Aliyə
Heç kim heç nədən şübhələnmirdi məncə. Avtobusda peşəkar sürücülər vardı. Bəlkə də onlar duyuq düşüblər, deyə bilmərəm. Şəxsən mən ayağımın birini götürüb birini qoya-qoya telefonla xısın-xısın danışan qadının oturduğu oturacağı nişanlayırdım. Ayaqda qalmış yaşlı adam yoxdur. Ümid eləməyə dəyər. “Dünən toyda nahaq o qədər tullanıb-düşdüm, indi ayağım ağrımazdı, hələ qohumlar Allah bilir, dalımca nə danışdı. Bəlkə də yağış yağacaq, ona görədi. Dəqiq. Yağış yağacaq. Gecə də külək zad oldu”.
Belə hamar yolda hamar-hamar düşündüyüm yerdə bizi şəhərin mərkəzinə aparan avtobus qəfil tozlu döngədən sağa buruldu. Bədheybət kimi qaranlıq ağzını açmış bir qarajın qabağına saxladı. Üstü mazutlu iki oğlan yüyürüb avtobusun qabağına gəldi:
- Nə məsələdi?
Kişinin cavabını içəridəki ah-uflar batırdı.
- Təkəri buraxıb!- Bunu da sürücü yox, elə çiynimin üstündəki tutacaqdan yapışması ilə qədim Yunanıstandakı Domoklu bu basabas avtobusa təpən kişi dedi. Amma içəridəki sərnişinlərə.
-Zolotniki xarabdı.
- 8 vurursan?
- Sən dörd vur baxaq...
- Ay dayı, pulu qoydum ora, evin lap yanına gətirdiz məni”- bayaq yerini nişanladığım qadın həddini aşan sevinci gizləyə bilmədi. Elə bil həyatında onu xoşbəxt edən yeganə kişi həmin bu avtobus sürücüsü idi. “Sən elə zənn elə. Bəs qulağına qoyduğu telefondakı səs nədir? Ay-hay!”
- Dayı, bunun barabanı yanıb e..”
- Yox aa.
- Dayan baxım hələ...
- Şoğərib a... - bunu da indi məndən arxadakı oturacaqda əyləşmiş qoca nənə dedi.
- Rauf.. Ayə, ordakı yeşikdən zalatnik gətir.
- Hansı yeşik?
- Uff... - bir nəfər də düşdü. Sonra daha bir təntimiş.
Sonra onlara baxan daha ikisi. Az sonra avtobusda 10 adam qalardı, ya yox. Tələsməyənlər, yəni itirəcək bir şeyi olmayanlar və mənim kimi tələssə də bu arıq, yaşlı sürücüyə, qapıları “Tsssss” deyə açılan köhnə avtobusa inananlar.
“Abarotdan qalmaqdansa iki dəqiqə ləngimək yaxşıdı..” – sürücü özünə təsəlli camaata da anons verdi - 2 dəqiqə nədi ki?
Üç it heysiz-heysiz tozlu yolu keçdi. Onlar da heç hara tələsmirdilər.
Kasıbmalı proflaktoriyanın iyi toz iyinə qarışıb mənim kimi Sovet uşaqlarının yol xatirələrini canlandırırdı. Bayırda cavan ustalar mızıldanır, alçaq səslə bir-birindən nəsə soruşurdular, amma avtobusun içi səssizlik idi. Danışmağa ehtiyac duymayan doğma adamlarla olduğu kimi.
Az sonra avtobus prospektin rahat yoluna burulurdu.
“Domokl qılıncı” getmişdi, onun yerində dayanan oğlan məni qabaqladı - solu gözləyən sürücüyə “Sür dayı...” dedi.
“Ay da... bura da gün düşür ki... hər dəfə hesablayıram, ölçüb-biçir, istiqaməti qütblərlə uzlaşdırıram, amma axırda yenə də avtobusda gün düşən tərəfdə otururam. Bu niyə belə oldu e... axı həmişə bu tərəfdə oturanda gün olmurdu? Üzü payıza günəş bir az cənuba əyilir. Ondandı. Yoxsa ki, şimala?”
- Kim harda düşəcək desin, adam götürməyəcəm, “Astanovka”da ləngiməyək - Sürücü güzgüdən öz komandasına müraciət etdi.
- Yallah...
- Sağ-səlamət...
- Adam götürmürəm, avtobus xarab olub, arxadan avtobus gəlir ona minərsiz...
- A kişi, gedirsən də...
- Öz camaatımı çatdırım...