Kulis.Az gənc şair Emin Piri ilə müsahibəni təqdim edir.
- Bu yaxında “Sağ qalan varmı?” adlı kitabın çıxdı. Nəyə görə belə qoymusan adını?
- Düşünürsənsə varsan demək istəyirəm. İnsanın duyğuları, hisləri varsa, sevə bilirsə, o insan sağdır. Bu hislərdən məhrumdursa, o insana sağ deyə bilmərik. Dünyada bu qədər haqsızlıqlar olur. Sən bunun fərqindəsənsə, sağsan, deyilsənsə, sağ deyilsən. Kitabı hissələrə bölməsəm də, əslində dörd hissədən ibarətdir: müharibə, onun çətinlikliləri, qadınlar, uşaqlar. Sonra Tanrı-İblis məsələsi. Daha sonra da sevgi. Və bu hisləri içində daşıyan adam sağ qalmalıdır. Bu baxımdan kitabın adından razıyam.
- Bu ikinci kitabındır...
- Bəli, ikinci kitabdır. Ancaq bu kitabı həm də birinci kitabım kimi hesab edirəm. Bu o demək deyil ki, birinci kitabım zəif idi, üzə çıxarılası deyildi. Qətiyyən! Zatən birinci kitabdakı şeirlərdən ələk-vələk eləyib bu kitaba daxil eləmişəm. Sadəcə birinci kitabda bir az tələsdim. Bəlkə də kitab çıxarmaq lazım idi deyə düşünmüşəm və kitabı çap etdirmişəm. Ancaq ikinci kitabım daha çox əmin olduğum kitabdır.
- Kitabın adı “Sağ qalan varmı?”dır. Bəs ordakı şeirlər də sağ qalanlardır, yoxsa aralarında xəstəhalı da var?
- Təxminən 60 şeir seçmişdim. Durum deyim ki, 60 şeirin hamısı şedevrdir, yox, elə deyil. Normal insan öz balasını yaxşı tanıyır. Ancaq dostlar oldu ki, bir neçə şeirin kitaba daxil olmağını istədilər. Sən də oxucunun qabağına çıxırsansa, onu da nəzərə almalısan. Buna görə də onların dediyi şeirləri də əlavə etdim. Kitabdakı şeirlər əmin olduğum şeirlərdir. Ancaq istəyirəm ki, gələcəkdə bu şeirlərdən əmin olmayım. Bu o deməkdir ki, inkişaf etmək istəyirəm. Əgər olduğum kimi qalmağımı istəsəm, inkişafdan danışa bilmərik. Arzu edirəm ki, bu şeirlərdən imtina edim.
- Emin bir var, anadangəlmə yazıçı və şairlər, bir də var, atadangəlmə yazıçı və şairlər. Sən də ikincilərdənsən. Sabir Yusifoğlunun oğlusan. Ancaq çox qəribədir ki, səni onun oğlu kimi yox, elə Emin Piri kimi tanıyırlar.
- Dünyaya baxanda görürük ki, hansısa şair, yazıçının nəslində ədəbiyyatla maraqlanan biri olub və həmin şair, yazıçı da ondan təsirlənib. Elmi cəhətdən götürsək, adi bir hüceyrənin belə yaddaşı var. Mən genetik yolla istedadın keçməyinə tam inanıram. Bu genetik yaddaşdır, ötürülür və biz də o yolu davam etdiririk.
- Bəs atanızla mübahisələriniz olur? Ədəbiyyat polemikaları...
- Deyim ki, iki il əvvəl atamla bu səpkidə müzakirələr edirdik. Ancaq son vaxtlar məndə xeyli dəyişikliklər olub. Atamla ədəbiyyat müzakirələrindən qaçıram, hətta atamı Facebookda blok da etmişəm (gülüşmə). Çünki statusumu oxuyanda zəng edib ata kimi münasibət göstərirdi. Mən də istəyirdim ki, o ata kimi yox, yazıçı, şair kimi bu məsələyə fikir bildirsin. Bəlkə də bu mənim səhvimdir, özünü bir qədər böyük görməkdir. Amma o gündən sonra bloka atdım ki, bir də məni narahat etmə, nə sözün olsa mətbuata deyərsən. Atam kommunist dövrünün ab-havasından hələ də qurtula bilməyib. Düşünür ki, oxucu özü axtarıb tapacaq, ya hansısa gözəgörünməz əl gəlib mükafat verəcək bunlara, ya da vəzifə verəcəklər. Ancaq biz kapitalizm uşağıyıq. Nə qədər “qoy oxucu bəyənsin” desək də, kapitalist manevrlər edirik. İmza günləri keçiririk, kitabdan pul qazanmaq istəyirik. Mediaya çıxmaq, populyarlaşmaq istəyirik. Bu baxımdan mənə burjua şairi demək olar (gülür).
- Atanla fərqlərinin olduğunu dedin. Ancaq sənin imza günün də həmin o ənənələrə sadiq qalan AYB-də keçirildi.
- Atamın heç AYB-də təqdimatı da olmayıb.
- O səndən yenilikçi imiş ki...
- (gülür). Axı bayaq dedim ki, mən bir az kapitalist uşağıyam, münasibətlər qurmağı bacarıram.
- Maraqlıdır, başqa kitab mağazalarında da imza günü keçirə bilərsən. Niyə AYB?
- Gəl nəzərə alaq ki, AYB-ni nə qədər qəbul etməsək də, artıq o qurum oturuşmuş, sanballı bir yerdir. Rayonların birində tədbirə getmişdim, AYB üzvü olduğumu biləndə “Emin bəy, orda oturma, burda otur” dedilər, mənə münasibət kəskin şəkildə dəyişdi. Sonra başa düşdüm ki, AYB vəsiqəsi, sən demə, nə qiymətli xəzinəymiş.
- Yəni AYB-də olmaq sənə xoş münasibət gətirir...
- Həm o var, həm də ki... Mənim də AYB-yə qarşı bəzi müxalif fikirlərim olub. Amma sonra gördüm ki, orda çox istedadlı insanlar çalışır, məsələyə bir tərəfli baxmaq yanlışdır. Hətta vəzifədə olanların içində də istedadlı adamlar var. Mənə qarşı da çox xoş münasibət görmüşəm.
- Fikrət Qoca ilə bağlı nəsə demişdin deyəsən...
- Nəsə olmuşdu, hə, açığı yadıma düşmür (gülür).
- Doğurdan yadına düşmür?
- Deyəsən, bizim Anarla, Fikrət Qocayla görüşə bilməməyimiz haqqında fikir səsləndirmişdim. Yəni gənc yazarlar görüşə bilmir. Sonra Anar müəllimlə, Fikrət müəllimlə görüşdük. Dedilər, nə problem var, istədiyin vaxt gəl görüşək, söhbət eləyək. Yəni onlar məni utandırdılar. Sonra regionlarda Anar müəllimlə bir yerdə səfərdə olduq. Mən gördüm ki, belə bir gözəl jest elədilər. Bundan sonra da qalmaqallardan uzaq durdum.
- Həm də ucqar kəndə gedib tarix müəllimi işə başladın və ədəbi mühitdən də uzaqlaşdın...
- Ucqar kənddə müəllim kimi işləməyin mənə çox faydası dəydi. Mütaliə etməyə, özümə çəkilməyə bol vaxtım oldu. Bu həm özünü, həm də kənarı izləməyə imkan yaradır. İndi fikir verirəm ki, dostlarımız gündəm, qalmaqal yaratmasalar, dura bilmirlər, sanki buna aclıq duyurlar. Gərək istedadlı adam alternativlərini gələcəyə saxlasın. Qadından, şəhər-kənd problemindən, siyasətdən, millətlərdən, ordan-burdan yaz. Sonra nə olacaq? Bir gün durğun vaxtın olacaq, gündəmə gəlmək istəyəcəksən, ancaq alternativin yoxdur, qalmaqal yaradacaq sözün qalmayıb. Mən də bu baxımından bütün alternativlərimi gələcəyə saxlamışam.
- Gələcəkdə qalmaqalların olacaq yəni?
- Hə, olacaq. Amma kimisə şərləməyəcəm. Mənim bir neçə gün gündəm olacaq ehtiyat qalmaqallarım var. Onları balans kimi saxlayıram. Amma indi ehtiyac görmürəm. İndi şeirlər yazıram və onlar da uğur gətirir. Düşünürlər ki, qalmaqala daha çox diqqət var. Doğrudur. Ancaq şeirə verilən hörmət ayrıdır. Elə bir yerdən zəng edib çağırırlar ki, başqa yazarlar buna görə sinov gedərlər. Rəşad Məcid maraqlı bir şey deyirdi: “Mənə istedad yox, sədaqət lazımdır”. İş prinsipi baxımından ən önəmli olanı sədaqətdir. İstedad da təbii ki lazımdır. İstedadın var, amma sədaqətin yoxdursa, səni heç vaxt qəbul etməyəcəklər.
- Artıq qalmaqal dövrün gedib yəni?
- Hə, əlbəttə. Bir mərhələni keçmək lazımdır. Adam var, hələ də şikayət edir ki, mənə iş vermirlər. Halbuki iş prinsipi olmalıdır onda. Bizim gənc yazarların çoxusu nə istəyir? İndi deyirəm, məni vəzifəpərəst hesab edəcəklər. Çox oxunmaq istəyirlər, ona pul verilməsini, mükafat verilməsini istəyirlər, qonaqlıq verilməyini istəyirlər, vəzifədə olmaq istəyirlər. Bütün bunların hamısına nail olmaq mümkündür? Heç cür. İstedadın qəbul olunsa, vəzifənə görə tənqid olunacaqsan. Bunlar isə istəyirlər ki, həm şair kimi qəbul olunsunlar, həm də vəzifələrinə görə təriflənsinlər. Qalmaqalın da mərhələsi olur. Özünə yaraşan mərhələsi. Onu keçməlisən. 40-50 yaşında bunu etmək gülüncdür. Bunu edərlər 20 yaşlarında.
- Amma sən dalaşqan birinə oxşayırsan...
- Bu dəlisovluq, dalaşqanlıq var məndə. Amma bu enerjini başqa şeylərə saxlayıram. Çünki qorxuram. Açığını deyim, istedadlı qalmaqalın ayağına atanda yeyilir.
- Son dövrlər imzası görünən gənclərdənsən. Özün Emin Pirini Azərbaycan poeziyasında harda görürsən? Necə şairdi Emin Piri?
- Mən kütlə şairi olmaq heç vaxt istəməmişəm. Şəhriyarın dediyi kimi, kütlə aşağıdır filan demirəm. Elitar da deyəndə cibi pullunu nəzərdə tutmuram, ruhu aristokratik olanlardan söhbət gedir. Mənim hədəflədiyim kütlə budur. Son vaxtlar yazdığım şeirlərdə də hiss olunur ki, həmin hədəfə çatıram. Şair kimi özümdən razıyam. Mənim necə şair olduğumu Aqşin Evrəndən, Əsəd Cahangirdən soruşmaq lazımdır. Kənar bir adam kimi baxsam, mən azərbaycanlı kimi fəxr eləyərdim ki, Emin Piri kimi şair var.
- Emin, özünün ən çox sevdiyin misran hansıdır?
- Mənə tez-tez xatırladılan misram budur: “Əsgər sinəsi axtarır fevral soyuğundan üşüyən güllə”. Səngər yoldaşlarım deyir bu misranı. Bizim yanımızda ölənlər olub, bəlkə də ondan bu misra təsirləndirir onları. Mənim isə ən sevdiyim misram başqadır. Bəlkə də bunu o qədər bəyənməzlər, amma mənim çox xoşuma gəlir: “Nağıl söylərdi anam, göydən üç alma düşməzdi nağıllarında, deməzdi bunu anam, birdən ürəyimiz alma istəyər”. Bu misra nəsə mənə çox doğma gəlir.
- Müharibə xətti şeirlərində hakimdir...
- Belə deyək, şeirlərimin 25 faizi müharibə, müharibənin yaratdığı ağrılardır, sevgisini itirən adam da var bu müharibənin içində. Sevgi şeirlərimin içində də savaş var. Bu amma o savaşdan deyil. Sən dediyin kimi, mənim dalaşqan ruhumdan irəli gəlir. Ətaləti heç vaxt sevməmişəm. İllərdir bir nəfərlə sevgilisən, amma bir dəfə də olsun narazılığınız olmayıb. Mən bu münasibəti sevmirəm. Demək, ikimizdən biri saxtayıq. Mən üç ay bir nəfərlə sevgili oldum. Məhz bu səbəbdən ondan ayrıldım. Üç ay müddətində nə bir kobud söz, nə bir şey. Heç dalaşa da bilmirdik. Mən də ona dedim ki, belə getməz, biz ayrılmalıyıq.
- İndi 30 yaşa çatmısan. Evlənməyi düşünmürsən?
- Bilirsən...
- Özü də yaraşıqlısan, şeir də yazırsan, qızların sevimlisi olarsan...
- Bir vaxt oldu ki, şeirlərim çap olundu, qalmaqal yarandı, bir az tanındım. Və məndə görməmişlik yarandı. İndi buna görə peşmanam. Ətrafımda mənə qızların hörməti... Bir qədər havalandım (gülür). Evlilik fikri yoxa çıxdı, görməmişlik yarandı. Və o qədər qızın ümidləri ilə oynamışam ki, indi də yadıma düşəndə peşman oluram... Bu qızlara görə Tanrıdan əfv olunmaq istəyərdim. Çox qıza eşqnamə oxudum. 10 nəfərə bunu deyirsənsə, 5-i “hə” deyir, üçü-dördü də fikirləşirəm deyir, bir-ikisi də yox deyir. Onlar da şair kimi tanıyıb hörmət ediblər, inanıblar. Düşünüblər ki, bir şair niyə yalan desin ki?
- Şair kimi aldatmısan o qızları...
- Hə... Eşqnamə oxumuşam, aldatmışam. Yəni çox günaha girmişəm. Günah deyəndə əxlaq mənada demirəm. Qəlbinə dəymişəm. İndi ən azından ruhsal olaraq o şeylərdən təmizlənmək istəyirəm.