Nəsiminin son sözü kəlmeyi-şəhadət olub – Müsahibə

Nəsiminin son sözü kəlmeyi-şəhadət olub – Müsahibə
22 avqust 2019
# 12:42

Kulis.az böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı yaranan polemikaları nəzərə alaraq nəsimişünas alim Səadət Şıxıyeva ilə müsahibəni təqdim edir.

- Səadət xanım, saytımızda Nəsimi ilə bağlı filoloq Firudin Qurbansoyun müsahibəsi, ardınca bu müsahibə ilə bağlı sorğular və əks fikirlər getdi. Yəqin izlədiniz...

- Əvvəlcə onu deyim ki, Firudin Qurbansoy nəsimişünaslıqla məşğul olan mütəxəssis deyil. Onun nədənsə ancaq bu il aktivləşdiyini görürəm. Dəbə uymaqdı, səsini duyurmaq istəyidir, ya nədir, deyə bilmərəm. Firudin bəy indiyədək nəsimişünaslıqda heç bir fəaliyyət göstərməyib. İndi birdən-birə nəsimişünaslıqda fəaliyyəti olan, ümumiyyətlə, Nəsiminin tanınmasında, təbliğində xidmətləri olan hər kəsə aqressiv hücumları məndə təəccüb doğurdu. O, Rasim Balayevi qəzəli səhv deməkdə, İsa Hüseynovu tarixi Nəsimini olduğu kimi əks etdirməməkdə ittiham edir. Amma niyə? Bunu bir səbəblə izah edə bilmirəm. Xatırladım ki, Rasim Balayevin əruzda şeiri oxuması və anlamasına tanınmış alim, əruz və klassik şeirin bilicisi Əli Fəhmi yardımçı olub. O və akademik Həmid Araslı filmin məsləhətçisi olublar. Bu mənada sevimli aktyorumuzun ifasını "biabırçılıq" adlandırmaq absurddur və əsassızdır.

- Səadət xanım, Firudin Qurbansoyun bu fikirlərində ümumiləşdirici bir arqument var: Sovet zamanında təsəvvüf, irfan olduğu kimi araşdırıla və təqdim oluna bilməzdi...

- Bu, belədir. Sovet dövründə Nəsimi irfan və təsəvvüf kontekstində araşdırılmayıb. Mənim araşdırmalarım Sovet İttifaqının dağıldığı illərə və müstəqilliyin ilk illərinə təsadüf edir. Ona görə, Nəsimini islam və təsəvvüf kontekstində araşdırmağa müvəffəq oldum. Mənim namizədlik işimdə bütöv bir fəsil Nəsiminin irfani görüşlərinə həsr olunub. Və artıq 30 ildir ki, Nəsimini bu kontekstdə öyrənirəm. Mənə qəribə gələn odur ki, sovet zamanında Nəsimini araşdıran alimlərdən danışılır, tədqiqatlar oxunur, amma müasir dövrdə Nəsimini araşdıran alimlərin üstündən sükutla keçirlər.

Amma sovet dövründə təsəvvüf, irfan heç öyrənilməyib də demək düzgün deyil. Əgər Həmid Araslının Nizaminin, Nəsiminin, Füzulinin əsərlərinə yazdığı şərhlərə baxsanız, görərsiniz ki, orada dinlə bağlı düşüncələr yer alır. Amma alimlər klassiklərin dini görüşlərinin qabardılmasından çəkinirdilər. Çünki onları dini yaymaqda ittiham edə bilərdilər. Ona görə də həmin görüşləri verəndə bir qəlib yanaşma da qoyublar: “Nizami dövrünün oğlu idi, Nəsimi zəmanəsinin övladı idi, ona görə də onlar dindən ayrı düşünə bilməzdilər”. Müstəqillik dövründə isə ideologiyanın yaratdığı məhdudiyyət ortadan götürüldü. Və Nəsiminin də dini və irfani dünyagörüşü kifayət qədər araşdırıldı.

- Səadət xanım, sovet dövründə çəkilmiş “Nəsimi” filmində, “Məhşər” romanında həmin sovet ideologiyasına uyğunlaşmaq üçün hansı ciddi yanlışlıqlar, güzəştlər var?

- İsa Hüseynovun “Məhşər” romanı da, “Nəsimi” filmi də Nəsiminin 600 illik yubileyi ərəfəsində yarandı. Təsəvvür edin ki, 1973-cü ildir. O zaman Nəsimi bir din alimi, bir təsəvvüf bilicisi kimi təqdim oluna bilməzdi. Lakin o filmdə əksini tapan bütün düşüncələri İsa Hüseynovun ayağına yazmaq doğru deyil. Çünki o əsərdə hər şey ideologiyanın məhsulu deyildi.

İsa Hüseynovun əsərində əks olunan yanlışlar o dövrün tədqiqatlarına əsaslanırdı. İndi çoxları İsa Hüseynovu Nəsimi ilə bağlı həqiqətləri doğru verməməkdə ittiham edir. Siz onun tanınmış mətnşünas alim Əbülfəz Rəhimovla müsahibəsini oxusanız, görərsiniz ki, İsa Hüseynov o romanı yazmaq üçün nə qədər mənbəyə müraciət edib. O, tarixçi alimlə bərabər bir səviyyədə mübahisə edib. Sadəcə İsa Hüseynovun məqsədi tarixi hadisələri olduğu kimi təqdim etmək deyildi. O, bədii əsər yazıb.

Onun doğru vermədiyi tarixi gerçəklərdən biri budur ki, Nəsimi Fəzlullahın qızı ilə evlənməyib. Nəsimi ilə Fəzlin qohumluq əlaqəsi olmayıb. Amma bunu biz İsa Hüseynovun yanlışı kimi təqdim edə bilmərik. O zaman nəsimişünaslıqda Nəsimi ilə Fəzlullahın qohumluğu fikri formalaşmışdı, tədqiqat əsərlərində var idi, yazıçı da ona istinad edirdi.

Digər bir tarixi yanlışlıq Nəsimi ilə Əmir Teymurun görüşməsidir. İllərdir ki, Nəsiminin müasirlərinin yazdıqlarını araşdırıram. Nəsimi ilə Əmir Teymurun görüşməsi, mübahisə etməsi tarixi gerçəklik deyil. Amma “Məhşər” tarixi romandır, orada yazıçı bədiiliyə yol verir, təxəyyül gücü ilə belə bir görüşün mümkünlüyünü ifadə edir. Bu görüş fikri sona qədər səhv də deyil. Çünki hürufilərlə Əmir Teymurun oğlu Miranşahın yaxın münasibətləri olub. Ola bilsin, hürufilərdən kimsə Əmir Teymurla görüşüb. Çünki tarixi qaynaqlarda belə fakt var. Hətta bəlkə də o adam Nəsimi olub.

- Nəsimi obrazı geniş azərbaycanlı tamaşaçısının təsəvvürünə filmlə hopub: sözündən dönməyən, “Həqq mənəm!” deyən obrazla. Amma elə Firudin Qurbansoyun müsahibəsində də, başqa mənbələrdə də Nəsiminin edamının dini dünyagörüşü üzündən deyil, siyasi baxışlara görə olduğu deyilir.

- Nəsiminin edamının məzhəb üzündən olması haqda sovet zamanında formalaşmış bir qənaət var idi. Yəni Azərbaycandan xaricdə yazılan əsərlərin əksəriyyətində Nəsiminin guya “Ənəlhəqq! – Mən Allaham” dediyinə görə edam olunması, Nəsimi haqda guya din xadimlərinin fətva verməsi kimi qənaətlər yer alır. Mən bu məsələni təfərrüatlı araşdırdım. Tədqiqat əsərlərində Nəsiminin ölümünün səbəbini dini deyil, siyasi xarakterli olduğunu əsaslandırdım. Çünki Nəsiminin ölümünü təsvir edən mənbə “Künuzüz-zəhəb” adlı ərəb mənbəsi günümüzədək gəlib çatıb. İstər İranda, istər Azərbaycanda Nəsimidən yazan tədqiqatçıların hər biri o qaynağa müraciət ediblər. Azərbaycanda da o qaynağın tərcüməsi Ziya Bünyadova aiddir. Ziya Bünyadova qədər Həmid Araslı və Mirzağa Quluzadə türkiyəli həmkarlarına istinadən Nəsiminin məhkəməsinin təsvirini vermişdilər. Həmin məhkəmə mətnini təhlil etdim. Məlum oldu ki, məhkəmədə iştirak edən sünni məzhəbinin dörd qolundan üçünün baş qazisi - onlar orada adbaad qeyd olunur: Hənəfi, Hənbəli və Maliki – Nəsiminin ölüm hökmünə imza atmır. Nəsimi o məhkəmədə bəraət alır. Hətta o qədər ki, Nəsimidən son söz soruşanda o iki dəfə kəlmeyi-şəhadəti deyir və susur. Çünki onadək o, öz həqiqətini demişdi. Din xadimləri onun ölümü ilə bağlı iddiaya imza atmır. Nəsiminin ölüm hökmü fətva deyildi və dini xarakter daşımırdı.

- Nəsiminin məhkəmədə kəlmeyi-şəhadət deməsi də sənəddə əks olunub?

- Bəli, bu da həmin qaynaqda yazılıb. Yazılıb ki, o, sanki öz həqiqətlərini deməkdən yorulmuş kimi iki dəfə kəlmeyi-şəhadət gətirdi və susdu. Yazılıb ki, məhkəməni idarə edən Hələbin hakimi Yaşbək məhkəmənin nəticəsini Misir sultanına göndərir. Bir neçə gün sonra Misir sultanından fərman gəlir – baxın bu fətva deyil, fərmandır: Ərəb tarixçisi İbn Həcər əl-Əsqəlani yazır ki, sultanın fərmanı gəldi - Nəsiminin boynu vurulsun, dərisi soyulsun, əli və qolu kəsilərək Zülqədərli Əli bəyə və qardaşı Nəsrəddin bəyə, Qarayölük Osmana göndərilsin. Fərmanın özündə də siyasi xarakteri görmək mümkündür. Sultanın belə amansız hökmünə səbəb nə idi? Mən Sultanın bu adamlarla münasibətini araşdırdım. Məlum oldu ki, Əli bəy və Nəsrəddin bəy Misir sultanına müxalifətdə idi və Zülqədər bəyliyi Suriyanın yaxınlığında yerləşirdi və Hələblə sıx münasibətdə idi. Çox zaman Misir sultanına qarşı üsyan qalxanda həmin Zülqədər bəyləri, xüsusən Əli bəy Hələb bəyləri ilə birləşib Misir sultanına qarşı üsyan təşkil edirdi. Qarayölük Osman da Misir sultanından qaçan türkmənləri himayə edirdi. Nəsiminin onlarla ittifaqda olmasının başqa səbəbi də var. Bunu mən qaynaqlardan oxuyub üzə çıxardım. Nəsiminin qız övladı da olub və o qız Nəsrəddin bəyin zövcəsi olub. Yəni Zülqədər bəyləri ilə qohumluq münasibəti də var idi. Və sultanın Nəsimi haqda bu qədər qəddar edam hökmü həmin bəylərin müqavimətini qırır. Zülqədər bəyləri öz mövqelərindən əl çəkir: Nəsrəddin bəy Misir məmlükü Mahmudi ilə ittifaq bağlayır, Qaramanoğulları üzərinə hücum təşkil edirlər. Əli bəysə Misir sultanına üzrxahlıq məktubu yazır və bağışlanmasına nail olur.

Yəni Nəsiminin edamı siyasi səbəbdən idi və dini dünyagörüşü ilə əlaqəsi yox idi.

- Edam səhnəsi ilə bağlı bir məqam da var: Nəsiminin Zahidi işarə etdiyi “Ağrımaz” qəzəlindəki beyt:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

gör bu gərçək aşiqi sər-pa soyarlar ağrımaz.

- Gözəl sualdır. O səhnədə iki rəvayətin təsiri var. Nəsimi Hələbə daxil olan gün həbsə atılması və edam olunması. Yadınızdadırsa, filmdə şair məhkəməsiz edam olunur. Həmid Araslının tədqiqatında da belədir. Guya Nəsiminin şagirdlərindən biri Nəsiminin şeirini bazar meydanında oxuyur, o gənci tutduqda Nəsimi irəli çıxıb deyir ki, şeirin müəllifi mənəm. Və onu aparıb mühakimə olunmadan edam edirlər. Amma bu rəvayətdir, tarixi gerçəkliyi əks etdirmir, Nəsimini sevənlərin uydurmasıdır.

İkinci rəvayətsə zahidin onu ittiham etməsidir. Bu rəvayət sonrakı yüzillərin məhsuludur.

- Amma bu misra var və o Nəsimiyə aiddir.

- Həmin beyt təzkirələrdə yer alır. Amma bu təzkirələrə qədər də zahidin onu ittiham etməsi ilə bağlı rəvayət aşıqların dilində dolaşırdı. Xətainin özü də yazır ki, Nəsimini zahidlər üzdü, incimədi həqdən gələn cəfayə. Görürsüz, yenə də zahid! Daha sonra Gəlbolulu Mustafa Alinin təzkirəsində yer alan beyt əsasında belə rəvayətlər yaranıb. Beytin rəvayət əsasında yarandığını, yaxud rəvayətin beytə əsaslandığını bilmirəm. Amma izlədikcə görürük ki, əvvəlcə zahid obrazı ümumi şəkildədir, sonra şəxsləndirilir və Nəsiminin müxalifi kimi təqdim olunur. Dildən-dilə rəvayət təkmilləşib.

Nəsimi həqiqətənmi edam olunanda şeir deyib? Bu versiya ilə razılaşa bilmirəm. 1996-cı ildə “Ağrımaz” rədifli şeir Nəsiminidirmi?” adlı məqalə də yazdım. Təkcə “Ağrımaz” deyil, bir neçə şeir var ki, onlar Nəsiminin edam səhnəsini təsvir edir. “Etdilər” rədifli şeir var: “Şol Hüseyniyi Hələb şəhrinda bərdar etdilər...”. Deyirlər, Nəsimi diri-diri dərisi soyularkən bu şeirləri deyib. Konkret də “Ağrımaz”ın üzərində dayanırlar. Amma rəvayətlərdə tək “Ağrımaz” deyil, çox şeir var.

Nəsiminin edam səhnəsində dediyi şeir rəvayət müəllifi dəyişdikcə dəyişir. Məsələn, Nəvai başqa şeirini qeyd edir: “Qiblədir yüzün, nigara, qaşların mehrablar, Surətin müshəf, vəli, mişkin-saçın e’rablər”... Yəni müəlliflər dəyişir, şeirlər də dəyişir. Amma bu şeirlər, o cümlədən “Ağrımaz” rədifli şeir üslubca Nəsimiyə aid deyil. Biz edam hökmünü də unutmayaq. Boynu vurulub dərisi soyulsun deyilibsə, o dərisi soyula-soyula şeir deyə bilməzdi. Çünki əvvəlcə öldürülüb, sonra dərisi soyulub...

- Səadət xanım, Nəsiminin qəbri ilə bağlı bir açıqlama da istəyirəm. Şamaxıda Şah Xəndan qəbiristanlığında Şah Xəndan türbəsinin qarşısına lövhə vurulub. Bu lövhədəki məlumata əsasən, türbədə şairin qardaşı Şah Xəndanın qəbri var. Digər qəbirsə şairin özü üçün nəzərdə tutulmuş boş qəbirdir. Bu nə qədər doğrudur?

- O məzarın Şah Xəndana aid olması da sual altındadır. Mən tədqiqatçılara müraciət etdim. Özüm də Şah Xəndan türbəsində oldum. Amma orada Şah Xəndana aid heç nə tapmadıq. O iki qəbrin heç birində Şah Xəndana aid iz yoxdur. Zəlzələ zamanı günbəz uçub, sinə daşı sınıb və yazılar oxunmaz haldadır. Hər iki məzarda ad var, oxunmur, amma üzərindəki tarix oxunur, bu isə min yeddi yüz neçəncisə ildir. Yəni 18-ci əsrdir. O məzarın sahibi 18-ci əsrə aiddir və Şah Xəndan ola bilməz. Şah Xəndan 1426-cı ildə vəfat edib.

- Azərbaycan televiziyası yeni bir film çəkib Nəsimi haqqında. Bu son tədqiqatlara əsaslanaraq film çəkmək istəyənlər yeni mütəxəssis kimi sizə müraciət edibmi?

- Sənədli filmlər hazırlayanlar müraciət edir. Bir dəfə Orxan Fikrətoğlu müraciət etdi. Bədii film çəkmək istəyirdi. Amma sonra davam etmədi. Mən belə başa düşdüm ki, İsa Hüseynovun yaratdığı obraz zehniyyətdə çox güclü iz salıb və daşlaşmış obrazı dəyişmək çətindir.

Sovet ideologiyasındakı Nəsimi başqadır, bu günün Nəsimisi başqa. Mən Orxan bəylə tədqiqatlardan tanıdığım Nəsimi haqda danışdım. Gördüm, ehtiyat edir. Belə başa düşdüm ki, onlar İsa peyğəmbər səviyyəsində əzabkeş Nəsimi istəyirlər. Amma mən belə düşünmürdüm. Çünki Nəsimi daha geniş şəxsiyyətdir: filosofdur, alimdir, qələndəridir, musiqini bilir, nücumu, riyaziyyatı bilir, bunlardan başqa, dövlət qurmaq istəyən bir ictimai xadimdir. O, hürufiliyə əsaslanan bir türk dövlətinin qurulmasında maraqlı idi və bu ideyaya da qurban getdi. Bu ideya Şah İsmayılın dövründə gerçəkləşdi. Şah İsmayıl Nəsiminin başladığı işləri tamamladı. Mən süjeti də belə görürdüm...

Əlaqəli yazılar:

Millət vəkili Firudin Qurbansoydan yazdı

İsa Muğannanın qızı od püskürdü: “Bu, atama və bizim ailəyə qarşı təhqirdir!”

Yazarlardan Firudin Qurbansoya cavab

Firudin Qurbansoy: “Rasim Balayevin filmdə Nəsimidən oxuduğu şeir biabırçılıqdır” – Müsahibə

Rasim Balayevin bağışlanmaz səhvi

# 9296 dəfə oxunub

Müəllifin son yazıları

# # #