O şairlərin heç biri yox idi

O şairlərin heç biri yox idi
24 sentyabr 2013
# 13:16

Aqşin Yenisey yazır

Gecə saat 5. Yuxu ərəblərin ərş, Həmid Herisçinin metafizika dediyi, Freydin psixo”ANA”liz elədiyi bir aləmə çəkilib.

Kitabxanamda eşələnirəm. Ən müasir və ən çox sevdiyim şairlərimizdən birinin kitabını axtarıram ki, götürüb oxuyum, bir az köhnəlim - gecənin bu vaxtı dünyada tək qalmadığıma əmin olmaq üçün. Məsələn, imperiya şairi olsa da, Vaqif Səmədoğlunun bu misrasını axtarıram: ”...nə fərqi var hansı dildə susasan”.

Yoxdu.

Ramiz Rövşənin “Mən sənsiz ölmədim, məni bağışla” misrasını axtarıram, yoxdu.

Vaqif Bayatılının “öldü gözlərimdə bir dəvə kini” misrasını axtarıram, yoxdu.

Yoxdu Əli Kərimin “sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi?” misrası.

Yoxdu Salam Sarvanın “başı dik də tutub sürünmək olar” acı həqiqəti.

Yoxdu Səlim Babullaoğlunun yazdığı “Pəncərə önündəki islaq pişik, tanış əzabla ölür” misrası.

Rasim Qaracanın “artıq səsimi susmaqla eşitdirəcək yaşıma gəldim” misrası ilim-ilim itib.

İtkin düşüb Həmid Herisçinin “məni sevənlərin hamısı öldü” misrası.

Murad Köhnəqalanın “niyə döyür dizinə əllərini bu dəniz? Tanrım, geriyə çəkil, əl qaldırar bəndəniz” misrası evdən çıxıb bir daha geri qayıtmayıb.

Yoxdu Əkrəm Əylislinin “Qurd Cəbrayıl” kimi gözlərini qıyıb zalım həyatın sifətinə baxaraq yazdığı amansız cümlələr.

Yoxdu Kamal Abdullanın gənclik illərində yazdığı dəlisov şeirlərin heç biri. Hamısını aparıblar.

Tək qalmışam.

Bu evə kim girirsə, əliboş getmir, mütləq bir kitab vurur qoltuğuna. Hətta o gün Qan Turalı qapı örtülməsin deyə ayaqaltına qoyduğum “Orta əsrlər tarixi” kitabını çırpışdırıb. O, deyəsən, ədəbiyyata uzaqdan, orta əsrlərdən gəlmək istəyir yenidən. Ekonun təsirinə düşüb. Əlli dəfə demişəm, Qan Turalı, bizim indi ədəbiyyata gələn vaxtımız deyil, ədəbiyyatdan gedən vaxtımızdır.

Vaqif Səmədoğlu, səni-məni yaradan Tanrıya and olsun, sevdiyim bir kitabım itəndə elə bilirəm ki, əziz bir adamımı itirmişəm. Bax indi sizin şeirlərinizi oxumaq istəyirdim; o biri var e, bir axşam, taksi, payız... həyatın ən ucqar yerləri... Sizin şeirlərinizdə təkliyin körpəliyi var, deyinmək yoxdu.

Ramiz Rövşən abi şeirlərində, bir növ, təkliyin deyingənliyini edir. Vaqif bayatılı isə “uzun, incə bir yoldadır”, heç özü də bilmir nə yazır. O, müasir poeziyamızın Don KiLotusudur.

Gecənin bu vaxtı yadıma düşdünüz, hamınızı oxumaq istədim yenidən. Heyif ki, hamınızın kitablarını aparıblar, ya da özüm hədiyyə etmişəm. Şairsiz, şeirsiz qaldım bu yağışın altında. Hırsımdan səhərə kimi Əhməd Kayanın “pəncərəsiz qaldım, anne” şarkısına qulaq asmışam.

# 5339 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #