Fotoqraf Sitarə İbrahimova: “Oğlanla qızı çəkdim, valideynlər gəldi ki, evlənməlidirlər”
Kulis.az fotoqraf Sitarə İbrahimova ilə müsahibəni təqdim edir.
- Sitarə xanım, layihələrinizin ideyasını özünüz düşünürsünüz, yoxsa kimsə sifariş edir?
- Yox, özüm düşünürəm. Özümə nə maraqlıdırsa, onu seçirəm. Məsələn, qadınların hüquqları mənə maraqlıdır. “Qırmızı xaç” üçün Qarabağ haqqında layihə etdim. İtkin düşən insanların şəxsi əşyalarını çəkdim. Sonra Ağdama, Tərtərə getdim, orada çəkilişlər etdim. Qarabağ veteranlarını çəkdim.
- Bir public-art layihəniz var idi: orada cütlüklərin şəklini çəkmişdiniz. Bu adamları nəyə əsasən seçmişdiniz?
- Heç nəyə. Sadəcə bulvarda çadır qurmuşduq, kim şəkil çəkdirmək istəyirdi, gəlirdi.
- Bu layihənin ideyası nə idi?
- Fuad Axundovun “Köhnə bakılılar” seriyasından şəkillərinə baxmışdım. Köhnə ailə şəkilləri var idi. Mən də istədim oxşar layihə edim: Dövrümün insanlarının xarici siması.
- Psixoloq ixtisası qazandıqdan sonra bir də fotoqraflıq oxumusunuz...
- Milan Kunderanın “Varolmanın dözülməz yüngüllüyü” kitabında qızlardan biri fotoqrafdır, o yadımda qalmışdı. Sonra eyniadlı ekranizasiyaya baxdım. Orada məşhur çex fotoqrafı Yozef Koudelkanın fotolarından istifadə olunmuşdu. Filmə baxandan sonra Praqaya getmək qərarına gəldim. Praqanın ən güclü fotoqrafiya məktəblərindən birinə qəbul olundum və oxumağa başladım.
- Çox sərgilərdə iştirak etmisiniz. Ümumiyyətlə, sərgilərdə hansısa siyasi konyuktura ilə rastlaşmısınız?
- Yox, elə bir layihə olmayıb ki, deyim senzuraya məruz qalıb. Qarabağ haqqında layihəm Venesiyada göstərildi. Sonra “Erkən nikah” layihəsi, “Abortlar haqqında”, başqa bir çox layihələr yerli və xarici sərgilərdə nümayiş olunub. Belə bir şey sezməmişəm.
- Bizim fotoqrafların arasında janra görə təbəqələşmə varmı?
- Əslində olmalıdır. Amma bizdə faşion çəkən, sənədli də çəkir, sosial da, portret də! Yəni, nəyə tələbat varsa, onu da işləyirlər. Amma bu, düz deyil. Özünü sınaya, eksperiment edə bilərsən, ancaq bütün janrlarda peşəkar olmaq mümkün deyil axı...
- Fotoqraflar bəlkə də sənətkarlar arasında qlamur dünyaya ən yaxın olanıdır. Sizdə necədir?
- Düzünə qalsa, qlamur anlayışı məni qıcıqlandırır. Amma istəsən də, istəməsən də olduğun mühit belədir. Bir yerdə əylənməli, eyni klublara getməli, eyni qonaqlıqlarda iştirak etməli olursan. Məncə bu, yaradıcı tərz deyil, yaradıcı adam individual olmalıdır.
- Sitarə xanım, qazancınız hardandır?
- (Əlini yelləyir) Heç soruşmayın. Heç yerdən! Qrand layihələrin hesabına qazana bilirəm, ya da sifarişlər alıram. Bəzən də jurnallar üçün çəkirəm. Düzdü, bu ürəyimcə deyil, çünki nə və necə çəkəcəyimi jurnal diktə edir... Yalnız sifarişlərdən qazanmaq olur. Dayanıqlı işlədiyimiz, maaş aldığımız yer yoxdur. Elə fotoqrafiya jurnalı, saytlar filan da yoxdur ki, orada sosial-sənədli layihələri təqdim edəsən.
- Çəkilişdə ən çətin olanı nədir?
- İnsanları çəkməyə razı salmaq... Çox vaxt soruşurlar ki, bu çəkilişin onlara nə xeyri var?
- Bəs siz nə deyirsiniz?
- Çalışıram başa salım ki, konkret sənə xeyri olmasa da, insanların fikrini dəyişməyə vasitə ola bilər.
- Bəs hansısa işinizin konkret olaraq kiməsə köməyi dəyibmi? Praktik olaraq...
- Yox. Bu, mənim üçün ağrılı mövzudur. Bir veteranı çəkirdim. Həyat yoldaşı, üç qızı balaca bir otaqda yaşayırdı. Şəraitləri çox ağır idi. Bu fotonu böyük bir sərgidə nümayiş etdirdilər. Amma gözlədiyim reaksiya olmadı. İnsanlar, sadəcə yaxınlaşır, şərab içə-içə baxır, amma narahat olmurlar... Onlar buna sadəcə sənət əsəri kimi baxırlar. Sanki divarda asılan şəkil dekorun bir hissəsidir, orada təsvir olunan insanı görmürlər...
- Belə şeylər sizdə işinizlə bağlı şübhə yaradır?
- Şübhə yaratmır, motivasiya itir. Özümü ikiüzlü hiss edirəm. Sanki mən bunu öz yüksəlişim üçün etmişəm. Bu şəkillərin hesabına hansı yerəsə gəlirəm, amma əslində heç nə həll olunmur. Bunlar məni ruhdan salır. Uzun müddət çəkmək istəmirəm. Mənə elə gəlir ki, çəkdiklərimin bir kəsə xeyri yoxdur, kimisə gerçəkdən maraqlandırmır.
- Sadə insanlar sərgiyə gəlirmi?
- Yox.
- Bəlkə sərginin onların yanına aparasınız?
- Bulvardakı publik-art layihəsi bunun üçün idi. Amma bilirsiniz, o qədər çətinliklər çıxır ki. Bakıda gəlib istənilən yerdə sərgi keçirə bilməzsən. İcazə almaq lazımdır. O da ki, çox vaxt kimsə tapşırmasa alınmır.
İnsanlar da çox şeyə hazır deyil. Məsələn, gənc cütlüyün şəklini çəkmişəm, valideyn gəlib ki, bu fotoları tez götürün, biabır olmuşuq, indi gərək oğlan qızla evlənə... Belə-belə absurd şeylər...
- Foto çəkiliş edərkən, insanların şəxsi, məhrəm ərazisinə daxil olursunuz. İşinizdə qəbul olunmuş hansısa etik çərçivələr varmı?
- Ruhi xəstəxanada çəkiliş edirdim. Qadınlar, kişilər olan hissədə normal çəkilişlər etdim. Amma qocaları çəkə bilmədim. Pis oldum. Bilirdim ki, çəksəm şəkillər onluğa vuracaq, əla alınacaq, amma heç nə çəkə bilmədim. Bilmirəm nə etikdir, nə yox... Bilə-bilə ki, belə çəkiliş uğurlu nəticəyə ən qısa yoldur, çəkə bilmirsən... Onda mənə elə gəldi ki, çəkəndə onların vəziyyətindən sui-istifadə edirəm. Bəlkə də istifadə etmək lazımdır ki, insanlar görsün...
- Yəqin fotoqraflar arasında da belə populist mövzular var ki, sentimentallıqla, melodramatikliklə tamaşaçının qəlbinə qısa yol tapır. Məsələn, uşaqlar, qocalar, müharibə...
- Sovetski...
- Bu mövzuları işləyən fotoqraflara necə baxırsınız? Ümumiyyətlə, peşəkar üçün populist mövzu deyə bir şey varmı?
- Bilirsiniz, haqlısız, bu mövzular daha yaxşı işləyir. Amma məncə, bizim tamaşaçı uzun yola hazır deyil. Başqa tərəfdən göstərsək, o, ola bilsin anlamayacaq. Ona görə düşünürəm ki, bizim tamaşaçıya təsir etmək üçün fotonu birbaşa göstərsək yaxşıdır.
- Şəkillərdəki müəyyən simvolik məqamları qabaqcadan qurursunuz?
- Yox, təsadüfən alınır. Əvvəldən düşünmürəm, amma təsadüfən görəndə mütləq çəkirəm. Məsələn, azyaşlı gəlini uşaq oyuncaqlarının yanında görsəm, mütləq onu orada çəkəcəm. Bəlkə kimsə mizan qurur, amma mən yox.
- Adətən, fotoaparat çətin vəziyyətdə olan, sosial problemlərin içində əziyyət çəkənə tuşlanır. Niyə baxılanlar sosial cəhətdən aşağı təbəqənin, baxanlarsa yüksək təbəqənin adamları olur?
- Bilmirəm. Mənim məqsədim o olub ki, bunlara onları göstərim.
- Bəs aşağı təbəqəyə yüksək təbəqənin fotolarını göstərmək necə?
- Bu nəyə lazımdır? Onları qıcıqlandırmaq üçün? Burada nə məqsəd olacaq? Birincidə bəlkə onlara bir kömək etmək olar, amma siz deyəndə nə məqsəd olacaq?
- Amma siz bayaq dediniz ki, belə bir kömək də olmur onsuz da...
- Bayaq sərginin açılış günündən danışırdım. Bəlkə sonra baxanlardan kimsə təsirlənir, müəyyən şəkildə kömək edir? Qaçqınları çəkmişdim, şəkilləri paylaşıb post yazmışdım, ehtiyacı olanlara geyim və ərzaq yardımı edənlər oldu. İndi insanlar başqaları haqda yox, daha çox özü haqda düşünür. İnanıram ki, bu zamanla dəyişər.
- Faşion fotolar, qlamur jurnallar üçün çəkilən əyləncəvari fotoları bədii fotodan necə fərqləndirirsiniz?
- Yalnız şəklin ötürdüyü mesaja görə. Ola bilər ki, sən faşion şəkil çəkəsən, amma onu elə işləyəsən ki, orada müharibəni ifadə edəsən.
- Bəs sənətin məqsədini nədə görürsünüz?
- Kimsə fotoya baxır, estetik zövq alır, kimsə baxır, məlumat alır, kimsə baxır təsirlənir, kömək etmək istəyir...
- Bir layihəyə nə qədər vaxt sərf edirsiniz? Çəkiliş, post-prodakşn dövrü hamısı birgə...
- Müxtəlif olur. Məsələn, abortlarla bağlı layihəni altı aya işlədim. Məndə belə bir məlumat var idi ki, 12 həftəyə qədər həkimlər uşağın cinsini deyə bilməzlər. Amma bizdə məhz cinsinə görə edilən abortlar çoxdur. Bunu çəkib göstərmək istəyirəm. Təbii ki, nə həkim, nə də aborta gələn qadın bunu çəkib göstərməyimi istəmir. Bu layihəni işləyirəm, amma faktla bağlı heç nə çəkə bilmirəm. Belə problemlərlə vaxt uzanır.
- Layihəyə insanları razılaşdırmaq üçün yalan danışdığınız olurmu?
- Bəzən məqsədimi gizlətməli oluram. Azyaşlı nikahı çəkirəmsə, onlara deyə bilmərəm ki, siz düzgün etmirsiniz, mən bunu çəkib göstərəcəm? Onlara başqa bir şey deyirəm.
Çox vaxt insanlar fotoqrafdan maddi kömək umurlar. Sən çəkirsən, əgər bir dəfə cüzi də olsa kömək etsən, sənə ümid yeri kimi baxırlar. Halbuki, bu qədər insana yardım etmək bir fotoqrafın gücü xaricindədir.
- Görüb, amma çəkə bilmədiyiniz, sarsıldığınız kadr olubmu?
- Bayaq dedim. Ruhi xəstəxanada olub... Bir də heyvanlara qarşı zorakılığı çəkə bilmirəm. Necə gözləyə bilərəm ki, kimsə küçə itlərini öldürsün, mən də çəkim? Mən bunu edə bilmərəm.
- Onda siz müharibədən fotolar çəkə bilməzsiniz?
- Müharibə gedəndə yəqin ki, yox. Emosional cəhətdən zəifəm.
- İxtisasca psixoloq olmağınızın sizə faydası dəyibmi?
- Ola bilər, insana yanaşmaqda hə... Çox vaxt hiss edirəm ki, onlara psixoloq kimi kömək etmək lazım da deyil. Tutalım, qadın abort etmək istəyir, amma bunu tək özü yox, bütün ailəsi istəyir.
- Fotoqraf kimi kumirləriniz varmı?
- Stenli Qrinin, Antuan Daqatanın işlərini çox bəyənirəm.
- Bizdən kimləri yaxşı fotoqraf hesab edirsiniz?
- Sənan Ələsgərov, Təhminə Əliyeva, İlkin Hüseynov, Rəna Əfəndi...
- Müxtəlif saytlarda xəbərlər, müsahibələr fotolarla təqdim olunur. Bir peşəkar kimi bəyəndiyiniz, xəbərə, hadisəyə bədii yanaşması ilə fərqlənən şəkillər görürsünüzmü?
- Bloqlarda, səhifələrdə olur. Xəbər saytlarındakı fotolar sovet qəzetlərini xatırladır. Bəzən fotonun başlıqla əlaqəsi olmur. Xarici xəbər saytlarında, hətta Rusiyada xəbər saytlarında fotolar maraqlı olur. Bizdə bu işi yola verirlər, ciddi yanaşmırlar, heç ciddi iş kimi qiymətləndirmirlər də. Mənə belə təklif gəlsə və yaradıcı azadlıq versələr, pulsuz belə işləyərdim. İnanmıram ki, kiməsə bu, lazımdır. Xəbər saytlarının buna marağı yoxdur. Tutalım, biri özünü körpüdən atmaq istəyir, telefonla çəkilən fotosu qoyulur, bütün saytlar yayır. Kimsə onu xəstəxanada, evində gedib çəkmir. Obyektə individual yanaşmaq istəmirlər. Ona görə, mənə və mənim kimilərinə ehtiyac yoxdur.
Qeyd: Fotoqrafın işləri ilə http://sitaraibrahimova.com saytından tanış ola bilərsiniz.