Zooparkdan qaçan heyvanlar, söhbət edən meymunlar, əxlaqsız pələnglər – Reportaj

Zooparkdan qaçan heyvanlar, söhbət edən meymunlar, əxlaqsız pələnglər – Reportaj
29 iyun 2022
# 09:00

Kulis.az Ayxan Ayvazın Bakı Zooloji parkından yazdığı “Heyvanların oxumayacağı yazı” adlı reportajını təqdim edir.

“Ham-ham”lara, “möö”lərə ithaf

– Bibbi! Bibbi.

– Bibi deyil, qızım, meymundu!

Zooparkda, meymunlar olan hissəyə xeyli adam yığışıb. Biz meymun ailəsinə yuxarıdan baxırıq – onların aşağıda, geniş həyətli, hovuzlu xudmani “ev”i var. Ata meymun hovuzun yaxınlığında uzanıb, bircə damağında tüstülədəcəyi siqareti yoxdur. Ana meymunla balası isə hovuzun ətrafında ora-bura qaçır, arada durub bir-birini yavaşcadan vurur, yaxud da qaşınan yerlərini qaşıyırdılar.

Meymunlara baxanda ibtidai icma quruluşunu xatırlamaq olurdu. Hərəsinin bir mağarası vardı və onlar mağaranın ağzında durub bir-biri ilə nədənsə söhbət açırdılar. Arada bir dombalaq aşan meymun da ortaya çıxırdı. O dombalaq aşanda meymunlardan biri başını buladı, yanındakına “bu da hər yerdə bizi biabır” eləyir şəklində baxdı. Başqa bir meymun gəlib söhbət edənlərdən birinə şillə vurdu. Sonra qaçdı-qovdu düşdü, o qaçdı, bu qovaladı. Tamaşaçılar iki yerə bölündü: qaçanın tərəfini tutanlar, qovalayanın tərəfini tutanlar. O birilərdən xeyli iri görünən meymun bu qaçdı-qovduya baxa-baxa nəsə gəmirirdi. Bayaq söhbət eləyən isə özünü qayaya yaslayıb harasa tamaşa etməyə başladı.

– Möö! Möö!

– Qızım, “möö” deyil, tutuquşudur.

Qızım üç heyvan tanıyır: “möö”, “ham-ham”, “piş-piş”. Zooparkda gördüyü bütün heyvanlara da ya “möö” deyir, ya “ham-ham”, ya da “piş-piş”.

Tutuquşulardan biri başını kürəyinə soxub xumarlanırdı. O biri isə ayağını dimdiyinə toxundurub tüklərini qabarda-qabarda qəfəsin o üzündəki adamlara ötəri, saymazyana baxırdı.

Bu iki ağ tutuquşunun yanındakı qəfəsdə rəngli tutuquşular var idi və məktəbdən bura ekskursiyaya gələn uşaqlar həmin tutuquşuları görəndə çığırışmağa, hoppanıb-düşməyə başladılar. Bütün bu hay-həşirin fonunda daha iri və rəngli tutuquşular sakitcə aşağıya baxmaqdaydılar.

O biri tərəfdə qırqovullar var idi – qırmızı, erkək qırqovul yuxarıda, taxtadan düzəldilmiş ağacın budaqlarında gah ora, gah bura gedir, hərdənbir də uzun quyruğunu yelləyə-yelləyə aşağıdakı dişi qırqovula nəsə eşq elan eləyirdi. Aşağıdakı qırqovul isə heç oralı deyildi, ayağının altında qazıntı işləri görürdü. Erkək qırqovul hirsindən budaqlarda ora-bura döyükürdü. Heyvanların qəfəsinin düz qabağında onların adları və haqlarında məlumatlar vardı. Qırqovul haqqında oxuyanda gördüm ki, yuxarıda özünə əl qatan qırqovul, sən demə, kral adlanırmış.

– Bu kraldı? – uşaqlardan biri ironiya ilə o birindən soruşdu.

– Kral! Kral! – həmin uşaq da yuxarıda dəli kimi ora-bura gedən qırqovulu səsləməyə başladı, lakin qırqovul məşğul idi deyə hay vermədi.

Bakı Zooloji Parkına ziyarət Bakı Zooloji Parkı -da onlayn bilet almaq. |  iTicket.AZ — Biletlərin onlayn satışı

Sultan toyuqlarının yanından keçib tovuzquşu olan yerə çatdıq. İri, bərbəzəkli tovuzquşu podiumda hərəkət edirmiş kimi, bir irəli, bir geri gedir, özünü bizə göstərirdi. Bu tovuzquşunu “Adi tovuzquşu” kimi təqdim etmişdilər. Dedim, bunun harası adidi? Tovuzquşu, estrada müğənniləri kimi yaşayırdı; o biri tərəfdəki özünə baxmayan, yesir günündə olan erkək iki tovuzquşu da hiss olunurdu ki, onun qulluqçularıdır.

– Ham-ham!

– Ham-ham deyil, qızım, ayıdır!

Yekə ayı gölməçənin içində iri bir taxtanı qucaqlamışdı. Yavaş-yavaş camaat yığılışanda ayı cınqırından çıxdı: taxtanı gah o tərəfə tulladı, gah üstünə uzandı, gah taxtanı başının altına qoydu. Bir sözlə, taxtanı “çurban” elədi.

Ayının tamaşasına yığılanlar ona banan, alma uzadırdılar. Ayı isə əvvəl-əvvəl özünü kübar göstərdi, heç bir təklifi qəbul etmədi, bir az keçəndən sonra isə taxtanı da bir tərəfə tullayıb bananla almanı qapdı. Özü də elə qapdı ki, qorxdum ki, həmin adamların əllərini də qoparar.

Ayının olduğu yerdə arıq-sısqa bir canavar uzanmışdı. Elə bitkin görünüşdə idi ki, qıraqdan baxanda ona canavar deməzdin, elə bil “ham-ham”, o da yox, tülkü idi. Canavar məsumca, yazıq-yazıq gəlib-gedənə baxırdı. Adamlar canavarın halına acıyırdılar.

– Göz dəyib!

– Meşədən qovublar, yəqin!

Göldə üzən ördəklər, onların yan-yörəsində hərlənən özündən razı, eqoist, Sevda Sultanovaya, Fəridəyə oxşayan flaminqoları keçib pələnglərin yanına getdik.

– Piş-piş!

– Hə, qızım, “piş-piş”di, amma böyük piş-pişdir!

Pələnglərə daha yaxından baxılan yer var idi – hamı o tərəfə axışırdı. Şüşənin arxasından pələnglərə baxanda elə bilirdin ki, öz evinin həyətinə pələnglər girib. Pələnglər də pis yaşamırdılar ha! Hovuzları da vardı. İri, yetimdoyuzduran ət parçaları yanlarında qalaqlanmışdı. Pələngin biri uzanmışdı, böyründə də çoxluca ət, o qədər yemişdi ki, indi o ətə tərəf heç gözünün ucuyla da baxmırdı. O biri pələng isə hovuzun ətrafında fikirli-fikirli gəzişirdi.

– İuuuiii... – qızımın ağlama səsinə dik atıldım.

O barmağını pələnglərə tərəf uzadır və təzədən biz tərəfə çönüb möhkəmdən ağlayırdı. Bu yerdə uzanan pələng ayağa durub gərnəşdi, qol-qabırğasını şaqqıldadıb yeriməyə başladı. Birdən hovuzun qabağında fikirli-fikirli gəzişən dişi pələngi gördü və... qalanı 18+. Hamı uşaqlarının gözünü bağlaya-bağlaya, gülə-gülə ordan çıxdıq.

Pələnglərin olduğu yerin aşağısında bayquş var idi. Bayquş tərs-tərs bizi süzürdü. Adını bilmədiyim quşların yanından keçib tülkülərə baxdım. Tülkülərin yanından adlayıb bizonlar olan yerə çatdıq.

– Bizon içək, qaqa? – kimsə dəxlisiz bir zarafat elədi.

Bizonlar uzanıb günəşlənirdilər. Heç camaatın onlara baxmasına, şəkil çəkdirməsinə “vnimanie” vermədilər.

Ceyranla cüyür o biri tərəfdə şəfqətlə bir-birilərini yalayırdılar.

– Mamma! Məmmə! – qızım bunu görüb yoldaşıma tərəf dartındı.

Qızımın “süd vaxtı” çatmışdı. Onları münasib bir yerə aparıb çöldə siqaret yandırdım. Bu vaxt bir sirena səsi aləmi başına götürdü. Qorxdum. Deyəsən, heyvanlar üsyana qalxmış, qəfəsləri aşıb çölə çıxmışdılar. Yadıma Tiflis, Tiflisdəki leysan, leysandan sonra zooparkdan qaçan heyvanlar düşdü.

– Qardaş, söndür onu. Cəriməsi var. – İki-üç nəzarətçi yaxınıma gəlib həyəcanla dedilər. – Tez, qaqaş.

– Niyə?

– Burda siqaret çəkmək olmaz!

Siqareti tullayıb ayağımın ucu ilə əzdim.

– Möö! Möö!

– Möö yox, qızım, ata...

Qızımı qucağıma aldım və qartallarla şahinlərin olduğu yerə çatdıq. Bir vaxtlar ənginliklərdə, böyük meşələrdə uçan qartallarla, şahinlər indi balaca bir qəfəsdə boynubükük durmuşdular. Quzğunlar, leş yeyənlər isə, deyəsən, hallarından məmnun idilər. Bir anlıq özümü qartalların yerinə qoyanda çox pis darıxdım. Təsəvvür edin, gecədir, fikirlisən və böyük, yepyekə göy üzündə uçmaq istəyirsən, qanadlarını açırsan ki, qəfəsdəsən və göy üzü həbsdədir.

İlanların, atların, dayçaların, cücələrin, dovşanların, toyuqların, qutanların, tısbağaların, keçilərin, dəvələrin, balıqların, kenquruların, qoyunların yanından adlayıb təzədən meymunlar olan yerdən keçdik.

Ana meymun balasını əmizdirirdi. Ata meymun isə elə bil əli cibində evin içində dolaşırdı. Qızım balaca barmağını onlara tuşlayıb dedi:

– Att! Mamma!

Və biz gülə-gülə ordan uzaqlaşıb dəvələrin yanına çatanda dəvənin biri möhkəmdən tüpürdü. Tüpürcək yerə mərmi kimi düşdü. Qızım ona çaşqın-çaşqın baxdı. Dəvə ağzında nəsə gövşəyə-gövşəyə uzaqlaşdı.

Axşam düşürdü, zooparka gələnlər yavaş-yavaş çıxışa sarı gedirdilər. Təzək və ağac iyi bir-birinə qarışmışdı. Bilmirəm, çıxanda heyvanların köks ötürmələrini bircə mən eşitdim, ya yox?

# 4351 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #