Ədəbiyyata gedən qatardan reportaj

Ədəbiyyata gedən qatardan reportaj
13 dekabr 2016
# 13:33

Qatar nəfəsini dərib yavaş-yavaş dayandı. Növbəti stansiyanın adı ədəbiyyat.

İçəri yaraşıqlı, gözləri muncuq boyda bir oğlan girdi, boş yerlərin birində oturub ayağını ayağının üstünə aşırdı. Şəkillərdə yaxşı düşürdü onun qatar vaqonunda səssizcə oturuşu. Bir azdan vaqona bir xeyli adam doluşdu. Gözləri ayrılıq rəmzi bir qadın şəkillərdə yaxşı düşən oğlanın başının üstünü aldı. Adam yerindən durub gülümsündü. Xanım əyləşib təbəssümlə dedi:

- Verin əllərinizi saxlayım.

Bu yerdə cavan bir oğlan tez-tələsik içəri girib qapıları tutdu və vaqondakılara fikir vermədən səsini başına atdı: “Tez eləyin, ə... Ədəbiyyata gedirik. Qapını tutmuşam, girin”.

Ağızlarındakı südün sarısı getməyən bir neçə uşaq vaqonun səssizliyinə doluşdu.

Yenicə əyləşmiş xanımın gülümsəyən siması qəfil yoxa çıxdı, bu dəfə gözləri qəzəb rəmzinə çevrildi, cavan oğlanın əllərini ovcundan quş kimi buraxıb hirslə hay-küyçülərə baxdı.

Yeni gələnlər boş yerlərə cumdular. Kimisi oturanların qucağına düşdü, kimisi ayaqda tutacaqdan sallandı, kimisi də çömbəlib yerdə oturdu.

Qadın əsəbi-əsəbi onları süzüb təzədən gülümsündü:

- Bunlar da ədəbiyyata gəlirlər?

- Yox, bunlar ədəbiyyata cumurlar. – dedi cavan adam gülümsəyərək.

Bir azdan vaqona iki saqqalı girdi. Onlar qol-qola girmişdilər, elə bilərdin sevgilidirlər. Onlar oğlanla xanımın olduğu yerə gedib “Söykənməyin” yazılan qapıya söykəndilər.

Vaqonun lap qırağındakı üzbəüz oturacaqların birində kök, saqqallı, rəngli koftalı, qolları bilərzikli bir adam əyləşmişdi. Onunla üzbəüz oturanlara söhbətləşirdi.

- Təzə şeirlər yazmışam.

- Nə yaxşı. Bir misrasını de görək qatar tərpənməmiş. – arıq, qıyıq göz, Brus Liyə oxşayanın səsi idi.

- Darıxıram, darıxıram, darıxıram.

Qıyıq gözlünün yanındakı özünə əl qatı, əlini-qolunu sallaya-sallaya danışmağa başladı:

- Başıva daş düşməsin? O mənim misramdır e... Ki sən bilmirsən ki, darıxmaq mənim mövzumdur?

- Gəl, qardaş malı kimi bölək. Nə olacaq? – kök əlini uzatdı.

Bu vaxt maşinist göründü şüşənin arxasından. O ağzında qəlyan yanında da bir formalı perronda gəzişirdi. İkisi də ağ saçlı idi. Hərdən maşinistin yanındakının xırıltılı səsi eşidilirdi.

Onların bayaqdan qatarı sürməyib laqqırtı vura-vura gəzişdiyinə qəzəblənən saqqallı, eynəkli, rəngli paltarlı özünü saxlaya bilməyib qışqırdı:

- Nə qədər gözləmək olar e? Sizin əlinizdən ədəbiyyata gedə bilməyəcəyik indi? Özünüzü nə sanırsınız axı? Dədənizin malıdır qatar?

