Ehtirasla qorxunun arasında

Ehtirasla qorxunun arasında
3 mart 2014
# 13:39

Kulis.Az Alpay Azərin “Zina” silsiləsindən “Xlamidioz” hekayəsini təqdim edir.

(Ehtirasla qorxunun arasında qalanda)

Rasim səkidə dayanıb şüşə qabda “Baltika” pivəsi içən qızların yanında qəfildən maşının əyləcini basdı. Elə bildim axşam kef eləyəcəyik, qəfildən içimə həyəcan qarışıq istilik doldu və təbii ki, beynimdə özümə verdiyim ilk sual bu oldu: “Görən, hansı mənim payıma düşəcək?!” Ortaboylu, iri, yaşıl gözləri, uzun, dalğalı saçları olan qısadonlu bir qız o birilərə heç nə demədən maşınımızın qapısını açıb qabaq oturacaqda oturdu. Rasimə “Privet”, mənə tərəf çönüb “Zdravstuyte” dedi. “Varam da bu ruslara, qəhbəsi də mədənidi, “siz”lə salam verir adama,” – ani olaraq fikirləşdim.

- Necəsən? - qız ərklə Rasimin “Kent” siqaretindən bir gilə götürüb yandırdı, necə iştahla qullab aldısa, mən də çəkmək istədim.

- Pisəm, - Rasim hirslə cavab verdi.

- Niyə? - qız gözlərini qıydı.

Səkidəki sırtıq qızlarsa “Baltika” pivəsindən içə-içə öz aralarında deyib-gülür, arada oturduğumuz BMV-X6 maşınına, bizə maraqla baxırdılar. Bəziləri fahişələrə oxşayırdı, bəziləri isə yox.

- Sən niyə mənə xəstə olduğunu deməmisən?! - Rasim hirslə qıza baxdı.

Düz tapmışdım, fahişəymiş. Tripperə, ya da sifilisə yoluxdurmuşdu Rasimi. Amma pula yox, bir restoran-kafe qonaqlığına razı olanlara oxşayırdı. Qız eləcə çiyinlərini çəkdi, bir növ “olub-olub da,” - demiş oldu.

- Nə çiyinlərini çəkirsən?! Sualıma cavab ver! – Rasim qıza təpindi.

- Bilmirdim, - candərdi-etinasız cavab verdi. Vecinə də deyildi, elə bil yanındakını yüngül qripə yoluxdurmuşdu.

- İndi neyniyək? - Rasim bu sualı elə tonda verdi ki, sanki qıza elə “indi zəhmət çəkib, müalicəmin pulunu özün verərəsən” demiş oldu.

- Nə bilim? - qız bu dəfə dişlərini ağartdı, mənə elə gəldi ki, yalançı, sırtıq təbəssümüylə Rasimin qılığına girib xoşagəlməz vəziyyəti aradan qaldırmaq istəyir.

Qız axırıncı dəfə siqareti sümürüb kötüyünü pəncərədən yerə atdı və səkidəki rəfiqələrinə baxıb irişdi. Qızlardan biri:

- Hə, İnna, kefin əladı ha? – bu hardasa “pullu müştəri tapmısan” kimi səsləndi.

Cavabında İnna göz vurub gülümsədi.

- De görüm, indi neyniyək? – Rasimin qəzəbli səsi İnnanı rəfiqələrindən ayırdı.

- Düzünü bilmək istəyirsənsə, xəstə olduğumu bilməmişəm, - İnna cavab verdi.

- Dur cəhənnəm ol burdan!

İnna sifətinə yalançı ciddilik versə də, - guya pərt oldu, - elə bil üstündən yük götürdülər. Heç nə demədən qapını açıb çıxdı. (“Cəhənnəm ol!” ona tam sərf edirdi, bəlkə də kobud Rasimdən bundan betərini gözləyirdi.)

Maşın yerindən götürüldü. Bir müddət susduq, sonra maraq mənə güc gəldiyindən sükutu pozdum:

- Rasim, düzünü de, tripperə tutulmusan, yoxsa siflisə? - soruşdum.

- Heç birinə.

- Necə yəni heç birinə?

- Xlamidioz.

- Xlamidoz? Axı, sənə yüz dəfə demişəm, prezervativdən istifadə elə. Sözə qulaq asmırsan da.

- Ay Elman, elə bilirsən asan şeydi. Özün də qəhbə yanına gedirsən, guya bilmirsən ki, prezervativnən ləzzəti vermir?

- Başa düşürəm, amma gərək...

- Gərəknən iş olsaydı, nə vardı ki... Bir də, İnna pula gedən qəhbələrdən deyil ki. Küçədə tanış olmuşdum. Bir dəfə kafeyə apardım, “piyan” eliyib yarıxoş-yarızor işini gördüm.

Rasimə cəsarət edib deyəmmirdim ki, prezervativsiz ləzzətin hesabına da zibil xəstəlik tapırsan.

- Elə bil birinci dəfədi qəhbə yanına gedirsən. Bəyəm küçədə tanış olduğumuz qızlar virusla müqavilə bağlıyıblar ki, filan kliyenti sən “zarazit” elə (yoluxdur), amma o birisini yox...

Rasimə elə ağıl verirdim, guya özüm düz-əməlli vücuduydum. Nə sifils, nə də Rasim deyən xəstəlikdən yox, bir dəfə tripperə tutulmuşdum. Sifilis kimi ağır olmasa da, çox axmaq xəstəlikdir, - üzr istəyirəm, cinsi orqandan elə hey çirk kimi bir şey axır, küçədə, evdə, oturanda, duranda. Rasimi başa düşürdüm. İnna pis şey deyildi, hətta mənə elə gəlirdi ki, üç il qabaq məni tripperə yoluxduran, gecə klubunda tanış olduğum Alyonadan gözəl, daha şirin idi Rasimin İnnası.

Dünyada elə fahişələr var ki, onlara yüz min dollar da versələr, müştəriyə prezervativsiz yaxın durmazlar. Belələrinin çantalarında həmişə bir qutu prezervativ olur. Mənim kimi, Rasim kimi müştərilər yalandan deyəndə ki, prezervativim yoxdu, gəl, bu dəfə onsuz ötüşək, üzü üzlər görmüş fahişə tez əlini çantasına salıb irişə-irişə: “ Məndə var,” – deyirlər.

Amma eləsi də olur ki, artıq verilən pula tamah salır, ya özü müştərini, ya da müştəri onu xəstəliyə yoluxdurur. Mən hələ kişilərdən qisas alanları, - müştəriləri qəsdən QİÇS-ə yoluxduranları demirəm.

***

Rasim məktəbi qurtarandan sonra bir il evdə, küçədə dostlarıyla avaralandı, sonra əsgərlik, əsgərlikdən evə qayıdıb yenə bir müddət bekarçılıqla məşğul oldu. Axırda heç kimə heç nə demədən qatara minib yollandı Samaraya, orda kiçik bizneslə pul qazanan dayısı oğlunun yanına.

On ildən çox idi Samarada yaşayırdı. Dayısıoğluyla çoxdan yolları ayrılmışdı. Şəhərin bir neçə yerində ayaqqabı köşkləri varıydı Rasimin, yaxşı da qazanırdı. Evlənmişdi, on yaşında Nigar, səkkiz yaşında Nərmin, beş yaşında Mirhəsən (rəhmətlik seyid babasının şərəfinə) adlı oğlu vardı. Samarada işlədiyi on ildən çox müddətdə bir dəfə siflisə tutulmuşdu, - vaxtında yaxşı həkimlərin əlinə düşmüşdü deyə bəxti kəsmişdi, yoxsa uşaqları şikəst, ya da hansısa xəstəliklə doğula bilərdi. İndi isə xlamidioz onun kefinə soğan doğramışdı.

***

- ...Ay Rasim, bilirsən xətrini necə istiyirəm. Özün bir yana, bəs fikirləşmirsən sabah yenə uşağın olar, – cümləni bitirməmiş sözümü kəsdi.

- Nə? Uşaq nədi? Üçü bura qədər yox e, – boğazını göstərib, – bura qədər bəsdi. – Başından yuxarını göstərdi. - Mənə oğul lazımıydı, o da ki, var, şükür Allaha!

Rasim ürəyində heç nə saxlamırdı, nəyi fikirləşirdisə, onu da deyirdi. Məsələn, mənə deyə bilərdi ki, niyə belə pintisən, dırnaqlarını niyə tutmursan, niyə köynəyin həmişə ütüsüz olur, – xətir-filan vecinə alan deyildi...

Mənimçün Rasim təxminən dostla tanış arasında birisiydi. Yəqin, daha çox dosta yaxın adam demək olardı ona. Yeri gəlmişkən, mən maşında Rasimlə İnnanın arasında olan söhbətdən sonra bilmişdim ki, bu, onun artıq ikinci səhvidir, pardon, cinayətidir.

Təbii ki, aramızda az-maz pərdə var idi, – durub ona deyəmməzdim ki, arvadından utanmırsan, hələ o yazığı xlamidioza yoluxdurmaq məsələsi bir yana (Bilirdim ki, Rusiyada, lap elə Azərbaycanın özündə də fahişə yanına gedən kişilər arvadlarına zibil xəstəliklərə yoluxdururlar.)

- Oooy... Allah heç düşmənimə də qismət eləməsin. Təssəvür elə, həkim az qala iynə qalınlığında nazik dəmir mili götürür, sən də məni bağışla, şeyimin sidik çıxan yerindən salır içəri, ortaya qədər soxur, üstəlik, yavaş-yavaş burur. Bunu söznən demək olmaz e, bu mümkün deyil! Nə deyim vallah?! – mənə həkimin onu müayinə etməsindən danışırdı Rasim.

- Yəni diş ağrısından da betər olur?

Düzünü deyim, bunları eşidəndə ətim çimçəşdi, bir dəfə titrədim də, - “Diş ağrısından da betər olar”ı isə görünür, həyəcanlandığımdan demişdim.

- Elman, sən deyəsən, mənnən məzələnirsən? – tərs-tərs mənə baxdı.

- Yox, məzələnmək nədi. Deyirəm, yəni o ağrı, dediyin kimi, lap pis olar.

- A kişi, diş nədi, baş nədi, ürək nədi? Bu dəhşətdi e, dəhşət! Həmin o nazik dəmiri soxandan sonra, dediyim kimi, həkim başlayır burmağa. Elə bil eyni vaxtda sənin ətini kəlbətinlə sümüyündən yavaş-yavaş dartıb ayırırlar, amma ət qopmur ki, qopmur, eləcə dartılır... Elə ağrıdır ki, adam eşşək kimi anqırır. Həmin vaxt Allaha yalvarırsan, ancaq ölüm arzu eləyirsən özünə, nə balaların, nə atan-anan, nə qardaş-bacın yada düşür. Deyirsən, nəfəsim getsin, qayıtmasın.

- Nə də arvadın, - heç bilmədim necə cəsarət edib bunu dedim.

- Arvad heç yada düşmür. Heç! Necə deyim, elə bilirsən, arvad deyilən bir şey yoxdu, evli deyilsən... Off, sonra da başqa cəhənnəm əzabları başlayır. Neçə gün dalbadal yeddi-səkkiz iynə gupluyurlar dalına, antibiotikdi nə zibildi... Ayaqlarına vurur ağrı, az qala heç tərpənəmmirsən. Elə ki, gecə şirin yuxuya getdin, yuxuda o yana, bu yana çevrildin... Dəhşət!

- Yaxşı, ay Rasim, sən bir dəfə sifilisə tutulmusan, niyə bilə-bilə ki, yenə...

Rasimə ağıl verə-verə yadımda onuncuda oxuyanda dayımoğlunun 06-sıyla gecə Bakıdan kəndə çıxmağımız yadıma düşdü. Kəndə hardasa on-on beş kilometr qalmış dayımoğlunu tez-tez yuxu tuturdu. Mənə deyirdi, gördün ki, yuxulayıram, dümsüklə, oyat məni. Arada üzünə su da vururdu, amma yenə yuxu tuturdu onu, mən də arada dümsükləyirdim onu. Və birdən hər ikimizi yuxu tutanda maşınımız gedib az qala dərəyə yuvarlanmışdı, - Allah bir daş göndərmişdi, o da maşınımızın alt təkərinin qabağına çıxmışdı.

İndi Rasim mənə seksin bir addımlığında ləzzətdən vaz keçməyin mümkün olmaması barədə mühazirə oxuyanda bizi az qala ölümə aparan şirin yuxu yadıma düşürdü. (Yəqin ki, çoxları razılaşar, kişi üçün seks yuxudan da şirindir, hətta qat-qat şirindir.)

- ...Dayan, qabaqdakı BMV-ni keçim, - qaza basır, “ekiz qardaşını” keçir, - ayə, bu köpəyoğlunun İvanı hələ də başa düşmür ki, Россия для кавказцев (Rusiya qafqazlılarındır), vəssalam, - bunu deyib gülür. – Hə, başa düşdüm nə deyəssən, soruşacaqdın ki, niyə prezervativdən istifadə eləməmişəm, düz?

- Elədi.

- Sözünü də kəsirəm, ay Rasim, düzü, heç dilm də çönmür deyəm.

- Sən çöndər.

- Mən bir şeyi başa düşə bilmirəm, sən “spiddən” (QİÇS) qorxmursan? Yəni ən azından...

- Ee, deyir, Allahdan gizli deyil, bəndədən nə gizlədim, – Rasim dərindən köks ötürdü, qutudan bir “Kent” çıxarıb yandırdı. Tüstünü halqa-halqa havaya buraxaraq gözlərini qıydı, bu halqalarla sanki deyəcəyi “mənalı” cavaba fon vermək istəyirdi. - Demək istiyirsən, yəni, ən azınnan “spiddən” ölə bilərəm.

- Elə hardasa o cür, - dedim.

- Hardasız. Əlbəttə, düz deyirsən, - yenə havaya halqalar buraxdı. – Mümkün deyil. Yadında, bir az əvvəl sənə nə demişdim? Həkim o mili bura soxanda, – əliylə qabağını göstərib, – adam ağrıdan hər şeyi unudur, əzizlərini, yaxınlarını-filan. Bilirsən, İnna super gözəl deyil, özün də gördün, amma yaman ürəyimə düşmüşdü oğraşın qızı. İnanırsan, “daje” cibimdə prezervativim də varıydı, özümə də söz vermişdim ki, onu taxacam. Amma it qızı it divana uzanan kimi, fiqurasını gördüm, huş başdan çıxdı. Yadımdadı, bircə Allaha yalvardım ki, bu qızdan mənə xəstəlik gəlməsin. Həmin vaxt, inanırsan, ürəyimin dərinliyində tripperə də razıydım. Fikirləşirdim ki, tripperdi də, elə qorxulu xəstəlik deyil, yenə gedərəm iynəynən-dərmannan sağalaram. Bircə sifilisdən qorxurdum. O dəhşətli ağrıdan sonra dedim hardasan ay siflis.

- Amma qorxsaydın. Sən axı heç...

- Bax, dəhşət də elə burasındadı. Qalmışdım qorxuyla ehtirasın arasında. Elə ki, bu qəhbəni evə gətirdim, ley-peydən sonra ki, əlimdən tutdu, əli də istiydi, hər şey yadımdan çıxdı. Heç qızdan soruşmadım, bəlkə səndə xəstəlik-zad olar, ya bəlkə prezervativimi taxım “na vsyakiy sluçay” (hər ehtimala qarşı).

Rasim fikrə getdi, az sonra dilləndi:

- Sənə lap düzünü deyim. Bilirsən, onunla birinci dəfə olanda gözümün qabağına sifilisi də almışdım, öz-özümə deyirdim, bu zibil xəstəliyə tutula bilərəm. Fikirləşirdim ki, iynənin ağrısına yenə dözərəm, İnnadan keçə bilmirdim. Qıza ikinci dəfə “gedəndə”, - əliylə cinsi yaxınlıq işarəsini göstərib, - “uje” başqa cür fikirləşirdim. Fikirləşirdim ki, gecdi artıq, onsuz da birinci dəfə prezervativ taxmamışdım, guya ikinci dəfə taxsam nə olacaydı ki. Sonra da deyirdim, lap cəhənnəmə nə olar olar, neyniyim, öz günahımdı. A kişi, inanırsan, “spidə” də özümü hazırlamışdım... Mənim bir çıxış yolum var, - deyib sual dolu nəzərlə mənə baxdı.

- Nə yol?

- Gərək kəsib atam bu şeyimi.

Üzümdə ironik təbəssüm başımı buladım.

***

Hardasa beş-altı ay Rasim yoxa çıxdı. Və günlərin bir günü zəng vurdu, ordan-burdan söhbət elədik, birdən mənə dedi ki, yenə zibil xəstəliyə tutulub. “Allah eliyə xlamidoz ola, yenə soxalar o nazik dəmiri orasına,” - ürəyimdən şeytani arzu keçdi. Əslində, ani yaranan bu arzumun səbəbi Rasimə olan hansısa nifrətim yox, onun görməmişliyi, başına gələnlərdən dərs almaması idi. Bilmirəm, arzumu telefon dəstəyinin o başında təxminən oxuya bildi, ya ona olan qəzəbimi fəhmiylə hiss etdi, nəydisə, tezcə isterik bir qəhqəhəylə güldü. O dəqiqə başa düşdüm ki, dərdini mənimlə bölüşmək üçün zəng edibmiş, amma eyni zamanda onu ürəyimdə belə sanca biləcəyimi öncədən duyduğundan, - yəqin özünü buna əvvəlcədən hazırlayıbmış, - elə bilirdim, isterik gülüşüylə bir növ qabaqdangəlmişlik edir, yəni lap ürəyində söy məni, heç vecimə də deyil. Rasim gülüb qurtarandan sonra mən eləcə: “Nə deyim, vallah, özün bilərsən,” - dedim, o isə tez bunları dedi:

- A kişi, bu dəfə sifilisə yox, tripperə tutulmuşam, əsas məsələ odu ki, xlamidoz deyil, – elə bil fəxrlə dedi bunu, – yoxsa yenə o nəzik mili soxacaydılar orama, – bunları deyəndən sonra yenə isterik qəhqəhəylə güldü, tez də telefonu qapatdı.

26 – 30 avqust, 2012,

Yanvar- sentyabr, 2013

Bakı-Altıağac-Bakı

# 4105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #