Bəhram Osmanov: “Mirzə Cəlili tamaşaya qoya bilmərəm”

Bəhram Osmanov: “Mirzə Cəlili tamaşaya qoya bilmərəm”
5 may 2014
# 12:08

Kulis.az Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovla müsahibəni təqdim edir.

- “Sarıköynəklə Valehin nağılı” pyesini hazırlayırsınız. Deyəsən indi onun məşqlərində idiniz?

- Elədir.

- Dövlət sifarişidir, yoxsa əsəri özünüz seçmisiniz?

- Özüm seçmişəm. Məncə, aktuallığını saxlamış əsərdir. Orada söhbət tək məhəbbətdən getmir, bugünkü sosial durum, ekologiya, təbiətə sayğısızlıq, sevgi fonunda yaxşı adam axtarışı… XXI əsrdə insanların yaxşılıq etməyi bacaran, təmənna güdmədən yaxşılıq edən adama ehtiyac var.

- Baş rejissor kimi teatrın işində hansı prinsipi qoruyursunuz?

- Baş rejissor teatrın repertuarına, perspektiv yaradıcılıq planına, truppaya cavabdehdir. Bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrının tərkibində üç teatrın truppası birləşdirilib. Düzdü, bu, üç-dörd il əvvəl olsa da, daxilən bu formalaşma prosesi bitməyib. Teatrın içərisində olan adam bunu daha yaxşı hiss edir. Onları öz düşündüyüm sənət üslubuna gətirib çıxarmaq istəyirəm. Truppa çox böyükdür və hamısı ilə bu, mümkün deyil. Odur ki, hazırlanan yeni tamaşalarda vahid oyun üslubunun alınmasına çalışırıq.

- Bəhram müəllim, hazırkı repertuarda aktyorların neçə faizi məşğuldu?

- Çox faizi. Məsələn, mənim indi hazırladığım tamaşada 25 aktyor məşğuldur. Gələn mövsüm üçün Əli Əmirlinin “Kastinq” pyesində 35-ə yaxın aktyor məşğul olacaq. U.Şekspirin “III Riçard” pyesinin məşqlərində Cənnət Səlimova demək olar ki, truppanın 80%-dən istifadə edib. Bilirsiniz, məsələ faizdə deyil, mən aktyorların rollarda özünü təkrarlamasını istəmirəm. Məncə yaxşı aktyor da, gecə-gündüz səhnədə qalmamalıdır, ştamplaşma ehtimalı var.

- Sizə qarşı səslənən bir irad var: Gənc Tamaşaçılar Teatrının truppasında bu qədər aktyor varkən, tamaşa hazırlayanda aktyorlar kənardan dəvət olunur. Sizcə, bu nə qədər düzgündü?

- Söhbət “Hasarın o üzü” tamaşasından gedir. Bugünkü dövrdə müxtəlif teatrlarda işləyən aktyorların başqa teatrlara inteqrasiyası artıq qısqanclıqla qarşılanmır. Bu təcrübəni mən bir neçə il əvvəl Musiqili Teatrda hazırladığım Qoqolun “Evlənmə” pyesinin tamaşasında elədim. Akademik Mili Dram Teatrından Məleykə Əsədova və Şükufə Yusupovanı, Gənc Tamaşaçılar Teatrından Qurban İsmayılovu dəvət etdim və onların iştirakı ilə həmin tamaşanı hazırladım. Bu təcrübənin bəhrəsini tamaşanın uğurunda aydın göründü. Aktyorlar bir-birinə istinadən öz peşəkarlıq təcrübələrini bir məsələdə birləşdirdilər. Əgər o tamaşa mövsümün uğurlu tamaşası oldusa uğur məhz buna görə idi.

Dəvətdə qorxmalı heç nə yoxdur. Aktyorlar həmişə bir-birilərindən öyrənməlidirlər. “Hasarın o üzü” tamaşasının gənc iştirakçıları Nurəddin Mehdixanlıdan və Həmidə Ömərovadan inanıram ki, çox şey öyrəniblər. Eyni zamanda bunu rejissorlarla da edirəm. Tanıdığım, bildiyim, zövqünə, yaradıcılığına bələd olduğum rejissorları Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlamağa dəvət edirəm. Hətta onların planlarına görə, teatrın planlarını dəyişirik. Bir şərtlə ki, buradakı aktyorlar üçün maraqlı rollar olsun, pyes Azərbaycan tamaşaçısına baxımlı olsun, nəyəsə səsləsin. Bu işdə teatrımızın direktoru Mübariz Həmidov həmişə mənə yardımçı olur.

