Kulis.az “Həyatın içindən” layihəsindən Ayxan Ayvazın Xaçmaz şəhərində velo-bərbərlik eləyən Leyla Fətəli haqda yazdığı reportajı təqdim edir.
Mən o qadını tanımadan qabaq yarımçıq hekayəsini eşitmişdim. Eşitmişdim ki, səkkiz il ərdə olub, tanımadığı bir adamla yaşayıb, tanıyandan sonra boşanıb, üç uşağı ilə ortada qalıb...
Hekayəsi burda yarımçıq qalmışdı. Bir də bu yarımçıq hekayəyə onun velosipedlə kəndbəkənd gəzib adamların saçlarını kəsməsi səhnəsi düşmüşdü...
Xaçmazın Heyvanlar parkında o qadını – Leylanı gözləyirdim. Gözləyə-gözləyə də o qadının hekayəsinin arxasını düşünürdüm. Parkda təkəm-seyrək gözə dəyən adamlara baxır və hər kəsin üzündə daşıdığı hekayəni oxumağa çalışırdım.
Leyla və üç uşağı velosipedlə parkın meydanında dövrə vurub saxladı. Velosipedi yalını küləklər döyən at kimi yanında tuta-tuta qabağıma gətirdi. Arxasınca uşaq sevincini ifadə edən çığırtılar, onun geriyə boylanıb onları sakitləşdirməsi...
Biz onunla parkda gəzə-gəzə söhbətləşəndə uşaqlar velosipedlərinə təzədən minib öz sevinc çığlıqlarını da götürüb uzaqlaşdılar.
- Çox uzağa getməyin... – dedi Leyla. Bizim reportajımızın qəhrəmanı.
Uşaqlar uzağa getmədilər, gözümüzün qabağında velosipedlə hoqqa verə-verə xoşbəxtcəsinə oynamağa başladılar. Leyla öz hekayəsini danışa-danışa uşaqlara baxır, onları gözdən qoymurdu.
Leyla bundan düz 8 il əvvəlki elçiliyini xatırlayır. Tanımadığı, heç vaxt görmədiyi biri onunla bir yastığa baş qoymaq arzusundaymış. Qapılarına gəlib, Leylanı atasından, anasından istəyib. Oğlanın hər şeyi yerli-yerindəymiş, işi-gücü, yarı-yaraşığı. Bircə danışığı ləngər vururmuş. Ağzından çıxan sözləri hələ iməkləmək ərəfəsindəymiş.
Leyla düşünür, anası ona yaxşı olacağını deyir.
Və axırı toy baş tutur... Leyla tanımadığı bir adamın evinə gedir...
Bizim söhbətimizə Leylanın narahatlığı girmişdi, tez-tez sözünü yarıda saxlayır:
“Bəlkə danışmayım... Necə danışım, bilmirəm” - deyir...
O tanımadığı, danışığında qüsur olan kişi bir gün əzazilə çevrilir, Leylaya xoşbəxtlik deyil, qorxu bəxş edir. Hər gün içkili gəlmək, səksəkə içində oyanmaq, sözlərin yox, əllərin danışdığı qorxu dolu ev...
Leyla birinci uşağı olanda boşanmaq istəyir. Tanış-tunuş, qohum-əqraba dörd divar çəkir ətrafına, daş atıb başlarını tuturlar, deyirlər ki, bir uşağın var, döz, yaxşı olacaq.
Yaxşı olmur amma. Heç nə yaxşı olmur.
Leylanın qorxulu gecələri dolaşıq lent kimi təkrar-təkrar qarşısına çıxır, hər gün göz yaşını udmaqdan bezar olur.
Xoşbəxtlik ona kirayə evləri xatırladır, ömrü üç-dörd gün çəkir, bədbəxtlik isə ev sahibinə çevrilir, bütün günü həndəvərindən ayrılmır.
Uzandıqca uzanan günlərdə Leylanın iki uşağı da olur.
Parkda velosipedlə elədən-belə, belədən-elə hərlənən, şən səsləri ilə parkın sükütunu dolduran üç uşaq – Xanoğlan, Nicat, Nihad arada bir biz tərəfə gəlir, öz uşaq sevinclərindən bizə də pay verib, təzədən velosipedlərə atlanırdılar.
Hekayənin davamında dörd nəfər qalırlar: Leyla, üç uşaq... Leyla bütün çətinliklərə, onun-bunun sözünə məhəl qoymadan boşanmağa qərar verir.
Boşanır boşanmağına, amma fəlakətlər elə bil ard-arda gəlir: əvvəl atası ürəktutmasından bu dünyayla vidalaşır, arxasıyca da anası.
Leylanın gedəcək yeri qalmır.
Təzədən ayrıldığı ərinin evində yaşamalı olur.
Bu dəfə ayrı-ayrı otaqlarda.
Kirayə evlərdəki kimi. Xoşbəxtlik də kirayə evlərə oxşayır axı.
Heç kim kömək əli uzatmır Leylaya. Tamam tək qalır. Üç uşaq onu yaşamağa səsləyir, öz uşaqlığında tez-tez yıxıla-dura öyrəndiyi velosiped ağlına bir fikir salır.
Bərbərlik öyrənməyə başlayır, Xaçmazdakı “Yeddi gözəl” salonunda Təranə xanım onu yanına götürür, bildiyi hər şeyi Leylaya öyrədir, qəmli hekayəsinə xoşbəxt fonlar vermək üçün əlindən gələni eləyir.
Leyla salon açmağa imkanı olmadığından velosipedlə bərbərlik eləməyi düşünür. Velosipedinin üstünə, öz boynundan asdığı jurnalist vəsiqəsinə oxşayan yerə də “Velo bərbər” yazdırır...
- Əvvəldən müştərilərim var idi, onlar məni tapırdılar, zəng edirdilər, gedirdim saç kəsməyə.
Düzü, rayonda bu qəribə mənzərəyə heç kim təzə-təzə alışa bilmir. Bir ana arxasında da üç uşağı kəndbəkənd gəzib adamların saçlarını kəsir...
Kişilər onu saxlayıb soruşurlarmış:
- Siz qadın bərbərisiniz, ya kişi?
Leyla deyir:
- Qadın da, kişi də, uşaq da...
- Qiyməti bəs? – həmin kişilər soruşur.
- 3-5 manat arası...
Kişilər tez-tez bunu soruşurlar, onu boğaza yığırlar. Bir də Leylanı görənlər təzə-təzə fit də çalırlarmış, kimsə söz də atırmış. Zaman-zaman rayon camaatı bu fərqliliyə alışır, Leylanı, onun hekayəsini tanıyır və bundan sonra ona ilişmirlər.
- Hansı kəndlərə gedirsiniz?
- Yaxın kəndlərə, uzağa getmirəm...
- Gündəlik nə qədər qazanırsınız?
- Elə çox olmur.
- Müştərilər sizi tapır, yoxsa siz onları?
- Mən təzə başlayanda kəndlərə düşüb elanlar da yapışdırdım. Rayona da. Sonra yayıldı. İnstagramda səhifəm də var: velo-bərbər adında. Belə-belə müştərilər yığıldı.
Leyla öz işini çox sevir, istəyir, bərbərliyini daha da inkişaf etdirsin. Amma...
- Kişi bərbərlər məni şagird kimi götürmür. Deyirlər ki, qadından bərbər olmaz.
Əvvəl qadınların saçlarını kəsirdi, onu Təranə xanım öyrətmişdi ona. Sonra kişilərin saçlarını kəsməyə başladı. Heç bir kişi bərbər onu öyrətməyə yanaşmadı. Leyla deyir, dövlət mənə sosial yardım versə, əl uzatsa, mən yalnız öz peşəmlə dolanaram, dolanışıq üçün başqa yerlərə getmərəm.
Uşaqlar hərlənib-fırlanıb yanımıza qayıdırlar. Biz parkın küncünə keçirik. Leyla yoldaşım Nərminin saçını kəsmək üçün çantasından ləvazimatları çıxarır: fen, qayçı, maşınka...
Parkın az saylı sakinləri çaşqın-çaşqın bizə baxırlar. O boyda İcra Hakimiyyətinin qabağında, bu boyda parkda, küçədə saç kəsirlər.
Leyla pianonun dillərinə toxunan sayaq Nərminin saç uclarını aradan götürür. Və tamaşamız burda başa çatır, park sakinləri maraqlı hadisənin finalına baxıb sanki öz-özlərinə deyirlər: “Elə bu?”
Leyla və üç uşağı skamyada oturublar. Ortancıl oğlanın telefonda göstərdiyi hansısa videoya baxırlar. Sonbeşik velosipedi yamsılayan hərəkət eləyib onları güldürür. Böyük olanı eləcə bir qıraqda durub qımışır.
Qazonda uzanıqlı qalan velosipedləri günün altında dincəlirlər. Bir azdan işə çıxacaqlar...