Festihalımız necədir?

Festihalımız necədir?
1 noyabr 2013
# 15:20

“2+1” eksperimental Teatr festivalı artıq başa çatmaq üzrədir. Bakı Uşaq Teatrı, Bakı Satira Teatrı, Gənc tamaşaçılar teatrı, Mingəçevir Teatrı və bir neçə başqa teatrın qatıldığı festival artı ikinci dəfədir keçirilir. Festival hansı templə keçir, tamaşaların səviyyəsi necədir? Və nəhayət festival tamaşalarında eksperimentallıq varmı?

Festivalın əksər tamaşalarını izləmiş teatrşünas Vidadi Qafarova bu suallarla müraciət etdik.

“Festival proses üçün çox mühüm hadisədir. Azərbaycan teatrının Avropaya inteqrasiyası məsələsini tez-tez gündəmə gətirilər. Bunu bir dəfə də demişəm- ilk növbədə daxildə inteqrasiya getməlidir. Bu baxımdan belə festivalların keçirilməsi çox vacibdir.

Qaldı eksperimentallığa, əsasən bunu festivalın formatında görə bilərik. Adından göründüyü kimi festivalda monotamaşalar da, iki-üç iştirakçısı olan tamaşalar da var idi. Tamaşalar həm də janr baxımından rəngarəng idi. belə formatlı tamaşalar adətən gənclərə meydan açır. onlar daha geniş publikaya çıxır. Həm də biz ayrı-ayrı teatrların tamaşalarına hər deyəndə baxa bilmirik. Amma festivalda onların hamısı təmsil olunur, görə bilirik. 6 dövlət, iki qeyri-dövlət teatrının qatıldığı festivalın tamaşalarına gəlincə... Əlbəttə, ümumilikdə, tamaşaların hamısının peşəkarlıq səviyyəsi yüksək deyildi. Amma xüsusilə qeyd etməli olsam, Bakı Uşaq Teatrının “İki nəfərlik oyun” (dramaturq Elçin Hüseynbəyli, rejissor Rəşad Nuri) tamaşasının adını çəkərdim. Tamaşanın oyun prinsipi düz qurulmuşdu, musiqi düz tapılmışdı, yozum da var idi. bu əsərin başqa bir tamaşasını da görmüşəm. amma Bakı Uşaq Teatrının tamaşası daha dinamik və daha həyatsevər idi. aktyor oyununda biomexanika prinsiplərini də görə bildim. Nofəl Vəliyevin Iran yazıçısı Məcidzadənin əsəri əsasında hazırladığı “Bir səbət tənhalıq” tamaşasında Gəncə Teatrının aktrisası Guşvər Şərifovanın oyununu da xüsusi qeyd etmək istərdim. O, tamaşa boyu oyununda dinamikanı artıra bildi. Bu aktrisanı özüm üçün kəşf etdim”.

Festivalın bir özəlliyi də hər gün Teatr Xadimləri İttifaqında tamaşaların müzakirəsinin keçirilməsidir. Vidadi Qafarov bu müzakirələrin səmərəli olduğunu söylədi. “müzakirələr səmimi və peşəkar idi. iki müzakirədə iştirak etdim. Tənqidlər də pis qarşılanmadı. Necə deyərlər, “həzm olundu”.

Festivalın bağlanışı noyabrın 2-də Aktyor Evində keçiriləcək. Iştirakçılara xüsusi, həvəsləndirici diplomların veriləcəyi gözlənilir.

# 2070 dəfə oxunub

Müəllifin son yazıları

# # #