Bilirsiniz, belə şeyləri şişirtməyə ehtiyac yoxdur. Hər yerdə belədir, kənardan gələni qısqanclıqla qarşılayırlar.

- Belə inteqrasiyalar, kiçik teatrların birləşdirilməsi, üslub özəlliklərini əridib, teatr mühitini monotonlaşdırmazmı?

- Sualınız maraqlıdır. Amma proses çoxdan olub və qurtarıb. Təcrübə göstərir ki, lider həyatdan gedəndən sonra, işləmək qabiliyyəti zəifləyəndən sonra teatr sadəcə olaraq ağır yükə çevrilir.

- Bayaq dediniz ki, üç müxtəlif truppanın birləşdiyi GTT-nı öz yaradıcı üslubunuza doğru aparacaqsınız. Bu nə üslubdu?

- Psixoloji teatr üslubu. Məncə birləşən bütün teatrlar bu üsluba yaxındır.

- Bəs repertuar seçimində hansı xətti əsas götürürsünüz?

- Birinci növbədə aktual, yaşadığımız dövrün həm məişət, həm də ictimai problemlərini göstərən kamil əsərləri seçmək və hazırlamaq. Bu əsərlər klassik də ola bilər, müasir də. Mənə elə gəlir ki, aktyorların yetişməyi də məhz belə əsərlərdə olur.

- Bizim rejissorlar adətən teatrın inkişafında problem kimi dramaturq qıtlığını göstərirlər. Deyirlər ki, tamaşa hazırlamağa pyes tapmırıq…

- Mən heç vaxt belə həyəcan təbili vurmuram, buna həvəsim də yoxdur. Çünki bilirəm ki, dramaturgiya çətin sənətdir. Kamil dramaturq olmaq üçün 10-15 il yazmalısan. Biz tələbə olanda Azərbaycanda, elə SSRİ məkanında da dramaturq az olub. Məsələn, bizdə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə dramaturgiya ilə məşğul olub. Amma onlar o vaxt dram yazıblar ki, artıq hər birinin şair kimi imici var idi. İlyas Əfəndiyevsə hər mövsümə bir pyes yazıb. O əsərlərin hər birində yaşadığımız dövrün aktuallığını verə bilib. Əgər İlyas Əfəndiyevin pyeslərinə bu gün də müraciət olunursa, - dövlət sifarişi, yubiley və ya başqa tədbirləri nəzərdə tutmuram - rejissorlar o pyeslərin müasir həlini tapa bilirlərsə, onu yalnız alqışlamaq lazımdır. Bu gün Azərbaycanda Elçin, Əli Əmirli var və bu, doğrudan bizə bəsdir. İlqar Fəhmi 8-10 pyes yazandan sonra, bir pyesi bizim teatra qəbul olunubsa bu artıq sevindirici haldır. Kifayət qədər roman, kinopovest yazmış məhsuldar şəxs kimi o anlayır ki, pyes yazmaq çətindir.

- Kinoda belə təcrübə var: rejissor qəzetdə, mətbuatda və ya həyatda rastlaşdığı hadisəni bədii materiala çevirir. İdeya ssenariyə və filmə köçür. Bu dövrün, həyatın içindən olan hadisə kimi cəmiyyətdə daha aktual olur. Teatrda belə təcrübə varmı? Məsələn bir əhvalat ideya kimi təsirli olsun, rejissor onu işləmək üçün dramaturqa versin və bunun əsasında tamaşa hazırlanıb təqdim olunsun?

- Belə bir təcrübə var. Teatrımızın qovluğunda belə bir əsər artıq hazır vəziyyətdədir. Əli Əmirli “Ünvansız Qatar” adlanan pyesini internet səhifələrində təsadüfən oxuduğu mətndən təsirlənərək yazıb. Qarabağ hadisələrindən bəhs edən əhvalatı əvvəl mənə danışmışdı. Sonra onu pyes kimi işlədi…

Bir dəfə də olub. 10-12 il əvvəlin söhbətidir. Ağdam artıq işğal olunmuşdu. Onda Akademik Mili Dram Teatrında işləyirdim. O zaman “Komsomolskaya Pravda” qəzetini çox oxuyurdum. Onların Merkulov familiyalı bir Qarabağ müxbiri var idi. O, gördüklərindən balaca bir məqalə yazmışdı: Deməli Ağdam işğal olunub. Ruhi xəstələrin dispanserində unudulmuş beş-altı xəstə taxtadan yalançı avtomat tapança ilə guya işğalçılara qarşı vuruşurlarmış….

Bu əhvalat mənə çox möhkəm təsir etdi. Sonradan bu hadisə əsasında Ramiz Novruzla “Hələ sevirəm deməmişdilər” adlı tamaşa hazırladıq. Niyə Ramizlə, çünki Ramiz ədəbiyyatı bilir, həm də hadisə qurmaq bacarığı var. Bu tamaşa teatrın repertuarında 6-7 il qaldı. Çox baxılan tamaşalardan idi. Aktyorlar üçün də bu rollar maraqlı idi, fərqli idi.

- Bəs bu günün qəzetlərini, ictimai hadisələrini izləyirsiniz?

- İnformasiya toplamaq üçün oxumağa çalışıram. Bilirsən, hər qəzet müxtəlif cür yazır. Odur ki, o qədər dərinə getmirəm. Mən məlumat üçün izləyirəm. Əsas oxuduğum başqa ölkələrdən sifarişlə aldığım jurnallardır.

- Teatrdan aktyor İlqar Cahangirlə bağlı qalmaqal olanda sizin bir münasibətiniz rezonans doğurdu. Demişdiniz ki, aktyor nədir ki, onun ictimai mövqeyi ola? Gerçəkdənmi belə hesab edirsiniz?

- Sənət adamı həmişə emosional olub, bəzən bu emosionallıq onun məhvinə də səbəb olub. Teatrda olan oyunun həyatı bir başqadır, həyat isə bir başqa. Hər kəs özünü yaxşı tanıyır...

- Mətbuat cəmiyyətə toxunan, aktual tamaşaların yox dərəcədə olmasını deyirlər. Məsələn belə: Niyə Mirzə Cəlilin əsərləri hazırlanmır?

- O sözləri deyənlərdən soruşmaq lazımdır ki, teatra gedir, yoxsa yox? Teatrdan o şəxs yaza və danışa bilər ki ora həmişə gedir. Azərbaycan teatrı haqda son iyirmi ildə o qədər lazımsız sözlər deyiblər ki, axırda sənət adamları da onlara qoşulub. Amma ölkədən kənara çıxanda gücümüzü görürük.

Qaldı Mirzə Cəlilə, mən Mirzə Cəlili tamaşaya qoya bilmərəm. Aydın”ı, “Oqtay Eloğlu”nu hazırlaya bilərəm. Amma Mirzə Cəlili yox. Çünki Mirəz Cəlil qəhrəmanlarının çoxu yer qəhrəmanları deyil. Mən Mirzə Cəlili sevirəm, bütün yazdıqlarını pillə-pilə oxumuşam. Sadəcə olaraq bu əsərlərin səhnə həllini tapmaq olduqca çətindi. Onun pyes qəhrəmanları real deyil. Sanki göydən pyesin içinə düşür, sonra harasa yoxa çıxırlar. Deyə bilərsiniz, Şekspirdə də belədir. Şekspir istəyəndə obrazı gətirir, istəyəndə aradan götürür. Amma bunun elmi əsasları, məntiqi var. Mirzə Cəlildə bu, yoxdur. Mirzə Cəlilşünaslar bəlkə də məndən inciyə bilər, amma mən belə düşünürəm.

…Mehdi Məmmədovla mənim ünsiyyətim var idi. Münasibətimiz müəllim-tələbə ünsiyyətindən də bir az artıq idi. Bir dəfə ondan soruşdum ki, niyə Mirzə Cəlildən “Ölülər”i hazırlamır. Dedi ki, “Mən Şeyx Nəsrullahın kim olduğunu anlamamışam. Oradakı ən kiçik personajların-Birinci Xəstənin, İkinci Xəstənin də hərəkət xəttini tapdım, amma Şeyx Nəsrullahın kimliyi mənə məlum deyil.” Uzun illər sonra o, Azərbaycan teatrının şah tamaşalarından olan “Dəli yığıncağı”nı hazırladı və ora Mirzə Cəlilin digər əsərlərindən, felyetonlarından fraqmentlər saldı…

Mən Mirzə Cəlilin böyüklüyünü danmıram. Dövrünün böyük dramaturqudur, inkar etmirəm. Maraqlı yazıçı, dramaturq olub. Yəqin ki, onun komediyalarının dramaturgiyada yeri böyükdür. Amma belə düşüncə ilə yanaşmaq ki, mütləq ondan tamaşa hazırlanmalıdır, düz deyil.

- Bizim müasir yerli ədəbiyyatdan kimin yazdıqlarını oxuyursunuz?

- Gənclərin əsərlərini oxuyuram. “Hədəf” nəşriyyatı dramaturgiya müsabiqəsi elan edib. Yaş senzi 40-a qədərdir. Dünən də layihənin rəhbəri Müşfiq Xan dedi ki, artıq 20-25 pyes qəbul olunub. Onlara baxacağıq. Romanlardan məsələn, Cavid Zeynallının romanını oxumuşdum. Təranə Vahid var, onun çox qəribə esseləri, hekayələri var. Onun yazdıqları adamı silkələyir.

- Bizim teatrlarda xarici əsərlərin tapılıb, seçilib, tərcümə olunması işində mexanizmə ehtiyac varmı?

- Mən də belə axtarıram. İmkanlı teatrlarda xarici əlaqələr üzrə menecerlər olur. Onlar iki-üç dil bilirlər. Dünyada nə proseslər gedir, nələr çap olunur, öyrənib rejissorlara qısa məlumatlar verir, əsərin heç olmasa süjetini danışırlar və sonra müəlliflə əlaqələr qururlar. Bizsə sadəcə dostların hesabına edirik. Mən “Müharibə” pyesini üç il axtarmışam, müəllif Lars Norenlə güc-bəla ilə əlaqə yaratmışıq… Nə isə, uzun əhvalatdır. Amma, “Müharibə”yə baxan ədəbiyyat adamları, dramaturqlar bizə dedilər ki, biz indi bilirik pyes necə olmalıdır.

- Müəllif rejissorlar və peşəkarlar.

- Bizdə bir müəllif rejissor var idi-Vaqif İbrahimoğlu. Ondan sonra müəllif rejissor sözünü heç kimə demək olmaz. Peşəkarlar var. Hərçənd indi peşəkarlıq da çatışmır. Pyesi doğru-düzgün oxumağı, təhlil aparmağı bacaran azdı.

- Sizcə rejissor dramaturqun məqsədlərini çatdıran peşəkardı, yoxsa?

- Rejissor heç vaxt dramaturqun məqsədini çatdırmır. Öz məqsədini çatdırır. Sadəcə olaraq o, dramaturqdan istifadə edir. Siz hətta xoşladığınız dramaturqdan soruşun ki, pyes yazanda nə məqsəd güdürsünüz? İnandırıram ki, hər şeydən-əsərin süjetindən, mövzusundan danışacaq. Amma bir tək fabuladan danışa, ideyanın nəyə xidmət etdiyini, apardığını deyə bilməyəcək. Çünki fabula səhnə məqsədidir. Rejissor həmin pyesdə başqa bir şey görür.

Söz yox, rejissor tamaşanın müəllifidir. Mən Vaqif İbrahimoğlu haqda müəllif rejissor deyəndə gərək qeyd edəydim ki, onun üçün dramaturq mətni vacib deyildi, o hər şeydən tamaşa edə bilərdi, illüziyalarını səhnələşdirə bilərdi.

Onun teatr laboratoriyasının prinsipi bu idi. Lakin laboratoriya da yekunu olmayan bir şeydi; yaranır, proses gedir və nə zamansa nəyəsə dirənib dağılır…

- Teatrla məşğul olan adam kimi ən böyük maneəniz nədir?

- Özüm. Özüm-özümə maneəyəm. Nə isə bilməməyim, nəyi isə sona çatdırmamağım, nəyi isə düzgün izah edə bilməməyim mane olur. Başqa heç nədən, heç kəsdən, heç kimdən narazılığım yoxdur. İnanıram ki, öz-özümlə mübarizədə düşüncələrimə qalib gələrək müdiriyyətin və truppanın köməyi ilə Gənc Tamaşaçılar Teatrının simasında canlı bir teatr yarada biləcəyik.

# 3925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #