Teatrlar mövsümü nə ilə açır və hansı tamaşaları göstərəcək? Kulis.az bu sualla teatrlara müraciət etdi.
Gənc Tamaşaçılar Teatrı Şekspirin yubileyinə tamaşa hədiyyə edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabrın 20-də saat 12.00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası ilə başlayır.
İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadədir. Həmin gün axşam dramaturq İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı tamaşa (rej. Bəhram Osmanov) təqdim olunacaq.
Səhnə əsərində əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim) və başqaları ifa edəcəklər.
Mətbuat xidmətindən kulis.az-a verilən xəbərə görə, GTT bnu mövsümdə Böyük İngilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində müəllifin “III Riçard” pyesinin tamaşasını təqdim edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rejissoru Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin Əməkdar İncəsənət Xadimi Sergey Qrisaydır (Sankt Peterburq).
Bundan əlavə teatr bu mövsümdə V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında S.Əliyevin səhnələşdirdiyi “Ağ ölüm” tamaşasını və balacalar üçün “Qoğalın nağılı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək.
Pantomima Teatrında “Son ştrix”
Dövlət Pantomima Teatrı mövsümü sentyabrin 20-də ötən il hazırladıqları “Manqurt” tamaşası ilə açacaq. Tamaşanın rejissoru Ceyhun Dadaşovdur. “Manqurt” Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərin əsasında hazırlanıb.
Teatrın bu mövsümdə tamaşaçılarına vəd etdiyi yeni tamaşa “Son ştrix” adlanır. Bəhruz Vaqifoğlu tamaşanı öz pyesi əsasında hazırlayıb. “Son ştrix”in noyabrda təqdim olunacağı gözlənilir.
Bundan əlavə, pantomimçilər illər öncə teatrda uğurla oynanılan “Karol xofu” tamaşasını bərpa etmək niyyətindədir.
Opera və Balet Teatrında “Fiqaronun toyu” olacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü sentyabrın 20-də dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə açacaq. Bu və sentyabrda keçiriləcək digər tamaşalar Ü.Hacıbəyli Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq.
Belə ki, sentyabrın 21-də isə Teatrda Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası, sentyabrın 24-də “Koroğlu” operası oynanılacaq.
Sentybarın 28-də teatrda yeni mövsümün ilk premyerası – görkəmli Avstriya bəstəkarı V.A.Motsartın “Fiqaronun toyu” operasının tamaşası keçiriləcək. Tamaşanın quruluşu beynəlxalq layihə əsasında həyata keçirilir. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belorusdan olan ifaçılar iştirak edəcəklər. Fiqaro rolunu Ukraynanın ƏməkdarArtisti Dmitri Qrişin, qraf Almavivanı isə Belorusun Əməkdar Artisti, vokalçıların beynəlxalq musabiqələrinin laureatı Vladimir Qromov ifa edəcəkdir. Tamaşanın quruluşçu rejissoru tanınmış ukraynalı rejissor Nikola Tretyak, musiqi rəhbəri və dirijoru isə dirijorların beynəlxalq musabiqələrinin laureatı Əyyub Quliyevdir. Tamaşada həmçinin Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Səbinə Əsədova, Gülnaz İsmayılova, Əkrəm Poladov və s. çıxış edəcəklər.
AzDramada “Kərbəla”
Akademik Mili Dram Teatrı yeni mövsümün ilk günlərində tamaşa təqdim edir: Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası sentyabrın 19-da təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Ramiz Həsənoğludur.
Yeni mövsümdə teatrın tamaşaya hazırlamaq istədiyi əsərlər arasında İlyas Əfəndiyevin “Mənim günahım” pyesi var. Bundan əlavə, teatr Yunus Oğuzun “Nadir şah”, Afaq Məsudun “Kərbəla”, Günel Anarqızının “Təhminə”, Anatoli Krımın “Keçmişdən gələn zəng” əsərlərinə səhnə yozumu verməyi nəzərdə tutur. Tamaşaların hazırlanmasında xaricdən dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.
Yuğ Teatrı mövsümü sentyabrın 20-də “Unudulmaz Əfəndi” tamaşası ilə açır. İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş tamaşaya teatrın aktyoru Əməkdar Artist Vidadi Həsənov hazırlayıb. Teatr bu mövsümdə yeni “Fəna” tamaşasını tamaşaçılarına göstərəcək. Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının quruluşçu rejissoru Mirsahib, quruluşçu rəssamı Rəşid Şerifdir.