Andrey Zvyaqentsevin “Sevgisizlik” filmi bu il Kann festivalının qaliblərindəndir. Süjeti bir ailənin keçirdiyi böhran üzərində qurulan film jürinin xüsusi mükafatına layiq görülüb. Bu ünlü rus rejissorunun Kann festivalına mükafat alan üçüncü filmidir.
Kulis.az rus kinoşünası Anton Dolinin rejissorla bu günlərdə rus mətbuatında yayımlanan müsahibəsini təqdim edir.
- Sizi Kann jürisinin xüsusi mükafatı almanız münasibətilə təbrik edirəm. Buna şadsınız, yoxsa əsas mükafatı almadığınıza məyussunuz? Axı rus rejissorları maksimalistdir...
- Sağ olun, Anton. Mənimlə məhz ikinci baş verib. Deyəsən, mən əsl rus rejissoruyam.
- Onda filmə keçək. Zəhmət olmasa, deyin, əvvəlcə filmin ad-formulası yarandı, yoxsa süjet və ideya gəldi?
- Əvvəlcə əhvalatın özü vardı. Filmin süjeti yazılan 3 səhifəlik mətn əsasında Aleksandr Rodnyanskiy (prodüser) layihəyə start verdi.
Əlimizdə ssenari yoxkən, biz operator və rəssamla gələcək filmin obrazlarını axtarırdıq. Qəhrəmanlarımızın sosial statusu bizə qaranlıq idi, ona görə də rəssam Andrey Ponkratov dekorasiya eskizlərini işləməyə başladı. Biz natura axtarışlarında ikən, Oleq ssenarini yazdı. Onu əlimə alanda artıq adı “Sevgisizlik” (Nelyubov) idi. Əvvəlcə bu ad məni çəkindirdi. Onu işçi ad hesab edirdim və başqa ad tapmağı düşünürdüm. Məsələn, çoxdan beynimdə “Döyüş meydanı” adı yaranmışdı. Düşünürdüm, həmişə olduğu kimi film yaranandan sonra hiss edəcəm ki, onu necə adlandırmalıyam. “Qayıdış”da da, “Sürgün” filmində də belə idi: Mən hazır filmi gördüm, Borxesin “Dörd dövr” adlı qısa essesini xatırladım, o saat anladım ki, bu, “xlopuşka”da yazılan kimi “Ata” filan deyil, məhz “Qayıdış”dır. Amma bu filmdə belə şey baş vermədi. Mən bu ada öyrəşdim və başqa ad tapmadım. Daha düzü mən Oleqin təklif etdiyi adın dərinliyini gördüm. Bu yaxınlarda isə ilahinin dərki haqqında apofatik və katafatik ilahiyyat arasındakı fərqi aydınlaşdıran iki bir-birinə zidd dini ayə haqqında mətnə rast gəldim və şübhələr məni buraxdı.
- İlahiyyat elminin bura nə dəxli var?
- Demək olar ki, dəxli yoxdur. Sadəcə, nəzərə alsaq, apofatika tanrının dərki məsələsini tanrının olmaması kimi anlayış və cəhətlərin üzərində qurur, burada da bir paralel tapa bilərik. Sevgisizlik birbaşa fərdin və ya cəmiyyətin, fərqi yoxdur, ağır ruhi vəziyyətinin göstəricisi kimi personajları əhatə edən ətraf aləmdə və ya mənəvi mühitdə olan vəziyyətin aydın və dəqiq adı, təyinidir. Beləcə mən bu ada öyrəşdim və filmimizin ortaya qoyduğu problemi cərrah dəqiqliyi ilə göstərdiyinə görə onu sevdim də. Və bu sevginin olmaması deyil, onun antipotudur. Bu məsələnin əks tərəfi deyil və yaxud da banal nifrət və soyuq laqeydlik deyil, nəsə daha böyük bir şeydir – sevgisizlik. (Nelyubov). İndi fransız prokatında filmi necə adlandırmaq haqda məsələ durur qarşıda. Distribüterlər baş sındırır, amma dəqiq sözü tapa bilmirlər. İngilis dilindəki “Loveless” də həmin mənanı ifadə etmir.
- Biz adın tərcüməyə gəlib-gəlməməsi haqda danışırıq. Bəs sizin filmlərin özü tərcüməyə gəlirmi? “Qayıdış” və “Sürgün”ü Rusiyada universallığına, birdən hər şey haqqında danışmasına görə tənqid etdilər. Sonrasa siz konkret şəkildə Rusiya haqqında danışan filmlər çəkdiniz və o saat da tərcümə problemi yarandı. Məsələn, “Yelena”da bu oldu: orduya çağırış mövzusu Qərb tamaşaçısına aydın deyildi. Nəvəni ordudan saxlamaq üçün niyə adam qətl törətsin ki? İnsan ordudan niyə xilas olmaq istəsin ki? Bunu axı subtitrlərdə izah edə bilməzsən. Eləcə də “Leviafan”da: evin əlindən alınırsa niyə məhkəməyə müraciət etməyəsən? Ümumiyyətlə niyə məhkəmə bu cürdür... Kənardan olan insanlara belə məsələlər anlaşılmazdır.
- Aydındır. Bilirsən, mən bu barədə heç düşünmürəm və bu yeganə yoldur. Tay rejissoru Apiçatpon Virasetakul sirli və qəribə filmlər çəkir, düşünmürəm o bunların kiməsə anlaşılmaz olacağından narahat olur.
- Əksinə, o, əllərini bir-birinə sürtərək öz-özünə deyir: Əla! Bu, anlaşılmazdır!
- Mən başqa məsələyə görə, əlimi bir-birinə sürtürəm: Aktyor necə dəqiqliklə bacarır, bu necə də tanışdır, ekranda baş verənlərə necə də inanıram. Axı insan varlığının həqiqəti özü universal bir dildir; dünyadakı bütün insanlar eyni cür qurulub. Fərq yalnız cansız detallardadır. Məndən soruşurlar: “Sən “Leviafan”ı universal məsələlər haqda çəkmisən?” Mən deyirəm: “Niyə? Axı bu, bizim reallığımızdır! Sadəcə, onlar istənilən qitədə tanışdır – insan hər yerdə hakimiyyətin ədalətsizliyi altında əzilir. Bütün dünyada belədir və görünür ki, bütün vaxtlarda belə olacaq. Mən “onlar” haqda çəkirəm. Mən bizim haqqımızda çəkirəm. Səninlə nə baş verdiyi haqda danışmaq lazımdır. Onların Allahından bizə nə? Qoy öz problemlərindən özləri baş çıxarsınlar. Nə yaxşı ki, bu refleksdən məhrumam.
Mən “orda” aydın olub-olmayacağı haqda düşünmürəm. Bu və ya başqa ad tərcümə olunacaqmı? Bu detallarla mənim nə işim var? Film Rusiyada yaranıb, o təpədən dırnağa rus filmidir, niyə onun nə qədər konvert olunması haqda düşünüm?
- İstədiniz, ya yox sizin siyasi fronder və “birtəhər” mövqeyi olan rejissor reputasiyanız var. “Sevgisizlik” kimi siyasi olmayan filmdə bu nəyə lazımdır?
- Bizim filmimiz şəxsi xarakter daşıyan əhvalatdır, siyasi eyhamlardan məhrumdur. Əminəm, bu çox ağrılı əhvalatdır və hər kəsə toxunur, amma o, bir ailənin daxilində, insanın mənəvi dünyasında, şəxsi cəbhədə baş verir. Bu şəxsi cəbhə ölkənin ruhsal atmosferindən asılı olmaya bilməz: kütləvi separasiya, aqressiya püskürmələri, Ukrayna ilə bağlı müdhiş əhvalat, hərbiləşdirilmiş düşüncə.... Mənim filmim 2012-ci ildən bəhs edir. Subtitrlərdə də olmasa detallarda o il nəzərdə tutulub. Məhz 2012-ci ildə vintlər boşalmağa başladı-paradiqma dəyişikliyi başladı. Azad insan gözümüzün qabağında itirilmiş insana çevrildi. Məhz onda senzura bizim daxilimizdəki şeytana çevrilməyə başladı. İndi biz özümüz könüllü şəkildə dilimizi saxlayırıq. Biz ciddi şəkildə dəyişmişik. Biz nəsə fövqəladə vacib bir şeyi itirmişik.
- “Sevgisizlik”də ev mövzusu əksinə dəyişir. “Leviafan”dan fərqli olaraq, qəhrəmanlar özləri evlərindən yaxa qurtarmaq istəyirlər. İstəyirlər ki, onu dağıtsınlar.
- Əgər metaforadan uzaq, yəni məişət dili ilə desək, onların artıq bölünəsi mülkiyyəti var. Onlar üçün artıq bir yerdə yaşamaq mümkün deyil. İlk epizodlardan birində qadın yataq otağındadır, kişi isə qonaq otağında yun örtüyün altında uzanıb, çünki onun başqa yeri yoxdur. İndi onlara yalnız bir şey qalır, mənzili satmaq, pulu bölmək və yeni həyata başlamaq. Onlar hər şeyi bölürlər.
- Bununla belə bölünməyən bir şey ortaya çıxır-uşaq. Əmlak məsələsini tamam başqa tərəfə çəkib aparır. Sanki bu sizin ağrılı yerinizdir-ev, mənzil, daşınmaz əmlak... Hər filminizdə bu var.
- Təəccüblüdür ki, bu açar haqda heç vaxt düşünməmişəm. Mənim heç vaxt öz evim olmayıb. Heç vaxt. Hətta anam öz mənzilini satanda biz ona Moskvada balaca bir mənzil aldıq. Bu, 17 il əvvəl, 2000-lərin payızında baş verib. Bu pula mən reklamdan aldığım pulu da əlavə etmiş və kiçik bir ev almışdım. Amma bir gün də o evdə yaşamadım. Biz o evdən buna, bu otaqdan ona köçdük. Bir dəfə arvadımla saydıq, 10 ilə 8 dəfə yaşadığımız mənzili dəyişmişdik. Bu yaxınlarda mən mənzil aldım, onu təmir etdim və bu ilin fevralında ora köçdük.
Əlbəttə bəzi elementlər filmə şəxsi bioqrafiyadan keçir, bəziləri müşahidədən...
- Niyə ikinci filminizdə başdan axıra ana söyüşü var? “Leviafan” söyüş qadağası haqda qanuna qədər çəkilmişdi. Amma burada ki, hər şey əvvəlcədən bəlli idi?
- Görürsüz də, Anton, biz qanunda yazıldığına görə yaşayıb hərəkət etmirik. Yaradıcı akt qanunvericiliklə nizamlanmır. Üstəlik qanunvericilər öz qanunları ilə müvəqqətidir, amma bədii əsər çox yaşayır və öz zaman çərçivəsi var, öz daxili qanunlarına tabedir. Əgər reallıq öz həqiqi təcəssümü üçün bu leksikona ehtiyac duyursa, onda buna hansı nazir mane ola bilər! Buyurun, bu yöndəmsiz qanuna əməl etmək üçün film prokatda senzuraya məruz qalacaq, amma orijinal versiya DVD-də bəlkə də əbədi yaşayacaq. Kim bilir, bəlkə qanun gələcəkdə ləğv olundu. Onda tamaşaçıya deyə bilməzsən ki, xalqın dil həqiqətinə yox, nazirliyin məmuruna riayət etmişik. Kimsə axmaq bir qanun çıxarıb deyə, söyüşdən imtina edə bilmərəm. Sən filmi görmüsən, axı orada başqa cür danışmaq mümkün deyil.
Mənim senzuraya zidd leksikon istifadə etmək kimi bir məqsədim yoxdur. Amma sən bir insana həqiqəti demək istəyirsənsə, artıq puritanca yalan danışa, əxlaqi təmizlik haqda demaqoq nəğmələrinə sığına bilməzsən. Məhz bu özü əxlaqi natəmizlikdir....
- Yeni filmində bir məqam da erotik səhnələrdir.
- Gələcək əhvalatın ssenari planını hazırlayanda Oleqlə bu məsələni müzakirə etdik və məlum oldu ki, qəhrəmanların bu həyatını göstərmək vacibdir. Jenya Antona “Səni sevirəm” deyəndə tamamilə səmimidir. Mənim fikrimcə qadının bu sözü deməsi bəs etmir, onun sevgi yanğısını açıq və intim şəkildə göstərmək lazımdır. Borislə də eyni şey baş verir. Bütün aktyorlarla şərtləşdik ki, açıq səhnələr olacaq. Əlbəttə ki, məqsədimiz intim yerləri göstərmək deyil, başqa bir bədənə susayan bədəni göstərməkdir. Hamı bilirdi ki, nəyə gedir. Biz hər iki cütlüyü tam çılpaq göstərməli idik.
- Alınmayacağından qorxmadınız ki?
- Əlbəttə, qorxdum. Yəqin bu ən böyük qorxum idi. Belə səhnələri çəkmək asan deyil. Alınmaya bilər. Amma qayçı var həmişə. Biz buna çox ciddi yanaşdıq, mizanları düşündük, aktyorları inandırdıq ki, yalnız kontur işıqları görünəcək.