Ssenari yazmaq çətinlikləri – MƏŞHURLAR DANIŞIR

Ssenari yazmaq çətinlikləri – <span style="color:red;">MƏŞHURLAR DANIŞIR
11 yanvar 2017
# 09:00

The Hollywood Reporters saytında Oskara namizəd kino ssenari müəlliflərinin bu günlərdə iştirak etdiyi dəyirmi stol ətrafındakı söhbətlərini yayımlayıb. Kulis Pedro Almodovar (son filmi “Juliya”), Tom Ford (son filmi “Gecə heyvanları”), Ellison Şrederin (son filmi “Gizli fiqurlar”) iştirak etdiyi müzakirəni təqdim edir.

- Hər bir ssenari bir az avtobioqrafik olur, deyirlər. Bu nə qədər doğrudur?

Ellison Şreder: Böyük mənada haqlıdırlar. Bütün ssenarilərdə öz izlərini qoyursan. Mən qadın personajlarıma özümdən nəsə qoymağı xoşlayıram. Məncə bu, onları bir az daha dərin və mürəkkəb edir. “Gizli fiqurlar” filmilə yüz faiz belədir. Deyim sizə, mən 5 il NASA-da internada olmuşam. Uşaqlığım Kanaveral burnu tərəflərdə keçib. Babam “Merkuri” layihəsində mühəndis idi. Bu layihəyə gələndə öz-özümə dedim: “Əla! Bu dünyanı mən yaxşı tanıyıram”. Mən hətta NASA-nın yeməkxanasındakı o qoxunu xatırlayıram.

- Sizi NASA-da nə təəccübləndirdi və bizi nə təəccübləndirəcək?

Elison Şreder: Orada hər şey köhnədir. Hamı düşünür ki, NASA-da hər şey super müasirdir, amma orada xeyli binalar 60-lardan qalıb. Onlardan keçib modula daxil olanda öz-özünə deyirsən: “Ooo, mən artıq gələcəkdəyəm.” NASA-da xoşuma gələn bir şey də yoldaşlıq duyğusudur. Men heç yerdə belə bir şey görməmişəm. Orda hər kəs özünü bütünün bir parçası kimi hiss edir. Hesablayıcıdan, elektrosxemlər hazırlayandan istiliyə qarşı geyimlər tikən insanlara qədər hər kəs özünü missiyanın bir hissəsi hiss edir. Məncə bu çox gözəldir. Biz bunu filmdə göstərmək istədik. Komandalardan birində rejissor olmaq istəyirəm, çünki, aylarla, illərlə əmək verib böyütdüyün uşağı həyata gətirmək üçün başqasına etibar etməkdən çətin iş yoxdur. Bəxtim gətirir ki, yaxşı rejissorlarla işləyirəm. Etibar edə biləcəyin rejissorla işləməkdən də böyük rahatlıq yoxdur. Hətta bəzən onun ideyaları səninkindən daha yaxşı ola bilər. Mən hər zaman buna açığam.

Ssenari yazanda o beynimdə canlanır, onu görürəm. Çəkilişə gələndə kamera mənim nəzərdə tutduğum yerdə dayanmayıbsa, ya divarlar o rəngdə deyilsə, hətta xırda məsələlər barədə deyirəm, məsələn, “Burada qayğısız bir gülüş lazımdır” .

Pedro Almadovar: Axı yaradıcılıq nədir? Bu, gözəldir, eyni zamanda ağrılıdır.

- Bu, sizin üçün belədir?

Pedro Almadovar: Bəzən belədir. Bu şərtdir.

- Sizin üstündə 10 ya da 15 il işlədiyiniz ssenarilər var…

Pedro Almadovar: Var. Üstündə ən çox işlədiyim “Pis tərbiyə” filmi olub. Onu öz hekayəm əsasında yazmışdım, 30 il sonra onu yenidən oxudum, gördüm ki, ekranlaşdırmaq olar. Mən illərlə öz süjetilərimlə yaşayıram. Eyni zamanda bir neçəsi üzərində işləyirəm.

- Filmin vizual elementləri haqda qeydlərinizi nə vaxt və necə edirsiniz?

Pedro Almadovar: İlk variant yazdıqdan sonra. Bəzən çox vacib bir şey tapıram. Ssenarilərin bir hissəsini kompüterdə yazıram. Ssenarini yazmaq elə hər dəfə onu düzəltmək deməkdir. Düzəlişləri əlyazmayla edirəm. Yəni kompüterdə çap edib əllə düzəliş edirəm. Sonra yenidən kompüterə köçürürəm sonra yenidən əllə düzəlişlər edirəm… Bəzənsə elə olur ki, dalana dirənirsən, finişdir, heç nə etmək mümkün deyil. Bəzənsə hələ nəsə etmək mümkündür. Mən dalana dirənməkdən qorxmuram. Olur ki, üç əhvalatın üçü də çox xoşuma gəlir. Və mən onda onları birləşdirirəm. Daha düzü, üçündən də ən yaxşı yerləri götürüb birləşdirirəm. Bəzən bu, alınır.

- Məsələn, hansı ssenarinizlə belə etmisiniz?

Pedro Almadovar: “Pis tərbiyə” və “Onunla danış” filmlərində. Bir də “Anam haqqında hər şey” filmində. İş orasındadır ki, alınırsa, özü də alınanda bunu o saat hiss edirsən, qəribə bir dad alınır. Bu əhvalatlara məxsus qəribə dad.

- Siz bu filmi Merill Striplə çəkib adını da “Susqunluq” qoysaydınız, başqa film olacaqdı?

Pedro Almadovar: Bilirsiniz, Amerikanın ailə mədəniyyəti ispanlarınkından fərqlənir. Qızını atmış ana necə və harada yaşayır, bu vacibdir. Belə hadisə həmişə ağrılıdır, amma davranış tamamilə fərqlidir. Bu, günah kompleksidir. Daha düzü, günah hissidir. İngilis dillindəki ssenaridə belə şey yox idi.

- Yaza bilməsəz nə ilə məşğul olardınız? Axı siz telefon şirkətində işləmisiniz?

Pedro Almadovar: Hə, mən 70-ci illərdə telefon şirkətində katib işləmişəm.

- Bu iş xoşunuza gəlirdi?

Pedro Almadovar: Elə də yox əlbəttə. Amma sonra anladım ki, bu, mənim üçün çox yaxşı bir təcrübə olub. Orta təbəqədən də aşağı təbəqədən olan adamlarla işləmək mənə onların nə düşündüyünü, nə hiss etdiyini açdı. Onların iddialarını, maraqlarını öyrəndim. Evdar qadınlar xüsusən maraqlı idi. Biz bir-birimizlə çoxlu söhbətlər edirdik. Bu, çox vacib təcrübə idi. Mən orda vaxtımı boşuna itirdiyimi sanmıram. Ordan öyrəndiklərim məni bir çox filmə ruhlandırdı.

Tom Ford: İstənilən personajı yazanda ona öz nəzər nöqtəndən baxırsan. Hətta sən Cekini də təsəvvür etsən o sənin özün kimidir.

- Senari üzərində işləyərkən ən çətini nə idi?

Tom Ford: Ssenarinin əsasında “Toni və Syuzan” romanı dayanır. Maraqlı, amma strukturca olduqca mürəkkəbdir, üç ayrı-ayrı əhvalat, süjet içində süjet və fleşbəklər var. Daxili monoloq var ki, mən onu dəyişməli oldum. (Almadovara) Sizin dediyiniz kimi mənim də ssenarilərim oxuduğum maraqlı kitablara, əhvalatlara əsaslanır. Bir vaxt oldu ki, mən kitabları bir kənara qoydum və özümdən yazmaq qərarına gəldim. Kino vizual sənətdir yəni, tamam başqa sənətdir. Bu kitabı uyğunlaşdırmaq olduqca çətin idi. Bəzən iş yaxşı gedirdi, bəzən çətinlik yaranırdı.

- Siz də düşünürsünüz ki, ssenari yazmaq ağrılıdır?

Tom Ford: Yox, bu məzəli işdir, şənlənirsən.

- Sizi şənləndirir?

Tom Ford: Hə, bəlkə mən hələ elə də çox ssenari yazmamışam. Mən Ssenari yazmağı çox xoşlayıram.

Pedro Almadovar: Əslində işgəncədir…

Tom Ford: Əyləncəli olmasa yazmazsınız.

- Sizi “Tənha kişi” və “Gecənin qaranlıq örtüyü altında” filmlərinizdə dramaturgiya və rejissura baxımından nələr öyrəndiniz?

Tom Ford: Məncə hər kəsin ilk işinə xüsusi münasibəti var. Mənim üçün də o film müstəsnadır. Personaj baxımından o azsaylı idi, süjet də orda az idi. Simfonik poemada olduğu kimi. Amma mən aktyorların sayəsində sığortalanmışdım. Kolina Fyorta və Culiyanna Mur sığortalamaq demək idi. Amma bu son filmsə fərqlidir, personaj, süjet çoxdur.

- Sizin arzularınızın layihəsi varmı ki, onu reallaşdırmağı düşünürsünüz?

Tom Ford: Mən hələ təzə başlayıram, bu mənim ikinci filmimdir.

- Siz necə filmləri sevirsiniz, Tom?

Tom Ford: Ancaq birini? Mən sizə hansı filmləri sevdiyimi deyə bilərəm. Ancaq birini demək çətindir. Məsələn, “Öz diyarından olan sehrbaz” filmini sevirəm. Əla filmdi, indi də baxılır. Balaca hündürdabanların taqqıltısı olan evdən yaxşı heç nə yoxdur dünyada. Bu taqqıltıdan mənim hər iki filmimdə var.

- Deməli bir adaya getsəz, özünüzlə o filmi götürərsiniz.

Tom Ford: Yox, fəlsəfi bir şey götürərəm. Lao Tzinin “Dao Dze Tsin” əsərini. O kitab mənim çarpayımın yanındadır və mən hər gün ondan bir fraza oxuyuram. Bilirsiniz, mən adaya bu kitabı götürərəm, axı, adadan heç hara çıxa bilməyəcəm, deməli bütün həyatım boyu məni düşündürəcək bir kitab götürməliyəm.

http://thr.ru/cinema/kruglyj-stol-thr-scenaristy-kazdyj-raz-kogda-pises-propuskaes-personaza-cerez-seba/

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

# # #