Reallıq, həqiqət, yoxsa məna? – Aqşin Yenisey yazır...

Reallıq, həqiqət, yoxsa məna? – <span style="color:red;">Aqşin Yenisey yazır...
28 iyul 2017
# 15:21

Yazıçı hansını yazmalıdır, reallığı, yoxsa həqiqəti? Məna nədir? Reallıq, yoxsa həqiqət?

Bizə qədərki məşhurlar deyirlər ki, yazıçının borcu, sadəcə, yaxşı yazmaqdır. Nədir yaxşı yazmaq? Biz "necə yazmaq” məsələsini yaxşı yazmaq kimi başa düşürük. Bu, yanlışımızdır.

"Necə yazmaq” mövzunu yaxşı yazmaq deyil, yazdığını yaxşı mövzuya çevirə bilməkdir. İndi bir söz deyəcəyəm və əminəm ki, yaxşı yaza bilənlər mənimlə razılaşacaqlar. Biz yazı prosesində özümüzü bir qarabasma kimi hiss edirik və onu da hiss edirik ki, başqa bir qarabasma da yazdıqlarımıza müdaxilə edir, bizə sözlər tapıb verir, cümləni, misranı onun istədiyi kimi bitirmədikdə əsəbiləşir, istədiyini yazdıqda zövq alır, bizdə də dahiliyin mükafatı olan özgüvən hissi yaradır, sanki, kürəyimizə vurub “eşq olsun!” deyir.

O, ikinci qarabasma, ikinci müəllif kimdir? Kimdir pisə görə bizi danlayan, yaxşıya görə səssizcə “eşq olsun!” deyən? Mənim düşüncəmə görə, bu, bizim təbiətimizdə ruh kimi avtonom şəkildə mövcud olan dildir. Dil təkcə bizim yazdıqlarımızda deyil, oxuduqlarımızda da iştirak edir, seçilmiş cümlələrin, misraların altından bizim əlimizlə xətt çəkir. Onlarla kitab yazmış şairdən yalnız beş-on şeiri qoruyub saxlayır və gələcək nəsillərin də oxumasını istəyir.

Biz buna haqlı olaraq “dil hissiyyatı” deyirik. Dilin hissiyyatı bizim hissiyyatımız deyil. Şairdəki, yazıçıdakı dil hissiyyatı mömindəki Tanrı hissiyyatı kimi bir şeydir, mömin özündə hiss etdiyi Tanrı üçün yaşadığı kimi, şair də onda mövcud olan dil hissiyyatı üçün yaşayır, əsl şair ilk növbədə “facebook” dostlarının deyil, yazdığı dilin xoşuna gəlməyə çalışandır.

Tanrının deyil, mənim gözümə girməyə çalışan bir mömin nə qədər fırıldaqçıdırsa, dilin deyil, oxucunun xoşuna gəlmək istəyən şair, yazıçı da o mömin qədər zaydır. Səhvimiz hardadır?

Səhvimiz dilə məna, məğz kimi deyil, vasitə kimi baxmağımızdır. Dil yeganə mənadır, yerdə qalan hər şey vasitədir. Şeylər bizə dilin mənasını açmaq üçün lazımdır. İstər şifahi nitqdə, istərsə də yazılı dildə üzə çıxan qüsur həmişə beyinlə (bizimlə) bağlıdır.

Şifahi nitqdəki qüsur beynin fiziki şikəstliyidirsə, yazılı dildəki qüsur təfəkkürün şikəstliyidir. Bəli, əhəmiyyətsiz məna əhəmiyyətsiz vasitələr tələb edir, əhəmiyyətsiz məna bizim dili yaxına buraxmadığımız, yaxud onun könüllü şəkildə iştirak etmədiyi mənadır.

Baxırsan ki, üç kitablıq şeiri var, amma bir misralıq şairliyi yoxdur. Niyə? Çünki o şeirlər dilin hissiyyatı ilə yazılmayıb, müəllif uçmağa cəhd göstərən toyuq inadkarlığı ilə öz hissiyyatını dilə (mənaya) çevirməyə cəhd göstərib.

Doğru-dürüst düşünə bilməyən adam, istəsə belə doğru, düzgün bir dildə yaza bilməz, hətta düşüncəsi qaydasında olsa belə məna yarada bilməz, onun yaratdığı reallıq olacaq. Əgər o, öz yaratdığı reallığı idarə olunan şəklə sala bilsə, bu dəfə də məna yox, həqiqət yaranacaq.

Nöşün ki, həqiqət idarə olunan reallıqdır. Reallıqdan həqiqət düzəltmək, bir növ, xam dayçadan araba atı düzəltmək kimi bir şeydir. Reallıq məqsədsizlikdir, həqiqətin isə sonsuz məqsədləri var.

Dilimizdə "dil çaşar düzünü deyər” ifadəsi var. Burda dili çaşdıran təfəkkürdür, reallıqdan həqiqət yaratmaq üçün dili, yəni mənanı qurban verir. Mənasızlıq dilin ölümüdür. Təfəkkür (ağıl) isə söylədiklərinin yalan olduğunu gizləmək üçün "çaşır”, buna görə də özündən "həqiqətlər” uydurur. Diqqət yalançı həqiqətlər uydurmağa yönəldiyi üçün dilə, mənaya əhəmiyyət verilmir. Dili qüsurlu olan mətn yalandır, uydurmadır, oğurluqdur, mənadan məhrumdur. Reallıq sadə və netdir! Elə buna görə qorxuludur.

İkinci bir məsələ reallığınmı, həqiqətinmi, dilinmi əsas olması məsələsidir. Bəri başdan deyim ki, reallıq və həqiqət məna deyil, yəni dil deyil, vasitədir və yalansız ötüşə bilməzlər. Bəşəriyyət qoruduğu mətnləri həqiqət, yaxud reallıq olduqlarına görəmi qoruyur? Düşünürəm ki, xeyir!

Reallıq və Həqiqət həyat şərtlərinə görə dəyişir, hətta eybəcər və ziyanlı mənbələrə çevrilir. Bu gün, Nizami Gəncəvinin, Füzulinin mətnlərindəki həqiqətlər real həyat şərtləri qarşısında gülməli, bəlkə də, acınacaqlı vəziyyətə düşür. Amma həqiqəti eybəcər, ziyanlı, gülməli vəziyyətə düşən bu qədim mətnlər öz dəyərindən heç bir şey itirmir. Niyə? Onları nə qoruyur? Kütləmi? Tədris proqramlarımı? Bəlkə, Tanrı? Hansı Tanrı? Adı nədir onun? Onun adı DİLDİR!

Uydurma və əhəmiyyətsiz həqiqətlər üçün vasitə olmaqdan imtina edən, mənanı ötəri həqiqətlərə qurban verməyən dil! Bizə bu gün Nizaminin, Füzulinin, Nəsiminin həqiqətləri yox, dili zövq verir. Hərçənd biz onların dilini yaxşı başa düşmürük, amma hiss edirik, məna da bu zaman yaranır.

Məna – dili hiss etməkdir. Füzulinin yazdığı "daş” sözü bərk materiyanı ifadə edən linqvistik bir vasitə olsaydı, bu, məna yox, reallıq olardı. Füzuli isə "daş”ı reallıq olmaqdan xilas edir, ona azadlıq verir, "daş”a özü-özünü mənalandırmaq azadlığını bəxş edir. Məna, yəni dil həqiqət deyil, azadlıqdır. Özü-özünü mənalandırmaq azadlığı... Əsl şair dildə mənalanan və mənalandıran şəxsdir. Həqiqət ehtiyaca (reallığa) qul edilmiş mənadır.

Onda mənim dediklərimdən belə çıxır ki, şair dilə təslim olduğu qədər şairdir. Bəlkə də, belədir, amma biz təkcə şairliyi yaşamırıq, həm də yazırıq, yəni şairliyimizdə iştirak edirik. Dilin işi şairi yaratmaqdır, şeiri yox. Şeirin müəllifi bizik və dil bizə özümüzü mənalandırmaq azadlığı verib. Bu azadlıq, əslində, bizə dilin özü ilə kəllə-kəlləyə gəlmək üçün lazımdır.

Əsl qələbə amansız döyüş nəticəsində əldə edildiyi kimi, əsl sənət də müəllifin dil ilə döyüşü nəticəsində yaranır. Ona görə də əsl sənətkar öz dövrünün reallıqları, həqiqətləri ilə deyil, ilk növbədə yazdığı dillə döyüşən adamdır. Bu döyüşdə dil şairin düşməninə də çevrilə bilər.

Məsələn, mən xeyli müddətdir ki, dildən uzaqlaşmışam. Çünki son zamanlar o, mənə ancaq “süz e, şair, süz, bunu da vuraq mənim sağlığıma” kəlməsindən başqa bir şey demirdi.

Dilə saqilik etmək də şairin köləliyidir, şair! Yaşasın döyüş!

# 3052 dəfə oxunub

Müəllifin son yazıları

# # #