Öldürən filmlər. Kinomagiya

Öldürən filmlər. Kinomagiya
23 may 2014
# 08:00

Fizikada «enerjinin itməməsi» qanunu var. Bu qanuna görə, enerji heçdən yaranmır və heçə getmir. Bir şəkildən başqa şəklə düşür. Kino nə qədər material sənətdirsə, o qədər də ideoloji, psixoloji hadisədir. Və baş verən əhvalatın enerjisi yalnızca lentlərə yox, aktyorlara, məkana və hətta zamana hopa bilər. Bu yazıda o kino teyfi (teyf - ruh, kabus) haqqında danışacağıq.

Təqlidin lənəti

Ölümündən sonra postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard sosial proseslərin üç əsas tipini ayırırdı: təqlid, əks mövqe və adaptasiya. Ona görə sosial proseslər bu üç qanun-prinsiplərlə davam edirdi. O, özünün «Təqlid qanunları» əsərində bunu geniş izah edirdi. İdealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Qarşılıqlı təqlid insanların qarşılıqlı təsirindən yaranırdı. Əlbəttə, Tard dövrümüzdə yaşasaydı, televiziyanın və kinonun, vizual vasitələrin həyatda bu qədər nüfuzunu görsəydi, öz nəzəriyyəsindən bir daha arxayın olardı. Hərçənd o, belə də hər şeyi görə bilirdi. Tard «Gələcəyin tarixindən qeydlər» yazan bir fikir adamı idi.

Bu gün televiziya-kino, virtual şəbəkələr təqlidin əsas ötürücüsüdür. İnsanlarmı TV-də gördüklərini təqlid edir? Televiziyamı baş verənləri ekranda təqlid edir? Yoxsa televiziyada göstərilənlər təkrarən baş verir? Biz kinonu təqlid edirik, yoxsa kino bizi? Tək görünən nədir? Təqliddən lənətlənmiş kimi yaxa qurtarmaq olmur. Və bu «təqlid» həyatımızı məhv etmək gücünə malikdir. Kriminal xəbərlər artdıqca, təfərrüatları yayımlandıqca cinayətlər də artmaqda davam edir. Televiziya, kino, cəmiyyət, təbiət bir birini təqlid edir.

Kino ən bədii vizual təqliddir. Amma bu təqlid bəzən bilərəkdən, bəzən də təhtəlşüuridir... İkinci halda ilk baxışda o, yuxu kimi izaholunmazdır.

Kino yuxudur…

Kino onu çəkənin hamıya göstərə bildiyi yuxusudur – kino hamımızın yuxusudur.

Baş verən hər şey - terraktlar, müharibələr, texniki-mənəvi nailiyyətlər və faciələr bu yuxuların çin olmasıdır. Çünki, yuxunu su aparsın deyə suya yox, adamlara danışdılar, onlara hopdurdular, onlara yoluxdurdular. Bəlkə də gələcəkdə baş verəcək nəsə o yaddaşın (yaddaşdakı filmin) proyeksiyası olacaq.

Məsələn, mən dünyanın dağılacağını məhz Lars fon Trierin «Melanxoliya»sında olduğu kimi təsəvvür edirəm. Hər səhər üfüqdən o naməlum planet nəhəng sifəti ilə bizə boylana bilər.

“Pis” və “yaxşı” filmlər - yəni insanı pis və yaxşı göstərən filmlər. bunun cəmiyyətə təsiri” mövzusunda esse yazmalıydım. Yazılacaq məqalənin əsas tezisi bu idi: «İnsanın pis olduğunu göstərdikcə, o da əks təsir göstərib daha da pisləşir və ya əskinə”. Pis filmlər üçün Pazolinidən Balabanova qədər onlarla rejissorun filmlərindən nümunələr gözaltı etmişdim. Amma məqalə alınmadı. Nəticəsiz bir iş olduğu üçün alınmadı. Çünki bir rejissora «Niyə belə film çəkirsən?» - deyə soruşmaq, «Niyə bu yuxunu gördün?» kimi axmaq sualdır.

Yuxu öncəgörmə kimi - kino öncəgörmə kimi

Ayaz Salayevin baş tutmayan «Ehram TV» filmində ölkədə sanki üçüncü bir göz peyda olub, haradan, nə vaxt çəkəcəyi bəlli olmadan çəkilişlər edir və bu çəkilişlər “Ehram” kanalından birbaşa translyasiya olunur. Gizlinlər aşkardır və hamı görür. Bunun necə və hansı prinsiplə çəkildiyi, nə zaman, harda çəkəcəyi, kimi çəkəcəyi məlum deyil. Bu mistikadır. Bu, həqiqətdir. Və bu görüntülərdən qorxmamağın tək bir rolu var – səmimi və ədalətli olmaq! Kino belə bir qüvvəyə malikdir.

O, qüvvəni hesaba almamaq, «ay dayı, bu kinoduuu» deyib əlini yelləmək sadəlövhlükdü...

Kinodan bir öncəgörmə nümunəsi daha deyim: rejissor Roman Polanskinin «Rozmarinin uşağı» filmi... Film hamilə qadının qətlindən bəhs edirdi. Bədbəxtlik özünü çox gözlətmədi: film təhvil veriləndən az sonra Romanın hamilə arvadı Şerri Teyt vəhşicəsinə qətlə yetirildi.

Lənətlənmiş filmlər - bunları yazmamaq da olardı

Doğrudan, bunları yazmamaq da olardı. Kökündə mövhumat, cəfəngiyat yatan fakta oxşar nəsnələr bura qədər yazılanların ciddiliyini şübhə altında qoya bilər. Amma “Guyalar”la başlayan əhvalatların burada qeyd olunmasının balaca bir səbəbi var: Yuxularımızı da guya ilə başlayırıq. Amma orada qatı açılmamış həqiqətlər olur. Elə özümüz haqda.

Guyalar…

Guya Çarli Çaplinin filmində telefonla danışan qadın görünür, amma o zaman hələ telefon-mobil telefon icad olunmamışdı.

Guya rejissorlarda Bulqakovun əsərini ekranlaşdırma zamanı kiçik də olsa bir narahatlıq yaranır - bu lənətlənmiş əsərdir, bu əsərin ekranizasiyası zamanı doğrudan da iştirakçıların başına bədbəxt hadisə gəlir.

Bunlar sueveriyadır, əlbəttə belədir. Amma məhz naturadan meyitləri çəkən rejissorun «Polterqeyst» filmində çəkilən 4 aktyor tezliklə vəfat edir…

Guya… Bu guyaları istənilən qədər uzatmaq olar.

Əlbəttə, aktyorun ölümü istisna bir hadisə deyil. İnsan öləri məxluqdur. Bu əlacsız həqiqəti rus şairəsi Marina Svetayeva öz şerində istehza və acı bir yumorla çatdırırdı: «Ölümdən yazmayın. Sonra o çin çıxır...»

Əsl mistika - Aramızda baş verənlər

Ən dəqiq və ən real qənaətləri dadlı tikə kimi yazının sonuna saxlamışam.

Bir dəfə kinorejissor Əli İsa Cabbarovla kinonun mistikasından söhbət edirdik, ona «Uzun bir istehsal mərhələsi boyunca filmin ruhunu necə qoruyub saxlayırsan?» - deyə bir sual vermişdim. Cənab rejissor belə söyləmişdi: «Mən bir şeyi kəşf etmişəm, əsas olan kamera ilə, aktyorlar arasında, qurduğun mizan-məkan arasında baş verənlər deyil, kadra daha çox hopan səninlə - yəni rejissorla kamera arasındakı hisslər olur».

# 4241 dəfə oxunub

Müəllifin son yazıları

# # #