdi. Titrəyişləri keçsin deyə, o, əllərini masanın üstünə qoydu.

Matros istehza ilə hırıldayaraq:

- Mən nədən qorxmalıyam ki?! – dedi. - Heç tükümü də tərpədən deyiləm.

Qadın əl-haya düşdü:

- Dur gedək, canım. Bizə getsən, əsgərlər də sənə dəyib-dolaşmazlar.

Oğlan bu ara baxışlarını qadına zillədi. “Bizə getsən, əsgərlər də sənə dəyib-dolaşmazlar” – sözləri ona gizli ümid aşılamışdı. Əgər qadına qoşulub getsəydi, barı güvənilən bir yerə sığınardı. Bu qadınla baş-başa qalmaq fikri onu çiyrindirirdi, ancaq əsgərlərdən daha betər qorxurdu.

Matros başını əllərinin üstünə qoyub:

- Açıl başımdan! - dedi və sərxoşlara xas dərin xorna çəkməklə yuxuya getdi.

Oturduğu stulu geri çəkən oğlan əlüstü qadına yaxınlaşdı və israrla ona pıçıldadı:

- Məni özünlə aparsana. İndi... elə indicə.

Qadın oğlanı süzdü. Qarşısındakı uşaq bunun qarşılığında görəsən ona nə verə bilərdi ki?! Avaragorun birinə bənzəyirdi. Yəqin cibində qara quruşu da yox idi. Odur ki:

- Sən get, əvvəl bir az böyü... – deyə sərt cavab verdi. – Mənim işim-gücüm var.

Sonra qadın qaba şəkildə matrosu dümsükləməyə girişdi.

Oğlan titrəyən əliylə cibindən bir topa pul çıxartdı. Ovcunu qadının gözləri önündə açdı və oradakı əzik-üzük əskinasları ona göstərdi.

- Onu boş yerə gözləmə... Məni apar özünlə.

Qadın kağız pullara baxdı. Elə o dəqiqə matros yadından çıxdı. Dodaqlarına saxta bir təbəssüm qonduraraq, ayağa qalxıb:

- Niyə də olmasın?! – dedi. – Səninlə də gedərəm. Verəcəyin bu pulun qarşılığında heç vaxt unutmayacağın xoş anlar yaşadaram sənə. Adım Terezadır. Yaxşı addır, eləmi?

Bir an öncə bu bardan qaçıb-qurtulmaq barədə düşünən oğlan onun bu çərənləməsinə heç qulaq da vermədi. Təkidlə dedi:

- Evin uzaqdadır? Gəl, buradan çıxıb, gedək.

Oğlanla birgə bürkülü gecənin zülmətinə qarışan qadın soruşdu:

- Evim gömrük anbarının arxasındadır. Eyy, hara belə qaçırsan? Yoxsa yanğın-zad var?

Oğlan dar dalanlarla, həm də qabaqda gedirdi. Çox istəsə də, dönüb geri baxmağa cürəti çatmırdı. Qorxurdu ki, birdən nədənsə şübhələnən Tereza onu evinə buraxmaq fikrindən daşınar. Oğlanla ayaqlaşmaqdan ötrü qadın az qala qaçırdı. Nəfəsi təngləşdiyi üçün Tereza hırıldadı:

- Şəhvətinə əcəb düşkünsən. Qorxma ey, burdayam... Az sonra ağuşumda elə xumarlanacaqsan ki...

Bu sözlərdən ödü ağzına gəlsə də, oğlan yeyin yeriməyinə ara vermədi. Onlar qaranlıq bir dalana girəndə Tereza arxadan ona səsləndi:

- Ora bax. Binanın divarına bitişik o pilləkən düz mənim evimə aparır.

Pillələrlə qalxmağa başladılar. Oğlan səbirsizləndi:

- Düş qabağa, yolu göstər mənə.

Gecənin səssizliyinə gərgin halda qulaq kəsilsə də, o, təhlükə vəd edən heç nə sezmirdi.

Pilləkənlə qalxdılar. Qaldığı otağın qapısını açan Tereza əl havasına kibrit axtardı.

- Bu dəqiqə, canım, nöyüt lampasını yandıracağam. İstəmirəm ki, nəyə isə ilişib, səndələyə, ora-buranı zədələyəsən.

Ürəyində başlayan bulantının ta qırtlağına qədər gəlib çıxdığının fərqindəydi oğlan. Qaranlıqda arxası Terezaya dayanıb, pəncərənin altındakı qaranlıq həyətə göz qoyurdu indi.

Lampanı yandıran Tereza fitili də ayarladı. Pəncərəyə yanaşaraq, tiftiklənmiş çit pərdəni çəkdi. Oğlanı həvəsləndirdi:

- Haydı, gözəl oğlan, qapını bağla və işə başla.

Lampa işığında oğlan artıq özünü təhlükədə hiss eləmirdi. O, otağın giriş qisminə gəlib, qapını arxadan kilidlədi. Təlaşla ətrafına göz gəzdirdi. Otağın taxta divarları ucuzvarı şəkillərlə bəzənmişdi, çarpayının üstündə isə hansısa jurnaldan kəsilmiş lüt qadın şəkli vurulmuşdu. Nimdaş və xeyli zövqsüz görünən Çin şirması səliqəsiz çarpayını qismən ört-basdır etməkdəydi. Divarın lap dibində isə vazkeçilməz tikiş maşını “Zinger” gözə dəyirdi.

Oğlan dilləndi:

- Lampanı söndür.

Başını geri əyən Tereza qəhqəhə çəkdi:

- Pul verdiyin malı görmək keçmir könlündən? Yoxsa hədsiz ürkəksən sən?

Oğlan bu qadına bütün varlığıyla, həm də günahlarla dolu, xırda varlığıyla nifrət bəsləyirdi. Dişlərini qıcayaraq dedi:

- Dedim ki, lampanı söndür.

Tumanının ətəyini əllərinə alan Tereza onu qasığından da yuxarı qaldırdı. Paltarının altdan heç nə geyməmişdi. Oğlan öz yanaqlarının necə pörtdüyünün fərqində idi. İyrənmə və hürkü hissinin təsiriylə üzünü yana tutmağa məcbur oldu. Terezanın vücudu ətli və xırda olsa da, yaraşıqlıydı, ancaq qadınla yaxınlıq fikri oğlanın ödünü ağzına gətirirdi.

Tereza diqqətlə onu süzürdü. Tumanını aşağı salıb, qətiyyətlə soruşdu:

- Nə olub sənə? Yoxsa ürəyinə yatmıram?

Oğlan bağıraraq demək istədi ki, sən indiyədək gördüyüm ən iyrənc məxluqsan. Ancaq vaxtında əsəblərinə hakim oldu. Bayırda əsgərlər onu axtarırdılar. Terezanın yanında isə o, güvənilən yerdəydi. Bu durumda əsla riskə gedə bilməzdi.

Oğlan dilləndi:

- Mənə heç nə olmayıb. Sadəcə lampanın işığından qıcıqlanıram, vəssəlam.

Tereza əlini irəli uzatdı:

- Əzizim, pulu bəri başdan ver. Öz alış-verişimdə mən bu qaydanı heç vaxt pozmuram.

Oğlan üçün pullarından ayrılmaq ölümə bərabər idi. Bu qəhbə ilə qapalı otaqda qalmağa bəslədiyi nifrət elə pullara duyduğu hərislik qədər güclü idi: ancaq bu pulları verməklə o, ən azından təhlükəsizliyinə qovuşacaqdı. Odur ki, əzik-üzük əskinasları sıxan ovcunu masanın qarşı tərəfinə uzadası oldu. Tereza əskinasları süpürləyib, corabının rezininə taxdı. Sonra xoşhallanaraq dedi:

- Bax, bu, başqa məsələ! İndi lampanı söndürmək olar.

İrəli əyilən qadın var gücüylə lampa şüşəsinin içini üflədi. O ara qadının iri döşlərinin yükü altında paltarının incə qumaşı gərildi. Oğlan geri çəkildi və düşündü ki, az sonra bu azğın qadın ona sarmaşacaq. Durub, əl havasına otaqda irəliləyərək, pəncərəyə yanaşdı, pərdəni araladı.

Tereza yenə qımışdı:

- Nə olub sənə, can-ciyər? Havan çatmır yoxsa?

Oğlan onun dediyinə məhəl qoymadı. Qarşısında açılan qaranlıq həyətə baxmaqdaydı. Orada üç əsgər durmuşdu. Ara-sıra onlardan birisi kölgədən işığa keçəndə süngüsünün tiyəsi Ay işığında bərq vururdu.

Oğlan əlini pərdədən çəkib, geri durdu. O an isti əlləri Terezanın çılpaq qollarına toxunduğu üçün səksəndi.

Tereza dedi:

- Haydı, canım, gəl, işimizi görək. Çünki bu gecə özümə hələ bir müştəri də tapmalıyam.

Havalı kimi ondan uzaqlaşmağa çalışan oğlan şirma ilə toqquşduğu üçün çarpayıya sərələndi. Qalxmağa heç macal tapmamış Tereza əlləriylə onu yaxalayıb, təkrar yatağa yıxdı. Əli qadının budunun iç və yumşaq qisminə toxununca, oğlan bu iyrənc təmasdan daş kimi dondu, yerindəcə qurudu.

Qadın dedi:

- Mərc gələrəm ki, sən indiyəcən qadınla heç yatmamısan.

Bunu deyərkən onun səsində dərin səmimiyyət sezilməkdəydi.

Oğlan dişlərini qıcayaraq:

- Mənə toxunma, - dedi. – Aralı dur məndən!

Tereza əliylə onu oxşadı:

- Nazlanma, canım. Bunda qorxulacaq nə var ki?!

Qadının təması sayəsində onun bədənində varlığını çoxdan unutduğu bir şəhvət giziltisi dolaşdı. Qanının belə qəfil coşması oğlanı dəhşətə gətirdi və bundan çiyrindiyi üçün var gücüylə geri itələdiyi qadını döşəməyə sərdi. Oğlan qaranlıqda qalxıb, yataqda oturdu, tərdən köynəyi sinəsinə yapışmışdı, baxışlarını gözdeşən zülmətdən heç cür çəkə, ayıra bilmirdi.

Bir anlığa otağa sükut çökdü. Sonra qadın dilə gəldi:

- Yaxşı, Con, necə istəyirsən, qoy elə də olsun.

Oğlan ayaqlarını çarpayıdan aşağı salladı. Dili topuq vura-vura dedi:

- Mənim adım deyil bu.

Qadın onun ayağa qalxıb, masaya toxunduğunun fərqinə vardı.

- Adının nə olduğu heç vecimə də gəlmir, Con. Əlüstü buradan çıxıb, rədd ol.

Kibrit çəkən qadın nöyüt lampasını təkrar yandırdı. Ayaqlarındakı corab və çəkmələri hesaba qatmasaq, anadangəlmə lüt idi o. Oğlandan aldığı əzik-üzük əskinaslar isə budunun üstündə topa şəklində durmaqdaydı. Ehtiyatla fitili düzəldən qadın oğlana sarı döndü. O isə qadının hədsiz qəzəbləndiyini sezdi və qorxdu. Yox, özünün bu durumda küçəyə qovulmasına əsla yol verə bilməzdi. Yoxsa həyətdə dayanan əsgərlərə bircə anda yaxalanardı.

Oğlan təmkinlə dedi:

- Acığın tutmasın. Əslində xətrinə dəymək deyildi məqsədim.

Qadın ona yanaşdı, əlini çarpayının başucuna qoydu. Önə əyildiyi üçün ağır məmələri zeytun rəngli bədəninin fonunda yırğalandılar. Qadın xəbər aldı:

- Con, sən mənimlə necə olmaq istərdin?

İndi bu zənən özünü Kubadakı bütün fahişələrin ulu nənəsi kimi aparırdı. Oğlan ona baxmadan izah elədi:

- Bəyəm bir oğlan sırf özünü tənha hiss etdiyi üçün qadınla məhrəm söhbət eləyə, dərdləşə bilməz ki?!

Əgər qadın onun nədənsə qorxduğunu hiss eləsəydi, başına itin oyununu açacaqdı.

Tereza donquldandı:

- Sən bura mənimlə söhbətə gəlmişdin ki?

- Əlbəttə. Yoxsa cavan bir oğlanın pulunu ödəməklə, səninlə baş-başa qalıb, dərdləşməsi ayıbdır?

Terezanın səbri tükənirdi. O, əlini özünün gur, qara saçlarında gəzdirəndən sonra nəhayət ki dilləndi:

- Sənin ağlın lap çaşıb, qadası. Səninlə söhbətə zərrəcə həvəsim yoxdur. Dur, sürüş burdan!

Oğlan çarpayıdan düşüb, təkrar pəncərəyə tərəf üz tutdu. Əsgərlərin getdiyini düşünürdü. Ancaq qaraltılar hələ də oradaydılar. Qəddini dikəldən oğlan pəncərədən aralandı. Tereza maraqla ona göz qoymaqdaydı.

Soruşdu:

- Nə isə olub? Niyə elə hey pəncərədən bayıra baxırsan?

Oğlan masaya yaxınlaşdı. Lampanın işığı onun avazımış, yorğun çöhrəsini işıqlandırdı. Tereza onun yanağının xəfifcə səyridiyini sezdi. Dedi:

- Qorxma, canım. Sən hələ uşaqsan. Mənim ağuşumda hər dərdini unudacaqsan.

Oğlan başını yırğaladı. Qadının səbir kasası dolub-daşdı:

- Bura bax, Con, - deyə səsini qaldırdı. - Getmək istəyirsənsə, çıx, get. Mən də gedib, bir yerdən öz çörəkpulumu çıxarım. Hədər yerə vaxtımı alma.

İçində baş qaldıran qəzəbi güclə yatışdıran oğlan soruşdu:

- Yoxsa mənim pullarım işinə yaramadı? Bəyəm mən sənə o pulu burada gecələmək üçün verməmişdim?

Paltarını əyninə taxan Tereza özünün yumşaq və canalıcı budlarını sığalladı:

- Sən verən pullar xərcləndi, getdi. Yoxsa məni bir gecəliyinə satın aldığını zənn edirdin?!

Qapı döyüldü. Oğlan Terezaya yanaşdı. Öz çəlimsiz əliylə onun çiynini elə bərk sıxdı ki, qadın az qaldı çığıra. Əslində qadını o an vahiməyə salan oğlanın qapqara və şüşə qədər donuq gözləri idi.

Qadının qulağına bu sözləri pıçıldadı:

- Onlar məni burada tapmamalıdırlar. Görürsən, silahım da var, - deyə ağır “Luger” tapançasını qadına göstərdi. – Yoxsa səni də mənimlə birgə apararlar.

Tereza diksindi və anladı ki, siyasi məsələlərə qarışıb. Dili-ağzı təpən qadın dedi:

- Onda tez çarpayının altında gizlən.

Dizləri üstə düşən oğlan çarpayının altına girdi. Qapı təkrar döyüldü. Qadın gedib, qapını açdı.

Eşikdəki əsgər maraqla ev sahibəsini süzməkdəydi.

Qadın da ondan təbəssümünü əsirgəmirdi.

- Hə, qadası, lap vaxtında gəlmisən. Mən də elə hazırlaşırdım ki, evdən çıxım.

Əsgər karıxdığı üçün bir ayağını boş tutub, digərinə dayaq verdi. Görünür, evli adam idi və ucuz fahişələrdən də hürkürdü.

- Evdə müştərin var?

Tereza başını buladı:

- Keç içəri. Yəqin mənimlə görüşə hədiyyəsiz gəlməzsən?

Döşəməyə tüpürən əsgər dişlərini qıcadı:

- Sənin kimi sürtük ləçərlərə mən pul-zad xərcləmirəm. De görüm, niyə bayaqdan elə hey pərdəni aralayıb, bayıra baxırdın?

Qadın qəhqəhə çəkdi:

- Özündən çıxma, qadası. Sizi həyətdə görəndə şirnikləndim ki, bəlkə könlünüzdən mənimlə əylənmək keçir. Haydı, keç içəri.

Qadına sürtünməklə, əsgər otağa girdi. Təşvişdən Terezanın az qaldı ürəyi dayana. Yaxşı bilirdi ki, oğlanı tapsalar, onu evində gizlədənin də başını tumarlamayacaqlar. Odur ki, qapını bağlayıb, dörd tərəfə şübhəylə göz gəzdirən əsgərə yanaşdı. Ona sarmaşaraq dedi:

- O ağır tüfəngini bir kənara qoy. Özündəki o kiçik “bəxşişi” öhdəmə burax ki, mən də sənin könlünü görüm.

Əsgər əsəbi halda qadını itələdi və qaş-qabaqla dedi:

- Bu gecə evdən bayıra çıxmaman məsləhətdir. Biz general de Babarı öldürən yeniyetməni axtarırıq. İndi küçələrdə veyillənənlərin ancaq başı ağrıya bilər.

Çarpayının altında uzanan oğlan kobud əsgər çəkmələrinin əvvəlcə qapıya sarı getdiyini, orada durduğunu, sonra təkrar geri döndüyünü izləməkdəydi. Çəkmələr gəlib, Terezanın nimdaş çəkmələriylə üzbəüz durdular. Oğlan Terezanın necə ləhlədiyini eşitdi. Qadın dirəniş göstərirdi:

- Yox, sənə əlborcu verən deyiləm. Əvvəlcə səndən bəxşişimi almalıyam. Əl çək məndən, lənətə gəlmiş! Yox, buna razı olmaram. Əvvəlcə bəxşiş olaraq, səndən bir şey qopartmalıyam.

Kobud çəkmələr dabanı açıq, nimdaş çəkələklərin ardınca düşdülər və gedib divarın dibində dayandılar. Oğlanın qulaqları qadının səsini aldı:

- Sən itmilçəyi qədər iyrənc bir bicbalasan!

Oğlan artıq o səmtə baxmaqdan çəkinirdi. Qorxurdu ki, birdən onu qusmaq tutar.

Bir qədər sonra əsgər qadına xəbərdarlıq elədi:

- Bax ha, əgər sənin ucbatından hansısa xəstəliyə tutulsam, gəlib sənin o təpənə bir güllə çaxacağam.

Bunun ardınca oğlan əsgərin gedərkən qapını necə çırpdığını eşitdi. Dar vanna otağına çəkilən Tereza qapını örtdü. Oğlan axan suyun şırıltısını duydu.

Qadın otağa qayıdanda üzünün rəngi meyidinkini xatırladırdı, baxışlarından da qəzəb yağırdı. Oğlan səssiz-səmirsiz ona göz qoyurdu. Əlində tutduğu iri tapança daqadının nəzərindən yayınmadı. Oğlanın çarəsiz üzünə baxanda anladı ki, o, indi qadını öldürüb-öldürməmək barədə tərəddüd hissi keçirir.

Odur ki sərt tərzdə:

- Mənə o cür baxma. Bundan xeyir tapmazsan, - dedi.

Oğlan da qət elədi ki, qadın haqlıdır və buna görə də öz “Luger”ini şalvarının arxa cibinə qoydu. Çarpayının kənarında oturub, gözlərini ovuşdurdu. Yaşadığı qorxu onu yerlə-yeksan eləmişdi.

Tereza da onun yanında oturdu və dedi:

- O de Babar mənim ərimin qatili idi. Onun başkəsənlərini görən gözüm yoxdur. Onu gəbərtdiyinə görə çox şadam. O iyrənc köpəyoğlunu gərək çoxdan gəbərdəydilər.

Oğlan dodağının altında mızıldandı:

- Onu mən öldürməmişəm.

Tereza isə onun dediklərini eşitməzlikdən gələrək sözünə davam elədi:

- Əgər bunların əlinə keçsən, işin bitəcək. Neyləməyi düşünürsən?

Oğlan təkrar mızıldandı:

- Onu mən öldürməmişəm.

Tereza təmkinlə dedi:

- Bax, məndən ehtiyatlanmana gərək yoxdur. Axı, onu gəbərtmən mənim də ürəyimdən tikan çıxarıb. Qurtulman üçün əlimdən gələni edəcəyəm.

Oğlan hələ də ona etimadsız baxırdı. Halbuki qadının ona dikilən baxışlarından nəvaziş oxunurdu. Bu qadının sifətinə bir yumruq ilişdirmək keçirdi oğlanın könlündən. Çarpayıdan qalxaraq, qadından aralandı. Belə bir tələyə düşdüyü üçün indi özünə acığı tuturdu. Qadının ona duyduğu qəfil mərhəmət hissi oğlanın iradəsini heçə endirmişdi.

Ondakı qərarsızlığı sezən qadın bunu yanlış yerə yozduğu üçün dedi:

- Eh, lənət şeytana, həm də axı, sən hələ uşaqsan. Heç narahat olma, özüm hər şeyi düzüb-qoşaram.

Oğlan kəlmə kəsməyəcək hala düşmüşdü indi. Soruşdu:

- Necə?

Qadın cəld çarpayıdan sıçrayıb durdu:

- İndi görərsən. Lampanın önünü tut, pəncərədən bayıra göz qoyacağam.

Oğlan özünə aşılamışdı ki, həyatda heç bir qadın ona nəyi və necə edəcəyini buyura bilməz: ona görə də indi qadının göstərişiylə həvəssiz də olsa, elə dayandı ki, kürəyi lampanın önünü kəssin.

Ehtiyatla pərdəni aralayıb, bayıra göz qoyan qadını süzürdü oğlan. Qadın geri çevrilib, başını tərpətməklə:

- Getdilər, - dedi. – İşə başlaya bilərik.

Özünün köhnə komoduna (üst-üstə düzülən siyirmələrdən ibarət alçaq şkaf – A.Y.) yaxınlaşıb, oradan qara rəngli bez əlbisəsini çıxartdı. Paltarı yatağın üstünə atdı. Bunun ardınca oraya döşlük və bir cüt alt tumanı da qoydu. Dizlərini yerə atıb, komodun ən alt siyirməsini də eşələdi. Oğlan sükut içində qadını süzürdü. Başı komoda gömülən bu məxluqun indi oğlan sadəcə iri budlarını görə bilirdi. Qadına əsla sulanmadığı üçün baxışlarını yana çevirdi.

Ən nəhayət, qadın axtardığını tapıb, ayağa qalxdı. Əlində bir cüt tufli vardı. Başıyla əlbisəni göstərib dedi:

- Bunu tax əyninə. Bədən ölçümüz elə səninlə eyni olar. Birlikdə evdən çıxarıq. Onda işlər yağ kimi gedər.

Oğlanın içində qəzəb püskürəcəyini sezən qadın cəld ona təpindi:

- Cəld ol! Yoxsa sənin başqa bir çıxış yolun da var?!

- Yəni bütün bunları əynimə taxmamı istəyirsən?

Tereza onun səsində soyuq nifrət çalarları sezdi. Bir anlığa oğlan onu ürkütdü. Vəziyyəti yumşaltmaq üçün qadın hırıldadı:

- Yaxşı, yaxşı, kişilik damarın tutmasın. Onlardan qurtulman çətin olmaz. Yəni bunu da anlamırsan?

Oğlan daxilən onu haqlı çıxartdı. Ancaq bir qəhbənin əlbisəsini əyninə taxmaq məcburuyyəti bu kişi qırığının mənliyinə yamanca toxunurdu. Hətta öz-özünə qət elədi ki, bunları geyinməkdənsə, elə ələ keçib, güllələnməyi məsləhətdir.

Tereza o dəm oğlanın əynindəki gödəkçəni çıxartmağa girişdi: o isə daş heykəl kimi dayanıb, başına gətirilənlərə lal seyrçi qalmışdı.

Qadının səbri daraldı:

- Haydı. Maneken kimi durma. Özün geyin-bəzən. Şalvarını da soyun. Məndən heç utanıb, çəkinmə. “Səndəkindən” mən ço-o-ox görmüşəm. Odur ki, daha heç nə vecimə gəlmir.

Düşdüyü bu tükürpədici durumu hələ də tam dərk etməyən oğlan əynini soyunmağa başladı. İndi o, kokos liflərindən hörülmüş həsirin üstündə durmuşdu. Arıq, kirli-pasaqlı bədənini titrəmə bürümüşdü.

Terezanın üzündə özündənrazı və kinayəli bir təbəssüm vardı. Hırıldayaraq:

- Heç canın-cəsədin yoxmuş ki sənin! Hələ gərək çox böyüyəsən, çox.

Oğlan özünə söz verdi ki, bütün həngamə başa çatandan sonra geri dönüb, bu şırtını cəhənnəmə vasil edəcək. İndilik isə buna qol qoya bilməzdi. Bu alçalmaya bir az da qatlaşmalıydı hələ.

Onu çarpayıya tərəf itələyən Tereza alt tumanlarını da oğlanın üstünə tullayıb, dedi:

- Bunları özün geyin. Sonra mən sənin sinəni “abıra” salacağam.

İpək parça oğlanın sümüyü çıxmış buduyla təmas edəndə onun qüruru tamamilə yerləbir oldu. İndi o, başını dizləri üstə qərar tutan, düyümlənmiş yumruqlarına söykəyib oturmuşdu. Baxışları bulanıq idi, titrəyən dodaqlarının arasından ətrafa ən betər söyüşlər yağdırırdı. Bu ağır küfürlərin bəziləri fühuşda təkcə qulağının ardı qalan Terezanı diksindirə bilirdi. Qadın özünü saxlaya bilməyib dedi:

- Əgər o balaca və iyrənc ağzına yiyə durmasan, səni, bax, bu görkəmdəcə evimdən qovacağam.

Söyüşlərinə ara verən oğlan qadını süzdü. Onun acıqlı, nifrət dolu baxışlarıyla rastlaşınca, qadının vücudunda soyuq bir gizilti dolaşdı. Məhz o an qadın anladı ki, oğlan gicbəsərin biridir... və həmişə də beləcə qalacaq. Buna baxmayaraq, o, general de Babarı gəbərtmişdi və təkcə elə bu yetərliydi ki, qadın ona həyan dursun.

Qadın onun sinəsinə taxdığı döşlüyün kəfələrinin içini bir cüt balaca dəsmalla doldurdu. Oğlan hədsiz gülünc görünürdü. Ona baxıb, ürəkdən uğunmaq keçirdi qadının içindən, ancaq yaxşı bilirdi ki, belə eləsə, başı cəncələ düşəcək. Qadın çarpayının üstündəki əlbisəni götürüb, oğlanın başından keçirdi, ora-burasını səliqəyə salandan sonra çəkilib, öz işinə kənardan baxdı. Ona elə gəldi ki, oğlan cəhənnəmdən baş götürüb qaçan didərgin bir ruhu xatırladır.

Dedi:

- Bu tufliləri də geyin, görüm.

Oğlan aşağı əyilib, hündürdaban tufliləri naşıcasına ayaqlarına keçirdi. Ayağına yaxşı olsalar da, o, bu ayaqqabılarla bircə addım da ata bilməzdi. Təkrar öz komodunu eşələyən qadın oradan bir cüt sandal tapıb, çıxartdı. Geniş günlüklü şlyapa isə bu geyim-keçimin son cilvəsi oldu. Bu görkəmdə oğlan qaranlıq şəhərdə rahatca dolaşa biləcəkdi. Qadın öz işindən razı halda başını tərpətdi:

- Əladır. Daha heç nədən ötrü təlaşlanma.

Oğlanın çıxartdığı pal-paltarı isə o, güllü şala büküb, bir boxça şəklinə saldı:

- İndi bayıra çıxacağıq. Haraya getmək fikrindəsən?

Qadın onun əşyalarını topladığı anlarda oğlan dayanıb, ona göz qoyurdu. “Geyinib-keçinmiş” oğlan ağzına su alıb, durmuşdu.

Bunca sükutdan sonra danışmağa başlayan oğlanın səsi elə cır və sərt idi ki, qadın bundan az qala diksindi. Oğlan ötkəm tərzdə:

- Sən mənimlə getməyəcəksən, - dedi. – Bayıra tək çıxacağam.

Oğlandan bezdiyini o ara hiss edən qadın çiyinlərini çəkməklə kifayətləndi. Onsuz da qadın özünü gözgörəsi riskə atmışdı və oğlana həyan çıxdığı hər an bu riskin dərəcəsi bir az da artırdı.

Dedi:

- Onda get. Yetərincə yetkin birisi olduğun üçün yəqin özün öz qeydinə qala biləcəksən.

Özünü təlxək görkəminə salan bu qadına sonsuz nifrət bəsləyən oğlan qapıya tərəf yönəldi. Artıq özünə zərrəcə güvəni qalmamışdı. Əyin-başını dəyişməsi sanki onun kişilik qeyrətinə də xələl gətirmişdi. Bu paltarın içində özünü nədənsə çarəsiz hiss edirdi. Qaranlıq küçəyə çıxmaq fikri onu dəhşətə gətirirdi.

Tereza durub, onun ardınca baxırdı. Oğlan ona hər hansı minnətdarlıq sözü deməyə-filan da gərək duymadı. Vidalaşmaq mənasında dönüb, heç geri də baxmadı. Dizləri titrəyən oğlan məhəccərdən tutub, taxta pillələrlə ehtiyatla aşağı endi. Ayağındakı sandalların hər dəfə onu üzüüstə yerə çırpacağından ehtiyatlanırdı sanki.

Ay buludların arxasında gizlənmişdi və oğlanın gözləri heç nəyi seçmirdi. Pilləkənin ayağına çatanda bir anlığa ayaq saxladı ki, gözləri kor zülmətə alışsın. Səmanın fonunda evlərin damlarını seçməyə başlayandan sonra o, ağır addımlarla evdən yzaqlaşdı.

Heç bir az getməmişdi ki, bir dəstə əsgərlə rastlaşdı. Hələ uzaqdan oğlanın onlara necə yaxınlaşdığına maraqla göz qoyurmuşlar. Əsgərlər qaranlıqda saatlarca durduqları üçün gözləri hər şeyi dəqiq seçirdi, oğlan isə hələ də yarı kor biri kimi addımlayırdı.

Ancaq sıx əhatəyə alındığı zaman oğlan tələyə düşdüyünü anladı. Farağat dayanıb, gözlədi. Qapıldığı dəhşət hissi onu iflic eləmişdi. Qaranlıqda əsgərlər onu kimsəsiz qız uşağı zənn eləmişdilər. Vaxt öldürməkdən ötrü onlar əllərinə keçən bu şikarı bölüşməyə girişdilər. Öz aralarında püşk atdıqları vaxt oğlan çarəsiz halda yerində donmuşdu. Əgər o, həqiqətən qız xeylağı olsaydı, bəlkə də taleyi daha betər olacaqdı. Onun əsl kimliyi ortaya çıxanda isə araya müdhiş bir sükut çökdü. Mərci udan əsgər oğlanı bir kənara çəkib aparanda yoldaşları ona xatırlatdılar ki, süngüsünü o dəqiqə işə salmasın. Soyuqqanlı düşünən əsgərlər üstüörtülü şəkildə yoldaşlarına başa saldılar ki, əsiri gəbərtməzdən öncə onunla iş tutmaq da lazım gələcək.

Dilimizə çevirdi – Azad Yaşar

# 2768 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #