"Unudulum hamınızın yerinə"

"Unudulum hamınızın yerinə"
9 sentyabr 2013
# 10:48

Kulis.Az Aqşin Yeniseyin yeni şeiri “Günəbaxan zəmisindəki günəbaxmayan”ı təqdim edir.


İcazə verin, başımı aşağı sallayım
Unudulum hamınızın yerinə.
Icazə verin, sizi atıb getmiş sevgiliniz olum
Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum
Qazanıb itirdiyiniz pulunuz olum.
Icazə verin, hər şeyiniz, hamınız olum,
Günəşə yaltaqlanan kölgəniz olum.
Icazə verin, mən də bir az siz olum.

Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız.
Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə.

Ayrılıq sevginin ifşasıdır.
Biz bir-birimizdə gizlənmişdik sevəndə.
Ayrıldıq… üzə çıxdıq.
Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu.
Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir.
Icazə verin, sizə, yəni bir-birini ayağının altına qoyub ucalanlara qoşulmayım,
Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün.
İcazə verin, mən günə baxmayan günəbaxan olum.

# 4265 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #