“Dikaya Roza”-Kasıb qızların arzusu

“Dikaya Roza”-Kasıb qızların arzusu
22 iyul 2013
# 15:37

90-lar deyəndə yalnız yaşadığımız o müharibə qorxulu, ümidi son tikə kimi qoruduğumuz günləri, o ruhlu vaxtlarımızı xatırlayırıq. Ara-sıra qabağımıza çıxan saqqız markasından, papiros qutusundan təsirlənmək adi bir əşya həsrəti, nostalji xəstəliyi deyil. İndiki nəsildə heç bir hiss oyatmayan şeylər, bütöv bir nəsli birləşdirən detallar bəzən bütöv bir zamanı xatırlada bilir. Yalnız “Love is...”, “Turbo” saqqızları, “Bakuş” konfetləri, video cihazları deyil, çoxumuzun olduğu bir yer daha var- o xəyalda çoxumuz yaşamışıq.

Bunlar 90-ların Latın Amerikan və Meksika serialarıdır. Aşıqların dastanından, Şərqin “Min bir gecə”sindən cazib olan rikardolar, mariannalar, sebastyanlar, uzauralar, mariyalar gözəllikləri, atəşli məhəbbəti, lüks həyatı ilə ağzımızı açıq qoymuşdu. Sovet İttifaqının son pionerləri kapitalizmi belə təsəvvür etmirdik, bu həm də ona görə gözəl idi ki, orda pul yox, məhəbbət qalib gəlirdi. Amma evlənən cütlük də kasıb qalmırdı.

O seriallarda bəzən kasıb bir qız varlı bir oğlanı sevir, o oğlan da sevgilisini, nişanlısını, ya da arvadını atıb bu kasıb qıza vurulurdu. Qız durduğu yerdə gözəl sevgiliyə və varlı həyata “yiyə dururdu”. Valideynlərimizi də bu seriallar tiryək kimi alıb başqa dünyaya aparırdı-ola bilməyəcəkləri dünyaya. O nəslin yeniyetmələrisə varlı və gözəl oğlan, varlı və gözəl qız həsrətini gizli-gizli çəkirdilər. Adaxlı seçərkən onu rikardolarla, mariannalarla müqayisə edirdilər. O, oğlan, o qız harada idi? Hələlik seriallarda...

Tamaşaçılar aktrisa Veroniko Kastronun adını sevinclə gözləyirdilər. Bu, camaatın “Dikaya Roza” kimi sevdiyi “Vəhşi Roza” serialından idi. Serial kasıb, savadsız bir qız olan Rozanın varlı bir ailəyə düşməsindən bəhs edir. Varlı və yaraşıqlı Rikardonun istəyi ilə ona ərə gedən Roza Rikardonun bacıları - varlı evin sahibələri Dulsina və Kandidanın zülmünə düşür. Onlar sadə qızı vəhşi məxluq kimi görməkdən zövq alırlar. Roza da onları rəncidə eləmir: yeməkdən sonra əllərini süfrənin qırağına silir, zövqsüz geyinir və s. Amma bütün bu tənələrə dözə bilməyən Roza ərindən ayrılır. Mübarizələrdən sonra onun məhəbbəti qalib gəlir-Rikardo və Roza yenidən evlənirlər. Serialların qızıl qaydasına görə onların xoşbəxt nikah mərasimi uşaqları dünyaya gəldikdən sonra baş tutur (bu yerə böyüklər göz yumurdu), həmçinin bütün varidatın yeganə sahibi bu “vəhşi Roza” olur. Onun əsl anasının zəmgin bir qadın olması meydana çıxır.

Bu serialda hər kəs istədiyini tapırdı, Kandida və Dulsineyanın simasında baldızlarını görən kim, Rozaya ürək yanğısıyla “o cür oğlan sevir səni, ver bunların payını da...” deyə məsləhət verən kim...

Bu serialın sevilməyinin başqa motivasiyası da vardı- xalq müdrikliyinin “qızın gərək bəxti olsun” deyimi öz əksini tapırdı. O qəzavü-qədər tipli nağıllara yaxın idi. Amma ən vacibi Roza gözəl və kasıb, Rikardo yaraşıqlı və varlı idi...

Çoxları 1987-ci ildə çəkilmiş bu serialın ardının "Vəhşi Rozanın qayıdışı" adı ilə çəkilməsindən xəbərsizdi. Növbəti novellada Rikardonu avtoqəzada itirən Roza İspaniyada yeni məhəbbətlə rastlaşır. Rikardo roluna Meksika müğənnisi və matadoru Gilyermo Kapetilio çəkilib. O həmçinin 90-ların digər serialı “Varlılar da ağlayır” serialında çəkilmişdi....

# 4907 dəfə oxunub

Müəllifin son yazıları

# # #