Maşın sürən kloun

Maşın sürən kloun
10 mart 2015
# 12:49

Bir dəfə dostlarla yolda idik – ictimai sosial vəziyyəti müzakirə edəndən sonra haradansa söhbət gəlib teatrdan düşdü. Bu sahədəki vəziyyəti bir zamanlar Mədəniyyət və Turizm Nazirliyində işləmiş və prosesləri yaxşı bilən Şərif Ağayarla şərh etdik. Teatr adamlarının durumu haqqında danışdıq. Hər şeyə rəğmən, “Teatr niyə yoxdur?” kimi ixtisasca teatrşünas olduğum üçün mənə ünvanlanan ənənəvi sual yaxınlaşırdı: bu sualı necə cavablandıracağımdan narahat idim - desəm “var” olmayacaqdı, desəm “yoxdur” yenə yalan olardı. Elə bu heyndə məni vəziyyətdən bizimlə eyni yolda hərəkət edən avtomobilin sürücüsü - kloun xilas etdi. Qeyri-ixtiyari bizim maşındakılar ona baxdı - kloun geyimində qrimli, parikli aktyor-daha doğrusu kloun özü bizə əlini yelləyib gülümsədi. Bir anlıq xoşbəxt olduq. Teatr da, onun problemləri də yadımızdan çıxdı.

Gərginliklə, stresslə dolu həyatımızda bir anlıq xoşbəxtlik bizə nə qədər lazım idi...

Hərçənd ola bilsin ki, bu tıxaca düşüb qriminin altında əsəbiləşən aktyor bu kloun işinə xaltura kimi baxırdı (hərçənd əsl peşəkar kimi davrandı) və gülüş-klounada sənətinə aşağı səviyyəli münasibət olan toy zalında kloun kimi çıxış etmək elə də ürəyindən deyildi.

Amma yalnızca qrimi, pariki və bu gərgin tıxac vəziyyətində gülümsəyib əl yelləməsi ilə bizi xoşbəxt etmişdi. Bu boz, rəngsiz həyatımıza sevgi havası qatmışdı.

Bizim teatrdan gözləntilərimiz budur: cəmiyyəti təhlükəli olan monotonluqdan, birsəslilikdən, birənglilikdən, fikir, düşüncə avtoritarizmindən xilas etmək.

Bizim teatr cəmiyyətə çoxrənglilik, çoxsəslilik, plüralizm, alternativ düşüncə verməli ikən, fantaziyalarını genişləndirməli ikən, özü bomboz, hermetik, monoton bir quruma çevrilir. Ona görə, çoxunun təsəvvüründə teatrın boz, sıxıcı, arxaik, darıxdırıcı, süni bir imici var. Bəzən saxtakarlığı aşkar görünən adama “Sən allah, teatr çıxarma” deyirik...

Bu monotonluğun, hermetikliyin səbəbi nədir?

Əksəriyyəti dövlətin olan teatrların mövcud idarəetmə-nəzarət sitemimi? Müstəqil teatrların yoxluğumu? Təhsil- peşəkarlıq problemlərimi? Elmin, sənətin nüfuzunun aşağı düşməsimi?

Teatrın ən pessimist vaxtlarında bu cameədə “Teatr mədəniyyəti bizim millət üçün ənənəvi deyil” kimi bir fikir dolaşır. Belədirmi, belə deyilmi, mübahisələr etmək olar. Hər şey bir yana, yalnızca Mirzə Fətəli Axundzadənin komediyalarına görə, “Milli Teatr” sözünü qürurla, rahatlıqla işlədə bilərik.

Martın 10 Milli Teatr Günüdür. Həm də Novruz çərşənbəsidir. Hər il təbiətin canlandığı bir zamanda ən canlı sənətin bayramını qeyd edirik. Bahar təbiətin tamaşasıdır. Onunla rəqabətə girməyə teatrımız varmı? Günəşli, ətirli yaz günündə bilet aldırıb bizi qaranlıq zala qapadan gedəcək tamaşamız varmı? Bu suala tamaşaçılar cavab verməlidir.

# 926 dəfə oxunub

Müəllifin son yazıları

# # #