news-inner
clock10:23 calendar-gray 25 Dekabr 2014 view-gray1111 dəfə oxunub
view-gray1111 dəfə oxunub

Tanrım, qandı, yavaş yeri Fələstində, Qarabağda...

Bu gün tanınmış şair Ramiz Qusarçaylının doğum günüdür. Onun 55 yaşı tamam olur.

Kulis.az bu əlamətdar gün münasibətilə şairi təbrik edir.

Qəbul otağında ağlayan əlil

Kimin qəbuluna gəlmisən, qağa,

Kimin qapısına atıblar səni.

Gör kimin yolunda ölmüsən, qağa,

Gör kimin kefinə satıblar səni ...

Kimin nə vecinə nə gündəsən sən,

Ayağın hardadı,

Əlin hardadı ?!.

Evinin içində sürgündəsən sən,

Torpağın hardadı, elin hardadı ?!.

Səngərə bənzəyir qapının ağzı,

Qapının ağzında abrın sürünür,

Dəlir qulağını yaylım atəşi,

Qapının ağzında səbrin sürünür,

Üzür ürəyini yardım atəşi...

Burda yalan-yalan qəlpələnirsən,

Burda boş vədlərə səpələnirsən...

Yalana qarışıb məmurun başı,

Talana qarışıb məmurun başı,

Verənə qarışıb məmurun başı

Alana qarışıb məmurun başı,

Qapının ağzında qəbrin sürünür,

Yurdunu ağlaya bilməyənlərin

Səni ağlamağı gülünc görünür ...

Bilirəm, Allaha qalıb əlacın,

Hər günün taleyin gizlənpaçıdı.

Səni süründürən çörək ağacı

Səni dik saxlayan əl ağacıdı ...

On ildi yuxundan güllələr keçir,

Varından, yoxundan güllələr keçir,

Uzaqdan, yaxından güllələr keçir,

On ildi abrını güllələyirlər,

On ildi səbrini güllələyirlər,

Solundan, sağından güllələr keçir,

Güllə qaytarmağa əl-ayağın yox

On ildi qəlbini güllələyirlər...

Yurdundan yağını qova bilmədin,

Qovdun bədənindən əl-ayağını.

Qovulan ayağın

Qovulan əlin

Payına şəriklər tapılır burda,

İndi də özünü qov bu qapıdan

Üzünə bağlıdır qapılar burda.

Haqqın düyün düşən bağı çürüyüb,

İnsafın, mürvətin tağı çürüyüb,

Nə ocaq, nə də ki, yada yurd düşür,

Bu pərdə gözlərdən çəkilən deyil ?!.

Sən görən Vətənə elə qurd düşüb

Zəlzələ qopsa da tökülən deyil...

Köksün Daşaltıdı,

Sinən Şellidi,

Ölən kim, qaçan kim, sənə bəllidi...

Şəhidi bəllidi

Əlili bəlli,

Sənə bu millətin zəlili bəlli...

Gör kim başa çəkir zəlil başları,

Çörəyə oynadır əlil başları...

Nə şahə qaldırır,

nə atdan düşür,

Qarabağ savaşı urvatdan düşüb ...

On ildi ağzının dadı əlildi,

Divardan asılan ələyin əlil,

On ildi gözünün odu əlildi,

On ildi dilənən biləyin əlil.

Hərəmiz bir cürə əlilik, qağa,

Sən candan əlilsən,

bədəndən əlil,

Mən yurddan əliləm, Vətəndən əlil,

Sən əldən əlilsən, ayaqdan əlil,

Mən yad əlindəki torpaqdan əlil...

Bu dünya mənim də qəbul otağım,

Hələ çox qapımı bağlar içimdə.

Təbrizli, Dərbəndli əlil torpağın

Arazı, Samuru ağlar içimdə.

Qara yellər öpür Xarı bülbülü,

Mən əsir torpağın gül əliliyəm.

Şairinki sözdü,

şairinki dil,

Neynim ki, yanında dilim qısadı,

Mən sənin yanında dil əliliyəm,

Əlindən tutmağa əlim qısadı

Mən sənin yanında əl əliliyəm.

Oynayıb yerindən bu baş, bu beyin,

Gözüm gözləməkdən yorulub mənim.

Sınıb şüşə kimi Şuşa ürəyim

Qarabağ qanadım qırılıb mənim...

Mənə göz dağıdı,

Sənə göz yaşı,

Göz-göz, ürək-ürək çürüyən bədən,

Qoru göz yaşını, əlil qardaşım,

Qoru, göz yaşıyla göyərməz Vətən ...

Nə hönkür dərdini, nə giley daşı,

Yüz üzdə, yüz adda gözlərdən qoru.

Qoru, göz yaşını, əlil qardaşım,

Aşağı, yuxarı ... bizlərdən qoru ...

2005

Baxsana

Yox! Yox!

bu adamlar əvvəlki deyil,

Bu üzlər əvvəlki deyil, baxsana !

Dağlar bir-birinin xətrinə dəyir,

Daşlar bir-birini yeyir, baxsana !

Öyülən ulaqdı,

söyülən atdı.

Tayfa mərəkələr abır soydurur.

Hər kəllə bir əldə Hacı Muraddı,

Hər əl bir kəllədə qiyam uydurur.

Ötür şamanların şoran laylası,

Çadır bülbülləri artır, baxsana!

“Mənim xalqım ...” ların xor kapellası

Xalqı ...xanalara dartır, baxsana !

Tamah döyəcləyir boş adamları,

Göz gözə qaynayır,

dil dilə bişir.

Gəlir iş başına iş adamları,

Rüşvət nikah kimi qanuniləşir.

Ucuz bitənlərin küləşi baha,

Çapır kürsülərdə şöhrət acları.

Şairlər sözündən asılmır daha,

Sarayda yalmanır dar ağacları.

Ərinməz ər sözə Ərən dərəsi,

Dəyirman yerində Cünun ağlayır.

Sözün Koroğlusu, - Sabir nərəsi

Sözün Füzulisi Məcnun, - ağlayır.

Baxsana !

Bu üzlər əvvəlki deyil,

Bu sözlər əvvəlki deyil, baxsana!

Dağlar bir-birinin xətrinə dəyir,

Daşlar bir-birini yeyir, baxsana!

Hələ çox günahın yeri ağ qalıb,

Hələ kef göyərdir hər sönən ocaq.

Bu günü gülənlər elə çoxalıb,

Bilmirəm sabahı kim ağlayacaq ...

Neynim

Bu torpağın harayı nə,-

Hay tuta bilmirəm, neynim.

Ürək dönüb şum yerinə

Boy tuta bilmirəm, neynim.

Baş açmıram, kim nəçidi,

Kim tacirdi, kim hacıdı,

Hərə bir cür zurnaçıdı

Züy tuta bilmirəm, neynim.

Bu qan nə çox qaldı yerdə,

Yoxsa gedib ölüm bir də...

Mənə elçi gələn dərdə

Toy tuta bilmirəm, neynim...

Bu yaz çiçəkləmə, ərik ağacım

Ayaqlarının donu təzəcə açılan balaca qızcığaz xəstəxanada yuxudan oyanıb dedi ki, Şuşada, evimizdəydim. Qapımızdakı ərik ağacı çiçəkləmişdi…

Nə göyərt bu dərdi,

Nə ləkdən keçir,

Silkələ, çalxala, ələkdən keçir.

Daha güldən keçib, çiçəkdən keçib,

Bu yaz çiçəkləmə, ərik ağacım.

Qeyrət başı bağlı,

dərd başı açıq,

Səhər ürək götür, dərd başına çıx…

Ağaclar Şuşada qurğuşun açır,

bu yaz çiçəkləmə, ərik ağacım.

Dərdə bax,

can dözür, qan dözür belə,

Yaralı daşları kim üzür belə,

Ağla Mehri belə, Zəngəzur belə,

Bu yaz çiçəkləmə, ərik ağacım.

Oyatma, qoy yatsın yatan dərdləri,

Köz-köz ürəyimi çatan dərdləri,

Gördüm çiçəyini atam, dərdlərin…

Bu yaz çiçəkləmə, ərik ağacım.

Bu dərd qaya-qaya,

daş-daş güllənir,

Daş-qaya üstündə savaş güllənir,

Yiyəsiz yurd yeri yavaş güllənir,

Bu yaz çiçəkləmə, ərik ağacım.

Namus

Mühasirə zamanı ermənilərin əlinə keçməsin

deyə yeganə qızını güllələyən naçar atanın dilindən

Əl saxla, xain balası,

Qoy namusumu basdırım.

Gözümün ağı, qarası

Bircə qızımı basdırım.

Bu yerlər boşalır, qaçır,

Allah da baş alıb qaçır,

Öpüb torpağı, ağacı,

Yalayıb qumu, basdırım.

Dalımca yortar izlərim,

Daşları yırtar dizlərim,

Baxsam tökülər gözlərim,

Gözümü yumub basdırım.

Sayan sayıb, nə say tutum,

Ölüb bu dərdə boy tutum?!

Harda özümə toy tutum,-

Harda özümü basdırım?!

Bir gülləyə yol gedirəm

Nəyim var ki, hesab çəkək,

Üçüm yoxdu, beşim yoxdu.

Bir gülləyə yol gedirəm,-

Deməsinlər döşün yoxdu…

Dərdəm, o da daş əllərdə,

Dağ hüznü var su dillərdə.

Söz havası ölən yerdə

Ürək qəbri nöşün yoxdu?!

Cığırlar düşər izimə,

Yoxuşlar enər dizimə,

Qaldır məni Şah düzünə

Sonrasıyla işin yoxdu…

Zəminxarə

Bu gül deyil, xəzəlimdi,

Bu son deyil əzəlimdi,

Bu qəm mənim gözəlimdi

Gözəl dünya, qəmin xarə,

Zəminxarə.

Şah küləyi, dağ ahəngi,

Daşlar oynar cəngi-cəngi,

Dəşti rənği, Dügah rəngi,

Neyçün qaldı zəmin xarə

Zəminxarə.

Donan yaşdı laçın gözdə,

Əriyər də, əriməz də,

Bir yurd ağlar Əriməzdə

Ağlar üzü həmin xarə

Zəminxarə.

Ah, təzə dərdin boyatı,

Dilimdən qaçar bayatı,

Qarabağ, Qacar-bayatı,-

Zülüm-zülüm dəmin xarə,

Zəminxarə.

Araz, Samur, a Sar çaylı,

Rast dərəli, Hisar çaylı,

O səs sənsən, Qusarçaylı

O çay sənsən, gəmin xarə,

Zəminxarə.

.

Ağlama

Ağlayırsan, indi ağla,

Məni öləndə ağlama.

Qəbrim üstə güllər solub

Xəzan gələndə ağlama.

Sıxılma yas saxlayanda,

Geyib qara bağlayanda,

Ağla, düşmən ağlayanda,

Dostlar güləndə ağlama...

Gözəl davran, gözəl inlə,

Darılma dərd gözəlinlə...

Göz yaşını öz əlinlə

Özgə siləndə ağlama...

Öz tamı var, öz təhəri,-

Ölüm ömrün son bəhəri...

Gizlə gözündən qəhəri

Gözün biləndə ağlama.

Axşam şəri, səhər danı,-

Səninlə böldüm hər anı,

Sonuncu dəfə dünyanı

Yarı böləndə ağlama...

A bənövşəm mənim …

O nə boylanışdı, dolmusan yenə,

A bənövşəm mənim, süsənim mənim.

Özü bu dünyanı sevdirib mənə

Özü bu dünyadan küsənim mənim.

Gör bulaq dərəyə nə dil açdırıb,

Tənha daşlara da könül açdırıb,

Həsrəti gözümdə gül-gül açdırıb

Qönçə dodağını büzənim mənim.

Gecələr rənd alır qara telindən,

Qara mənsizliyi dara telindən.

Düşüb ürəyimə yara telindən

Tel-tel ürəyimi üzənim mənim.

Dərdə də tək dözür canım, can keçib,

Qüruba enirsən danımdan keçib,

Üz-üzə gələndə yanımdan keçib,

Məni yuxularda gəzənim mənim.

Eh … bu da bir eşqin ayrı dağları,

Üşüyür kölgəsi aylı çağların.

Düzüb zülüm-zülüm ayrılıqları

Üstündə meh kimi əsənim mənim,

A bənövşəm mənim, süsənim mənim…

Fələstində, Qarabağda

Kişi qaçqın, körpə acdı,

Fələstində, Qarabağda.

Yersiz gəldi, yerli qaçdı

Fələstində, Qarabağda.

Siyasi şər qatır doğur,

Qız uşağı çadır doğur,

Dünya hər gün qəbir doğur

Fələstində, Qarabağda.

Üzümüzdə azaldı su,

Yaramızdan duz aldı su,

Vətən yağı gözaltısı

Fələstində, Qarabağda.

Qüdsüm, Şuşam,-

dərd sırası

Birdi ərəb, türk yarısı ...

Gedir müsəlman urası

Fələstində, Qarabağda.

ATƏT, BMT ... bir zaddı,

Hər qətnamə zarafatdı ...

Bir günah da Ərəfatdı

Fələstində, Qarabağda.

Var gül yeri,

var daş yeri

Hər daş üstü savaş yeri

Tanrım, qandı, yavaş yeri

Fələstində, Qarabağda.

... və

və bu ağ qaralar,

və qara ağlar ...

və bu ağ uralar,

və qara tağlar ...

və bu ağ sərçələr,

və qara damlar ...

və bu ağ gecələr

və qara şamlar ...

və bu ağ halələr,

və qara otlar ...

və bu ağ nalələr,

və qara notlar ...

və bu ağ durnalar,

və qara göylər ...

və bu ağ zurnalar

və qara züylər ...

və bu ağ qoyunlar,

və qara bağlar ...

və bu ağ oyunlar

və Qarabağlar ...

və bu ağ mamırlar,

və qara daşlar ...

və bu ağ çadırlar

və qara qışlar ...

və bu ağ bazarlar,

və qara qullar ...

və bu ağ məzarlar

və qara dullar ...

və bu ağ talanlar,

və qara izlər ...

və bu ağ yalanlar,

və qara üzlər ...

və bu ağ qanunlar,

və qara güclər ...

və bu ağ nadanlar,

və qara biclər ...

və bu ağ qəzalar,

və qara qutu ...

və bu ağ fəzalar,

və qara lotu ...

və bu ağ rəyasət.

və qara kütlə ...

və bu ağ siyasət

və qara kütlər ...

və bu ağ aşağılar,

və qara ətək ...

və bu ağ uşaqlar,

və qara çörək ...

və bu ağ ulduzlar,

və qara seyr ...

və bu ağ kağızlar,

və qara şeir ...

Aparır

Aparır məni mələklər,

Gecəmi şamdan aparır.

Aparır dəni küləklər

Payızı şumdan aparır.

Yurd daşında qan hörüyü,

Yaddaşımda qəm körüyü,

Odu ocaqdan kürüyür

Tüstünü damdan aparır.

Gülümü tağdan düşürür,

Ölümü haxdan düşürür,

Çeçeni dağdan düşürür

Ərəbi qumdan aparır.

Soyu Saxadan, Sakidən,

Nefti Bağdaddan, Bakıdan,

Tusini Qalaktikadan

Xəyyamı camdan aparır.

Kin bir, oyun bir, tələ bir,

Hər günüm haqqın Hələbi ...

Qovulur Həsən Çələbi

Tarixi Rumdan aparır.

Dünya, bu eşq də səngidi,

Nə mən uşaq, nə sən gidi ...

Bu cəng müsəlman cəngidi

Tutub qolumdan aparır ...

Gəldim

Cavan yaşda bir dərvişdim,

Hara gəldim, çaşıb gəldim.

Özgə atına minmişdim,

Öz xoşumla düşüb gəldim.

Bir əlimdə daş oynatdım,

Bir əlimi boş oynatdım,

Ürək qovdum, baş oynatdım

Bir balaca bişib gəldim.

Gördüm ki, düzdən keçirlər,

Əyilib bizdən keçirlər…

Torpağın üstdən keçirlər

Mən altından keçib gəldim.

Azalır qapıda it saxlayanlar

Küçüklər yuvaya yovuşmur daha,

İtlər yuvasını boş saxlayırlar.

Yalaq itdən baha, yal itdən baha,

Adamlar birtəhər baş saxlayırlar,

Azalır qapıda it saxlayanlar.

İtlər ağıllanıb,

nə söy, nə qına,

Nə qapı qoruyur, nə dam saxlayır.

Adamlar üz tutur it qapısına,

İtlər qapısında adam saxlayır,

Azalır qapıda it saxlayanlar.

Kürsü ayağında,

zəncir döşündə,

Köpüklü sözlərdən it iyi gəlir.

Adamlar məhv olur yal döyüşündə,

İtlərin ağzından ət iyi gəlir,

Azalır qapıda it saxlayanlar.

Dəri adamların, diş köpəyindi,

Kimə öz leşindən ruzi qalacaq.

Adam boğuşdurur tazılar indi,

Tazılar özündən razı qalacaq?!

Azalır qapıda it saxlayanlar,

Minib bir-birini sürür adamlar,

Adamlıq hər itə, tulaya qalıb?!

Ağaca, ulduza hürür adamlar,

Adamlar ulaya-ulaya qalıb,

Azalır qapıda it saxlayanlar.

Harınlar həvəslə sümük sanadır,

Meydan adamına, küçə itinə.

Dünya özü boyda sallaqxanadır

Neçə adamına, neçə itinə,

Azalır qapıda it saxlayanlar.

Gör kimin kefinə quraşdırıblar,

Yarı adamları,

yarı itləri.

Vətən, nə canına daraşdırıblar,

Bu qara itləri, sarı itləri

Azalır qapıda it saxlayanlar.

Qapıb bir-birini tutur adamlar,

Bu xəstə adamlar, qotur adamlar,

Artır imanına it bağlayanlar,

Azalır qapıda it saxlayanlar.

Bu adam nə yaman acdı, ilahi

Bu adam nə yaman acdı, ilahi,

Acdı, gözü acdı, qulağı acdı,

İliyi, sümüyü, dalağı acdı,

Gövdəsi, toxumu, calağı acdı,

Bu adam nə yaman acdı, ilahi...

Evdə arvadının balağı acdı,

Qapıda itinin yalağı acdı,

Danası, üyəsi, lağı acdı,

Bu adam nə yaman acdı, ilahi...

Qışlaqda qışlayır, yaylağı yeyir,

Yaylaqda yaylayır, oylağı yeyir,

Örüşü, meşəni, çaylağı yeyir

Bu adam nə yaman acdı, ilahi...

Sürüb dağ çayını arana gedir,

Aranı döndərib virana...gedir,

Minib vəzifəni tirana gedir

Bu adam nə yaman acdı, ilahi...

O damdan qovursan bu dama girir,

Bu damdan qovursan o dama girir,

Bu adam nə yaman adama girir

Bu adam nə yaman bicdi, ilahi...

Bu adam nə yaman acdı, ilahi...

Mənlik deyil

Bu səngər haqq səngəridi,

Zəhmində çox cəng əridi,

Ləngərim söz ləngəridi

Yüngül hava mənlik deyil.

Öz göyüm var,

öz mələyim,

Öz xəttim var,

öz lələyim,

Öz məzarım, öz bələyim

Haram yuva mənlik deyil.

Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı,-

Ayrı dava mənlik deyil.

Bəy

Qan dediyin su imiş,

Qarğa da bir qu imiş,

Vətən elə bu imiş

Millət elə budu, bəy.

Yad əlində kündəsən,

Bilirəm nə gündəsən,

Evində sürgündəsən

Qürbət elə budu, bəy.

Yapışmadın riyadan,

Yarımadın həyadan,

Nələr çəkdin ziyadan

Zillət elə budu, bəy.

Təknəndə üzün qara,

Dilində düzün qara,

Toy qara, hüzn qara

Zülmət elə budu, bəy.

Çox dayazlar dibdədi,

Çox boğazlar ipdədi,

Haqq, ədalət cibdədi,

Dəhşət elə budu, bəy.

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020