Xəstəliyə çevrilən Mirzə Cəlil maarifçiliyi – Aliyə yazır...

Xəstəliyə çevrilən Mirzə Cəlil maarifçiliyi – <span style="color:red;">Aliyə yazır...
12 mart 2019
# 15:54

Azərbaycanın müzakirə-fikir müstəvisinə ara-sıra müxtəlif yazarlar, intellektuallar tərəfindən çıxarılan bir mövzu var: maarifçilik mövzusu. Bu mövzu son illər Rafiq Tağı, Həmid Herisçi, Əsəd Cahangir, lap bu günlərdə isə Şəhriyar del Geraninin vasitəsilə bir neçə rakursdan gündəmə gəlib.

- Maarifçilik mövzusunun həddən çox uzanması və bunun ziyanları. Postmodern ədəbiyyat yaratdığını iddia edənlərin həm də maarifçi olması ziddiyyəti. (Ki, bu məsələdə bir qədər də haqlı sayılırlar)

- Tənqidi realizm üzərində qurulan maarifçi ədəbiyyatın xalqın psixologiyasına zərbə vurması. Milli heysiyyət və qürura toxunması.

- Maarifçi-realist ədəbiyyatın bədii keyfiyyətlərinin aşağı olması.

Maarifçilik bilik və mədəniyyətin ötürülməsi kimi sadə bir missiya daşısa da bir epoxa kimi tarixdə böyük əhəmiyyəti var. Məsələn, maarifçilik dövrü ilə insan, insan haqları kimi təməl məsələ sənətin fokusuna gəldi, maarifçi-realizm özündə modernizmin cücərtilərini gəzdirirdi.

Azərbaycanda maarifçilik ənənəsinin tarixi daha əvvəllərə aid olsa da, dövr olaraq o, 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Buradakı təsadüf sözü təsadüfi deyil. Hər bir cərəyan dövrün ictimai sosial ruhundan doğur və zamanın tələbi kimi ortaya çıxır. Yəni hansısa süni bir meyllərdən söhbət gedə bilməz və dartışmalı məsələlər çox və faydalı olsa da bu polemikalarda əsas məqam məhz budur. Süni olmaması.

Maarifçilik, tənqidi realizm bir yanaşmadır və bu yanaşmanı müəllifin özündən çox, reallığın ona ötürdüyü təsir təyin edir. Yəni birini “Niyə belə yuxu görmüsən?” deyə qınamaq məntiqsiz olduğu kimi, məsələyə niyə belə yanaşmasını sorğulamaq da nəticəsizdir.

Lakin reallıqla paralellər aparmaq olar. Tənqidin reallığa uyğun olub-olmamasını sorğulamaq olar. Ki, reallığın fakt kimi sadə göstəricisi var.

Tutaq ki, Sabir qızların uşaq yaşda evləndirilməsini yalanmı yazmışdı? Gedib nənəndən neçə yaşda evləndirildiyini soruşursan, həqiqət ortaya çıxır. Sabiri bəyənməyə, oxumaya bilərsən, ədəbiyyatın bu məsələlərlə məşğul olmasını da düz saymaya bilərsən, amma reallığı dəyişə bilməzsən.

Əlbəttə, o da düzdür ki, maarifçilik dövrü ədiblərinin mövzuları bu günün intellektualına yeni nəsə verməyə bilər. Baxır buna necə yanaşırsan: tarix kimi, yoxsa indi kimi. İndi onu aktuallaşdırmaq interpretasiya məsələsidir. Məsələn, teatrda, kinoda bunu rejissorlar, ədəbiyyatda bunu yazıçılar edə bilər. Və bu motivlərə yeni bir oxunuş qazandıra bilərlər. Tarix kimi, reallığın təsviri kimi isə bunlar çalınmış bayatı, məlum söhbətlərdir.

Həm də eyni ənənənin davamı həqiqətən də “maarifçilik” xəstəliyidir, bunun bir nəticə verməyəcəyi (vermədiyi demirəm, çünki bugünkü cəmiyyətin dünyəvi cizgiləri məhz ötən əsrin əvvəlindəki maarifçilərin qazandığı nəticələrdir) bəllidir. “Hamı tərəqqi etdi, biz qaldıq” kimi söhbətlər köhnəlib, hətta deyinmə intionasiyasını da keçib. Ki, son illər bizim teatrda, ədəbiyyatda, publisistikada bunun bir neçə örnəyi uğursuzluğa düçar oldular, olmaqdadırlar.

Tənqidin psixoloji aspekti isə gerçəkdən maraqlı mövzudur.

Görəsən insanı nə və necə dəyişir? Onun necə yaxşı olduğunu demək, yoxsa necə pis olduğunu demək? İnsana onun içindəki işığın, yoxsa qaranlığın həcmini göstərmək yaxşıdır? “İnsan təbiəti daha çox xeyir, daha çox şərdir?” Bu mövzu indiyədək kinoda teatrda işlənir. Pazolinin filmlərini izlədikcə bunları düşündüyüm olurdu. Bu niyyətlə tanıdığım, “Sado və Salomun 100 günü”nü izləyən hər kəsdən filmdən hansı təəssüratla ayrıldığını soruşurdum. Hər kəsin yanaşması fərqli idi. Kinoşünas rəfiqəm filmdən sonra küçədə tanımadığı adamları qucaqlayıb onlara “necə yaxşı olduqlarını” demək istəyi ilə ayrılmışdı. Başqa bir həmkarım, filmi xatırlayanda belə ürəkbulanması hiss etdiyini, adamlardan iyrəndiyini deyirdi. Görünəni məsələ dəqiq deyil.

Tənqidin, satiranın, sarkazmın ifşa edərək, pislikdən çəkindirmək kimi bir cəhəti varsa, aqressiya yaradıb, ruhdan salmaq kimi tərəfi də ola bilər. Həqiqətən də maarifçilik xətti xəstəliyə çevrildi və öz milləti haqqında “Azərbaycanlılar” yazmaq kimi fəsadlar verdi. Qarşılaşdığı neqativlərdən məyus olan Mirzə Cəlil, Sabir kimi maarifçilərin kədəri bu günün “maarifçi pubisistlərinin” xoşbəxtliyinə, sevincinə keçdi. Çünki tənqidi maarifçiliyin əsasını qoyduğu kütləvi natamamlıq kompleksi bu günün xalqı haqda “azərbaycanlılar” deyən maarifçilərinin natamamlıq kompleksini ört-basdır edə bilir. Əsrin əvvəlindəki Biz (azərbaycanlılar, müsəlmanlar) - Onlar (ruslar, ermənilər, firənglər) konteksti bu günün maarifçilərinin “Mən” - Siz” kontekstinə keçdi. Hamı geridədir, bütün millət cahildir, bir sən inkişaf edib onlardan əziyyət çəkirsən. Bu intonasiya nə qədər banal və gülməlidir...

Publisistika, felyeton başqa

Əsərdə bədii keyfiyyətlərinin aşağı olması məsələsində söhbət fərdi istedaddan getmir. Məsələ ədəbiyyata, sənətə yanaşmaqdır. Publisistikada keçərli olan tənqidi pafos sənətdə bəsit ola bilir. Çünki sənətin özlüyündə bir öhdəliyi, məqsədi yoxdur, insanları tərbiyə etmək belə onun vəzifəsi deyildir. Ümumilikdə sənət – kino, teatr, poeziya, ədəbiyyat və s. - özünə reallığın yeni qatlarını kəşf etmək, həyatın (bura insan hissləri -Stanislavskinin təbirincə insanın daxili yaşantısı aiddir) dərinliyini axtarmaq kimi qayə seçib. Bu məsələ aydınlaşdıqdan sonra maarifçi realizmi gözdən keçirək. İnsan hisslərinin təsviri, oyun, xarakter, reallığın dərindən tapılmış bir cizgi, dil və s kimi parametrlər istənilən mətnə bədiilik qazandırır.

Milli heysiyyət məsələsi

Şəhriyar del Gerani yazılarında təxminən Şərqdə dövlət quran bir millətin bu qədər tənqidəlayiq cəhətinin olmasını məntiqsiz sayır. Amma reallığı dəyişmək mümkün deyil. Tutalım ki, biz Şərqdə ilk opera deyib öyünürüksə, sonra Ümbülbanunun (elə atası milli hökumətdə nazir işləyən yazıçının) “Qafqaz günləri”ndə bığlı Leylinin (ötən əsrin əvvəlində teatrda qadın rolunda kişi aktyorlar oynayırdı) qalın səslə oxumasına camaatın yumurta, pomidor atmaqla cavab verməsi haqda oxuyanda məyus olmalıyıq?

Yaxud da ki, qadınlara səsvermə hüququ verən milli hökumətlə fəxr duyarkən, Mirzə Cəlilin “İranda hürriyyət” hekayəsini oxuyanda pərt olmalıyıq?

Çünki bu hekayə milli hökumətin qadınlara səsvermə hüququ tanımasından 8 il əvvəl yazılıb. Hekayənin qəhrəmanı Bakıya işləməyə gəlmiş həmşəri fəhlədir. Gəlibkən burada bir qadın da siğə edib. Və İranda hürriyyət xəbərini eşidər-eşitməz təzə arvadı (8 il sonra səsvermə hüququ veriləcək qadın) ondan İrandan hürriyyət payını istəməyi tələb edir. (“Hardadı məndə o bəxt ki, göndərələr. Sənin hürriyyət payını İrandakı kaftar arvadın alıb yeyəcək...”)

İndi maarifçilərin bədii və ya publisist janrda yazdığı reallıqlardan utanmalıyıqmı?

Yoxsa bu reallıqlarla dövlət qurmağın, ilk olan millilərə qol qoymağın necə çətinliklə başa gəldiyini düşünməliyik? İkinci daha geniş yanaşma deyilmi?

“Poçt qutusu” hekayəsinə gəlincə, bir kəndlinin o zaman üçün yeni olan poçt qutusunun necə işləməsini bilməməsi olduqca təbiidir. Məsələn, indi də telefonun bir çox funksiyalarını işlədə bilmirəm. Və ya müəllim işləyən ata-anam sosial şəbəkələrdən istifadə edə bilmir. Bu heç də gülməli hadisə deyil.

Mirzə Cəlil “Qoşa balınc”dan üzü belə bir çox hekayələrində azərbaycanlı ilə ermənini və rusu qarşılaşdırır. Amma məhz “Poçt qutusu”nda Novruzəliyə gülən müəllif yox, xandır. O xan ki, Novruzəli ondan çəkinir, onun hər sözü qanundur və Novruzəli xanın məktubunu it-bat etməkdən qorxur. Poçta məktub salan erməni və rus rahat ikən, Novruzəli xanın dərdindədir. Və oradakı erməni uşağı məsələsi prinsipial deyil. Şəhriyarın istədiyi kimi onu redaktə etsələr belə hekayənin mahiyyəti dəyişmir: sadə, fəqir insanın əzabı və narahatlığı xan üçün gülməli bir hadisə və əyləncədir. Novruzəli xana öz təsərrüfatından ərzaqlar gətirməklə bahəm, onu əyləndirir də. Çünki Novruzəlinin qayıdıb xana “poçta məktub salandan sonra gözləyimmi, yoxsa gözləməyimmi?” kimi sadə bir sual vermək gücü yoxdur. Sual vermək gücü. Yəni “biz poçta məktub sala bilirikmi?” deyil məsələ. “Biz sual verə bilirikmi?”dir.

Və Şəhriyar tənqid üzərində qurulan maarifçilik intonasiyasının gülünüb bitmiş olmasında da çox haqlıdır. Maarifçiliklə çoxdan vidalaşmalıyıq. Amma Mirzə Cəlilin hekayəsində deyildiyi kimi: sən imamı istəməklə deyil, gərək imam da səni istəyə...

Əlaqəli yazılar:

Mirzə Cəlili redaktə etmək olmaz! – Səfər Alışarlı yazır...

Mirzə Cəlil məqamı

“Aləmi özünüzə güldürməyin!” – Mirzə Cəlil Polemikası

Aqil Abbas Mirzə Cəlili müdafiə etdi: “Şəhriyar gedib şeirini yazsın!”

Mirzə Cəlildən can qurtarmağın yolu

Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır – Şəhriyar del Gerani yazır...

# 4341 dəfə oxunub

Müəllifin son yazıları

# # #