İki ağ saçlı deyəsən, onu eşitmədi və təzədən gəzişməyə davam elədi. Saqqalı da saqqalına tumar çəkə-çəkə deyinməyə başladı:

- Ədəbiyyata bunların ucundan gedə bilmirik. Hər yeri tutublar. Qulaqları da eşitmir. Yarım saatdır qatar bir damcı tərpənməyib...

Ayaqda durub tutacaqdan tutan yekəpər, enli kürək biri onun sözünü kəsdi:

- “Bir damcı” bu cümlədə yerinə düşmür. Dəyişmək lazımdı.

Yanında dayanmış eynəkli, balacaboy etiraz elədi:

- Əsas üslubdur.

Yerbəyerdən qarışıq səslər eşidildi: “Dil... üslub... mətnin canı...”

Etiraz edən özünü itirmədi:

- İstəyirsiniz, ədəbiyyat stansiyasına çataq müzakirə eləyərik.

Hamı sükuta qərq oldu. Bu vaxt qıpçaqlara oxşayan bir kişi əlini sallaya-sallaya danışmağa başladı:

- O maşinisti tanımırsınız. Belə kişidir e... O olmasa bu dəqiqə yolda qalardıq. Kim aparardı bizi ədəbiyyata? Hay? Sənə deyirəm, ə. Bir maa qulaq as görüm. Kim aparardı?

Əlində diplomat tutmuş eynəkli, kürən saçlı biri bayaq maşinistə qəzəblənən adamın ağzını açmağa imkan vermədi:

- Mən apara bilərdim. Qoymadınız. Sizi yerin altından da, üstündən də, hava boşluğundan da aparardım ədəbiyyata.

Hay-küy salan, telefonda mahnı qoşub özlərindən keçən cavan-cantaraqlar birdən onun sözünə qulaq kəsildilər.

- Bizi də aparardınız, müəllim?

Vaqondakılar elə bil indi bu uşaqların varlığından xəbər tutdular.

- Əəə, bunları kim dürtüb bura?

- Ayə, siz kimsiniz?

- Nə işiniz var burda? Gedin top-top oynayın...

Yerbəyerdən qəzəbli səslər eşidildi. Sıra bu dəfə cavanların idi.

- Bizim laykımız çoxdu e...

- Mən AYB-nin üzvüyəm.

- Çıxart vəsiqəni göstər ə...

- Heç kimin duxu çatmaz məni burdan çıxartmağa...

Bu vaxt səs-küyə kök nəzarətçi yetişdi:

- Nolub ə?

- Bizi atmaq istəyirlər vaqondan.

- Qələt eləyirlər! Dərəbəylikdir, bəyəm? Nədir? Yerinizi dar eləyirlər?

Bir neçə etiraz səsləri gəldi:

- Səni nəzarətçi qoyanın başına daş düşsün.

- Bazara eləyiblər e buranı...

Kiminsə pıçıltısı etiraz səslərinə qarışdı:

- Araq olsaydı, paxmelimi açardım. Sabahdan içməyəcəm. – öz-özünə danışırdı. – Oturub yazmalıyam.

- Mənim yazanıma bax! Səndən yazıçı yox, heç “slesar” da çıxmaz... Ala bu pulu, get zəhərlən... – nəzarətçi pulu tullayanda üç-dörd tərəfdən hücum etdilər.

Qatar fit çaldı. Dispetçerin səsi eşidildi: “Qapılar bağlanır, növbəti stansiya ədəbiyyat”.

Yerə atılan pulun üstündə dava düşdü, pul gah bir tərəfə, gah o biri tərəfə uça-uça axırda qapı aralığından perrona düşdü. Hamı şüşənin qabağında perrona sərilən pula baxıb köks ötürdü. Qatar qaranlıq tunelə girəndə bayaq qovulmaq təhlükəsi yaşayan gənclər ayaqlarını uzadıb rahatlaşdılar. Kimsə kədərlə onlara baxdı, kimsə hırıldadı, kimsə əlini çənəsinə dayaq eləyib gülümsündü, kimsə də sadəcə keçib gedən qaranlıqlara baxdı şüşənin arxasından...

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #