“Kurtlar vadisi” qəhrəmanının Yasamalda bakal oğurluğu REPORTAJ

“Kurtlar vadisi” qəhrəmanının Yasamalda bakal oğurluğu <span style="color:red;">REPORTAJ
15 sentyabr 2014
# 13:49

Ağa CƏFƏRLİ

Yaxın durun, bir söhbət eləyim, sonra keçəcəm mətləbə... Deməli, qəzetdə işlədiyim vaxtlardı, həmişə olduğu kimi, işə özümlə yemək gətirirdim. Ümumi soyuducu olmadığından gətirdiyimiz yeməkləri siyirmələrimizə qoyurduq. Bir dəfə siyirməni çəkəndə şoka düşdüm: yekə bir siçan pendir-çörəyimi dədə malı kimi həzmi-rabedən keçirirdi...

Quruyub qaldığımdan siçana bir şey eləyə bilmədim. Amma o, nəsə hiss elədi, mənə tərəf çöndü, balaca gözlərini civə kimi oynadaraq, diqqətlə mənə baxdı, sanki mal yiyəsindən utanıb, əkildi. Amma çox uzağa getmədi. Özünü divanın dibinə verdi. Hay-küyü bundan sonra saldım. Redaktorumuzun dünya vecinə deyildi. Əlinə bir qəzet aldı, siçanı tutdu və pəncədən çölə tolazlayıb şirin Qazax ləhcəsində dedi:

- Ayə, nolujax, Allahın yaratdığıdı dana, dişdədiyi yeri kəs at, sora kef elə...

Əlim üzümdə qaldı.

Daha işə yemək gətirmədim və Yasamaldakı kafelərin, qutabxanaların, dönərxanaların, peraşki satılan yerlərin əksəriyyətini də məhz bu hadisədən sonra tanıdım. Elə “Dostoyevski”ni də...

Yox, keçmiş Yasamal bazarının yaxınlığında (indiki “Asan” xidmət) yerləşən bu kafenin əsl adı “Bakı”dır. Sadəcə bizim yazar dostlarımız arasında “Dostoyevski” kimi məşhurdur. Və bəlkə də onların çoxunun xəbəri yoxdur ki, yekələnmək kimi çıxmasın, bu dəfə Dədə Qorqudluğu özüm etmiş, bu adı ora özüm vermişəm. Raskolnikovun, Marmeladovun içib məhv olduğu “andeqraund” kafelərə bənzədiyi üçün... “Dostoyevski”, “Dostoyevski” deyə-deyə bu adı dostlarımız arasında xeyli məşhurlaşdırmış, kafeni əməlli-başlı reklam eləmişik. İnan, bilsələr, həftəmizin ən kövrək günü – cümənin isti axşamlarında pulsuz qonaq eləyərlər.

Kafeyə girən kimi görünür ki, bura sonuncu dəfə sovet vaxtı əl gəzdiriblər. Çox yəqin ki, 70-80-ci illərdə... Azərbaycanın başqa heç bir yerində belə köhnə-kürüş kafe tapmaq olmaz... Bura bir balaca əl gəzdirmək elə də böyük xərc tələb eləmir, amma görünən budur ki, kafeni işlədənlərin özləri sovet nostalgiyasını yaşatmaqda maraqlıdırlar.

Çox kədərli yerdir bura. Elə bakalları da, Dostoyevski demiş, “qoca və kədərlidir”. Bu pivə bakallarını başqa yerdə tapa bilməzsiniz. Onlar da Sovetlərdən qalıb. Məşhur sovet filmlərindən olan “Məhəbbət və göyərçinlər” yadınızdadır? Bax, mən həmin bakalları ilk dəfə o filmdə görmüşəm. Sonra başqa filmlərdə... Məsələn, “Həmişə təmizlikdə”nin hamam səhnəsində...

Kafenin özəlliklərindən biri də budur ki, burada işçilər Sovet dövründə olduğu kimi ağ xalatla gəzirlər (guya çox səliqəlidirlər).

Kafeni işlədənlərdən biri Qəhrəman iddia edir ki, indi belə bakallar istehsal olunmur və bunların hamısı o illərdən qalmadır.

Qəhrəmanın dediklərinə yüz faiz inanıram, ona görə ki, bəzi bakalların qulpu qırıqdır. “Skoçla” bağlayıblar ki, düşüb itməsin.

Bəzi bakalları izolentləyiblər, yaxud qulpuna simdən üzük taxıblar. Yəqin, daimi müştərilərin öz bakalı var...

Burda pivəni ayaq üstə də içmək olar, oturaraq da. Ayaq üstə içmək üçün qoyulmuş üç stolun Allah bilir neçə yaşı var. Buradakı televizor da it ilindən qalmadır. Üstündəki yazılar pozulub gedib. Bakıda heç kim bu cür televizorlardan istifadə etmir. Qaz balonları da o cürdür, soyuducular da...

Yasamalın məşhur içki həvəskarları bu kafenin daimi müştəriləridir. Araq içsələr də, heç vaxt yemək yeməzlər. Almanın uzaqbaşı dörddə biri, ya da limon dilimi onların ən gözəl “zakuskasıdır”.

Kafenin ortasında böyük bir dirək var. İçki düşkünləri bura o qədər sürtünüblər ki, dirək qapqara olub.

“Dostoyevski”də stul çatışmazlığı var. Əvəzində stollar yetərincədir. Səbəbini soruşanda ofisiant dedi: “Müştərilər pivədən içib çəkini artırandan sonra o qədər yayxanırlar ki, kapron stullların arxa ayaqları qırılır”.

Müştəri israr edəndə xanım xidmətçiləri ayağa qaldırıb stullarını gətirirlər.

Bir epizod ölənəcən yadımdan çıxmaz. Deməli, günlərin bir günü kafeyə girəndə gördüm ki, 4 nəfər oturub. 1 litrlik “Zolotoy kolso”nu qoyublar qabaqlarına, yemək-filan yoxdur, bircə dənə alma var. Araqdan vurur, almanı iyləyib yerinə qoyurlar. Ürəyim bulandı...

Bir dəfə də bir içki həvəskarına zəng gəldi, necə oldusa, əsəbiləşdi: “Ay kişi, sən zəng eləmisən e!” Sonra sanki səsini aldılar. Bir xeyli danışdı, sağollaşanda isə dedi: “Bratvalara salam de”. Odboy verəndən sonra isə yanındakılara sevinə-sevinə “Türmədən zəng gəlmişdi” söylədi.

Bu kafenin özəlliklərindən biri də budur ki, pivə bakallarını bir az yarımçıq süzürlər. Köpük yatandan sonra sarı rəngli bu “cənnət suyu” xeyli aşağı düşür. Bir dəfə şair dostlarımızdan biri içəndən sonra bunun üstündə Qəhrəmanla əməlli-başlı mübahisəyə girişdi. Nə qədər əlləşsək də, qardaşımızı başa sala bilmədik ki, buranın qaydası belədir. Qardaş yola gəlmədi ki. gəlmədi. Bu dəfə Qəhrəman az qala bir əsrlik ənənəni pozmalı oldu: bakalı axıracan süzdü ki, dava-dalaş olmasın.

Bunu da deyim, ürəyim soyusun: yazı üçün kafedə foto çəkmək istəyirdik. Düşündük ki, bu şəraitdə çəkilişə icazə verməzlər. Əvvəl gizli-gizli çəkdik, amma bir yerə qədər. Hiss elədilər. Qəhrəman dedi, bakalları çəkirsiz? Dedim, hə, fotoları sərgiyə göndərəcəyik. Sevindi, dedi, “Qurdlar vadisi”ndə oynayan aktyorlardan biri burda serial çəkir, o günü gəlmişdilər, bir də baxıram, bakalları çantalarına qoyub aparmaq istəyirlər. Yaxşı ki, vaxtında gördüm, yoxsa aradan çıxacaqdılar.

Gərək kişi olanı desin, “Dostoyevski”də əla NZS pivəsi verirlər. Əslində adamları bura cəlb eləyən əsas səbəb budur. Nostalji hisslər yaradan görüntülər də üstəlik! Fərqlilik üçün daha nə lazımdır?

O günü Qəhrəmanla zarafatlaşmaq istədim: “Deyəsən, köhnə “alkaşlar”ın sayı azalıb. Bəlkə, pivə əvvəlki deyil?” Qəhrəman baş barmağı ilə arxa divardakı elanı göstərdi: “Buna görə gəlmirlər”. Diqqətlə baxdım. Divarda yanaşı vurulan iki lövhənin birində yazılmışdı: “Nisyə mal verilmir” O biri lövhə isə bu sözlərlə bəzənmişdi: “Puluvu ver, malıvı al”.

Fotolar Ömər Xəyyamındır.

# 7579 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #