Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” II eksperimental tamaşalar festivalının qalibləri bəlli olub.
Kulis.az-ın festivalın təşkilatçılarına istinadən verdiyi xəbərə görə, mükafatlandırma mərasimi martın 10-u, Milli teatr günündə Teatr Xadimləri İttifaqında baş tutub.
Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına kiçik səhnəsində hazırlanmış “Bir-iki bizimki...” tamaşası (rej. Əlif Cahangir) “Ən yaxşı tamaşa” nominasiyasında birinci yerə layiq görülüb.
Eyni nominasiyada ikinci yeri “Açıq dənizdə” tamaşası qazanıb. Müstəqil layihə kimi təqdim bu tamaşanı İsa Əsədov S.Mrojekin pyesi əsasında hazırlayıb.
Human teatrının rus şairi Sergey Yeseninin “Qara adam” poeması əsasında hazırladığı eyni adlı tamaşa (rej. Şamil İbrahimov) və Müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında hazırlanmış “Səmavi” tamaşası (rej. Raulya Türkkan) üçüncü yeri bölüşüblər.
“Ən yaxşı tələbə tamaşası” olaraq ADMİU tələbələrinin Ə.Haqverdiyev“Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladıqları “Qara oyun” (kurs rəh. Məmməd Səfa) seçilib.
Aktrisa Mehriban Xanlarova "Manqurt" tamaşasındakı "Nayman" ana roluna görə "Qadın rolunun ən yaxşı ifası" nominasiyası üzrə qalib olub.
Yuğ teatrının aktyoru Qasım Nağı “Quş dili” tamaşasındakı Bağban roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında mükafatlandırılıb.
Eyni nominasiyanın daha bir qalibi aktyor, rejissor Qurban Məsimov olub. O, bu mükafata Müstəqil teatrın “Açıq dənizdə” tamaşasındakı Gonbul roluna görə layiq görülüb.