İsraillə qarımış qızın Kafka mübarizəsi

İsraillə qarımış qızın Kafka mübarizəsi
7 fevral 2014
# 12:29

Kulis.Az Azad Yaşarın tərcüməsində "New York Times Magazine" jurnalının materialları əsasında hazırlanmış “Kafkanın son prosesi” məqaləsini təqdim edir.

Yazının birinci hissəsini burdan oxuya bilərsiz.

4. Proses

2008-ci ildə İsrail Milli Kitabxanası Kafkanın arxivinə yiyələnmək üçün hüquqi mübarizəyə təkrar girişdi. O vaxta qədər İsrailin rəsmi qurumları bu hüquqları dəfələrlə Ester Hoffedən almağa cəhdlər göstərsələr də, hər dəfə uğursuzluğa düçar olmuşdular. Bu səfər “keçmiş katibəni” onun varisləri; qızları Rut və Eva təmsil edirdilər. Yetmiş yaşlarına dolmuş bu mirasçılar da - eynilə anaları kimi - əlyazmaları Marbax Arxivinə satmaq niyyətində idilər, çünki qarşı tərəf buna görə onları milyon dollarlıq məbləğlərlə şirnikləndirmişdi.

İsrail Milli Kitabxanasının vəkili Heller öz çıxışında diqqəti ona çəkdi ki, Ester Hoffe Maks Brodun 1961-ci ildə imzaladığı vəsiyyətinin tamamilə ziddinə gedərək, mülkiyyət hüquqlarını dövr aldığı əlyazmaları ölkənin ictimai arxivlərinə təhvil verməyib. Bu, mirasçı kimi onun qarşısında qoyulan əsas öhdəlik olub və sonrakı 40 il ərzində Hoffe buna riayət etməyib.

Bu məhkəmə prosesində Milli Kitabxananın mənafelərini müdafiə edən vəkilləri çətin vəziyyətə salan başlıca sənəd – Marks Brodun arxivin hədiyyə etməsi barədə Ester Hoffeyə ünvanladığı məktubdur. Esterin qızları həmin sənədin yalnız iki səhifəsini, həm də kserosürətini məhkəməyə təqdim etməyi uyğun biliblər. Sənədin orijinalını ictimaiyyətə göstərməkdən isə onlar qəti şəkildə imtina ediblər.

Prosesdə Evanı və Rutu ayrı-ayrı vəkillər müdafiə edirmiş. Çox yəqin bu, yaşanan olaylarda onların fərqli mənfəətlər güdməsiylə bağlıymış, çünki Rut ərə getdiyi üçün İsraili tərk etmişdi, evdə anasının yanında yaşayan və qarımış qız olan Eva isə son 40 ili Spinoza küçəsindəki evdə, həm də qonşularının dediyinə görə, yüzə qədər pişiyin əhatəsində yaşayır. O da Kafka ilə Brodun arxivlərini, eynilə anası kimi, bütün dünya-aləmdən qoruyur, yəni gizlədir. Anasından fərqli olaraq, Eva var-dövlətdən, cah-cəlaldan məhrumdur. Hətta qadın öz dolanışığının çətinliyi ilə əlaqədar dəfələrlə dövlət qurumlarına şikayət də edib. Məsələ burasındadır ki, yuxarıda sözügedən məhkəmə prosesi tamamlanmayınca, nə o, nə də bacısı Rut analarının qoyub getdiyi mirasdan yararlana bilməyəcək.

2009-cu ildə məhkəmə Milli Kitabxananın M.Brodun gerçək niyyətləri barədə əlavə bilgilər toplamaq məqsədiylə arxivdə inventarlaşdırma aparmaq barədə xahişi barədə müsbət qərar çıxartdı. Bu qərara etiraz edən bacılar isə öz mövqelərini onunla əsaslandırdılar ki, mövcudluğu sübuta yetirilməyən sənədlərin, özü də kiminsə şəxsi mülkiyyəti sayılan arxivdə axtarış barədə dövlətin qərar çıxarması qanunvericiliyə tamamilə ziddir. Apellyasiya şikayəti Rutun və Evanın könlüncə olmadı, yəni onlar rədd cavabı aldılar.

Nəticədə arxivin İsrail və İsveçrə banklarının özəl seyflərində qorunan əsas qismi ekspertlər tərəfindən araşdırıldı. Deyilənlərə görə, Təl-Əviv bankının önündə ora-bura vurnuxan Eva həmin vaxt: "Onlar mənimkidir! Onlar mənimkidir!" deyə vay-şivən qoparıbmış. Sürixdəki bankın önündə onun eyni məzhəkəni çıxarmasına imkan verilmədi.

İsrail qəzetlərinin yazdığına görə, açılan seyflərdə əsl ədəbi xəzinə yatırmış və Kafkanın məşhur hekayələrindən birinin orijinalı da oradaymış. "The İndependent" qəzeti yazırdı ki, alman ədəbiyyatşünasları bu arxivi araşdırmağa başlayıblar. "Corriere della Sera" qəzeti isə oxucularına bildirmişdi ki, arxivlərlə bağlı yaxın gələcəkdə nə isə öyrənmək çətin olacaq, çünki Hoffe bacıları seyflərdəki materialları ekspertlərin ixtiyarına verərkən onların qarşısında şərt qoyublar ki, əlyazmalarla bağlı mətbuata hər hansı bilgi sızmasın.

5. Mübahisələr

Ekspertlərin arxivdəki sənədləri hissə-hissə təhvil alıb, araşdırdıqları günlərdə də Kafkanın irsiylə bağlı mübahisələr və müzakirələr səngimək bilmirdi.

Marbax Arxivinin rəhbərliyi bildirirdi ki, “Proses" romanının orijinal mətni onlarda olduğu üçün yazarın bütün qalan əsərlərinin bir arada, yəni Marbaxda araşdırılması daha məqsədəuyğundur.

Bəzi alimlər isə deyirdi ki, əlyazmaların yetərli səviyyədə qorunması üçün İsraildə gərəkli şərait yoxdur.

İsrail universitetlərinin professorları isə bu fikrə qəti şəkildə etiraz edirdilər. Tarixçi-alim Otto Dov Kulka alman əslli yəhudi ziyalıların (o cümlədən Albert Eynşteynin və Stefan Sveyqin) əlyazmalarının da İsrail Milli Kitabxanasında saxlanıldığını misal gətirmiş və sözlərinə onu da əlavə eləmişdi ki: "Əgər biz Nisbilik nəzəriyyəsinin qeydinə qala bilmişiksə, onda Kafkanın da irsini qorumağa qadirik".

Müzakirəçiləri narahat edən başlıca sual bu idi:

"Axı, bu seyflərdə nə var belə?"

Bəlkə də Brodun bu arxivi Ester Hoffeyə niyə miras qoymasını təsdiqləyən hər hansı yazılı mətn və ya vəsiyyətnamə tapılsaydı, uzun illər davam edən məhkəmə araşdırmasına da son qoyulardı yəqin.

Yəhudi Universitetində çalışan və Brodu yaxından tanıyan alimlərin təxminlərinə görə, ola bilsin, 1952-ci ildə yazdığı məktuba Maks sonralar müəyyən düzəlişlər, dəyişikliklər edibmiş və buna görə də arxivdən o son variantı tapmaq yetərlidir.

Kafkanın bioqraflarından Rayner Ştax isə tamamilə fərqli fikirdəydi və deyirdi ki, M.Brod Marbax Kitabxanasının təklif etdiyi böyük məbləğlər ilə yaxın dostlarının çalışdığı Yerusəlim Kitabxanası arasında yekun seçim etməkdə çətinlik çəkirmiş. Kafkanın əlyazmalarını "canilər ölkəsinə" (Almaniyaya) verməyə qıymadığı üçün də o, bu ikili və müşkül durumda seçim haqqını öz katibəsinə tanıyıbmış. Həm də R. Ştax əmindir ki, Maks Brod Kafkanın əlyazmaları sayəsində sərvət qazanmaq fikrindən çox-çox uzaq biriymiş, buna görə də özünə uzun illər katibəlik edən Ester Hoffeyə bu əlyazmaları miras qoymaqla, ona bir növ təzminat ödəyibmiş.

İsrail yazarı Etqar Keret belə bir hipoteza irəli sürüb ki, M.Brod Esterin əlyazmaları bu qədər uzun müddət özündə saxlayacağını heç təsəvvürünə də gətirməzdi. E.Keret deyir ki, "Mətnləri dəyərləndirməkdə əsl sərraf olan M.Brod insanları tanımaqda tamamilə naşı imiş".

İsrail Milli Kitabxanasının hüquqşünası Meir Hellerə görə isə, Brod əziz dostu Kafkanın irsinin hər barədə və hər kəs tərəfindən təhrif olunacağından möhkəm qorxurmuş, elə buna görə də bu irsi Esterə etibar edib. Sənədlər sübuta yetirir ki, M.Brod əlyazmaları daha öncə öz dostlarından birinə təhvil verməyi düşünürmüş, lakin o, etimad etdiyi şəxslər siyahısında sonradan bütün adların üstündən xətt çəkməli olub. Maksa görə, Kafkanın arxivi – müqəddəs bir əmanət imiş və onu yalnız seçilmiş birisinə tapşırmaq mümkünmüş.

M.Heller yazır ki, Ester Hoffe Broda öz əri kimi baxdığı, ona gündəlik yemək hazırladığı üçün Maksda bu xanıma dərin etimad yaranıbmış".

Bəziləri isə düşünür ki, Brod Kafkanın əlyazmalarını ictimaiyyətin müzakirəsinə vermək istəmirmiş. Əks halda, Kafkanın (qismən də Brod tərəfindən yaradılan) obrazına nəzarət onun əlindən çıxardı. Əgər Kafka geniş oxucu kütləsinə lap əvvəldən görkəmli sionist və bəşəriyyətin xilaskarı kimi təqdim edilmişdisə, onda Kafkanın antisionist açıqlamalarına və ya onun cinsi həzzlərinin təfərrüatlarına nə gərək var?!

Digərləri isə daha da irəli gedərək, soruşurlar: "Bəlkə Kafka ölümündən öncə Broda heç bir məktub-filan yazmayıbmış? Ondan əlyazmalarını yerli-dibli yandırmağı xahiş eləməyibmiş? Əgər bütün bunlar başdan-ayağa sırf Brodun uydurmasıdırsa, bəs onda necə olsun?"

Gümanlarında paranoidal həddə qədər gedib çıxanlar isə deyirlər ki, bəlkə də Kafkanın bütün məktublarını Maks Brod özü yazıb və sonradan onları onsuz da inzivada yaşayan dostunun adına çıxıb.

Görəsən o bank seyflərində nələr saxlanılır, axı? Qeyd dəftərləri, çap olunmamış gündəliklər, qiymətli əlyazmalar, yoxsa vaxtı ötmüş vəsiyyətnamələr? Bu suallar hələlik öz cavabını gözləyir.

6. Sonluq

Dünya ictimaiyyətini bu suallar narahat edir və milyonlarla insan hələ də Kafkanın yaradıcılığına heyran kəsilməyindən qalmır. Kafkanın Broddan uzaq, arınmış versiyasını istəyir hamı. Həyatda ikən hamıdan qaçan, uzaqlaşmağa çalışan bu yazar özünü avaragor bir quş kimi, daşlar arasında gizlənməyə çalışan dolaşa kimi aparırmış. Təsadüfü deyil ki, onun soyadı olan və "kafka" kimi tələffüz olunan çex sözü "kavka"nın dilimizdəki mənası da məhz "dolaşa" və ya "zağca"dır.

Gec və ya tez seyflərdə saxlanılan əlyazmaların inventarlaşması tamamlanacaq, onların siyahısı dünya ictimaiyyətinə açıqlanacaq, yazarın qələmindən çıxan, indiyəcən işıq üzü görməmiş əsərlər yayımlanacaq, əlyazmaların özü isə daha yaxşı şəraitdə qorunmaqdan ötrü nüfuzlu arxivlərdən birinə əmanət kimi veriləcək.

Bütün bunlar Kafkanı oxuculara daha yaxın edəcək, ya yox… Hə, bax, bunu hələlik söyləmək çətindir.

(ardı var)

https://www.facebook.com/azadyasharofficial

# 3109 dəfə oxunub

Müəllifin son yazıları

# # #