Hə ilə yox arasında sevgi rəqsi

Hə ilə yox arasında sevgi rəqsi
16 aprel 2020
# 15:23

Kulis.az filosof Ağalar Qutun “Unudulan işarə: Naz” essesini təqdim edir.

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında “naz”ın əvəzedilməz lövhəsini çəkmişdir, özü də kifayət qədər erotik lövhəsini. Xosrov şah bir içki məclisindən sonra Şirinlə yaxınlıq etmək istəyir, Şirin ona “naz edir”. “Dodaqlarımı əmib yara etmə” deyən Şirinin hər “etmə” sözünün altında yüz “et” mənası gizlənmişdi, deyir Nizami. Xosrov onun dodaqlarından öpə bilməsin deyə, Şirin örpəyi ilə üzünü örtür, amma bununla o həm də Xosrovun sözlərini yaxşı eşidə bilsin deyə qulağının üstünü açırdı. Şirin gördüyü bu işdən – Xosrova gah umud verib, gah da onu məyus etməkdən axırda utanır və qaçmaq istəyir, şaha – Xosrova kürəyini çevirir. Əslində isə Nizaminin fikrincə, Şirin Xosrova arxasını çevirməklə ona “fil dişindən qayırılmış bir taxt” göstərir və bununla Xosrova belə demək istəyirdi: “Şaha taxt da lazımdır, əgər üzüm əlindən çıxsa, sənə vermək üçün bu üzümdən daha ağ olan başqa bir üzüm də vardır. Mənim arxam da üzüm kimi mehrabdır”. (Bilməyənlər üçün deyim, ərəb dilində mehrab – oyuq, dəlik deməkdir).

Burada Nizami Gəncəvi ilk baxışda çətin görünən bir alt qat da yaratmış olur. O, bununla oxucuya belə demək istəyir: Nazlı olmaq Şirinin şüurlu hərəkəti deyildi. O istəməyəndə də nazlı idi. Şirin satdığı nazdan utanıb, Xosrovu qızışdırmağı dayandırmaq istərkən belə, daha dəhşətli bir qızışdırıcılığa yol vermiş olur: öz aşiqinə mehrablı arxasını göstərir. Başqa sözlə, naz səhnə saxtakarlığı və yaxud şüurlu oyunbazlıq deyildir. Yəni “Naz et mənə, ey sevgili canan, mənə naz et” (Ə.Vahid) misrasında arzulanan – cananın yaradacağı striptiz effektidir, naz deyildir.

Naz – qadın təbiəti olmaqla yanaşı, həm də qadın tərbiyəsidir, kulturadır, ənənədir. Şərqdə heç nə bir dəfə təklif edilməz, ilk təklifə də birinci dəfədən “hə” deyilməz. Naz – dolaylılıqdır, feminin stilistikadır, erotik estetikadır. Məsələn, qədimi Şərq kişiləri üçün eşqini birinci izhar edən qadınlar qəbuledilməzdir.

Şərq ədəbiyyatında nazlı qadınlar sərv ağacına bənzədilir, onlara “sərvinaz” deyilir, naz sərvi, naz ağacı. Görəsən, nə üçün? Görünüş baxımından sərv ağacından daha “nazlı” ağaclar vardır, misal üçün, salxım söyüd. Üstəlik, sərv bar ağacı da deyil. Deməli, burada səbəb başqadır. Nə ola bilər bu səbəb? Sərv ağacı həmişəyaşıl ağacdır. O, öz yaşıl donunu yay-qış soyunmur və həmişə dimdik durur, əyilmir, təslim olmur. Ola bilsin, nazlı qadınların sərv ağacına bənzədilməkləri bu qapalılığa, bu dönməzliyə işarədir. İzahım doğrudursa, deməli, nazlılıq – vüqarla dayanıb soyunmamaq, öz çılpaqlığını sunmamaq kimi başa düşülməlidir.

Naz – daim “yox” görkəmində verilən, məzmunca isə ikibaşlı, yəni mənası “hə” də ola bilən bir işarədir. Bəs, nazı düzgün yoza biləcəyimiz qabiliyyət haradadır? Naz – haçan çılpaq “yox”dur, haçan “yox” geyimində “hə”? Bəzən aşiqlər bu “yox”u düzgün anlaya, başqa sözlə, düzgün yoza bilmədiklərindən cəzalandırıcı cinayətlərə və intiharlara əl atırlar. Naz – qısqanclıq cinayətləri və eşq intiharlarının səbəblərindən biridir. Bəlkə də müasir qızlara öyrətmək lazımdır ki, onlar əsl “yox”u geyimsiz, nazsız, çılpaq deyə bilsinlər. Olmaya, “çılpaq həqiqət” dedikləri budur, yəni sərvinaz olmamaq? Naz mövzusu da bir qadın nazı kimi nazlıdır.

Nazın belə mənaları ola bilər: Aşiqi sınamaq, ciddi olub-olmadığını yoxlamaq; aşiqi yalvartmaq, qıcıqlandırmaq, acıqlandırmaq, hövsələdən çıxarmaq, aşiqi qızışdırmaq, məsuliyyəti aşiqin boynuna qoymaq, ucuz mal olmadığını aşiqə başa salmaq, gələcək birgəliyi (ailə və s.) ona indidən baha satmaq.

Ola bilsin, heyvan cütlükləri arasında da xüsusilə qızğınlıq dövründə naza bənzər davranışlar müşahidə edilir. Amma mən “iki yeganə” (M.Füzuli) arasındakı nadir insani ünsiyyəti zooloji gözlə şərh etməkdən çox-çox uzağam.

Naz – məşuqun özü ilə aşiqi arasına məsafə qoymasıdır, yol çəkməsidir, görüm, yolumda (özümə sarı gələn yolda) aşiqimin gücü harayacan çatacaq deyə. Aşiqin eşq izharı məşuqa ədəbsizcə yaxınlaşmaqdırsa, məşuqun nazı şol (həmin) yolu əda ilə geri çəkilib, aşiqdən uzaq durmasıdır. Ədəbsizliyə qarşı əda. Naz – sevginin rəqsidir.

“Mənim qadın ruhuna dair otuz illik araşdırmalarıma baxmayaraq, cavab verə bilmədiyim o böyük sual belə səslənir: Bir qadın əslində nə istəyir?” (S.Freud-un adına çıxılıb, tez-tez tirajlanan məşhur sitat). Olmaya, qadının nə istədiyini bilməyə qoymayan qadın təbiətindəki şol ikibaşlılıq, şol təzaddır? Xosrovu qapısından qovan Şirin sonra necə hönkür-hönkür ağlamışdı, yadınızdadı?

Naz – kahinlərin üslubudur əslində, yəni ikibaşlı, dolaylı, üstüqapalı, eyhamlı. İlk kahinlər qadınlar deyildilərmi?! Ulu maqların ikibaşlı, qoşayozmalı üslubu deyildirmi nizamilərin, füzulilərin şeirlərində də yaşayan?! Bilmirsən, allahı nəzərdə tutur, ya qadını. Bilmirsən, hə deyir, ya yox. Ümumiyyətlə, heç nə birdən başlanmır, hər şey ikidən başlanır.

Naz bir işarə kimi – tək bir cürə (uni-form, homo-gen) deyildir. Belə ki, o, bir qadında başını aşağı salmaqdırsa, o birində sadəcə susmaqdır, birində gülümsəməkdirsə, o birində özünü görməzliyə, eşitməzliyə vurmaqdır, birində oğrun-oğrun, ürkək-ürkək baxmaqdırsa, başqa birində sadəcə qaçıb gizlənməkdir, birində sözü azdırmaq, yayındırmaqdırsa, o birində ağlamaqdır… Məsələn, M.Müşfiqin “qaçqın ədası” adı verdiyi – nazdır. Naz – özü bir dildir, daha doğrusu, aşiq-məşuq ünsiyyətinin ən məxfi kodudur. Bu məxfi göndərişi və yaxud cavabı ancaq bir nəfər aça bilər: aşiq. Sən aşiq deyilsənsə, naz işarəsi sənin üçün heç bir məna bildirməyən bir boşluqdur, əzilib-büzülməkdir, yəni o, ümumiyyətlə heç işarə deyil, çünki bir şeyin “işarə” olması üçün onun içində, arxasında, altında hansısa mənanın dayandığına inanılmalıdır.

Qədim insan hər şeyi işarə kimi qavrayırdı, yəni içində, arxasında, altında bir məna bulunan bir işarə kimi görürdü hər şeyi. “Bunu allah özü göndərib mənə”, “bu mənə taleyin sınağıdır” kimi. Folklorumuzda deyildiyi tək: “Dayımın oğlu məni istəmirsə, bəs, alagöz inək niyə mənə elə baxır?!” Külli kainat bütövlükdə mənalarla dolu, yozulası işarələrdən ibarət idi. Mənasız heç nə yox idi qədim dünyada. Heç nəyə inanmayan sorğu-sualçı, ədəbsiz-ədasız rasionalizmdən doğulan dağıdıcı nihilizm hər şeyi həp sordu-sorğuladı, beləcə, hər şeyin içini boşaltdı, boş qabığa çevirdi. (Biz yenə türk dillərinin doğurduğu bir heyrətlə üz-üzə qaldıq: sor(uş)maq – soorub (iki “o” ilə) içini boşaltmaq, mənasızlaşdırmaq cəhdidirmi yoxsa?). Hər bir aşiqin öz məşuqunun hər sözünü, hər hərəkətini, hətta baxışını belə naz kimi (yəni işarə kimi!) yozmağa haqqı vardır. Nazlandırmaq – mənalandırmaqdır.

Son illərdə belə bir fikir ortalıqda uçuşur: “Qərb təbliğatı bizim ailə təsisatımızı dağıtmağa çalışır”. Bəs, Füzuli başda olmaqla, kişi və qadınların könüllərinə eşq səpən şairlərimizin misraları özü “evyıxan” ədəbiyyat deyildirmi?!

Mən bu yazını yazarkən, kişi və qadın arasındakı sevgi münasibətləri mövzusu üzrə Qərbdə klassik müəlliflər sayılan Platon, Schopenhauer, Kierkegaard, Freud, Fromm, Ortega kimi mütəfəkkirlərin əsərlərində axtarışlar aparmadım, oxuduqlarımdan xatırlaya da bilmədim. Əslində, bu, yaxşı bir tədqiqat mövzusu ola bilər: “Orta Əsrlər müsəlman Şərqində naz adlandırılan – müasir Avropa koketliyidirmi?” Məncə, deyildir. Müasir Avropa koketliyi mədəni striptizdir və prostutisiyanın anlayışıdır.

Naz – qabalığın incəliklə sınanmasıdır. Eşq (istək) qorxulu, dağıdıcı, acıqlı da ola biləcəyindən, onu yumşaqlıqla sınamaq gərəkir. Naz sınağından çıxa bilməyənlər – bezənlər, acıqlananlar, çıxıb gedənlər, yarı yolda sönənlər itirirlər.

Naz sözü farsca hesab edilir, amma mənim görüşümcə, o, farsca deyildir. Naz sözünün başındakı heca düşmüşdür (dilçilikdə belə səs düşmələrinə haplologiya adı verilir). Naz sözünün əsli qınc (qınıc, qınıq, qınış, qınız) sözüdür. Azərbaycan kəndlisi qınc sözünü tanıyır, unutmayıb və onu naz mənasını bildirmək üçün söyləyir: “Kiprigin ox kimidi, qaşın qılınc. Bu nə işvədir edirsən, bu nə qınc?” “Qınc atmax” (Hamamlı). “A:z niyə qınc atersan?” “Qıncanmaq” sözünü isə “naz etmək” üçün söyləyirik: “Yaman qıncanırsan a:, gənə no:lub belə?” (Bakı). “Qolunda var mərcanı, Əl vurmamış qıncanı” (Şamaxı). (Bax: Azərbaycan Dilinin Dialektoloji Lüğəti. səh. 298. Bakı 2007).

Anadolu kəndlisi bu sözü “kın(n)ış” (qınış) kimi söyləyir (Bax.: Tarama Sözlüğü. səh. 2496-7. Ankara 1996)

XIV əsrdə yaşamış azərbaycandilli böyük şair Qazi Bürhanəddin öz Divanında yazır: “Gəldi yenə uş gülşənə sad naz ilə qönçə, Bülbül necə səbr eyləyə bu naz ilə qınca”.

“Qınc” sözümüz farsın ağzında “naz”a çevrilmişdirsə, ərəbin ağzında o, “ğunc” (غنج) olmuşdur. Ərəbin özününkü “cilvə”dir, “qəmzə”dir, “əda”dır.

“Qınc” sözü ilə “incə” sözü bir və eynidir. “Qınca”, “qıncıq” kimi dialekt sözlərimiz hamısı – incə, nazik kimi mənalar bildirirlər: “Əti çox qınca-qınca doğrama, bir az iri doğra” (Çənbərək); “O əti elə eliyərsən ki, qıncıq-qıncıq, duruf dolma pükəjəm” (Tovuz) (Bax.: yenə orada, səh. 298). Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazır: “Qabalıq başqa, naz başqadır”. Görünür, Nizami “naz”ın incəlik mənası bildirdiyini bilirdi, şol səbəbdən onu qabalıqla üz-üzə qoymuşdur. Naz – incəlikdir (nəzakət).

“Naz” sözünün “qınc” sözündən yaranmış olması – “naziy”in müqabilinin “incə”, “nəzakət”in müqabilinin “incəlik” olmasından da görünür.

Mövlana “Məsnəvi”də deyir: “Kifirin nazı kifirdir. Kifirin nazı onu daha da kifir edər. Naz – gözələ yaraşır”. Mənim üçün hələ də bu məsələ açıq qalır: Doğrudanmı kifirə naz yaraşmır? Kifir incə ola bilməyəcəyi üçün? Bilmirəm.

Mövlana deyir: “Sən ona vuruldunsa, deməli, o, sənin ona vurulmağını arzulamışdır. Və yaxud, o, sənə aşiqdirsə, deməli, sən onun eşqini istəmisən.” “Aşiq – məşuqunun ovudur”, - deyir Mövlana. Bu, qismət kimi, məhkumiyyət kimi, alın yazısı kimi, tale kimidir. Belə halda, “yox” cavabı qismətə qarşı çıxmaq kimi başa düşülür, qəbul edilmir və cəzalandırılır.

Müasir Qərb rasionalizminin əksinə Şərq dünyagörüşündə üsyankarlıq, boyun əyməmək, “yox” demək – yolverilməz hesab edilir. Şeytan (iblis) bunun tipik obrazıdır. Ancaq qadınların bir eşqə “yox” demək haqları vardır. Kantın diliylə desək, yəni “neqativ azadlıq”ları. Bu “yox”a qarşı zorakılığa əl ata bilməzsən, sitəmli, şikayətli, nalə çəkən şeirlər yaza bilərsən ancaq, mahnılar qoşa bilərsən.

Bəs, naz necə sınacaq, nazın əlacı nədir? Naz görünüşcə “yox” deməkdirsə, bu sərvinazlı, inadkar görünüş necə soyundurulub, “hə”yə çevriləcək? Üstəlik, heç dəqiq də bilmirsən, bu “yox” haçansa “hə” olacaqmı, olmayacaqmı.

Öz sevdikləri üçün qan ağlayan Şərq şairləri naza, daha doğrusu, “yox”un nazlığına inanmasalardı, yaza bilərdilərmi o cür şeirləri? İstənilən “yox”u naz kimi yozun, olsun sizə intizar (gözləmək, umud) üçün bir səbəb.

Nizami yazır: “Qızıl xəzinəsinin açarını dəmirdən qayırarlar. Zalım olduqlarına görə gözəllərdən əlaqəni kəsmək olmaz. Sevgililərin nazını çəkmək lazımdır. Bütün gözəllər bu cür bədxasiyyət olarlar. Bir gəlini məkrsiz, hiyləsiz görən olmuşmu?! Tikan ələ batmadan hansı gülü ələ gətirmək olar?! Gövhərlərin dikbaşlılığı qədimdən qalma adətdir. Ancaq su ilanı çalmaqla adam ölməz. Qəm selindən yaxanı qurtarmaq istəyirsənsə, yerində dağ kimi dayan. O aya hücum etmək fikrindən vaz keç”.

Deməli, bərk durmaq, səbrlə və şükrlə gözləmək – nazın əlacı ancaq budur. Üstəlik, naz edən məşuq tərəf də aşiqinin dözümünü, səbrini, şükranlığını gözləməkdədir. Şərqin ən dərin ideyalarından biridir bu – təslim olub gözləmək (intizar), heç nə etməməyi etmək (vu-vey).

Nizami nazlı “yox” qarşısında müntəzir olub, mətanətlə dayanmağı təklif edir, ancaq sözün etimologiyası bizi ayrı yerlərə də aparır. Nə ərəbcənin “qəmzə”si (qaş-göz oynatmaqlar, göz süzdürməklər), nə “cilvə”si (gəlinin üzündən duvağın götürülməsi, üzünü açmaq, soyunmaq, təcəlli etmək, bir sözlə, Şərq striptizi), nə “əda”sı (öz laqeydliyini ədəblə ifadə etmək), nə də farscanın “işvə”si (dilişirinlik) nazın (qıncın) müqabilidir.

Yeri gəlmişkən, farscada qaş-göz, him-cim, naz etmək kimi mənalar bildirən “kereşme” (kirişmə) sözü də bizim “girişmək” sözümüz deyildirmi?

Qınc – hərəkətə gətirmək, hərəkətləndirmək deməkdir, yəni təhrik etmək. Bəs, “hərəkət” özü nədir? Bunu “Xürrəmi adının ana dilimizcə izahı” sərlövhəli məqaləmdə açmağa çalışmışam: ərəbcə hesab edilən hərəkət sözü hör (hır) kökü üzərində dayanır, istəkləndirmək, istiləndirmək (hərarətləndirmək, hörləndirmək, qorlandırmaq) deməkdir.

H.Vamberi uyğurca və çağataycadan çıxış edərək, hərəkətetdirici, hərəkətəgətirici mənasında “qamçı” sözünün, at südündən çalxalanaraq hazırlandığı üçün “qımız” sözünün, bizim hərəkətə gəlmək, hərəkətə gətirmək kimi mənalar bildirən qımıldanmaq, qımıldatmaq feilimizin və s. kökündə də qın- (qım-) kökünün dayandığını yazır (Bax.: Etymologisches Wörterbuch der Turko-Tatarischen Sprachen. səh. 91-2. Leipzig 1878). Məncə, Azərbaycan dilində mənalı gülümsünmək mənası bildirən qımışmaq – əslində qınışmaq – sözü də bu söz ailəsi daxilində nəzərdən keçirilə bilər.

Hərəkətə gətirmək mənası bildirən qınc sözü bizi hinduizmin quna anlayışına da aparıb çıxarır. Bilindiyi üzrə, hind filosofiasında (sankxya-da) qunaların sayı üçdür: racas (ehtiras, görməmişlik), tamas (kütlük, qanmazlıq) və sattva (nəciblik, xeyirxahlıq) qunaları – insanı hərəkətə gətirən üç motivdir bunlar.

“Qınc” sözünün etimonunda incəlik və hərəkət mənalarını biz düzgün ələ keçirmişiksə, görəsən, “qınc” (qınıc, qınıq, qınış, qınız) sözüylə “günü” (jena, yin və s.) sözü arasında da körpü qursaq, bu körpü üzərindən keçməyimiz bizi haralara aparıb çıxarar, azdırarmı? Belə olduqda, deməli, naz – səlt qadın, qız, gəlin, dişi hərəkətidir? Kişi nəfsi (hörü, hırı) qadın nazıyla (qıncıyla) eşqə çevrilir?

Naz – qadının eşq mamaçalığıdır (əbəlik). Qadın – ancaq uşaq doğan deyildir, eşq doğurandır həm də. Eşq – nazla bəslənir və böyüyür. Naz yoxdursa, eşq də yox olur. Kişinin seksual arzusu qadının nazıyla eşq ola bilir. Qadın pozğun kişini aşiqə çevirə bilər. Kal və çiy kişi nəfsi (hörü, hırı) tox və inamlı qadın nazıyla yetkin və bişkin eşqə dönə bilər. Qədimdə qadınlar bunu daha yaxşı bilirdilər və bacarırdılar. İndi qədimi xanımlar, qədimi xalçalar kimi az tapılır.

“Min bir gecə” nağıllarında Şəhrizadın vüsalı min bir gecə uzatmasının özü naz nümunəsi deyildir də, bəs nədir?!

Müasir feminizmin psixoloji baxımdan antipatikliyinin səbəbi bəlkə də məhz buradadır: feministlərin nazı, incəliyi, qadınyana ədanı tərgitməkləri.

Naz mövzusunun filosofia ilə nə bağı ola bilər?! Belə bir bağ yoxdursa, onda o, nə üçün mənim diqqətimi cəlb etsin? Olmaya, mən bir müəllif kimi bayağı bir mövzuya boylanmışam? Məncə, yox. “Elmdə problemlər vardır, filosofiada sirlər”. Biz sirlərin yolundayıq, problemlərin yox.

Qadın mövzusu Şərqin ən ilk sirlərindən biri, bəlkə də birincisidir. Şərqin ilk məbudu, bütü qadındır, dişilikdir, tarladır. Şərq kişisi indiyədək qadınla əlləşir, bu, onun əslində allahla boğuşmasıdır. Qadınlar büründürülür, qadağalara məruz qalır, daş-qalaq edilir və s. Söhbət qadından getmir Şərqdə, allahdan gedir! Qədim Şumer mifindən bildiyimiz – kişinin gildən, lehmədən, ayaqaltı torpaqdan, qadının isə şol kişinin gövdəsindən (qabırğadan) yarandığının söylənməsi də qadına kişidən daha yüksək dəyərin verilməsidir. Matriarxatın hələ güclü olduğu dövrlərdə qadın alçaldıla bilməzdi, məlum mifin alçaldıcı interpretasiyası daha sonrakı dövrün – patriarxatın məhsuludur.

Qərbdə allah dövlət kimi yerə endisə (Hobbes, Hegel), Şərqdə allah qadın kimi yerə endi. Qərbdə dövlət din kimidirsə, Şərqdə eşq din kimidir. Qərb kişisi üçün dövlət nədirsə, Şərq kişisi üçün qadın odur. Qadınlar bir allahın min bir görünüşüdürlər Şərqdə. Şərq üçün qadın metafizik mövzudur, Qərb üçün hüquqi mövzu. Qərbdə qadın kişi ilə bərabərhüquqlu insandır, Şərqdə qadın kişiyə haqlar verən ilahədir. Qərbdə qadın seks nəsnəsidir, Şərqdə şeir nəsnəsi.

Beləliklə, naz (qınc) nə oldu? – Eşq mamaçalığı, ya ehtiras qızışdırıcılığı? Yoxsa incitməməkdən ötrü incəliklə (nəzakətlə), əda (ədəb) ilə deyilmiş bir “yox”?

11 aprel 2020, Almaniya

# 15141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #