Bəridə - Ağalar Qutun yeni hekayəsi

Bəridə - Ağalar Qutun yeni hekayəsi
11 dekabr 2023
# 15:00

Kulis.az Ağalar Qutun "Bəridə" hekayəsini təqdim edir.

Mən evimizə qayıdanda yeddi yüz ildən də çox keçmişdi. Ürəyim əsə-əsə həyət qapımıza yaxınlaşırdım. Elə bil tanış bir adamın qarşıma çıxmağını gözləyirdim. İndiyə kim sağ qalar? Kim bilir, indi neçənci nəslimizdir burada yaşayan? Bəlkə də bu yurdu kiməsə satıblar, heç bizimkilər deyil buranın indiki yiyələri. Görəsən, adımı desəm, məni tanıyarlar?! Nə deyim, deyim yeddi yüz il qabaq burada doğulub böyüyüb, burada yaşayıb ölmüşəm?! Yeddi yüz ilə dil də dəyişib burada bəlkə. Bəlkə sözlərimi də düz başa düşməzlər heç. İçlərində yaşlı kimsə olsaydı, bəlkə nəsə tanışlıq vermək olardı. Geri qayıdanda da gərək yanında atandan-anandan, bacından-qardaşından kimsə ola. Öz yurduna tək qayıdışın nə sevinci? Necə başa salacağam ki, mən ölüyəm?! Mənə inanmasalar necə olacaq?

Budur, onlar məni gördülər deyəsən.

– Salam.

– … (anama necə də oxşayır bu balaca qızcığaz).

– Əmi, sən kimi istəyirsən?

– … (elə səsi də anamın səsidir).

– Atamı çağırım?

– … (görən nəyim olur indi bu uşaq mənim?)

– “Duman, həyətdə ağ paltarda bir kişi dayanıb. Çıx, gör nə deyir” – bu, çalxalana-çalxalana yeriyən gənc qadın səsi idi. Bizimkilərə oxşatmadım. Eyvanda görünən bu oğlan isə elə bil elə özümdür durub. Adı da mənimki kimi Duman. Tüklərim biz-biz oldu. Ölməmişəmmiş sən demə, təzədən doğulub qayıdıbmışam. Deməli, orda ola-ola burdayammış.

Bunlar məni yəqin yuxu kimi görürlər indi. Bəs, görəsən, mən bunların hansının yuxusuyam? Məni yuxusunda görən kimdir?

Mən öləndə belə deyil idi buralar, təzə idilər. İndiyə daşlar da köhnəlib burada. “Bu yerlər necə də o yerlər deyil, Bu yerlər necə də o yerlər imiş”. Burada təndir vardı, yadımdadır, uşaq vaxtı yıxılmışdım, qolum yanmışdı. Bax, bu da babamdan qalan quyumuzdur, ancaq uçulub tökülüb. Ağzını necə də bərk-bərk örtüblər.

Mənə elə bilmişdim burada məni atam-anam, bacım-qardaşım qarşılayacaq. Halbuki onlar orada, hərəsi bir daşın altında qalıblar. Kaş, hamımız bir yerdə, əl-ələ verib, deyə-gülə geri qayıda biləydik.

Adaşım mənə yaxınlaşdı. Əl uzatdı.

“Məni qucaqlama, düşər-düşməzi olar!”

– Salam. Kimsən, qardaş, nə lazımdı, qalar-qoparın haradır?

– Qalar-qoparım elə bu yurddur, siz qalansınız, mən qopan. Mən ölüyəm. Otədən bəriyə gəlmişəm.

– İndi sən ölüsən?! Doğrudan lap o dünyadan gəlmisən?

– Hə. Yeddi yüz ildə bir yol Dumbaqan gözünü qırpır. Bax, o bir göz qırpımında milyondan bir ölü daşın altından süzülüb bəriyə keçə bilir.

– Onda mənə o dünyadan salıq sal, xəbər ver, oradan danış.

– Oradan sənə nə danışım? Məsələn, ötədə bizə lazım olub tapılmayan nəsnə bircə güzgüdür. Mən düz yeddi yüz ildən çoxdur özümü görmürəm. Ölü – özünü görməz. Burada bir güzgü tapsam, baxardım üzümə. Qırağından bir az qırıb özümlə aparardım. Qırıq güzgünü saxlamazlar burada. Ölülərdir güzgüləri qırıb oğurlayan.

– O dünya qaranlıqdır, yoxsa işıqlı?

– Biz ölülər işığı arxadan görürük, bu səbəbdən bizə işıq düşmür. İşıqdan uzaqda olduğumuzdan yox, işığın arxasında olduğumuzdan. Siz işıqlı dünyadasınız, amma işığın arxasına keçə bilmirsiniz. Siz işığın qabağında yaşayırsınız, biz arxasında. Ölmək işığın arxasına düşməkdir. Ötə dünya işığın arxasıdır.

– Orada zaman var?

– Orada da zaman var, ancaq geriyə işləyən zaman. Orada həmişə gecdir. Ora gecin, gecliyin məkanıdır. Oradakı zaman gecikmiş zamandır. Siz qabağa gedirsiniz, biz geriyə qayıdırıq.

– Sənin adın nədir?

– Hamının və hər şeyin öz gizli adı var. Ölən qeybə çəkilir, yoxluğa çıxır. Qeybə çəkilən birinci öz gizli adını öyrənir. Bəziləri elə sağlığında bəzi şeylərin gizli adını tapır, elə öz gizli adını da eşidir, bilir. Əksəriyyət isə öz gizli adından xəbərsiz ölür. Hər şeyi öz gizli adıyla çağır. Biz qeybdəyik. Qeybdəki dil gizli adların dilidir. Bu səbəbdən siz bizim dilimizi – işarələrimizi, xəbərlərimizi yoza bilmirsiniz. Biz sizi gizli adlarınızla çağırırıq, siz bizi eşitmirsiniz, çünki öz gizli adınızı bilmirsiniz. Mənim bəridəki adım Dumandır...

– Bəs, niyə deyirlər ki, ölüm qaşla göz arasındadır?

– Qaşla göz arasında kirpik var, qaşla göz arasında biz göz qırpırıq. “Ölüm qaşla göz arasındadır” o deməkdir ki, ölüm bir göz qırpımındadır, o, gözü açıb yumunca gəlir. Göz qırparkən biz bir anlıq görmürük, bu səbəbdən də çox ayıq-sayıq olmağımız lazım gəldikdə ümumiyyətlə gözümüzü qırpmamağa çalışırıq. Deməli, ölüm – o, gözümüzü qırpdıqda zühur etdiyi üçün – görülmür. Biz ölülər üçün isə həyat Dumbaqanın qaşıyla gözü arasındadır. O, yeddi yüz ildən bir gözünü bircə dəfə qırpır, bu onun yuxusudur. O bir göz qırpımında oradan qaça bildin bildin, bilmədin bir yeddi yüz il də o göz qırpımını gözləməlisən.

– Demək, Dumbaqan gözünü qırpanda qaçmaq sənə qistmət olub, hə?

– Hə, elədir. Ölünün də qisməti var, amma qisməti pusmaq da var. Bir var qədərlə qocalıb ölənlər, bir də var qəza ilə vaxtsız ölənlər. Qəzada ölənlər qismətlərini pusurlar. Mən qəza ilə ölmüşəm deyə həmişə qismətimi pusurdum.

– Qəza özü qədər deyil ki?

– Babam anama danışarmış ki, körpə bir uşaq quyuya düşür, anası uşağı quyudan çıxarır. Baxır ki, uşaq əlində dönüb oldu balıq və başladı çapalamağa. Məcbur olub balığı atır quyuya ki, yaşasın, ölməsin. Balıq quyuya düşən kimi dönüb olur uşaq və başlayır boğulmağa. Ana təzədən uşağı çəkir yuxarı, uşaq yenə dönüb olur balıq və başlayır çapalayıb ölməyə. Balığı yenə atır quyuya... Bu qəza – qədər idi. Bu alın yazısına pozu yox idi. Ancaq hər qəza qədər deyil. Bu səbəbdən də cinayət, qətl kimi qəzalar törədənlər, öz bədəniylə bir qadının bədənini zorla örtənlər qədərə müdaxilə etdikləri üçün cəzalandırılırlar. Qədərdən qaçış yoxdur, amma qəzadan var. Sizi girləyən əcəldən biz sizdən qabaq xəbər tuturuq. Biz qəza barəsində sizə işarələr göndəririk. Amma siz o işarələri çox vaxt tutmursunuz.

– Bizə necə xəbər göndərirsiniz ki? Yuxumuza girirsiniz?

– Biz sizə həmişə cürbəcür işarələr göndəririk. Ancaq siz o işarələri çox vaxt ya almırsınız, ya anlamırsınız, ya da səhvən başqasının işarəsinə tuş gəlirsiniz. Çünki bizim işarələrimiz birbaşa olmur, dolayı olur. O mənada dolayı ki, biz sizə çatdırmaq istədiyimizi başqa bir şeyə dolayıb sizə yollayırıq. Bunlar şifrli namələr, rəmzli məktublar kimidir. Məsələn, küçədə bir it hürür, bu arının qanadı qırılıb, budağa qonan göyərçinlər öpüşür, bu qadın acı-acı ağlayır, bu kişinin gözləri görmür… bütün bu gündəlik mənzərələrə dolanmış qeybi məzmun sizin nəzərlərinizdən qaçır. Çox vaxt isə siz başqasına göndərilən işarəni özünüzə ünvanlanmış sayırsınız, başqası da sizə göndərilən işarəni özününkü sayır. Bu, başqasının yuxusunu görmək kimidir.

Bayaqdandır qıraqdan durub bizə qulaq asan qız birdən bizə yaxınlaşdı və quyunun yanından qopardığı Novruzgülünün ləçəyini mənə uzatdı. O, boynunu büküb təbəssümlə mənə baxırdı. Mən gülü aldım. Amma heç nə demədim. Qız yavaşca atasına sığındı.

Adaşım təzədən sual verməyə başladı.

– Bəs, adam öləndə gedib orada öz ölü sevdiklərini görür?

– Ölülər arasında təmas yoxdur. Biz ancaq sümüklərimizlə torpağı duyuruq. Bu səbəbdən doğmaları yanaşı basdırırlar. Ölümün bəlkə də yeganə təsəllisi gedib ötədə sevdiklərinə qovuşacağına umiddir. Biz ancaq doğmalarımızın addım səslərini yerin ürək döyüntüləri kimi hiss edirik, onları tanıyırıq. Qəbrimizin torpağı doğmalarımızın ayaq səslərindən ayrı cürə titrəyir. Ötədə, unuda bilmədiyimiz doğmalarımıza məhəbbətimiz bəridə, yaşayan doğmalarımıza, sevdiklərimizə olan məhəbbətimizlə taraz olmalıdır ki, öləndə təbəssümlə ölə biləsən.

– Ruh nədir?

– “Bədənimiz ruhumuzun baş daşıdır”.

– Bəs, o dünyada Allahı görmək olur? Mənə Allahdan danış.

– “İnsan Allahın əkiztayıdır.”

Mən adaşımın bir anlıq fikrə getməsindən istifadə edib soruşdum:

– İndi bu ocaqda kimlər yaşayır?

– Bu ocaqda indi mən tək yaşayıram. Ötən il gənc arvadım və qızım həyətdə gördüyün bu su quyusunda boğulub öldülər. Əvvəl uşaq düşüb quyuya, anası onu çıxarmaq istəyib, çıxarıb da. Amma sonra özü uşağı əlindən quyuya salıb. Yenə çıxarıb, amma uşaq yenə quyuya düşüb. Axırda arvadım uşağın dalısınca özü-özünü quyuya atıb. İkisi də quyuda ölüblər. Ocağım quyuda söndü, qardaş, tək qaldım.

“Duman, Duman, sən sayıqlayırsan”, – bu, bayaqkı yerişi çalxalamalı qadının səsi idi. Mən bir anlıq bilmədim açıq gözlərimi yummalıyam, yoxsa yumulu gözlərimi açmalı. O qadın hansı Dumanı çağırır, hansı Dumana sayıqlayırsan deyirdi?

Ovcumda Novruzgülü ləçəyi vardı...

# 3666 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #