Oktay Mirqasım: “Rüstəm İbrahimbəyovun adını eşitmək belə istəmirəm” - MÜSAHİBƏ

Oktay Mirqasım: “Rüstəm İbrahimbəyovun adını eşitmək belə istəmirəm” - MÜSAHİBƏ
5 mart 2014
# 14:16

Azərbaycanın xalq artisti, rejissor Oktay Mirqasımın APA-ya müsahibəsi

- Oktay müəllim, evin yerini hətta qapı zənginin formasına qədər detallı nişan verdiniz ki, təzələrdən deyil, burma, zınqırovlu zəngdir. Bu dəqiqlik nədən irəli gəlir: xarakterdən, yoxsa kinonun və rejissor peşəsinin adama diktə etdiyi ölçü-biçidən?

- (Gülür) Maraqlı və gözləmədiyim sualdır. Həqiqi jurnalist mədəniyyəti dəqiqliyi sevir. Söhbətə belə girişlə başlamağınız göstərdi ki, çox güman, siz də dəqiq insansınız və mənim kimi ölçü-biçili olmağı sevirsiniz.

- Təşəkkür edirəm, amma bu sualı sizdən tərif eşitmək üçün vermədim...

- Hər halda, mənə maraqlı göründü. Başqa adam yəqin ki, buna fikir verməyəcəkdi. Dediklərimə qulaq asıb gələcəkdi və dilinə gətirməyəcəkdi ki, qarşısındakı adam ona necə komfort şərait yaradıb (Gülür). Çox sağ olun! Düşünürəm, jurnalist etiketinə, informasiyaya yanaşmaq qabiliyyətinə və xəbərin dəqiqliyinə bizim cəmiyyətdə ciddi ehtiyac var. O ki qaldı sualınıza, konkret deyim: bu, mənə verilən tərbiyədən və böyüdüyüm mühitdən irəli gəlir. Rəhmətlik atam Mirəsədulla Mirqasımov çox dəqiq və nizam-intizamı gözləyən, əqidəsindən dönməyən insan olub. O, nahaq yerə alman mədəniyyətini sevmirdi. Atam üçün bu millətin tarixi və mədəniyyəti çox maraqlı idi. Mənim dəqiqliyi sevməyimdə, əlbəttə, kino amilinin də rolu böyükdür. Görünür, bu iki məsələ üst-üstə düşüb. Amma dəqiqliklə yanaşı, mən sərbəstliyi, improvizəni də çox sevirəm. Özümü hansısa çərçivələrdə görmürəm.

- Sonuncu filminiz - “Qisas almadan ölmə” təqdim olundu. Reaksiyalar necədir?

- Yalançı təvazökarlıq etmək istəmirəm. Filmə olan reaksiya məni tam qane edir. Əvvəla, mən özümü xoşbəxt hiss edirəm ki, nəhayət, bu film təqdim olundu. Çünki uzun illər idi ağır iş aparırdıq. Film haqqında tamaşaçılar daha dəqiq fikir deyə bilərlər. Təqdimata gələn insanların münasibətlərindən başa düşdüm ki, onlar narazı qalmayıblar. Bilirsiniz, mən heç vaxt təbliğatla məşğul olmamışam. Amma bu o demək deyil ki, təbliğatın əleyhinəyəm. Qətiyyən! Təbliğat çox vacib və lazımlı silahdır. Amma mən bunu bacarmamışam. Məsələn, sifarişlə film çəkməmişəm. Çəksəm, o film alınmayacaq, zəif və uğursuz iş olacaq. Mən azad, sərbəst və səmimi olanda güclü oluram.

- Filmin çəkilişi beş ilə qədər ləngidi. Mövzu geniş, ssenari əhatəli idi, üstəlik, film Almaniya, Gürcüstan və Azərbaycanda çəkilmişdi. Anlayıram, bunlar vaxt tələb edən məsələlərdir. Amma bu qədər gecikmə səbəbinin maliyyə məsələsi olduğunu desəm, güman edirəm, məni təkzib etməzsiniz...

- Bilirsiniz, film çəkilib, premyerası olub, beş-on nəfər çox sağ ol deyib və bu mənə yetərlidir. Keçmişə qayıtmaq, səbəblər haqqında danışmaq niyyətində deyiləm. Bunlar xırda məsələlərdir. Bu filmin ərsəyə gəlməsi həqiqətən əziyyətli oldu. Keçmişdə nə olubsa, onları unutmaq istəyirəm. Gecikmənin səbəblərini açıqlamaq, xırdaçılıq etmək istəmirəm. Sadəcə, bizdə xeyriyyəçilik, mədəniyyətə dəstək vermək maraqları inkişaf etməyib. Bilmirəm, inşallah, bəlkə bu mənzərə nə vaxtsa dəyişdi. Ona görə güc demək olar ki, tamamilə büdcəyə düşür. Nə isə, kəsə danışsaq, toydan sonra nağara çalmazlar. Müsbət nəticədən sonra hansısa iqtisadi səbəbləri araşdırmaq nəyə lazımdır? Mən yenə işləmək istəyirəm. Planlarım var, Allahın köməyi ilə o planlarımı həyata keçirməyi çox istəyirəm.

- Danışmaq istəmirsinizsə, təkid etmirəm. Sadəcə, bu suallar təkcə məndə yox, ümumən kino mühitində yaranıb...

- 2009-cu ildə digər filmlərə nə qədər büdcə ayrılmışdısa, mənim filmim üçün də həmin məbləğ nəzərdə tutulmuşdu. Düzdür, film var daha sadədir, yığcamdır, amma elələri də var ki, ssenari çox xərc tələb edir. Plan və büdcənin təşkili çox məsuliyyətli məsələdir. Ayrılan büdcə işi başa gətirmək üçün bəs etməyəndə, artım yavaş-yavaş oldu. Yəni birdən pul ayırmaq mümkün deyildi və onun üçün də işlər hissə-hissə görüldü. Biz uzun zaman gözləməli olurduq. Mənə verilən məlumata görə, “Qisas almadan ölmə” 1 milyon 662 min manata başa gəlib. Çəkiliş prosesində bir neçə dəfə fasilə verməli olduq. Hətta 13 ay, ümumiyyətlə, heç nə çəkilmədi. Qrup dəyişirdi, çünki adamlar çörəkpulu qazanmaq üçün başqa filmlərə dəvət alırdılar. Onlar başqa yerə gedəndə, yerlərinə başqa adamlar gəlirdi və s. Bunlar haqqında danışmaq xoş olmasa da, deyim: mən Oktay gündəlik planımı kimdənsə az verən rejissor deyiləm. Alman dostlarımız təəccübləndilər ki, bu məbləğlə filmi ortalığa qoymaq necə mümkün oldu? Avropa ölçüləri baxımından bu məbləğ gülüncdür. Avropada mənim çəkdiyim filmi 6-7 milyon avroya başa gətirərdilər. Mənim, aktyorların filmə görə aldığı qonorar o qədər gülüncdür ki, ondan danışmaq lazım deyil. Qonorar məsələsinə görə Mədəniyyət və Turizm Nazirliyində yeni təkliflər hazırlanır, hökumətə təqdim olunacaq və düşünürəm yaxın vaxtlarda bu məsələ şübhəsiz ki, müsbət həll olunacaq. Mən başqa yerlərdə də oluram, görürəm, məsələn, Qazaxıstanda cavan bir uşaq bizdən beş dəfə çox məvacib alır. Tədricən bizim praktikamızın ölçüləri dünya standartlarına yaxınlaşır. Bir neçə il öncə filmlərə 600 min manatdan çox pul ayrılmırdı.

- Niyə düşünürsünüz ki istedad şərti və nisbi məsələdir?

- Çünki istedadsız saydığım insanlar mənim gözümün qabağında film istehsalı ilə məşğuldurlar. Onların istedadları nəinki zəifdir, ümumiyyətlə, yoxdur. Amma onlar da mənim haqqımda "istedadsız" deyə bilərlər. Baxışlar eyni deyil.

- Doğrudanmı qızınız - istedadlı aktrisa Ayan Mirqasımovanın son illər çəkilən filmlərdə rol almamasının səbəbkarı sizsiniz?

- Yox, elə deyil! Ayan mənim “Ovsunçu” filmimə dəvət alanda onun siyahısında 11 filmə baş rol təklifi vardı. Ondan qabaq mən onu çəkmirdim. Bu faktdır və utanmadan deyirəm. O demək deyil ki, Ayan mənim qızımdır və onu tərifləyirəm. Əstəğfürullah! Bu məsələlərdə məsuliyyətli olmağa çalışmışam. Məsələn, mən Ayanı filmə çəkənə qədər gözlədim ki, o sınaqlardan çıxsın, püxtələşsin. İndi bir rejissor kimi Ayandan tam razıyam. Ona həmişə deyirəm, sən əsgərsən, aktrisasan, iş tapşırıldısa, get icra et, sənin borcundur. Başqa tərəfdən, biz milyonçu deyilik ki. Bunu da gizlətmirəm. Bəzən gəlib deyirdi ki, dəvət ediblər, amma ssenari xoşuma gəlmir, bunun nəyinə çəkilim? Bəzən etik məsələlərə görə o filmlərdən, ssenarilərdən imtina edib. Ayan bu cür rollarda çəkilməyə razılıq versəydi, mən təəccüb edirdim. Bəzən ssenari zəif olanda da, mən ona deyirəm ki, get çəkil. Çalış ümumi işə müsbət cizgilər gətir. Yəni kimsə düşünürsə ki, onun çəkilməyinə icazə vermirəm, xeyr, elə deyil! Son vaxtlar qruplaşmalar yaranıb, bəlkə səbəb elə budur? Mən heç bir qruplaşmada olmamışam. Çoxlu qruplaşmalar görmüşəm və Allaha qurban olum, onların öhdələrindən tək gəlmişəm.

- Bir müddət əvvəl Rüstəm İbrahimbəyov məsələsinə görə mətbuatın gündəmində oldunuz. İbrahimbəyov sizi vaxtilə kinoteatrları satmaqda günahlandırmışdı. Bir az naqolay səslənsə də, soruşacağam: vaxtilə rəhbər vəzifədə çalışanda kinoteatr satmısınızmı?

- Bu o qədər ucuz, axmaq və yersiz məsələdir ki. İnanın, iyrənirəm bu məsələlərdən. Bir də bilirsiniz, mənim həyatım göz qabağındadır. Əslində hər kəs bilir ki, kimisə ittiham etməklə bu adam, sadəcə, özünü müdafiə etməyə çalışırdı. Sadəlövhlükdür! Həm də biz mənim evimdəyik. İstəməzdim natəmiz adamları yada salmaqla buranın havasını korlayaq. Heyif ondan. Nə vaxtsa o, güclü dramaturq kimi özünü göstərib. Onun filmləri bəzən heç də özünə oxşamır. Nə isə, yetər!

- Reaksiyanızdan hiss edirəm, ürəyiniz doludur…

- 1992-ci ildə “Azərkinovideo” İstehsalat Birliyinə sədr gəldim və 2001-ci ildə həmin müəssisə bağlandı, səlahiyyətləri isə Mədəniyyət Nazirliyinə verildi. Ondan qabaq kinoteatrlar satılırdı. Bu faktdır və hər yerdə cavab verməyə hazıram. 1992-ci ildən sonra satış dayandırıldı. 2001-ci ildən sonra nə olubsa, ona toxunmaq istəmirəm.

- Yəni deyirsiniz, 1992-2001-ci illərdə Azərbaycanda kinoteatr satılmayıb?

- Bəli. Ondan sonra nə olubsa, bu haqda heç nə demək istəmirəm. Kino haqqında qanun parlamentdən mən çalışdığım dövrdə qəbul olundu. Unudulmaz Heydər Əliyev qanunu imzaladı və qanun qüvvəyə mindi. O zaman Mədəniyyət komissiyasının sədri Anar idi. Sağ olsun, onun böyük köməkliyi oldu. Qanunun mətninə vacib bildiyimiz maddəni saldıq: kino obyektlərinin özəlləşdirilməsi labüddürsə, onun profili dəyişilə bilməz.

- Bu o deməkdir ki, kinoteatr çayxana ola bilməz...

- Bəli. Bu hissəni qanuna ona görə əlavə etdik ki, kimsə kinoteatrı alanda restoran, hamam, super market eləməsin. Bir müşavirə vardı, bizi ora çağırıb açıq-aşkar dedilər ki, ay Oktay müəllim, bax, burda korladınız. Bu hissənin qanuna əlavə olunmasından sonra heç kim kinoteatrı almayacaq, biz o obyektləri özəlləşdirə bilmərik. Mən yalnız işlədiyim dövrdən danışa bilərəm: 1992-2001. O ərəfədə bir kino obyekti satılmayıb, özgələşdirilməyib, özəlləşdirilməyib. O ki qaldı sizin haqqında danışdığınız o adama, onun adını, ümumiyyətlə, eşitmək istəmirəm, ürəyim bulanır. Mən onun özünə münasibətimi 9 il əvvəl bildirmişəm. İnternetə baxın, hamısı var. Hələ o vaxt siyasi oyunlara girişməmişdi. Mən illər əvvəl onun üzünə sözümü deyib, ordan çıxmışam. Ürəyim doludur, amma hamısını deməyəcəyəm. O vaxt kimlər özünü necə aparırdı, hamısı mənim gözümün qabağındadır. Mən onun qarşısında tək qalmışdım. Hamı əlini qaldırırdı, mən qaldırmırdım. Cinayət səviyyəsində olan qərarlar qəbul edirdilər, əleyhinə çıxırdım. Kimsə deməsin ki, o vaxt mənim yanımda olub. O zaman yan-yörədə olanlara deyirdim ki, mən Oktayam axı, baxın gözümün içinə. Niyə döşəməyə baxırsınız, gözümün içinə baxın. O nə deyirdi, onu edirdilər. O vaxt baş əyən adamlar indi özünü qəhrəman kimi göstərirlər. Demək istəyirəm, haqlı bildiyimə görə susmamışam, sözümü demişəm. Nə isə, bu söhbətlər məni boğaza yığıb, danışmaq istəmirəm.

- 2001-ci ildə “Azərkinovideo” niyə ləğv olundu?

- Məni heç kim işdən çıxarmayıb. Müəssisə bağlananda heç yerə çağırmadılar, nəsə irad, nöqsan bildirmədilər. Əksinə, Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyev mənə orden verdi. Bununla da mənim hökumət işində olduğum dövr yekunlaşdı.

- İdarə qalsaydı, Azərbaycan kinosuna nə verəcəkdi?

- Bir şeyi bilmək lazımdır: mənim rəhbərliyim dövründə kinoya ayrılan büdcə çox kasıb idi.

- Son illərdə çəkilən və sizin uğurlu hesab etdiyiniz filmlər hansıdır?

- Əvvəla, çəkilən filmlər ekranlarda ya göstərilmir, ya da az-az göstərilir. İstərdim, Azərbaycanda texniki və təmir məsələləri ilə yanaşı, kadr hazırlığına da ciddi diqqət edilsin.

- “Bilyard oyunçusu” adlı film çəkmək istəyirdiniz. Bu məsələ gündəmdədir?

- Mənim üçün gündəmdədir. Beş ssenarinin sinopsisini nazirliyə təqdim etmişəm. Bildiyim qədər hələ baxılmayıb. Baxılandan sonra haqqında danışmaq olar. Əslində beş ssenaridən özüm üçün birini seçmişəm, amma komissiya hansına razılıq verəcək, o başqa məsələdir. Keçən dəfə dörd ssenari təqdim etmişdim, “Qisas almadan ölmə”nin üstündə dayandılar. Bu dəfə necə olacaq, onu gələcək göstərər. Bir ssenari təqdim etsəm, birdən komissiyadan keçməz, təsdiq olunmaz və mən işsiz qalaram. Ona görə beş ssenari təqdim etmişəm ki, biri seçilsin. “Qisas almadan ölmə”nin üzərində işləyəndə, başqa rejissorlar iki-üç film çəkdilər. 70 yaşım var. Bundan sonra ümid edirəm, bu qədər uzun çəkməyəcək mənim işim. İstəyirəm, yenə işləyim. Buna gücüm var. Adamlar da mənimlə işləmək istəyirlər, hazır qrupum var. Mən gözləməyə öyrəncəliyəm və buna hövsələm də çatar. Ona görə də hər yeni günü nikbinliklə qarşılayıram.

# 2316 dəfə oxunub

Müəllifin son yazıları

# # #