#

Qabilin 45-ci qatı

Qabilin 45-ci qatı
16 dekabr 2013
# 00:00

Bəzən bir söz insanın həyatını dəyişir – içəridən, ya da dışdan gəlməsindən asılı olmayaraq. Yetər ki, bu sözün təsadüfən deyilmədiyini, Allahın kiminsənin ağzı ilə sənə istiqamətləndirdiyini düşünəsən…


Bu söz də 25 il əvvəl istiqaməti müəyyənləşdirənlərdən olub. Nənəsinin sözüymüş, ad günümdə deyəndə yaddaşıma yazıldı: “Haqqımı sənə halal eləmərəm, dostu qoyub, pul dalınca getsən".

Əgər 20 ildən sonra da Qabilin yaddaşını bu söz silkələyirsə və bu deyimi dostlarının da yaddaşına yaza bilirsə, inanmıram ki, bu, yalnız ağbirçək nənənin ağıllı nəvəyə nəsihəti kimi özünə yer eləsin: bu söz daha çox Tanrının onun ruhunun yaddaşına yazdığı Tale yoludur.

Qabil illərdir bu Taleyi yaşayır – hər mənada.

O, mübarizəsində də, fəaliyyətində də, dostluğunda da səmimidir. Necədirsə, elədir və bundan sonra bir zərrə dəyişməyəcəyi şübhəsizdir: 40-dan sonra öyrənmirlər, çünki kimsənsə, artıq o cür də qəbul olunmusan – yaxşı, ya pis!

Qabil peşəkardır – illərlə bunu sübut edib; öz işinin, öz sahəsinin peşəkarı.

Qabil ustadır – illərlə bunu sübut edib; yetişdirdiyi nəsillə…

Onun haqqında çox söz demək olar. Qabil… Sadəcə, Qabil Abbasoğludur – bütün sözlər bu adda, bu imzada toplanıb...

Bu 45-in nə vaxt çatdığını, bir göz qırpımında ömrün yarısını haqladığını uzun-uzadı danışa bilmərəm. Bunu yalnız bizim yaşımıza gələnlər duyur – o da zaman sürətindən vaxt tapanda, özünə qayıdanda...

Qabilin 45-i bizi zamanın sürətindən aldı və Vaxtın böyük axınında bir anlıq “45”-də dayandıq – keçib gəldiklərimizə baxmaq üçün. Bir sözlə, onun ömrünün hər qatında dəyişməyən bir Qabil var...

Hə, bəsdir baxdıq, onsuz da zaman gözləmir. Haydı, qardaşım, sağlam can, gözəl ovqat, xoşbəxt ailə arzusuyla davam edək…
Çünki təkcə cansağlığı da dostları sevindirməyə bəs edər!

# 2556 dəfə oxunub

Müəllifin son yazıları

# # #