Məmurlarımız niyə “quş”layır?

Məmurlarımız niyə “quş”layır?
7 sentyabr 2020
# 11:05

İctimai yüklü, cəmiyyət üçün önəmli şəxslər, dövlət məmurları, sənətkarlar, müğənnilər, yazıçılar və ş. tez-tez səsləndirdikləri fikirlərə görə qınaq obyekti, gülüş hədəfinə çevrilirlər.

İstedadlı xalqımız onların bu cür fikirlərinə yaxşı bir söz də tapıb: quşlamaq.

"Quşlayan"ların çoxluğundan şükür ki, əylənməyə, üzümüzü güldürməyə səbəb tapırıq. Lakin bu gülüşün, lağ-lağının ömrü uzun çəkmir. Çünki o fikirləri deyən şəxslər sosial məsuliyyəti, daşıdığı statusun ciddiliyini itirir, nəticədə xalq onlardan incik düşür, arada körpülər yanır.

Bu günə qədər çox qəribə, inanılmaz açıqlamalarla qarşılaşmışıq. Eşit, amma inanma - burda deyiblər.

Son günlərin ən maraqlı açıqlamasına diqqət:

BNA-nın şöbə müdiri Hikmət Babayev:

"Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Və nəticədə şəxsi tutduğu vəzifədən azad etdilər.

Sən tutduğun vəzifənin məsuliyyətini anlamırsansa, sosial vəziyyəti dərk etmirsənsə, reallıqdan uzaqdasansa, o zaman səni reallığın düz ortasına göndərərlər. Reallığa baxar və ətrafında hördüyün divarları aşarsan...

İndiyə qədər bir-birindən maraqlı, əyləncəli, gündəmdə at oynadan açıqlamalar olub. Yaddaşımızı təzələmək, həm də vəziyyətə daha çox hakim olmaq üçün onların bir qismi ilə tanış olaq:

Hadı Rəcəbli:

"Müəllimlər dolana bilmirsə işdən sonra fəhləlik etsinlər".

"Çində uşaq pulu yoxdur, əksinə uşağa görə vergi tuturlar".

Hüseynbala Mirələmov:

"Ət yeməyin, forma saxlayın."

Çingiz Qənizadə:

"Hər il təzə paltar almayın, hər toya getməyin."

Əbülfəs Qarayev:

"İlhamə Quliyeva da şəhiddir"

Abel Məhərrəmov:

"Biz xırda adamlarıq"

Siyavuş Novruzov:

"Mən kəşfiyyat naçalnikinin rəisi olmuşam"

Düşünürəm, düşünürəm, bu cür əhəmiyyətli, vacib, ölkə və cəmiyyət üçün önəm kəsb edən məsələlər haqda niyə bu qədər naşıcasına, gülünc açıqlamalar verəsən. Tapa bilmirəm. Bu açıqlamalar hansı psixoloji vəziyyətin məhsuludur? Onlar da bizim kimi ətdən-sümükdən ibarətdirlər axı. Adi bir uşağın belə bildiyi həqiqəti elə bəzəyib-düzəyib bizə çatdırırlar ki, ağzın açıq qalır.

Bəlkə də biz onları həddindən artıq ucaltmışıq. Gözümüzdə böyütdüklərimizin əslində kiçikliyinin fərqində deyilik. Onlar bir dəfə olsun empatiya hissi qurmayan adamlardı. Səni, məni hardan başa düşsünlər? Hansının dediyindən başlayasan? Hamısı elə bil bu dünyaya şüşə koleydeskopun içindən baxır. Yaxud ən pisi: bizimlə əylənirlər.

Deyirik, bəlkə dediklərinin fərqində deyillər, insandır, fikrini tam ifadə eləyə bilməyib. Olur belə şeylər, bir də görürsən, kimsə doğru sözünü köndələn deyir. Başa düşürəm o adamları. Ancaq bunlar elədirmi? Bir dəfə deməyiblər axı, az qala hər zaman "quşlamağa" hazır dayanıblar.

İctimaiyyətin fikrini heçə sayan, reallığı dərk eləməyən adam gərək ciddi yerlərdə olmaya, bu məsuliyyəti daşımaya. Yoxsa biz hələ bu cür fikirlərlə çox qarşılaşacağıq. Necə ki qarşılaşırıq.

Bəlkə indi o fikirlərə gülürük, əylənirik, lağ-lağı edib keçirik, amma zaman gələcək o söylənilənlərin əhəmiyyətini dərk edəcəyik. Hər dəfə min bir əziyyətlə qurduğumuz inam sütunlarını beləcə-beləcə dağıdacağıq.

Məmurlar, deputatlar, dövləti təmsil edənlər bu barədə daha ehtiyatlı olmalıdırlar. Onların fikrinin arxasında tək özləri dayanmır, cəmiyyətin rifahı, sosial məsuliyyət dayanır.

İncəsənət adamlarının da qalmaqallı fikirləri tez-tez qarşımıza çıxır. Onlar dövləti təmsil edənlərin yanında sönük görünsələr də, yenə də məsuliyyət hissini unutmamalıdırlar. Çünki o şəxsləri də sevən, onlara da inanan milyonlar var.

Bir nüansı da deyim, keçək növbəti abzasa. Bəzən, yaradıcı adamın fikrini məmurlarla eyni tərəziyə qoyurlar. Sənət və yaradıcılıq baxımından, hər hansı ağrıyan məsələnin düzəlməsi üçün yaradıcı adamın fikri birmənalı qarşılanmaya bilər. Epataj, ajiotaj yaratmaq naminə deyilənləri bura aid eləmirəm. Sırf estetik mənada deyilən və zamanın, həmçinin elitanın dəyərləndirməsinə ehtiyac olan fikirlər heç vaxt ziyanlı deyil. Ziyanlı fikir cəmiyyətin ağrıyan yerinə, reallığa barmaqarası baxan fikirdir,

Razılaşaq ki, hər gün absurd hadisələrin, fikirlərin olduğu bir ölkədə yaşayırıq. Biz unikal adamlarla, unikal açıqlamalarla bir yerdə addımlayırıq. Düzü, bu cür "quşlamalar" ənənə halını aldığından hamımız öz yumor hissimizə arxalanıb məsələni ört-basdır edir və beləliklə, vəziyyətin normallaşacağını düşünürük.

Bu cür fikirlər arxasında böyük bir ümidsizlik, güvənsizlik yaradır.

İnsanlar sizdən normal, yaralı barmağa müalicəvi əhəmiyyəti olan açıqlamalar gözləyir. Dürüst, vicdanlı iş gözləyir. Sosial məsuliyyət gözləyir.

İçinizdəki vicdanın oyanması üçün daha nə edək?

# 3669 dəfə oxunub

Müəllifin son yazıları

# # #