Prorab nazirin tədbirini necə pozdu?

Prorab nazirin tədbirini necə pozdu?
22 iyun 2013
# 07:45

Kulis.Az Alpay Azərın “Adamlar və konfranslar” silsiləsindən “Sözpərəst adam” hekayəsini təqdim edir.

-Ay Çiçək, qəribə adamsan, vallah. Rəhim müəllimin katibəsisən, məndən çox sən onu görürsən burda. Özün xahiş eləmək əvəzinə...

-İbrahim müəllim, başa düşürəm sizi, ama bir şey var ki, siz neçə ildi nazirliyin aparat rəhbərisiz, - pıçıltıyla, bir az da nazla dedi. - Mən yazıq heç bir il yoxdu burdayam. Hər halda sizin sözünüz Rəhim müəllimin yanında daha keçərli olar...

Qısası, nazirin, yəni Rəhim müəllimin yanında altı aya yaxındır katibə işləyən Çiçək neçə gündür nazirliyin aparat rəhbəri İbrahimdən xahiş edir ki, - özü nazirə deməyə utanır, - gələn ay Hilton otelində keçiriləcək konfransda ərinə də çıxış üçün söz versinlər. Çiçəyin əri, Hümbət Sovetin vaxtında ADU-nun (indiki BDU) filologiyasını qurtarıb, hal-hazırda tikinti şirkətlərinin birində iş icraçısı (el dilində prorab) işləyir. Arvadı bir ay əvvəl evdə ağzından qaçırıb ki, gecə-gündüz Hilton otelinin zalında “Mənəvi dəyərlərimizin gələcəyi” adlı konfransa hazırlaşırıq. Bunu eşidən gündən altmış səkkiz yaşlı, arvad demişkən, “əti tökülmüş” Hümbət birdən-birə nə vaxtsa televizorda görüb xoşuna gəldiyi həmin otelin konfrans zalında tribunadan çıxış eləmək, telekanallara düşmək mərəzinə tutulub. Hümbət kişi az qala üç-dörd gündən bir arvadını girinc edirdi ki, nazirdən xahiş elə, mənə də konfrans başlayan gün çıxış üçün beş-altı dəqiqəlik söz versinlər.

-...Ay arvad, mən demirəm ki, orda uzun-uzadı danışıb camaatın zəhləsini tökəcəm. Yox. Üç-beş dəyqə maksimum. O boyda nazirlikdə işliyirsən, üstəlik, hər gün nazirin gözünün qabağındasan, iki kəlmə xahiş eləməyə “duxun” çatmır. Ömrü boyu elə nazir-deputat çıxış eləməlidi? Qoy bir dəfə də sadə xalqın nümayəndəsi tribunaya çıxıb öz sözünü desin də. Mən vaxt olub bir polkun qabağında on beş dəyqə...

-Ay xalq nümayəndəsi, yüz dəfə demisən polk məsələsini. Sən indiyə qədər birdən-ikidən konfransda çıxış eləmisən? Məcburdu ki, bu qoca vaxtında çıxış eliyəsən, ay ətin tökülməsin sənin. Adam bu qədər şöhrətpərəst olmaz axı.

-Birincisi, mən qoca-zad deyiləm. Altmış səkkiz yaş hələ qoca demək deyil. Bir də qocalar bəyəm konfransda çıxış eləmir ki? İkincisi, mən şöhrətpərəst yox, sözpərəstəm, sözpərəst, - deyəndə Hümbət həm də şəhadət barmağını qaldırdı və elə bil dediyindən vəcdə gəldi.

-O nə deməkdi? - arvad əsəbi reaksiya verdi, yəni “Elə söz var? Məni dolamısan?”

Sözpərəst neologizmi Hümbətin Çiçəkdən şöhrətpərəst sözünü eşidən kimi birdən ağlına gəldi, ona görə bunu deyəndə lap natiqlər kimi şəhadət barmağını yuxarı qaldırdı. Dilçilərimiz bu sözü qəbul etsəydi, ona belə demək olardı, - cavanlığından bu yana elə bir xeyir işi olmazdı ki, tamada Hümbətə söz verməsin, durub beş dəqiqə də olsa ürək sözlərini deməliydi. Qeyri-adi olmasa da, səmimi tostlarına, arada klassiklərdən şeir, aforizm dediyinə görə toy, ad günü sahibləri onu yuxarı başda oturdur, həvəslə ona söz verirdilər.

Axır ki, Çiçək aparat rəhbərini razı sala bildi. Konfransa on gün qalmış İbrahim nazirə məsələni çatdırdı, sözarası əlavə etdi ki, Çiçək xanım öz xahişini deməyə utanır. Nazir bir qədər tərəddüddən sonra minnətlə bağlanış mərasimində çıxışa razılıq verdi.

-...Yaxşı, bu Hümbətdi-Dümbətdi nədi, haranı qutarıb? Sən özün şəxsən onu tanıyrsanmı? - nazir gözlüyün altından İbrahimə baxdı.

-Sözün düzü, tanımıram. Çiçək xanım deyir filologiyanı qutarıb, savadlı...

-Aydındı, çıxışa maksimum üç dəyqə. Çiçək xanımdı da, xahişini yerə salmayaq. Amma adını proqrama salmayın, proqramda adları yazılanlar çıxış eliyib qutarandan sonra moderator deyər ki, son olaraq söz verilir, imm... söz verilir Azərbaycan ziyalısı Hümbət, familyasını Çiçəkdən soruşarsan. Yəni qabaqcadan moderatorun qabağında bu adamın ad-familyası olmalıdı ki, onu təqdim eliyəndə krizis yaranmasın. Bir də, mən özüm deyəcəm Çiçəyə, ama sən də ona başa sal ki, əri indidən üç dəqiqəlik çıxış yazsın, bir-bir səhifə yarımlıq, çıxsın üzündən oxusun. Filoloqları tanıyıram, tribunaya kağızsız çıxsa, iki saat çərənniyəcək, sonra saxlamaq olmuyacaq onu.

-Oldu, Rəhim müəllim.

Düzü, Çiçək ərinin tikintidə iş icraçısı işləməyini İbrahimə deməmişdi. “Şefin soruşsa, deyərsən filoloqdu, Bakı Dövlət Universitetində məllim işliyir, prorab-zad demə ha,” – arvadına bərk-bərk tapşırmışdı. İbrahimsə Çiçəkdən “filoloq” sözünü eşidən kimi fikirləşmişdi ki, bu Hümbət çox güman universitetlərin birində müəllim işləyir.

Konfransa üç gün qalmış Hümbət özünə qara kostyum aldı, ağ köynəyini ütülətdirdi, axşam geyinib böyük güzgünün qabağında saçlarını darayıb bir xeyli özünə baxdı. Hər axşam güzgünün qabağında əlləriylə jestlər edə-edə çıxış elədi. Sonda isə o yanağına, bu yanağına baxıb, əliylə çənəsini sığallayıb “Alen Delon olmasam da, hər halda pis görünmürəm,” - deyib göz vurdu özünə.

Konfransın açılış mərasiminə gəldi, çıxışlara diqqətlə qulaq asdı, iki gün davam edən debatlarda həvəslə iştirak elədi, bəzilərində çıxış etdi, hətta təkliflər də verdi.

Və nəhayət, konfransın bağlanış mərasimi günü gəlib çatdı. Zal ağzınacan doluydu, ön cərgələrdə nazir müavini, iki-üç deputat-teleulduz, bir neçə rektor oturmuşdu. Əvvəlcə nazir tribunaya qalxıb ümumi, standart bir çıxış elədi, onun ardınca QHT-lərdən birinin başçısı Vüqar Vüqarzadə konfransın tarixi (əslində qeyri-tarixi) əhəmiyyətindən qırıldatdı, qeyd elədi ki, bu tədbir cəmiyyətimizin inkişafına, tərəqqisinə töhfədir-filandır. Üçüncü natiq BMT-nin Azərbaycandakı nümayəndəsi Qabriel Andreotti pafosla, italyan ləhcəsiylə ingilis dilində Azərbaycanda son illərdə əldə edilən uğurlardan danışdı, sonda şairanə bir gül də vurdu - bəs, bu cür konfranslar nəticəsində insanlar qloballaşan dünya okeanına baş vurub üzə-üzə sahilə çıxa bilirlər və dünya o qədər sürətlə inkişaf edir ki, üzə bilməyənlər belə bu okeana ayaq üstə ya baş üstə tullananda su özü elə onları sahilə aparıb çıxarır.

Söz verildi qəhrəmanımıza, Hümbət Səfərova, konfransı aparan onu nazirin tapşırdığı kimi zaldakılara “Azərbaycan ziyalısı” kimi təqdim etdi. Hümbət ağır-ağır tribunaya çıxdı. İki əliylə tribunanın qıraqlarından tutub oturanlara baxdı.

-Əziz dostlarım, əziz qardaş-bacılarım, - səsinə xüsusi ağsaqqal tonu verərək çıxışına başladı.

“Qardaş-bacılarım” sözlərindən sonra nazirin qaşları azca, aparat rəhbərininki isə lap yuxarı qalxdı.

-...İki gündü mən bu konfransda iştirak edirəm. Baxıram sizə, həqiqətən ürəyim atlanır. Allaha and olsun, sevincimdən bax bu cürə vurur ürəyim tup-tup-tup, - ürək döyüntülərini sol əlini yumub-açmaqla göstərdi.

Orta cərgələrdə oturan tələbələrin çoxu səslərini boğub gülməyə başladı, deputatlardan birinin çiyni titrəyir, ön cərgədə oturan VİP-lərin sifətlərindəki ifadə dəyişmişdi. Nazir tərs-tərs İbrahimə baxıb soruşdu: “Budu filoloq?” - “Vallah, Çiçək xanım elə dedi,” - İbrahim yazıq görkəmiylə cavab verdi.

-...Deməli, min doqquz yüz yetmiş dördüncü iliydi, - bizim natiqinsə dünya vecinə deyildi, rahat-rahat sözləri üyüdüb tökməyindəydi, - slujbadayam[1], bu zad, ımm, Maqadanda, Rusetdə yəni.

“Zad” sözündən sonra arxa və orta cərgələrdə növbəti gülüşmə səsləri eşidildi. Moderator guya heç nə olmayıbmış kimi mikrofonla soyuqqanlı tonda “Xahiş edirəm, sakitliyə riayət edəsiniz,” - dedi.

-...Fevral ayı, - Hümbət həvəslə əsgərlik xatirələrinə baş vurmuşdu, - indiki kimi yadımdadı, səhər saat on biriydi, şaxta da tay bıcax kimi kəsir adamı. Necə başa salım, təsəvvürünüzə gətirin, stakana su doldurub azca yerə tökürsən, su “pramoy” havada buza dönür...

Bu sözlərdən sonra İbrahim nazirin ağzından çıxan “blyaa” sözünü, dalınca söyüşün bir növ balaca qardaşı “Tut oxrenet mojno” - cümləsini eşitdi, özünü eşitməməzliyə qoysa da, qulaqlarına qədər qızardı - cümləyə yox, sözə görə. “Sənə demişdim axı, bunu bir çağır, səviyyəsini yoxla, gör qabında nə var” - “Vallah, deməmişdiz, Rəhim məllim,” - “Deməmişdiz. - ağzını əydi İbrahimin, - İşim o qədər çox olub ki, yadımdan çıxıb, bəs sənin öz ağlın hardaydı?... Bunun dediyi sözə bax, zad Maqadanda. Yaxşı ki, hələ Rusiya səfiri burda yoxdu... Biabır olardıq Bloxinin yanında”.

-...“Vobşem,” nə başıvızı ağrıdım, çıxış elədim polkun qabağında. Dedim, vətən sizin kimi “bayevoy” əsgərlərə görə hələ çox yaşıyacax. Onda vətənimiz SSRİ-ydi. Zampalit varıydı, Kuznetsov Mixail Yuryeviç, sonra “uçebkada” maşın vurdu yazığı. Allah rəhmət eləsin o kişiyə, rus da olsa çox yaxşı, “dastoynı” adamıydı.

Orta sırada oturanlar bu siyasi səhvə yenə gülüşlə reaksiya verdi. “Aydındı, rəhmətlik dastoynu rusuydu, amma qalanları nedostoynudu, - nazir əsəbi-əsəbi dilləndi. - Deyirəm də, yaxşı ki, rus səfiri burda yoxdu.” İbrahim gözünü masada bir nöqtəyə zilləmişdi, başını qaldırmağa utanırdı.

-...Çıxış elədim, həmən bu Kuznetsov, rəhmətlik mənə yaxınlaşdı, əliylə çiynimə vurdu, dedi: “Tavariş Safarov, tı nastoyaşşiy patriot nashey velikoy stranı, srazu vidno çto tı iz internasinalnogo qoroda Baku.” Burda oturan cavanlar bilməz, - sonra üzünü prezidiuma tərəf çevirib, - hörmətli nazirimiz, mənim yaşımda olanlar bilir, o vaxt Bakıda bu alçaq ermənilərlə gecə-gündüz dostuqdan-zaddan danışırdılar, - son cümləyə növbəti pıqqıltılı gülüş-reaksiya, - deyirdilər ki, hamımız dostuq-qardaşıq, ona görə Bakıya “internatsionalni”, yəni beynəlmiləlçi şəhər deyirdilər. Sora bildik bu ermənilər hansı yuvanın quşudu. Nə başınızı ağrıdım, indi də mən sizə deyirəm, mənim balalarım, vətən sizin kimi patriotların, gələcəyin professorlarının sayəsində çox yaşıyacaq, - bunları deyib yuxarı qaldırmış əllərini bir-birinə sıxdı.

-Zal əl çalmağa başladı, bu dəfə gülənlərin sayı əvvəlki alqışlarla müqayisədə daha çox olsa da, əl şappıltıları-pıqqıltıları qəhqəhələri demək olar batırmışdı. Gülənlərin çoxu konfrans iştirakçıları olan tələbələriydi, Hümbətin onlara “gələcəyin professorları” deməsi ləzzət eləmişdi...

...Yəni dediyim odur ki, - Hümbət tərif deməyindəydi, - bu iki gündə çox çıxışlara qulaq asdım. Ama sizi inandırım, hörmətli Rəhim məllim, - əliylə zalı göstərib üzünü nazirə tərəf tutaraq, - burda oturan gənclər yeri gələndə heç professorlardan geri qalmır.

Nazir deyiləndən guya razı qalırmış kimi başını tərpətsə də, üzündəki əsəbi heç cürə gizlədə bilmirdi.

-...Elə sizə də böyük təşəkkürlər düşür ki, bu cürünə konfrans keçirtdiniz.

Deputatlardan biri çönüb o birinin qulağına pıçıldadı: “Bu çobanı hardan tapıb gətiriblər?” - “Görərsən, böyük skandal olacaq”, - “Yeni Müsavat bunu yüz faiz manşetə verəcək,” - “Nazirin sifətinə diqqətlə bax, əlacı olsa bunu gülləliyər”, - o biri tez reaksiya verdi.

-Tak, mədəni şəkildə ona denə, çtob on zatknulsa, - nazir İbrahimə dodaqaltı dedi.

-Hümbət müəllim, reqlamentə riayət edin, zəhmət olmasa, - qabağındakı mikrofonun düyməsini basıb dedi.

“O nə bilir reqlament nədi. Görmürsən “tupoyun” biridi. Reqlament ha. Vaxtınız bitir demək lazımıydı”, - nazir danlayıcı-ironik tonda dediyi bu sözlər İbrahimin başına çəkic kimi dəydi. “Bir dəyqə, axı mən sənə demişdim ki, çıxışını əvvəlcədən yazsın, çıxsın, gözünü kağızdan çəkmədən oxusun, demişdimmi?” İkinci “çəkic” zərbəsi İbrahimin başına dəydi, beyni uğuldayırdı artıq. “Demişdiz, baş qarışığıydı deyə yadımdan çıxdı. Üzrlü bilin,” - güclə cavab verdi, elə pərt olmuşdu ki, masanın altında yer aralansa, yerin içinə girərdi. “Üzrlü bilin nədi, şiddətli töhmət, üç aylıq maaşından da məhrum olursan,” - nazir əlavə etdi, sonra barmaqlarıyla əsəb-əsəbi masaya döyəclədi. “Layiqəm, cənab nazir, layiqəm,” - başını aşağı salıb bunları dedi ki, şefinin ona yazığı gəlsin. Bilirdi ki, adi töhmət alacaq, “şiddətsiz”, üç aylıq maaşkəsmə isə ümumiyyətlə, olmayacaq, istədiyi bircə şey idi: Hümbət sözünü qurtarıb rədd olub getsin.

Arada ikinci cərgədə oturmuş Çiçəklə İbrahimin baxışları toqquşdu, aparat rəhbəri hirsini ondan çıxarmaq istədi - Çiçəyə baxıb gözlərini ağarda-ağarda başını buladı, bunu elə elədi ki, nazir də görsün. Çiçəksə guya heç nə olmayıbmış kimi tez başını yana çevirdi.

Özünü soyuqqanlı göstərməyə çalışsa da, içi-içini yeyirdi Çiçəyin, - əri əsgərlik xatirələrini danışmağa başlayandan dayanmadan soyumuş əllərini ovuşdururdu. Ürəyində “ətin tökülməsin”dən “başın batsın!”-a keçmişdi: “Başın batsın sənin, ay kişi, biabır elədin məni nazirin, İbrahimin... elə hamının yanında!” Az qalırdı konfransı yarımçıq qoyub VVAQ-a boşanmaq ərizəsi yazmağa gedə. Düzü, heç yazıq Çiçəyi qınamağa adamın dili gəlmirdi, - uzun illər dövlət idarələrində işləsə də, belə tədbirlərdə az olmuşdu. Olanda da fikri ailə-ev qayğılarına qarışmışdı, ya da monoton çıxışları mikrofondan gələn səs kimi eşidə-eşidə tez-tez əsnəmişdi, yuxulamışdı. Onunku yazı makinasında, sonra kompüterdə məktub-filan yazmaq, telefona cavab vermək, calaşdırmaq, bir də müdiri və gələn qonaqlara sinidə çay, konfet aparmaq idi. Elə bütün bunlara görə ağlına gəlməmişdi ki, toylarda deyilən tostla konfransdakı yekun nitqi başqa-başqa şeylərdi.

-...Oldu, indi qutarıram, - Hümbət İbrahimin “reqlamentə riayət edin, zəhmət olmasa” sözlərinin mənasını başa düşsə də, vecinə almadı, arxayın-arxayın son sözlərini dedi. - Hörmətli qardaşlar, bacılar, mənim balalarım. Bir də son arzumu demək istərdim. Gəlin, hamımız arzu edək ki, inşallah belə bir konfrans gələn il gözəl Şuşamızda olsun.

-Alqışlar başladı, hətta prezidiumda oturan BMT-nin Azərbaycandakı nümayəndəsi Qabriel Andreotti tərcüməni gözləmədən həvəslə əl çalanlara qoşuldu. Nazir “Bircə sən çatmırdın,” - dodaqaltı mızıldana-mızıldana alqışlara qoşulurmuş kimi üç dəfə yavaşca əlini əlinə vurdu. Hümbətsə sanki döyüşdə mühüm qələbə əldə etmiş birisi kimi zaldakılara baxa-baxa başını tərpədərək razılığını bildirir, hər iki əliylə bərk-bərk yapışdığı tribunadan düşmək istəmirdi.

Nazirin sifətinə nəhayət ki, ironik də olsa təbəssüm qondu, İbrahimə tərəf çönüb Andreottini göstərib: “Bu da istiyir Şuşada konfrans olsun? Hələ yaxşı ki, bu Dümbət Yerevan demədi,” - “Hə, elə mən də onu fikirləşirdim, düz deyirsiz,” - yalandan deyirdi, sadəcə aparat rəhbəri bayaqdan bəri ilk dəfə olaraq şefinin sifətində yaranan təbəssümə görə sevinmişdi deyə müdirə xoş gəlmək üçün belə dedi. “Düz deyirəm? - nazir eyni ironik təbəssümlə, - Bəs səhərdən axşama qədər qışqırırsız ki, İrəvan qədim Azərbaycan şəhəridir. Ehh,” - əlini yelləyib ah çəkdi. İbrahim çiyinlərini qaldırıb endirdi, bilmədi nə desin, yazıq-yazıq gülümsədi.

Sonda hamını “bir ağsaqqal kimi bir daha” təbrik edən, öz çıxışından, alqışlardan vəcdə gələn, iki gündü tez-tez özünü tele, fotokameraların qabağına verən, dalınca tez qırağa çəkilib telefonla yaxın qohumlara “Xəbərlərə baxın ha” sms-i yollayan sözpərəst sağ əlini irəli uzadıb iki dəfə “Qabağa doğru,” - deyib əllərini bir-birinə bərk sıxanda zaldakılar həvəslə, bir az lağlağı-mırt ovqatında əl çalmağa başladı.

“Hmm, güclü filoloqdu. Mən “russkoyazıçnı” ola-ola bilirəm ki, qabağa yox, irəliyə doğru deyirlər... Bir şiddətli töhmət də Çiçəyə,” - nazir başını bulaya-bulaya son cümləni mızıldadı.

Hümbətə ən çox əl çalan BMT-çi diplomat idi. Hətta nazirə şən ovqatla “This mister made a brilliant speech” (Bu cənab parlaq çıxış elədi) deyib baş barmağıyla “əla” işarəsini göstərdi. Nazir əvvəlcə elə bildi onu italyansayağı dolayırlar, çaşan kimi oldu, az qaldı qayıdıb soruşsun: “Really?” (Doğurdan?) Amma Andreottinin gözlərinə diqqətlə baxandan sonra əmin oldu ki, Hümbətin çıxışı səmimiliyinə görə onun xoşuna gəlib. Nazir deyilənə süni qəhqəhəylə reaksiya verdi: “Yes, very brilliant!” (Hə, əlbəttə) - yəni “Lap mənimlə zarafat etsən belə zarafatını tutdum”. Lap axırda isə nazir güman etdi ki, bizim tərcüməçi vəziyyəti düzəltmək üçün Hümbətin doğrudan səmimi və köntöy çıxışını “rəndələyib”, “cilalayıb”.

Bayaqdan içini yeyən naziri elə bir az yumşaldan konfransa pul buraxanlardan biri, BMT diplomatın onunla şən ovqatla vidalaşması oldu.

iyun, 2011, - dekabr, 2012

Bakı

# 2496 dəfə oxunub

Müəllifin son yazıları

# # #