Kulis Aydın Talıbzadənin ““Cəlil-qlobal prodakşn” təqdim edir: “Dəli yığıncağı”nın İsa Məsihi” yazısını təqdim edir.
Bu Məsih və ya Sahib əz-zaman kim ola, kim ola, kim ola, yox, Məşədi İbad deyil, hə, bir az da axtarın, bir az da qafanızı çalışdırın, bir az da fikirləşin. Nooldu, tapmadınız? Daha keçib, eyb eləməz, mən Sizə deyərəm: bu adam doktor Lalbyuzdur, bəli, bəli, İngiltərədən sifarişlə gətirilmiş dəli həkimi... Başqa sözlə, cənab psixiatr... Mirzə Cəlilin “Dəli yığıncağı” pyesinin lal, çaşqın qəhrəmanı... Çaşmayıb da bu binəva neyləsin?
Dəlilik, axı, bu gün pandemiyadır, ayrı cür desəm, dünyanı dolaşan epidemiyadır: hamını yoluxdurur. Suriya “havasına” qol götürüb rəqs edən həməncə dəliləşir, qulaqları bomba səsindən kar olur, ağlını da nicat yolunda salıb itirir və gözləri döyükə-döyükə öz-özündən soruşur: “A başınıza dönüm, İŞİD nəmənədir, onu kim yaradıb, kim silahlandırıb, niyə bu iri-iri dövlətlər bu İŞİD-in öhdəsindən gələ bilmirlər, yoxsa İŞİD kölgədir, simulyakrdır, cindir, kabusdur? İslam Dövləti əleyhinə islam ölkələri koalisiyası?.. Hm?.. Qəribə səslənmirmi? Yəni abrakadabra?.. İlanı Seyid Əhməd əliylə boğmaq nə demək?”
Belə görünür ki, dünya dəli yığıncağına düşüb və ya Allah sənə rəhmət eləsin, Mirzə Cəlil... Sən olan yerdə, Nostradamusa, Vanqaya, Qlobaya nə hacət?
Birdən ingilis Lalbyuz da pandemiyanın mərkəzində dəlilik mərəzinə tutulub özünü İsa Məsih, ya da nəuzibilləh, Mehdi Sahib əz-zaman bilər ha?.. Ya da olar Şeyx Nəsrullah, bir ismi-əzəm oxuyub ölüləri dirildər, ya da “Yaşıl düşərgə” kinofilmində Maykl Klark Dunkanın qəhrəmanı kimi ovcunun içinə üfürüb əlacsız xəstələrə şəfa verər...
Onda həkim, vay şələküm-məəlləküm...
Aktuallıq həmişə publisistikadır. “Dəlilik” mövzusu da zamana və yazıya hər dövrdə əla “oturur”, fəlsəfənin absurdunda, absurdun fəlsəfəsində cuşa gəlib fırlandıqca fırlanır.
Gəncə Dram Teatrının “Dəli yığıncağı” tamaşası da yetərincə aktual: ictimai-siyasi və iqtisadi olayların, ruhsal-mənəvi problemlərin geniş spektrində çözülür və semantikləşir.
Aktuallığa bir nöqtə, publisitikaya – xudafis. İndi də şünas olub tamaşanı araşdıraq.
Pərdə açıldı: səhnənin orta planında yuxarıdan tabaq boyda əlvan gözmuncuğu asılmışdı. Günəş kimi üzü vardı, çox pozitiv idi. Bir qədər aralıdan ələm bizə “əl eləyirdi”. Sağ tərəfdə dünya ağacını rəmzləşdirən metal konstruksiyanın millərinə köhnə, cında əski parçaları bağlanmışdı. Və nəhayət, nikel kəcavə-mafə karusel fraqmenti kimi sərgilənirdi. Xeyr, onlar statikada “mürgüləmirdilər”, yerlərində dayana-dayana sanki muğam-caz melodisinə köklənib “qurcalanırdılar”, “dingildəyirdilər” və hərdən qımışıb mənə klounsayağı “göz də vururdular” ki, “Cəlil-Qlobal”a xoş gəlmisən. Elə bu an içimdə bir fikir mənə hakim kəsildi: deyəsən, bu teatr mövsümünün hadisəsini yaşamaq ərəfəsindəyəm.
Lə hövlə vəla qüvvətən illəh və billəh əliyül-əzim...
Təsəvvür edin ki, Azərbaycanda mövcud çoxsaylı pirlərdən birinin həyətidir səhnə. Pir və islam?! Olurmu heç? Olanda ya onda ol, ya bunda! Sərdabədə islam müqəddəs və övliyalarından birinin uyuması pirin mövcudluq şərtidir. Hamı bunu bilir. Amma bütün pirlərin həyətində bütpərəstlik elementləri aşkar: həmayillər, müqəddəs daşlar, murad ağacları, divara yapışdırılan xırda pullar, yeriyən buğda dənələri və daha nələr, nələr, nələr... Biz hamısına inanırıq və şəkk gətirmirik...
Bu görüntü ilə tamaşanın quruluşçu rejissoru İradə Gözəlova bəyan eləyir ki, o, Mirzə Cəlilin “Dəli yığıncağı”nı pir həyətində oynayacaq. Teatrdan son dərəcə mühüm bir mesaj: məkan pirdir.
Bir gün bu pirə Doktor Lalbyuz (İlham Hüseynov) təşrif buyurur. Təşrif buyurur ki, dəliləri sağaltsın. Yəni “budu gəldi səfahətin kanı, Hacı Seyid Əzim Şirvani”... Əla bağlanır, məncə...
Gəncəlilərin tamaşası da dəli həkimi Lalbyuzun vay şələküm-məəlləküm əhvalatı kimi düşünülüb. Sanki daş-qalaq olmamışdan öncə doktor Lalbyuz “əl saxlayın, mən özüm” deyib islamı müdafiə qalxanı kimi başına çəkir, əyninə əba geyinir, olur övliya, müqəddəs, müctəhid... İradə Gözəlovanın qurduğu “Dəli yığıncağı”nın qəhrəmanı məhz doktor Lalbyuzdur, daha Molla Abbas, Pırpız Sona deyil. Tamaşada, dəlisi, şikəsti, xəstəsi qarışıq, pir əhli kimi tanıdılacaq bir bölük müsəlman var və bir də cənab Lalbyuz həkimi-ingilis... Ona görə də rejissor pyesin iştirakçılarını portretləşdirmir, xarakterləri xüsusi fərqləndirmir, yalnız ötəri eskiz cizgilərini qabardaraq personajları şarj və karikatura dünyasına “itələyir”. Tamaşa ştamp və klişelər dışındadır, yüngül və rahat baxılır, hətta əməllicə əyləndirir də.
Öncə səhnədə, daha doğrusu, pirin həyətində Fazil Küleyni (Elxan Abbasov) görünür: əynində kostyum, başında buxara papaq, boğazında şərf, gözündə qara eynək. Haradasa Rusiya şansonu Qriqori Lepsin geyim tərzi: bir az sirli, bir az naməlum, bir az seksual. “Dəli” qardaşlarının arvadlarına siğə oxutdurmaq istəyən ədabaz müsəlman kişiləri bu cür geyindirilib. Məkkə Məhəmməd (Ramiz Vəliyev), Hacı Naib (Faiq Qasımov), Kərbəlayi Türbət (Mətləb Təhmazi), Hacı Bağdad (Samir Abbasov) – bunların hamısı pir “müğənni”ləridir, modern molla karikaturalarıdır və müsəlmanlığın müasir maskalarıdır. Onlar dünəndə qalmayıblar, bu gündədirlər!
Odur ki, rejissor əlüstü başlayır bütün bunları karnavallaşdırmağa. Vay şələküm-məəlləküm səhnədə ayaq açıb yeriyir. Qəfil geqlər və sərrast mənalandırmalar, birbaşa ironiya, lağ pyesdəki faciəvi notları, patetik maarifçi səslənmələrini ehmalca “söndürür”. İradə Gözəlova sanki “Dəli yığıncağı” pyesini və Mirzə Cəlili əcayib-qərayib lambada rəqsinə dəvət eləyir. Siğələrini gözləyən qadınlar burcuda-burcuda frontal mizanlarla gah elə keçib gedirlər, gah belə. Mən buna “müsəlmansayağı lambada” deyərdim: çünki bütün bu dini “xırdavat”, qadınlarla birgə, elə bil yerindən sıçrayıb siğə rəqsində özünü unutmaq istəyir.
Fərraş Şimrəli (Murad Mehrəliyev) də bu arada davul döyəcləyir.
Türkiyədə Ramazan günlərində müsəlmanları səhər-səhər bu sayaq yuxudan ayıldırlar.
İradə xanım da Fərraş Şimrəlini götürüb eləyib “Dəli yığıncağı” tamaşasının oyun babası. Şimrəli dəli yığıncağının şoumenidir, əlində də bir davul çubuğu. Bu, təkcə çubuq yox, həm də mikrofona bənzər bir miniatür toppuzdur ki, hacılardan, kərbəlayilərdən müsahibə almağa da yarayır. Davula dəyən çubuq davuldan sıçrayıb mikrofon olur. Bax, elə bu an, yəni sıraya düzülmüş hacılarla blits-intervyu zamanı Fərraş Şimrəli çağdaş mass-medianın simvolik obrazı kimi seyrçinin beyninə həkk olunur.
Üstünə ağ hərflərlə “NəzИr Qutusu” yazılmış qara yeşiyi də səhnəyə davul səsləri altında çıxardırlar. Qutunu fırladırlar və seyrçi görür ki, polietilen örtük arxasında Həzrət Əşrəf (Elnur Abbasov) konvulsiv bir halətdə əyləşib. Məlum olur ki, sən demə, bu Həzrət də serebral iflicdən əziyyət çəkən bir mişoppa (Məşədi Baba) tipidir...
Lə hövlə vəla qüvvətən illəh və billəh əliyül-əzim...
Amma bu mişoppa Həzrət Əşrəf o qurumuş “taxta” barmaqlarını əsdirə-əsdirə uzadıb nəzir yığmaqda ustacasına mahirdir...
İradə Gözəlovanın “Dəli yığıncağı” dekonstruksiyası Mirzə Cəlilin gerçəkliyə tənqidi münasibətindən daha kəskin və daha amansızdır. Rejissor partitura çərçivəsində mətnin maarifçi tendensiyasını “əridib” tamaşanı klounadaya doğru yönləndirir və pyesin koqnitiv ünsiyyət məkanını pir-klounada müstəvisinə çevirir. Ol səbəbdən Mirzə Cəlilin “sevimli dəliləri” Gözəlova versiyasında manej təlxəklərinə oxşayırlar. Onların davranış tərzi də bu yozuma əsasən müəyyənləşib.
Molla Abbas (Salam İsmayıl) öz zil qara pencəyi, dümağ köynəyilə konfransyeni xatırladır.
Pərvanə Qurbanovanın Pırpız Sonası sapsarı cücə paltarındadır. Aktrisa da lümək cücə qismində sadəlövh-sadəlövh, bəzən də naz ədası ilə, kukla-kukla oynayan kimi oynayır öz rolunu. Rejissor vurğulayır ki, Pırpız Sona böyüyüb bədəncə qadın olsa da, ağlı hələ də uşaq ağlıdır və o da, faktiki olaraq, Həzrət Əşrəf kimi pir pasiyentidir, pirə möhtacdır. Ətrafı isə bu zavallını öz ehtiraslarının hədəfi, fantaziyalarının seks-bombası kimi qavrayır. Xəstə birisini seksual obyekt qismində görmək, birincisi, cinayətdir; ikincisi, psixi pozuntu və anormal davranışdır. Bu effektli tapıntı obrazın psixi və sosial konfliktini eyhamlaşdırmaq istiqamətində əla işləyir.
Əslində, tamaşanın estetikası kontekstində Molla Abbas, Pırpız Sona, Farmasyon Rüstəm, Sərsəm Heydər, Cinni Mustafa “rənglənmiş” obrazlar olub del’arte komediyasının Pyero, Kolombino, Arlekino, Pantalone, Kapitano maskalarının variantı kimi də, manej klounları kimi də götürülə bilərlər.
Gərçi əvəzsiz Mehdi Məmmədov vaxtilə “Dəli yığıncağı”nı səhnədə faciə kimi quraşdırmışdısa, çox istedadlı İradə Gözəlova indi həmən bu pyesi seyrçilərə satirik komediya və ya pir-klinika absurdu kimi “Cəlil-Qlobal” formatında təqdim edir. Məsələ bu ki, rejissor tamaşanın partiturasında ingiliscə səslənən müslüm şərqiləri vasitəsilə intertekstuallıq yaratmağa və hadisəni beynəlmiləl psixoz statusunda aydınlatmağa çalışır.
Gəncə Teatrının “Dəli yığıncağı” ölümsüz kabuslar haqqında tamaşadır. Kabuslar ölmürlər: o üzdən ölmürlər ki, düşüncəmizin məkanında, düşüncəmizin pirlərində mövcuddurlar. Onlar insanları psixoz vəziyyətinə salıb qorxudurlar, dəli eləyirlər və yalnız sonra öldürürlər. Bəlkə də ona görə elə bir an gəlir ki, rejissorun özü də bu kabuslardan, düzənlədiyi tamaşanın konsepsiyasından qorxur, eymənir sanki.
Əvvəl-əvvəl finalı qəbul eləmədim. Anlamadım ki, rejissorun məqsədi nədir? Yoxsa kimlərsə ona, teatra dini zəmində təpki göstəriblər? İnanmıram, ola bilməz. Onda tamaşanın finalını necə yozaq?
İngilis psixiatrı Lalbyuz pir içindəki vay şələküm-məəlləküm psixozu ucbatından amneziya keçirir, “dəli” olur, keçmişini unudur, başqalaşır, bir rəqs epizodunda sanki fiziksəl sınmalarla “sökülüb” yenidən yığılır, müasir dövr adamı libasını (cins şalvar, beysbolka) molla əbasına dəyişir, Quranı öpüb islamı qəbul eləyir, ekstrasensor qabiliyyətlər göstərir, şəfalı əlini sürtüb mişoppa Həzrəti sağaldır, təzədən camaatı pirə yığıb möminlərə namaz qıldırır.
Görəsən, nə oldu bu İradəyə? Nədən bir tamaşa içində iki tamaşa oynanıldı? Niyə bir təfsir kodu digərilə əvəzləndi? Bu çağırışın mənası nə? Məəttəl qalmışdım: ayağa qalxıb alqışlayım bu tamaşanı, yoxsa yavaşca aradan çıxıb yox olum? Mən ikincini seçdim və qərar verdim ki, mütləq bu tamaşa barəsində yazacağam. Məqaləni işləyərkən birdən Gözəlovanın final mesajı mənə elə aydınlaşdı ki, ixtiyarsız gəncəlilərin “Dəli yığıncağı”nı “mövsümün tamaşası” nominasiyasına layiq gördüm. Əksər teatr sənətçilərini qıcıqlandırmış finalda mən nələri “oxumuşdum”?
Birinci: tamaşanın sonunda Gözəlova elə bil ki “dəli yığıncağı”na dözməyib, dəlilərin əlindən təngə gəlib öz ironiyasını “basdırır” və bu ironiyanın üstünə torpaq ata-ata sakitcə pıçıldayır ki, olmur, düzəlmir, mümkün deyil dəlilik şakərini tərgitmək, dəli yığıncağına qarşı çıxmaq... Əgər ironiya varsa, deməli, sən daha pozitiv nəsə gözləyirsən. İroniya pisi öldürür, yaxşıya öləziyən ümid saxlayır. İroniya “basdırılanda” isə sən bəyan eləyirsən ki, Qodo heç vaxt gəlməyəcək. Çünki ümid ironiya ilə birgə ölür.
İkinci: rejissor finalda tamaşanın zaman əqrəbini bir növ geriyə hərlədir: hadisə və onu törətmiş adamları bir daha başlanğıca qaytarır; yəni təzədən, bismillah, yəni heç nə dəyişməyib və biz yenə həmən pir əhliyik.
Üçüncü: hər şey təkrarlanır: insanlıq yaşadıqca peyğəmbərlər də yaşayacaq, pirlər də mövcud olacaq və bu peyğəmbərlərin, pirlərin pasiyentləri də. İnsanlığı doğrunu bilmək yox, aldanışa inanmaq yaşadır, əfsus!
Mirzə Cəlilin bütün əsərlərindən həmişə qan və leş iyi gəlib...
Onda həkim, vay şələküm-məəlləküm...