“Biz kinoya uyğun deyilik” - "Ol" filminin qəhrəmanları ilə söhbət

<span style="color:red;">“Biz kinoya uyğun deyilik”  - "Ol" filminin qəhrəmanları ilə söhbət
16 may 2018
# 11:00

“Ol” tammetrajlı filmi ilə gündəmə gələn teatr və kino rejissoru Namiq Ağayev və filmdə rol alan həyat yoldaşı Vüsalə Ağayeva redaksiyamızın qonağı oldular. Kulis.az hər iki sənətçi ilə söhbəti oxuculara təqdim edir.

- Namiq müəllim, sizcə yaradıcılıq nədir?

N.A. - Deyim sizə ki, yaradıcılıq insanın kimyası ilə bağlıdır. Nə qədər sağlamsan, o qədər az məhsul verirsən. Şekspir ömrünün sonunda nağıllar yazmağa başlayıb.

- Yəni, rahatsansa, niyə yazasan?

N.A. - Rahat adam da maraqlı materiallar tapır; nağıllar, şər-xeyir. Məncə, insanın hərəkətini içində gedən biokimyəvi reaksiyalar yönləndirir. Tək şüuraltı deyil, qeyri-şüuridən də altda bir səbəb var - içindəki mutasiyalar, kimyəvi proseslər və s.

- Sizin filminiz bu baxımdan rahat film idi. Daha düzü, öz narahatlığınızı deyil, rahatlığınızı gətirmişdiniz filmə...

N.A. - Ola bilər.

- Filmin təhlilində belə bir fikir səsləndi ki, bilərəkdən kukla oyunu estetikası seçilib. Vüsalənin obrazının da sözü az idi.

N.A. - Ola bilər, Pinokionu-filanı çox oxumuşam, Fikrət də Pulçinella kimi assosiasiya doğurur.

V.A. - Məncə, Aydın müəllim (A.Talıbzadə - red.) yazmışdı bunu. O, bizim şüuraıltımızı verib. Bəlkə Namiq bunu düşünməyib, amma bu assosiasiya var orada.

N.A. - O zaman biz “Bülbül” tamaşasını Ələkbərlə hazırlayanda (söhbət N.Ağayevin Dövlət Kukla Teatrında hazırladığı “Bülbül” adlı uğurlu tamaşadan gedir – A.) Ələkbərə dedim ki, gəl Bülbülün kuklasını təqdim etməyək, qoy camaat xəyal etsin. Moskvada çıxan “Teatr” jurnalında yazı getdi, Aydın yazısında onun adını Dao qoydu. Məsələn, mənim Dao fikrim yox idi, amma şüuraltımı Aydın doğru formullaşdırdı. Biz onda bütün kuklaları düzəltmişdik, bülbülü təsəvvür edirdik, düz də qoydu adını - Dao. Xoşuma gəldi bəsirət gözü, görünməyən həqiqəti görmək...

V.A. - İstənilən halda. Ötürdüyü enerjidən, yaratdığı əhvaldan ibarətdir - istənilən tamaşa və yaxud da film.

- Filmdə nağıl danışılan zaman qəhrəmanların üzündəki bəzəklər nəsə bir məna ifadə edir?

N.A. – Heç bir. Afrika mədəniyyətində var bu. Nağılvarilik gətirmək üçün idi.

- Vüsalə, rejissor kimi Namiqlə işləmək necə idi?

V.A. - Namiq rejissor kimi işləməyib ki, mənimlə. Deyirdim, belə etsəm? Deyirdi, öz bildiyini elə, özün ol. Əvvəlcə, qırıq-qırıq fikirlərlə danışmışdı mənə. Sonra ssenarini oxudum və mənə qəribə bir enerji gəldi.

- Filmdə də ifadə olunub ki, özünüzü itirilmiş nəsil sayırsınız. Niyə?

N.A. - Biz gənc olanda təsadüf elə gətirdi ki, həm kino, həm teatr sahəsində böyük sənətkar saydıqlarımız dünyadan getdilər. Sanki, sözü bir yerə qoydular. Tofiq Kazımov, Mehdi Məmmədov, Həsən Seyidbəyli... Əlbəttə, itirilmiş nəsilik biz. Amma “yeməyib gedənlər” mənasında.

O zaman yaşlı nəsil gənc nəsillə çox yaxşı davranırdı. Əsgərlikdə də belə olur: generallarla sözün tutur, amma kapitanlarla mümkün deyil. Çünki, generallar bir yerə gəlib çıxıblar, kapitanlar axı hələ özünü təsdiq etməyib. Hesab edin ki, sənətdə generallar öldü, biz qaldıq kapitanların əlində. Yəni biz addım atmağa başlayanda iqtidara kapitanlar - yəni orta yaşlı sənətçilər gəldi.

- İndi necədir bəs?

N.A. - İndi yaş məsələsi yoxdur. İnternet bütün dünyanı açıb: məlumat verir, qloballaşdırır. Tutalım ki, burada korifey yoxsa, Spilberqi özümə korifey seçirəm - amma dərketməni zəiflədir...

Mən təcrübə yığdım, Türkiyədə işlədim, bura qayıdıb beş tamaşa hazırladım və gördüm ki, Stanislavski ilə dərdimiz eynidir. Tamaşa qoymaq bir hünərdir, teatrın o tamaşanı saxlaya bilməsi başqa bir qəhrəmanlıqdır. Tamaşalar da darıxdırıcı deyildi, amma saxlamaq mümkün olmadı.

- Kinoda da bu problem var. Çəkiliş boyunca, xüsusən kinoda texniki xırdalıqlar çoxdur - ideyadan, filmdən qopmamaq gərəkir...

N.A. - Bizim qrup illərlə bir arada çalışmış qrup idi. Ssenari də özümüzün idi. Böyük təcrübəmiz vardı. Xeyli sayda sənədli film, kütləvi film, hətta “İnterpapa” kimi tammetrajlı filmləri birgə işləmişdik. “Ol”u isə ilk peşəkar işimiz sayırıq.

- Peşəkarlıq barədə filmi tənqid edənlər oldu.

N.A. - Ziddiyyətli fikirlər var. Məsələn, Nadir Mehdiyev deyir, iri plan azdır, amma camaat deyir, çoxdur. Ya da bir başqası deyir, kadrlarda dərinlik az idi. Axı mən bunları bilirəm. O filmdə nə etmişəmsə, hamısını bilərəkdən etmişəm. Rakursu da, montajı da. Orada təsadüfi heç nə yoxdur. Düşündüyümün yüzdə səksən faizini edə bilmişəm. Sadəcə, sizi də, sonrakı nəsli də bayaq dediyimiz “itirilmiş nəsil” sayıram. Baxdınız ki, sələflər demək olar ki, yoxdur, tək-tük adamlar var. Amma tendensiya şəklində yoxdurlar. Və “bizdə kino yoxdur, olmayıb, olmayacaq da” ideyasını vətən seçdiniz, seçdik...

- O zaman “Ol”u tilsimi qırmaq hesab etmək olar. Yəni, yaradıcılıqda maneə ola bilməz mənasında. Uzun müddət sonra filmin ortaya çıxması da...

V.A.: - Yaradıcılıqda, fantaziyada maneə olmaya bilər, amma həyata keçməsində maneələr olacaq. Həm sən dediyin kimi uzun müddətə çəkmədik. Sürətlə çəkildi. Sadəcə post-prodakşn uzandı.

- Ssenari çəkilişdə dəyişildimi? Adama elə gəlir ki, ssenari də prosesdə yazılıb.

V.A. - Yox, əvvəl yazıldığı ilə birə-bir eynidir. Xırda improvizələri nəzərə almasaq...

N.A. - İndi çəkəcəyim filmdə də siz deyəni düşünürəm. Oturub gözləməyəcəyəm ki, nə vaxt pul olacaq? Maliyyəsiz kino anlayışı var...

V. A. - Maliyyəsiz kino bir mərhələ ola bilər. Ssenari yazılması, çəkilişə hazırlıq... Amma sıfır büdcə ilə film ağlabatan deyil.

N.A. - Büdcəsiz kinoya İran rejissorlarının çəkdikləri yaxşı nümunədir. Tam büdcəsiz çəkirlər, filmləri də Berlin festivalında nümayiş olunur.

V.A. - Tam büdcəsiz deyil də, Namiq Ağayev, əlində ən azı filmi çəkəcək vasitələri olmalıdır. Eyni fədakarları ətrafına yığmalıdır.

N.A - Mən inanıram ki, doğru niyyət mütləq maddiləşir. Gözəgörünməz qüvvələr-zad kömək edir, maddiləşir. “Ol”da da belə oldu. Biz başladıq və insanlar dəstək oldu. “Ol”da bağışlanan səhvimiz yalnız bu idi ki, biz Avropa standartı ilə getdik, kasıb kino olmadı yəni, istehsalat kinosu çıxdı. Sadəcə, Azərbaycanda belə yanaşma var: yaradıcılığa lazımsız, kiflənmiş, kimsəyə lazım olmayan bir şey kimi baxılır. Get iş tap, özünə çörək qazan.

Halbuki, Azərbaycan balaca ölkədir, əhalisi də çox deyil. Heç kim bizdən dünya kinosuna qoşulmağı xahiş eləmir. Dünya festivallarının bazarı var, bizim çıxardığımız məhsullar o bazarda tutmur. Mən kinonun paytaxtı Təbrizi gəzdim. Gördüm ki, bizimlə eyni vəziyyətdə olan adamlar məhsulunu yarıac-yarıtox çəkir. Tutaq ki, royal bahalıdır, onda mən qamışdan tütək düzəldib çalıram. Tütək çalmaqsa royaldan daha çətindir. Yəni, nə qədər pulsuzsansa, ideyan o qədər güclü olmalıdır...

Bizdə satmaq üçün çıxan məhsul da bazara çıxa bilmir, çünki bərbaddır. Guya yaradıcılıq üçün çəkilən də, siz deyən kimi “müəllif kinosu” da sənət parametrlərinə cavab vermir. Ortaya darıxdırıcı məhsul çıxır. Guya sənət kinosu darıxdırıcı olmalıdır. Belə deyil axı.

- Bu da Tarkovskidən gəlmədimi?

N.A. - Tarkovski mənim yaralı yerimdir. Nitsşenin sözü var: “Həzrəti İsanın çarmıxa çəkilməsi ilə xristianlıq başlamadı, qurtardı”. Yəni xristianlığın tələblərinə cavab verəcək son adam elə İsanın özü idi. Tarkovski də eynən elə. Tarkovski böyük sovet monumentalizmindən – Kalron, Eyzenşteyn, Gerasimov – sonra bir meditativlik gətirdi. Çox əla. Amma Tarkovskini davam etməyə başladılar, bu, artıq təqlid oldu. Nuri Bilgəyə də Türkiyənin Tarkovskisi deyirlər, amma belə deyil. Nuri Bilgə fotoqrafdır, əlində ssenari var və gözəl də çəkir. Amma Tarkovskidə görüntü özü dramaturgiyadır. Yəni, Tarkovski ssenarini götürüb ağır çəkimlərlə təsvirə adaptə eləmir. Görüntüsünün özü dramaturgiyadır. Çünki, Tarkovski rəssam idi.

Qaldı bizə, azərbaycanlının düşüncə tərzi xalça və muğamdır. Özü də bu, kosmopologiyaya, mistikaya bağlanan avanqard, modern bir sənətdir. İrrasional düşüncə tərzi azərbaycanlının canındadır. Bu isə kinoya uyğun gəlmir. Çünki kinoda ölçü hissi, rasionallıq olmalıdır. Tarkovski isə bu baxımdan azərbaycanlı bio-fiziologiyasına çox uyğundur.

Azərbaycanlıda olan irrasional düşüncə tərzi, kültür qatlarının çox olması kinoya mane olur. Məsələn, gürcülər sadə millətdir, içərlər, xor oxuyarlar, tost deyərlər, atalar sözləri deyərlər. Yəni, birrəngdirlər. Kino da rəssamlıq kimidir, bir-iki rəng istəyir, çox rəng qatanda çirkli olur. Bizdə isə o qədər alt qatlar var ki, bunlar axırda bizə mane olur.

Azərbaycanlı rejissorun kino energetikası tam bir film üçün olaraq yetərsizdir. Üçdə birini çəkməyə yetəcək, bitəcək enerji. Kinoya başladınsa gərək ikiqat üçqat artıq enerji qoyasan. Mənbəni özün axtar, tap. İstəyirsən dağa çıx, ata min, neynirsən elə. Mənbəni tap, enerji al. Ona görə də bizdə dahi şəxsiyyətlər çıxır, amma cərəyanlar yaranmır.

Bir də bizdə fiziki tənbəllik var. Dövlətimiz bəlkə də yaxşı edib idmanı qabağa çəkib. Çünki, fiziki hərəkətlə aramız yoxdur. Teatr da başdan-ayağa hərəkətdir. Bizsə bunu istəmirik. Hətta Həsən Turabov “Qaçaq Nəbi”ni çəkəndə deyirdi: “Lazım deyil e... vuruşmaq-zad. Bir dənə montaj - hamı yıxılıb yerə...” (gülüş)

V.A. - Namiq, sən qeybət edirsən artıq...

- Yox, qeybət niyə? Ümumiyyətlə əsaslandırılmış qeybət produktiv söhbətdir.

N.A. - Kino kütləvi olmalıdır. Örnəklər deyim sizə: “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Nəsimi”... İndi hər kişinin hünəri deyil filmdə bu söhbətləri xırdalasın.

İndi bizdə içdə rəqabət yoxdur. Bakının içində bu gündə çıxan komediyalarla rəqabət aparacaq güc yoxdur. Bu olmadan millətin boynuna qoymaq olmaz ki, zövq yoxdur, elə bu lazımdır onlara, elə deyil? Özü də bunu mən sizə elə belə, millətçilik hislərindən uzaq bir halda deyirəm.

V.A. - Hə də... Niyə camaatın boynuna qoyurlar ki, ancaq komediya istəyir camaat? Niyə fərqli film göstərmirlər? Bu, kimin bazarına xidmət edir? Budur problem. Maraqlı olmalısan ki, fərqli tamaşaçı da gəlsin sənin filmlərinə. Fərqli janrlı filmlər getsin sənin kinoteatrında.

N.A. - “Spartak” nümayiş olunanda yol bağlanmışdı, növbə yaranmışdı. İndi bunu edə bilmirlər axı? Qılınc oynatmaq lazımdı, at belində çəkilişlər. Bunu edə bilmirlər, amma ya imitasiya edirlər, ya komediyanın özünü təhqir edirlər.

- Bəlkə bu dövrün postmodern əhval-ruhiyyəsindən irəli gəlir; sitatlar, qəhrəmanlıq filmlərinə ironiya...

N.A. - Yox, bunlar kino sahəsindəki qohumbazlığın nəticəsidir. Tənqid eləmə, bu qardaşdır, o xalaoğludur, gəlsin film çəksin. Belə-belə bitir kino. Mən özüm yaradıcı enerjimin müəyyən faizini bu problemlərlə əlləşməyə həsr edirəm.

Bu komediyalar eramızdan əvvəl də olub. Olacaq da. Hətta “Bozbaş”ın uşaqları filmdə tapança ilə elə atışırdı, “Qurdlar vadisi”ndən də yaxşı. Amma alternativ olmalıdır axı. Pul insanın gözünü tutur. Doğru olmayan kapitalizm... Baxın, iki satış sistemi var.

- Kinoteatr şəbəkəsi...

N.A. - Hə. İkisi də deyir ki, film kassa gətirməlidir. Yüzdə iyirmi faiz belə ictimai həyata, zehniyyətə qulluq etməkdə özlərini borclu bilmirlər. Mən cavan nəslin psixoloji tələyə rahat düşəcəyindən qorxuram. Elə bil qumara girişiblər, qoy bu pulu yığım, sonra filan qəhrəman haqqında film çəkərəm. Belə şey olmur... Bu səviyyəsizlik, bu mənəviyyatsızlıq üzərində qurulmuş kino sistemi sosial genetikamıza hopmamış, kodlanmamış, kilidlənməmiş bir işlər ortaya qoymalıyıq. Bilirsiniz, bizə hansısa intellektuallıq lazım deyil. İntellektuallıqdan da artıq super modern milli kodumuz var. Bizi çaşdıran bilirsiniz nədir? Tutalım bir azərbaycanlı xalça toxuyub, o biri azərbaycanlı bu xalçaya baxır. İntellektuallıq da gəlib girir araya ki, bu xalçaçı bununla nə demək istəyir? Halbuki, lazımdır biri orada desin ki, nə demək istəyir boş ver, a kişi. Mənadan da dərin məna aşılanır sənə. Bu konseptual beyin mane olur sənə...

Bizim indiki halımızda kinonun konseptual olması lazım deyil, səviyyəli və kütləvi olması kifayətdir. Bu gün də deyirəm, mənimlə tamaşaçının arasına geydirmə yapımçılar, orta səviyyəli intellektuallar girib. Məsələn, hər bir tamaşaçı “Ol”a baxır, bəyənir, amma deyir ki, mən bəyəndim, amma başqası qəbul etməyəcək. Qəribə bir haldır. Elə bilir ki, yalnız o başa düşdü filmi. Amma mən rejissor bunu - Mark Zaxarovun “diqqət tələsi” dediyi şeyi hesablayıram axı. Camaat mənim zalıma girdimi ki, çıxıb desin, mən qəbul eləmirəm, darıxdırıcıdır?

Bu piarın olmamasıdır. Piarı təşkil etmək CinemaPlyusun (“Ol” filminin nümayiş olunduğu kinoteatr şəbəkəsi – red.) həm hüquqi, həm mənəvi borcu idi.

Mən gileylənməyi sevmirəm. Premyeranı keyfiyyətsiz səslə təqdim edən CinemaPlyusdan yeni premyera tələb etdim. Amma bunlar hələ, biz belə verdik, siz belə ötürdünüz deyirlər, hələ orada qalıblar. Siz bizim pannomuzu gördünüzmü? Qapqara bir panno...

Mən kino sahəsinə doluşmuş, hələ ki tam mafiyalaşmamış neqativ ünsürlərlə nə qədər ki, gec deyil, hələ xərçəng kimi genetikamızı korlamayıb, mübarizə aparacağam. Əməlimlə aparacağam. Yeni məhsullarla, yeni filmlərlə...

- Yeni ssenariniz varmı?

- Ssenaridən çox ssenari var. Ssenari bolluğu böhranı yaşayıram. Tarixi film çəkməliyəm - İrəvan xanlığı haqqında. Şəhid Gültəkin Əsgərova haqqında film çəkmək mənim arzumdur. Niyyət edib çəkəcəyəm də. Sevgi filmi ssenarisi də var. Çoxdur. Müxtəlif janrlarda. Heç birini də yumorsuz təsəvvür etmirəm. Yaxşıdır ki, illərlə mövzuları dəmləmişəm...

- Filmdə özünüzü qəhrəman kimi görmək necə idi?

N.A. - Bilirsiniz mən nəyə sevinirəm? Bir lotereyada udmuş kimi sevinirəm ki, mənim arxetipim cəngavərdir. Babamın atasının adı Əsgər olub. Atamsa məni qədim yunan qəhrəmanlarının ruhunda böyüdüb - Herakl, Axilles-filan. Xoşbəxtəm ki, bu növə aidəm. Bu növ dünya mədəniyyətinin mərkəzidir. Kabukidə də, Nohda da, yunan əsatirlərində də cəngavər mərkəzi obrazdır.

V.A. (gülür) - Namiq Don Kixotdur da. Filmdə görürsünüz, o, Don Kixotdur, mən Dulsineya, Fikrət də Sanço Pansa...

N.A. - Tək o deyil, Bayron, Cek London, Ekzüperi, Nazim Hikmət, Hüqo, Düma... Hamısı bu arxetipdən olan adamlardır. Kafka, Prust, Dostyevski kimi xəstə əhvallılar mənlik deyil. “Ol”da axırda irland rəqsi oynayıram. Adrenalinli rəqsdir, cəngavər ruhu var...

- Xəstə əhvallılar niyə?

N.A. - Söhbətin əvvəlinə qayıdaq deyirsiz?

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

# # #