Əlif Şəfəq harda səhv edir?

Əlif Şəfəq harda səhv edir?
14 oktyabr 2020
# 11:58

Yazıçı həqiqətləri dilə gətirən, onun bədii həllini verən şəxsdir. Bir yazıçı həqiqətin yanında deyilsə, onu pərdələməyə çalışırsa, deməli, onun yazdıqları da gözdən düşəcək.

Bir var, yazıçının mətndəki həqiqəti, bir də var, mətndən kənar, sırf vətəndaş kimi mövqeyi. Yazıçı kimi həqiqətini qorumalısan, vətəndaş kimi isə mövqeyin kimlərəsə görə yanlış ola bilər.

Tutaq ki, Dostoyevski dünyanın ən möhtəşəm yazıçılarından biridir və yazdıqları ilə bədii həqiqəti göstərib. Ancaq onun “Peterburq gündəlikləri”ndə türklərə qarşı irqçi yanaşması qınanmalıdır. Dostoyevskini biz “Cinayət və Cəzaya”, “İdiot”a, “Karamazov qardaşları”na görə sevirik.

Hər yazıçının səsləndirdiyi xoşəgəlməz fikirlərin arxasında onu qoruyan mətnləri olmalıdır. Yəni, yazıçı da hər insan kimi yanlış düşüncə içində ola bilər. Biz sırf o düşüncəsinə görə onu qınaya bilərik, ancaq yazıçı kimi varlığını silə bilmərik.

Əlif Şəfəqin sülh çağırışı da bu məqamda yerinə düşməmişdi. O, Gəncədə baş verən, mülkü əhaliyə divan tutan erməniləri görməzdən gəlmişdi. Sanki belə bir hadisə baş verməyib. Ya xəbəri yoxdur, ya da özünü görməməzliyə vurub. Hər iki halda, doğru bir zaman seçməmişdi.

Mən yazıçı kimi Əlif Şəfəqi o qədər də bəyənmirəm. Yəni, o məşhur ifadəylə desəm, mənim yazıçım deyil. Amma yazıçıdır, özü də yaxşı yazıçıdır. Tirajı çoxdur, dünyanın bir çox dillərinə tərcümə olunur, oxunur, sevilir.

Düzü, onun əsərlərindəki popilizmi, trendə uyğun davranmaları sevmirəm. Nə vaxsta “biseksualam” deyən birinin bir gün çıxıb bu fikirləri də səsləndirəcəyi təəccüb doğura bilməz.

İllər əvvəl, Sezen Aksu “Sarı gəlin”i erməni dilində səsləndirdiyi üçün, Ahmet Kaya da etnik məsələni qızışdırdığına görə linç olunmuşdu.

Ancaq nə oldu?

Sənət qalib gəldi.

Sənət onu göstərdi ki, heç bir fikir, heç bir düşüncə tərzi sevginin qarşısını ala bilməz.

Əlif Şəfəqi də sevənlər var. Düzü, onu virtual linç edənlərin çoxunun əsərlərini oxumadığını da hiss etdim. Oxumadan linç etmə əməliyyatı bizdə çox dəbdədir. Əgər Əlif Şəfəqi oxusaydılar, bilərdilər ki, o, əsərlərində çox zaman erməni mövqeyindən çıxış edib. Bizimkilərin ona təəccüblənməyindən belə qənaətə gəldim ki, Əlif Şəfəqi oxumayıblar.

Oxuyanlar da, oxuduqları vaxtı boşa xərclədiklərini və ondan imtina etdiklərini deyirlər. Hətta bəzi kitab mağazaları türk yazıçısının kitablarını boykot edir və satmayacaqlarını dilə gətirir. Birincisi, heç bir yazıçı oxucunun ondan imtina etməsindən nəsə itirmir. Əslində, oxucu dediyimiz, yazıçıdan imtina edə bilər, əsərdən yox. Çünki bayaq da dediyim kimi, mətn ayrıdır, şəxsiyyət ayrı. Oxucu bu iki nəsnəni bir-birindən ayırmağı bacarmalıdır.

Ümid edirəm, məni başa düşən oxucular var və onlar nə demək istədiyimi anlayırlar.

İkincisi, kitabları boykot etmək, mənə görə, doğru deyil. Kitabın onsuz da az oxunduğu bir yerdə bunu etmək qəribə bir vəziyyət yaradır. Onsuz da Əlif Şəfəqin dünyada oxucuları boldur, Azərbaycandakı kitab mağazalarının ondan imtina etməsindən çox şey itirməyəcək.

Bir də fikrə görə, hər yazıçını boykot eləsəydik, o zaman faşizmi dəstəkləyən Knut Hamsunu, yaxud bayaq dediyim kimi, türklərə qarşı irqçilik mövqeyində olan Dostoyevskini də bir qırağa atmalıyıq.

Məsələ Əlif Şəfəqi “yox etmək” prizmasından qoyulmamalıdır. Bu dünyada hər kəs sülh istəyə bilər. Bu, onun haqqıdır. Başqa biri də müharibənin əleyhinə ola bilər. Bu da onun düşüncəsidir.

Sadəcə, belə həssas məqamda Əlif Şəfəq yenə populizmə uydu, trendə düşmək ehtirasına qalib gələ bilmədi və hadisələrə birtərəfli – yəni ədalətsiz yanaşdı.

Araşdırmalı, oxumalı idi ki, görsün, kimin torpaqları işğal edilib. 30 il kimlər terrora məruz qalıb.

Yazıçı kimi, bir dünya vətəndaşı kimi nəyin tərəfindəsən?

İnsanları qətl edənlərinmi?

Özlərinin olmadığı halda ərazi iddiası ilə çıxış eləyib bütün dünyanı aldadanlarımı?

Heç birimiz müharibə istəmirik.

Hamımız güllə səslərinin olmadığı bir dünya istəyirik.

Ancaq bu dünyadan da ədalət istəyirik.

Hər şey soyuq başla həll edilsin, qan tökülməsin istəyirik.

Nəticənin nə olacağını gözləyirik, ümid edirik. Hamımızın yaxını cəbhədə döyüşür. Narahatıq. Hər şeyin yaxşı bir sonluqla bitməyini arzulayırıq.

Öz torpaqlarımıza qayıdandan sonra, hər şey qaydasına düşəndən sonra, sülh çağırışı normaldır.

İndiki halda qardaşı ölkədən olan tanınmış yazıçının birtərəfli yanaşması qəlbimizi qırır.

Əlif Şəfəq, o gün olsun həqiqətlərə vaqif olacağın günə gəlib çıxasan və bizi anlayasan. Biz səhvləri ilə, doğruları ilə bir yerdə sevirik yazıçıları. Bu gün səhv dediniz, ona görə üzüldük, inşallah sabah doğrunu deyərsən, qucağımızı açarıq.

Kendine iyi bak!

# 6017 dəfə oxunub

Müəllifin son yazıları

# # #