Yusif Şeyxov: “Filmdə qan çıxardan mövzu olmamalıdır”

Yusif Şeyxov: “Filmdə qan çıxardan mövzu olmamalıdır”
9 sentyabr 2014
# 12:44

Kulis.az Mədəniyyət və Turizm Nazirliyi, Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxovla müsahibəni təqdim edir.

- Yusif müəllim, ilk növbədə, bilmək istəyirdik ki, kinonun inkişafına dair 10 illik Dövlət Proqramına ayrılmış büdcə ayrıdır, yoxsa elə kinonun büdcəsi deyəndə həmin proqram üçün ayrılmış vəsaiti nəzərdə tuturuq?

- Kinoya ayrılan vəsait Dövlət Proqramının icrası üçün nəzərdə tutulub. Yəni, dövlət “2008-2018-ci illərdə milli kinonun inkişafına dair dövlət proqramı”nın icrasına illik 6 milyon 500 min manat vəsait ayırır. Və o məbləğin böyük hissəsi filmlərin istehsalına xərclənir.

- Nazirlik kinoya ayrılan büdcənin artırılması ilə bağlı təklif verirmi?

- Kinoya altı milyon yarım vəsait ayırırıq. Bunu dollara çevirəndə səkkiz, doqquz milyon edir. MDB-də yalnız Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan kinoya büdcədən pul ayırır. Məsələn, Ukraynada kinoya ümumiyyətlə pul ayrılmır. Hətta stabil kino şirkətlərini də ləğv etdilər. Yəni, biz öndə gedənlərdənik. Mən bunu ona görə demirəm ki, kimisə müdafiə etmək, ya da nədənsə sığortalanmaq istəyirəm, ya da dövlət məmuruyam deyə, belə danışmalıyam.

- Amma sadaladığınız ölkələrdə daxili kino bazarı formalaşıb və inkişaf edib. Bizdə isə...

- Biz adət etmişik deyək ki, Azərbaycanda kino bazarı yoxdur və ya bu bazar ölüdür, qaldıran yoxdur. Azərbaycanda kino bazarı inkişaf edir. Statistik rəqəmlərə görə, ötən il iki yüz min tamaşaçı olub. Bu, kino bazarının yaranması və inkişafda olması demək deyilmi? Bundan əvvəlki il bundan iki dəfə az tamaşaçı olmuşdu. Düzdür, razıyam ki, bu yalnız Bakıya aiddir...

- İki yüz min Azərbaycan istehsalı olan filmin tamaşaçısıdır?

- Azərbaycan kinosunun, ya da xarici kinonun ayrıca tamaşaçısı yoxdur ki... İki yüz min ümumiyyətlə kinoya gələn tamaşaçıdır. Bunun içində Azərbaycan filmləri də var. Düzdü, Azərbaycan filmləri rəqabətə davamlı deyil. Başqa cür desək, yerli filmlər tamaşaçıda nüfuz və etimad qazana bilmir. Əgər düşünürsünüzsə ki, əvvəllər belə deyildi... İnanın, əvvəllər də belə idi. Tamaşaçı hind, Amerika, Fransa kinosuna daha çox baxırdı. Mən köhnə kino işçisiyəm, uzun müddət kinoprokata rəhbərlik etmişəm. Ona görə bunları dəqiq bilirəm; bizim tamaşaçı yerli filmləri daha çox televiziya vasitəsilə izləməyi xoşlayır. Mən demirəm ki, Azərbaycan tamaşaçısı yerli filmlərə kinoteatrda baxmayıb. Amma kino bazarının möhkəm qurulduğu sovet dövründə bir çox hallarda bizim filmlərə yalnız televiziyada baxılıb. Mərkəzləşdirilmiş sistem vardı, Moskva ilə əlaqəli idi, ildə bir-iki Azərbaycan filmi də alınırdı, nüsxələr çap olunurdu və rayonlararası prokat şöbələrinə göndərilirdi. Onda da ən az baxılan filmlər özbək, qırğız filmləri idi. Amma Azərbaycan filmləri baxılmağa görə hind, Amerika, Fransa filmlərinin yanından da keçə bilmirdi.

- Sizcə, bizim filmlərin keyfiyyətinin aşağı olmasının, dediyiniz rəqabətə dözümsüzlüyünün səbəbi nədir?

- Rəqabətə davamsızlığının əlbəttə, bir çox səbəbi var. Bizim yaradıcı kadrlar Hollivudla ayaqlaşa bilmir. Bizim yaradıcı potensial Qərb kinosunun potensialından zəifdir.

- Bunun da səbəbini, yəqin təhsildə görürsünüz?

- Səbəblər çoxdur. Təhsil də onların içindədir. Biz kinoya marağı olan, istedadlı gəncləri tapıb praktik işə cəlb etməliyik. Bizim nazirlik bunu çox gözəl başa düşür. Azərbaycanda heç vaxt bu qədər gənc rejissora film tapşırılmayıb. Bu, zərurətdən irəli gəlir. Çünki nəsillər arasında ardıcıllıq qırıldı. Orta kino nəsli azdır. Mən orta nəsil deyəndə 40-60 yaş arasında olanları nəzərdə tuturam. Cavan adamlar kino çəkməyə indi-indi gəlirlər. Balaca müsabiqələrdə onların içindən kimsə tapılır, kəşf olunur və onlara çəkmək üçün böyük filmlər verirlər. Kimdəsə alınır, kimdəsə alınmır, yenə də axtarışlar gedir. Bu təbii prosesdir. Bayaq rejissor İlqar Nəcəflə danışırdıq, mən dedim ki, bizdə ildə bir dənə “Nabat” kimi, “Buta” kimi film ortaya çıxsa, indiki mərhələdə bəsimizdir. Deyə bilərik ki, boşuna işləməmişik. Bilirsiniz, Rusiyada ildə minlərlə film çəkilir, amma onun birinin, ya ikisinin sorağı festivallardan gəlir. O filmlərin 98 faizi tanınmır. Gərək “Stalinqrad” kimi, ya da “17-ci əfsanə” kimi film ola və ona bütün ölkə baxa. Qalan filmləri tanımırlar, heç televizorda da göstərmirlər, əksəriyyəti zəif filmlərdir. Hər il çəkdiyimiz 5-6 filmdən biri yaxşı olanda gərək sevinək.

- Film istehsalını stimullaşdırmaq, daxili bazarı formalaşdırmaq, çoxtərəfli istehsal yaratmaq üçün nazirlik əvvəl özəl prodakşnlara layihələr verirdi. Amma indi vəziyyət xeyli dəyişib. Əvvəl heç olmasa “Bu meydan, bu ekran” müsabiqəsinin beş qalib layihəsi özəl şirkətlərə sifariş olunurdusa, indi, tutalım, “Azərbaycanfilm” çəkib...

- Mədəniyyət və Turizm Nazirliyi yarananda hansısa bir mərhələdə belə bir proqram qəbul olundu: “Gənclərlə iş proqramı”. Onun tərkib hissələrindən biri prodüser institutunun formalaşmasına kömək etmək idi. “Bu meydan, bu ekran” bu proqramda böyük rol oynadı. Nazirlik böyük filmləri də özəl prodüser mərkəzinə həvalə edib, onların layihələrini qəbul edib, maliyyələşməsini də yüz faiz təmin edirdi. Bu, düşünülmüş bir siyasət idi.

- Müddətli idi yəni?

- Bir müddət davam etməli idi. Yəni istehsal et, sonra yay, hara istəyirsən apar. Bunu da biz icad eləməmişdik. Rusiya kimi, Türkiyə kimi ölkələrin təcrübəsi idi. Prodüser mərkəzləri yarandı, filmlər çəkildi, təcrübə qazanıldı. O pula çox mərkəzlər avadanlıq aldı. Çox gözəl. İndi artıq zəhmət çəkib özləri də pul tapıb şərikli film çəksin: Maliyyənin 70 faizini biz öhdəmizə götürürük, 30 faizini də siz tapın. Prodüser göydən düşmə pulla film çəkmək deyil. Prodüser ideyadan, rejissordan da əvvəl maliyyə məsələsini düşünməlidir. Ola bilər bankirin qılığına girib pul tapa, ya qonşu ölkəyə gedib onları qoşa bu layihəyə. Prodüserlik budur. Nazirliyin qapısı həmişə prodüserlərin üzünə açıqdır: əlində yaxşı layihəsi olsun və layihənin 30 faizindən az olmayan məbləği tapsın. Biz də 70 faizi təqdim edək ki, get filmini çək. Biz gözləyirik ki, əsl prodüserlər gələcək və işləyəcək.

- Sizin üçün layihələrin, daha doğrusu ssenarilərin qiymətləndirilməsində hansı prinsiplər əsasdır?

- Yaxşı ssenari istənilən mövzuda ola bilər. Amma bizim də müəyyən istəklərimiz var. İstəyirik ki, uşaqlar üçün filmlər olsun. Bir sifarişimiz artıq başa çatmaq üzrədir: Cavid Təvəkkülün “Dəyərli adlar” layihəsi. Gərək nağıl filmi də çəkək. “Azanfilm”in rəhbəri gözəl təşəbbüs irəli sürüb: əlifba, rəng, say haqda filmlər çəkirik. Tərbiyəvi, maarifləndirici cizgi filmləri proqramı üzərində işləyirlər. Bizim prioritetlər bunlardır. Bilirsiniz, gündə 3-4 ssenari, ya da sinopsis oxuyuruq. Onların içindən çox az iş seçmək olur.

- Yusif müəllim, sizcə kino təbliğatla məşğul olmalıdır, yoxsa həqiqəti ifadə etməlidir?

- Təbliğat filmlərinin uğursuzluğu aydın məsələdir. Əlbəttə ki, film həyatı göstərməlidir. Mən bilirəm, siz nə deyirsiniz. Amma filmdə həyatın yaralarını qaşıyıb qan çıxaran mövzu olmamalıdır. Biz istəmirik ki, bizim filmlərdə narkomanlar, oğrular, quldurlar çoxluq təşkil etsin. Biz bilirik ki, narkoman da, oğru da, quldur da var. Amma onların bizim filmlərdə dominant olmasını istəmirik. İstəmirik ki, filmlərimizdə ümidsizlik motivləri üstünlük təşkil etsin.

Keçən ay premyerası olan “Nabat” filmində çox çətin müharibə dövrü təsvir olunub; kənd boşalıb, camaat qaçır, qadının əri, oğlu ölür. Çox bədbin bir əhval yaranır. Amma bu filmdə güclü iradəsi, ruhu olan Azərbaycan qadını obrazı yaranır. Bu qadın hər şeyi üstələyir. Bədbinlik içində heykəl kimi ucalır. “Nabat”dan elə nikbinlik yağır ki, Elçin Musaoğlunun ustalığına heyran qalırsan. Biz bax belə nikbinlik istəyirik. Nikbin filmlər...

- Kimsə soruşa bilər: bu nikbinlik vacibdir?

- Siz istəmirsiniz ki, Azərbaycan kinosunda Nabat kimi nikbin qadın obrazı olsun? Niyə istəmirsiniz? Niyə istəyirsiniz ki, ümidsizlikdə çabalayan adamı göstərək? Məgər bu günümüzü müəyyən edən, təcəssüm edən adam o adamdırmı? Deyil. Böyük bədbəxtlik içində bir qadın obrazı yaranır ki, ona Azərbaycan qadını kimi heyran olursan. Venesiya kinofestivalının münsiflərinin başı xarab olmayıb ki, o filmi qəbul ediblər?

- Mən ümumi dedim...

- Hər şey rejissorun ustalığından asılıdır. Hər şey istedaddan asılıdır. İstənilən mövzuda, istənilən janrda film ola bilər.

- Statistik olaraq, kiçik bir məlumat verin, mümkünsə. Hansı filmlər istehsaldadır və hansıların nümayişi gözlənilir?

- Fikrət Əliyevin “Sonuncu dayanacaq” filmi hazırdır. Bu yaxınlarda beş cavan rejissorun “Motivlər” almanaxı hazır olacaq, “Axınla üzü aşağı” təqdim olunacaq. “Nabat”ı ictimaiyyətə çatdırmalıyıq. Amma o, geniş auditoriya üçün deyil, hazırlıqlı, kinonu bilən auditoriya üçündür. Onu hansısa vasitələrlə Bakı ziyalılarına, rayonlara çatdırmalıyıq. Çox dəqiq və özünəməxsus kino dili ilə çəkilmiş filmdir. Qavrayış üçün mürəkkəb filmdir. Filmlərimizi rayonlarda göstərmək üçün dalğa başlayacaq. Həm sənədli, həm bədii yeni filmlərimizi rayonlarda göstərəcəyik.

- Rayonlarda kinoteatrların işləməməsi, dağılması... Ümumiyyətlə, kinoteatr anlayışının itməsi... Bu problemlə bağlı nazirlik hansısa işlər düşünürmü?

- Film nümayişi pul qazanmaq deməkdir. Tək Azərbaycanda deyil, hər yerdə belədir. Bizim biznesmenlərə bu, maraqlı deyil nədənsə. Uzun müddət iranlı iş adamı “Azərbaycan” kinoteatrını yeganə kino nümayişi müəssisəsi kimi işlətdi. Bizim iş adamlarımız kinoteatra inanmadılar. Yavaş-yavaş indiki kinoteatrlar - “Park bulvar”, “28 May”, “Park - cinema” açıldı. Sumqayıtda da, Naxçıvanda da yeni filmlər göstərən kinoteatr var.

Yəni, Azərbaycan tamaşaçısını kino nümayişi ilə təmin etmək iş adamlarına baxır. Bu, onların sferasıdır. Söhbət milli filmlərdən gedirsə, biz öz filmlərimizin nümayişinə çalışırıq. Dövlət Proqramında “Nizami” kinoteatrı var idi və mərkəz təmir-təchiz olunub istifadəyə verildi. Rayonlarda da Azərbaycan filmlərini göstərməyə çalışırıq. Köhnə kinoteatr şəbəkəsini deyirsinizsə, onların çoxu özəlləşdirilib və onların çoxu kino nümayişi məqsədilə istifadə olunmur. Bu, onların qanuni haqqıdır. İndi 20-30 rayonda kinoteatr binası qalıb. O binaları təmir edib müasir avadanlıqlarla təchiz etməyə gərək iki-üç kinoya ayrılan illik vəsaiti cəlb edəsən. Bunu etməyə dəyərmi? Mən bu kinoteatrları bərpa etməkdən perspektivsiz heç nə görmürəm. Siz onlara görə heyfsilənirsiniz?

- Əlbəttə. Rayonda böyümüşəm. Kənd klubunda filmlərə baxmışam.

- Sizi başa düşürəm. Mən 1979-cu ildə “Nizami” kinoteatrında “Kleopatra” filminə baxmaq üçün yalnız 29-cu gün bilet tapa bildim. Növbə o qədər idi. Yaxşı ki, “Nizami” kinoteatrı bərpa olundu...

- Gənclərin kinoya həvəsləndirilməsi üçün yenifilm.az-dan başqa müsabiqə, layihə və ya festivallar gözlənilirmi?

- Biz balaca festivallar keçiririk: İdman, turizm filmləri festivalı edirik. Amma gələn il böyük beynəlxalq kinofestival etmək istəyirik. Bakı nüfuzlu paytaxt şəhəridir, onun da öz festivalı olmalıdır.

# 3304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #