Rejissorlarmız  kimləri oxuyur?

Rejissorlarmız  kimləri oxuyur?
30 may 2013
# 10:39

Bir atalar sözündə “Dostunu göstər deyim kimsən” deyilir. Biz rejissorlardan kitablarını göstərməyi xahiş etdik. Əlbəttə təkcə kim olduqlarını bilmək üçün yox. Teatrla ədəbiyyat arasında vacib olan bağları görmək üçün. “Son oxuduğunuz kitablar hansıdır? Yerli və xarici müəlliflər...” Bu suala teatr rejissorları cavab verir.

Cənnət Səlimova (Gənc Tamaşaçılar teatrının rejissoru):

Peşəmə aid nəzəri kitablar oxuyuram. Amma indi Konfutsinin əsərlərini oxumaqdayam. Paralel olaraq İosif Brodskinin “Dantenin kölgəsində” əsərini mütaliə edirəm. Bir müddət əvvəl yerli müəlliflərdən Seymur Baycanın “Quqark” və “Körpüsalanlar”nı oxudum.

Mehriban Ələkbərzadə (Akademik Milli Dram Teatrında bir neçə tamaşanın rejissoru) :

Sartrın əsərlərini tez-tez oxuyuram. Amma ümumiyyətlə götürəndə tamaşaya qoyduğum pyeslə, dövrlə bağlı bir çox kitablar oxumalı oluram. Gənc və yerli müəlliflərə gəlincə, MKM-in münsiflərində olduğum üçün onların da əsərlərini oxuyuram. Sevimli müəlliflərim Q.Markes və M.Bulqakovdur.

İntiqam Soltan (Bakı Uşaq Teatrının rəhbəri, baş rejissoru):

Nağıllar oxuyuram. Son vaxtlar isə dünya əfsanələri toplusunu mütaliə edirəm. Mövlanənin kitabı da son oxuduqlarımdandı. Çantamda isə oxumaq üçün Sevinc Elsevərin “Şəhər” romanını gəzdirirəm. Bunu ssenari etmək fikrimiz var.

Mərahim Fərzəlibəyov (Akademik Milli Dram Teatrında bir çox tamaşanın rejissoru):

Tez-tez, təkrar-təkrar yazıçı dramaturq Elçinin kitablarını oxuyuram. Mahmud və Məryəm”i yenidən oxudum. Ən sevdiyim yazıçı İlyas Əfəndiyevdir. Xarici müəlliflərdən Paulo Koelyonun “Kimyagər” romanını oxumuşam. Dramaturqlardan, Jan Anuyu, Yucin Onili mütaliə etmişəm. Rəhman Əlizadənin də bir pyesini oxudum. Yerli gənc müəlliflərə gəlincə, mən latın əlifbası ilə oxuya bilmirəm. İnternetdən də istifadə etməyi bacarmıram.

Mikayıl Mikayılov (Akademik Milli Dram Teatrında, Yuğ Teatrında, və bir neçə xarici ölkə teatrlarında tamaşalar hazırlayıb):

Son oxuduğum roman Kamal Abdullanın “Yarımçıq əlyazma”sı olub. İndi isə Henrix Müllerin əsərlərini oxumağa başlamışam...Yerli müəlliflərdən Mehman Musabəyovun əsərlərini oxuyuram.

Tural Vaqifoğlu (Lənkəran Dövlət Dram Teatrının baş rejissoru):

Oxuduğum əsərlər bunlardır: Ken Kizinin ”Qu quşu yuvası üzərində”, Lars Nuren “Ruesler”. Və bir də Cəlil Məmmədquluzadənin əsərlərini oxuyuram. Gənclərdən Seymurun Baycanın “Quqark”ını oxudum və bəyəndim.

Aytən Məmmədova (Yuğ Teatrının rejissoru):

Hanri Benazusun “Mevlana fəlsəfəsi”ni, Turqay Narın pyeslərini və A.Çexovun pyes və hekayələrini oxumuşam. Yerli və gənc müəlliflərdən İsmayil İmanov, Jasmina Məlikova, Ruslan Mollayevin əsərlərini mütaliə etmişəm. Bir də “Azadlıq” radiosunun keçirdiyi hekayə müsabiqəsinə qatılan əsərlərdən bəzilərini oxumuşam, bəyəndiklərim də olub”.

Ərtoğrul Kamalov (Yuğ Teatrında tamaşa üzərində işləyir):

Dünya ədəbiyyatından Çexov, Cek London, Paulo Koelyo, Viktor Hüqo, Azərbaycan ədəbiyyatından Fəxri Uğurlu, Aqşin Yenisey, təbii ki məlumatım olsun deyə klassiklərimizin hər birinin əsərlərini oxuyuram, Cəlil Məmmədquluzadədən tutmuş, Mirzə Fətəli Axundovdan, İlyas Əfəndiyevədək. Ədəbiyyatda həmişə iki məsələni axtarmışam: ən səmimi və ən qeyri səmimi yazıları, əsərləri...Çünki səmimilərdə müəllifin formal qatını anlayıram, qeyri-səmimilərdə isə müəllifin özünü axtarıram...

# 2583 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #