Bu filmdə hamı xəyanət edir - RESENZİYA

<b>Bu filmdə hamı xəyanət edir</b>  -  <span style="color:red;">RESENZİYA
7 noyabr 2017
# 16:10

Noyabrın 6-da mətbuat işçilərinə “O2 media”nın istehsalı olan “İkinci pərdə” filmi təqdim olundu. Filmin rejissoru Emil Quliyev, ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev və Orxan Mərdan, baş prodüseri Orxan Mərdandır. Noyabrın 16-dən kinoteatrlarda nümayiş olunacaq filmin təqdimatı isə noyabrın 14-dədir.

Kulis.az film haqda resenziyanı təqdim edir.

Bu, Emil Quliyevin üslubudur, deyə bilərik; çünki “İkinci pərdə” Emilin ikinci filmidir və biz “Pərdə”dəki situasiyanın çıxılmazlığı, yüklü dialoqlar, məişət və küçə leksikonu, bir-birinə bağlı olan problemlər zəncirinin qəhrəmanı və tamaşaçını dalana dirəməsini “İkinci pərdə”də də görürük. Emil sıradan və realistcə detallı bir ailə gündəmini, kişi məclisini ağırlaşdıraraq ən gərgin həddə yetirir.

Kişi arvadının ona dostu ilə xəyanət etdiyini öyrənir və onları evdə həbs edir. Onun nə qərar verəcəyi baş verənlərdən asılıdır.

Onsuz da ağır olan tipik bir xəyanət situasiyası dörd bir yandan ağırlaşdırılır:

Arvadın (Samirə - Günay Əhmədova) xəyanəti

Yaxın dostun (Arif - Qorqud Cəfər) xəyanəti

Başqa bir yaxın dostun xəyanəti (İbiş – Elşən Əsgərov xəyanət haqda xəbəri Timaya deməklə daim onu aşağılayan qaynı Arifdən intiqam alır).

Bütün bunlar aktyor Hikmət Rəhimova (Tima) oynamaq üçün xeyli vəziyyət verir. Hikmətsə peşəkardır, Timanın psixoloji vəziyyətini çatdırmaq əlində su içmək kimi bir şeydir. Amma Hikmətin qəhrəmanı da xəyanətlərlə əhatələnmiş Hamlet deyil, onun özünün də üzünə çırpmağa nəsə var - Tima arvadına Günay adlı dul qadınla xəyanət edir.

Qısacası film bir-birinə sxematikcə bağlanmış xəyanətlər torudur. Hətta əsas xətdən kənarda qalan Ziya (Ziya Ağa) da sevgilisinə xəyanət edir, sevgilisinin Ziya ilə görüşməklə ərinə xəyanət etdiyinə işarə var.

Aktyorlar situasiyanı oynayırlar, həm də çox real oynayırlar, amma biz qəhrəmanları fərd kimi dərindən tanıya bilmirik, onların həqiqətləri olsa-olsa bir-birinin üzünə çırpmaq üçün əllərində saxladıqları “kozır”dır.

Çox real oynayırlar nə deməkdir?

Düzdür, obrazların mətnindən, rejissorun təklif etdiyi vəziyyətdən və aktyorun tapdığı vasitələrdən asılı olaraq bu nisbət dəyişir, amma bəzən Qorqud Cəfərin, Günay Əhmədin, Elşən Əsgərovun, Elşən Hacıbabayevin, Səbinə Məmmədovanın qəhrəmanlarını gündəlik gerçəklikdən, bir bədii cizgi də ayırmır. Bu, aktyorlardan çox rejissorun seçimi, aktyora yaratdığı mühitdir. Və o, rejissor kimi məqsədindən asılı olmayaraq, aktyor peşəkarlığını ortaya çıxarır.

(Bu məqamda aktyor oyununda gerçəklik və bədiilik haqqında çox ciddi bir araşdırmanın yeri görünür. Bunu borc kimi boynuma götürürəm)

“İkinci pərdə” filmində görünən gerçəkliyin detallı sxematik təsviri ideyanı üstələyir, bədiiliyi zəiflədir.

Rejissorun müsahibələrində rus rejissoru Yuri Bıkovdan təsirləndiyini bilə-bilə və görə-görə, sizə Kristian Minciunun məşhur “Dörd ay, üç həftə, iki gün” filmini xatırladıram. Operator işi və aktyor oyunundakı “gündəlik həyat” tərzi...

Biz qəhrəmanın özünü abort edən rəfiqəsinə qurbanverməsini görürük. Situasiyanın gərginliyi, gerçəklik hissi ilə paralel, qızın sakitcə özünü qurban verməsi kimi mənəvi bir akt baş verir.

“İkinci pərdə”nin üslubundakı “gündəlik həyat” tərzi isə paralelləşdirilmir, müxtəlif situasiyalarla kəsişir. Rejissor bizə gündəlik həyatın daha tam, boşluqları doldurulmuş və ağırlaşdırılmış mənzərəsini təqdim edir. Lakin bu mənzərənin dərinliklərini görəcəyimiz bir çalar tapa bilmirik. Aşağıda yazılan bir neçə məqamı çıxmaqla.

Hansılardır onlar?

Bu xəyanətlər torunda bir sosial qat görünür; sosial sistemin sındırılmış üzvlərini görürük - hər kəs özündən asılı olan adama bağırıb onu aşağılayır; administrator İbiş aşpazı, kafe müdiri Arif İbişi, “Ağsaqqal”ın adamları isə onlara borcu olan Arifi.

Təsvir olunan cəmiyyətin şəxsi ləyaqət anlayışını pulla qorumalı olan insanlardan ibarət olması artıq partlayışları labüd edir - Belə bir giriş ssenarinin uğurudur. Ümumiyyətlə ssenaridəki hadisələr, vəziyyətlər ustaca bir-birinə bağlanır, hər hansı boşluq yoxdur və bunlar lazımi gərginliyə gətirib çıxarır. Sadəcə olaraq, bütün vəziyyətlər bircə boşluq buraxılmadan eyni motivi-xəyanəti döyəcləyir.

Başqa bir sosial qatda isə film cəmiyyətdəki yayğın düşüncə qəliblərini xatırladır. Daha dəqiqi, qadın-kişi əlaqəsi haqqında anlayışları. Kişi qəhrəmanlar qadınları və münasibətləri ciddi və qeyri-ciddi kimi kateqoriyalara bölüb. Bu kateqoriyaların nə qədər qəbulolunan, yazılmamış qanunlara uyğun olmasına baxmayaraq, onlar bunun nisbi və fərdi olduğunu da bilirlər. Yəni, bu bölgü hamıda var - amma bədbəxtlikdən, bölgülər üst-üstə düşmür. Və bunu bilən kişilər psixoz yaşayır.

Əlbəttə, bu məqamlar xüsusi fokuslanmır, mətndə, rejissor işində görünür və üstündən keçilir.

Müəlliflər əsas diqqəti situasiyanın gərginliyinin ötürülməsinə ayırırlar. Tamaşaçının katarsisdən çox yüklənməsi ehtimal olunur. Ola bilsin ki, katarsisi köhnəlmiş hesab edənlər var, amma filmin kinoteatrda nümayişini, yəni kassaya yönəldiyini nəzərə alsaq, yerli tamaşaçının bu qədər dərin mühakimə etmək gücündə olmayacağını ehtimal etsək, o qədər də köhnəlməyib.

Əgər cəmiyyət təsvir olunduğu kimi (razılaşaq ki, yüz faiz olmasa belə böyük faizlə elədir və bunu artıq şoka salmayan kriminal xəbərlər təsdiqləyir) psixoz halındadırsa, “İkinci pərdə”nin tamaşaçıları filmə baxıb nə qənaətə gələcək? Səbəbləri düşünməkdəncə daha artıq panikaya düşməyəcəklərmi? Və ən əsası özləri haqdamı düşünəcəklər, yoxsa potensial xəyanətkar ola biləcək partnyorları haqda? Filmdə işıq yoxsa onlar necə görəcəklər?

“İkinci pərdə” həyəcan çağırışıdır. Tamaşaçılar bu çağırışdakı təhlükəni düzgün anlayacaqlarmı? Məni bu suallar da düşündürür.

Emil Quliyev filmi “İkinci pərdə” adlandırmaqla bir teatr tamaşasındakı aktları yadımıza salır. Hər iki filmi cəmiyyət həyatından olan “şəkillər” (“Ev tərbiyəsinin bir şəkli” deyək) kimi təqdim edir.

Bizsə köhnə tamaşaçı kimi adətən razvyazka və final pərdələrinin ötürdüyü ideyaya çatmaq istəyirik. Nə qorxusu var? Onsuz da Emilin üslubu tamaşaçısını teatra xas pafosdan sığortalayıb.

Hər iki filmi ilə gözləməyə, ummağa yer qoyub.

Hələ kinoteatra çıxmamış film haqda ilk resenziyanı bu gözlənti, umacaq və güvənlə bitirirəm.

# 3224 dəfə oxunub

Müəllifin son yazıları

# # #