Zülfi

Zülfi
2 iyul 2014
# 10:41

Asiman Eyniyev

Hekayə

Yox, ölməmişdi. Günorta saat ikinin yarısıydı, yatağından qalxıb tualetə getdi. Anasının dediklərinə inansaydıq, bu gün onu dəfn etməliydilər, amma o sağ idi, gecə rahat yatmışdı və səhər də rahat oyanmışdı. Dünən axşam qonşuluqda yaşayan yaşlı Sürəyya xalanın dəfnində iştirak etmişdi. Evə qayıdandan sonra isə tualetə girməmişdi. Anası nə qədər təkid eləsə də o arvadın xurafatına uymamışdı və “dəfndən qayıdandan sonra mütləq tualetə girmək lazımdır” batil inancı vecinə almadan uzanıb yatmışdı.

O, tualetdə işini görəndən sonra əllərini yumamış gəlib süfrə başında oturdu. Anası süfrəni hazırlamışdı.

Bozbaşa çörək doğrayıb içəri ötürəndən sonra gəyirdi. Xiyar, pomidor salatını da iştahla yedi. Sonra boşqabın bir tərəfini ağzına söykəyib salatın suyunu içdi. Yenə gəyirdi. Masadan qalxdı. Əllərini saçına çəkib, kurtkasını geyindi, Çenin beretinə oxşayan yaşıl, qırmızı ulduzlu bereti başına keçirtdi. Krantı açıb şalvarının balaqlarını su ilə təmizlədi. Şifonerin üstündəki odekolonu götürüb üz-gözünə sürtdü, sonra köynəyini burnuna tutub dərindən iylədi. “Yox, pis iy gəlmir”-dedi. Odekolonun iyi bozbaş iyinə qarışmışdı. O, pərdəni aralayıb həyətə baxdı.

Möhkəm yağış yağırdı. Üzbəüz binanın altındakı mağazanın qarşısında dayanan kişi, bazardan təzə gətirtdiyi şeyləri –göyərti dəstələrini, acı, şirin bibərləri kisələrdən çıxarıb ləyənə yığdı. Sonra çeçələ barmağı ilə başını qaşıdı, sonra nəsə tapan adamlar kimi çərəz qutularına cumdu. Qutulara piştaxtanın üstündə yer elədi. Quru meyvələri, gavalını, əriyi, qaysını xüsusi plastik qablara tökdü, sonra belini tutub oturdu. Fikirli-fikirli alnındakı təri sildi. Hər halda fikirləşirdi ki, müəllimlik sənəti bundan milyon dəfə yaxşı idi.

Mağazanın sahibi həm də satıcısı, Ziyadxanov Ağabala Həmdulla oğlu əvvəllər orta məktəbdə sinif müəllimi işləyirdi. Bir neçə ildən sonra o, rayon təhsil şöbəsində bir adam tapıb əlaqə yaratmışdı. Bu əlaqənin vacibliyi sonradan öz təsirini göstərmişdi. Ağabala müəllimi eyni məktəbin direktor vəzifəsinə təyin etmişdilər. Bəziləri qısqanclıqdan deyirdi ki, rüşvət verib, yoxsa onun direktorluq bacarığı yoxdur. Amma bəziləri də deyirdi ki, o yaxşı, fərasətli adamdır. Doğulanda elə bil məktəb direktoru kimi doğulub. Bunu deyənlərdən biri də qonşuluqda yaşayan əvvəllər KQB-də kuryer işləyən yetmiş yaşlı Kələntər kişi idi. Kələntər kişi Ağabala müəllimdən söz düşəndə deyirdi ki, onun gülüşündə burjua havası hiss olunsa da məsələyə obyektiv yanaşsaq pis adam deyil.

Bir müddət keçəndən sonra, Ağabala müəllim, oturduğu kresloda yerini bərkidəndən sonra məktəbə aid olmayan hansısa dövlət sənədini ona əmanət edilən məktəbin möhürü ilə təsdiqləmiş və qarşılığında “şirinlik” almışdı. Bundan xəbər tutan xüsusi xidmət orqanları Ağabala müəllimi həbs etmişdilər. Onunla iş görən adamı da həmçinin. Çox keçməmişdi, Ağabala Ziyadxanovu azadlığa buraxmışdılar. Gəzən söz-söhbətdən, şayiələrdən belə məlum olurdu ki, Ağabala Ziyadxanov məhkəmədə, polis idarəsində kimlərəsə rüşvət verib, yoxsa onu azadlığa buraxan kim idi?! Amma bu cinayət hadisəsinə görə onu məktəbdən birdəfəlik uzaqlaşdırıb əmək kitabçasına “ləkə” salmışdılar. Ondan sonra Ağabala Ziyadxanov yaşadığı binanın altında yer götürüb mağaza açmışdı. Bu mağazada demək olar ki, hər şey satılırdı. Ağ neft, kiril əlifbası ilə yazılan romanlar, pakistanlı miqrantların hazırladığı ətirlər, Çin istehsalı qol saatları, bir sözlə, hər şey. Ağabala Ziyadxanov mağazanın üstünə iri bir plakat da vurdurmuşdu. Plakatın üstündə “Ağabala müəllimin mağazası” yazılmışdı. Mağazanın vitrin şüşələrinə Ziyadxanov, kompyuterdə çap olunmuş bir-birindən maraqlı yazılar yapışdırmışdı. “Ağabala müəllimin nisyə dəftəri də var”, ”Ağabala müəllimin malları təzə olar”, “Ağabala müəllim pis adam deyil”.

Ziyadxanov açılıb-yığılan stuldan qalxıb piştaxtanın üstündə qurdalanmağa başladı. Bu vaxt mağazanın qarşısında bir adam peyda oldu. Adam satıcını gözləmədən mağazaya girdi. Bu pəncərədən həyətə göz qoyan iyirmi üç yaşlı, ali təhsilli, özünün dililə desək, iş tapmaqda çətinlik çəkən, Zülfinin gözündən yayınmadı. Mağaza sahibi Ziyadxanov öz işində idi. O, yeni gələn müştərini qarşılamamışdı, heç arxasınca düşüb nə istədiyini də soruşmamışdı. Ondan görünməyən iş...

Zülfi pərdəni bağlayıb arxasından mağazanı müşahidə etməyə başladı. Mağazaya özbaşına girən, çətirini əlində möhkəm tutan bu adamı harda görmüşdü? İki ay bundan əvvəl, məscidin həyətinə cümə namazına yığışan adamların arasında görmüşdü onu? Hə, deyəsən, o idi. Həmin gün də çətiri əlində möhkəm tutmuşdu. Zülfi nə qədər fikirləşdisə yadına sala bilmədi ki, həmin gün yağış yağırdı yoxsa yox? Öz-özünə təlqin etdi ki, bəli, həmin gün möhkəm yağış yağırdı, yoxsa o adam niyə çətir tutsun ki?! Yoxsa, adamın obrazını yaddaşında ancaq elə təsvir edə bilirdi? Zülfi odekalon şüşəsinə baxdı. Fikrini bir yerə cəmləyib həmin adamı xatırlamağa çalışırdı. Orta boylu, keçəl, sifəti şişkin adam. Deyəsən, çətirini möhkəm tutan bu keçəl, səcdəyə gedəndə onun sol tərəfindəki adam idi. O, odekalon şüşəsini əlində çevirib, rusca yazılan yazılara baxdı. Bəlkə də İmam-Camaat(pişnamaz) duran adam idi. Pişnamaz da keçəl idi, araqçın qoymuşdu, sifəti elə bil şişmişdi. Hə, o idi. Zülfi əminliklə təsdiqlədi ki,bəli, bu o adamdır, çünki dindar olduğuna görə Ağabala Ziyadxanov da onu tanıdı və arxasınca düşüb mağazaya girmədi. Dindarlara inam, dindar olmayanlara nisbətən daha güclü olur. Amma təəssüflə qeyd etməliyik ki, bəzən olur, inamında yanılırsan. Buna misal Sürəyya xalanın bacısı oğlunu göstərmək olar. O da dindar idi, namaz qılırdı, amma bidin çıxdı.

Zülfi bildi ki anası mətbəxdədir, narahat etmək istəmədi. O, evdən çıxıb həyətə düşdü.

Mağazanın sahibi ilə görüşüb bayaqkı keçəlin kim olduğunu soruşdu. Onun geyimini, zahiri görünüşünü satıcıya təsvir etdi. Ağabala Ziyadxanov dedi ki, bu gün keçəl adam görməyib. Zülfi güldü, Ziyadxanovun o tərəf bu tərəfinə keçib dəqiq öyrənmək istədi ki, bu gün həqiqətən elə biri mağazaya girməyib yoxsa zarafat edir? Ağabala Ziyadxanov, göyərti dəstəsini götürüb havada yellədi, dedi ki, bu bərəkətə and olsun ki elə birini heç yuxuda da görməyib.

Zülfi bikef halda Ziyadxanovdan uzaqlaşdı. O, küçə boyunca üzüyuxarı qalxdı. Metroya girib eskalatorla platformaya endi.

Bu gün nədənsə “İNŞAATÇILAR” stansiyası qələbəlik idi. Zülfi qarşısında dayanıb qatarı gözləyən dama-dama plaşlı qızın sumkasına baxa-baxa keçəl adamı başqa harda gördüyünü xəyal etməyə başladı. Bu vaxt qızın sumkasından nəsə sürüşüb düşdü. Zülfi bunu hiss etdi. Çünki düşən hər nə idisə onun ayağına düşmüş, ayaqqabısının üstündə ilişib qalmışdı. Zülfi ayağını görə bilmədi, ancaq elədi ki, ayağını azca qaldırıb telefonu götürdü. Baxmadan cibinə atdı.

Vaqona girdilər. Zülfi öz-özünə fikirləşdi ki, indi telefon zəng çalacaq və o biabır olacaq. Hansısa yekəbaşın biri onu barmağıyla camaata göstərib oğru olduğunu aləmə car çəkəcək. Sonra qızın yanında qəhramanlıq göstərib onu təpikləyəcək, söyəcək, təhqir edəcəkdi. Zülfi çıxış yolunu qızdan dərhal uzaqlaşmaqda gördü. Bashabasda, adamlara sürtüşə-sürtüşə qızın arxasından süzülüb digər iki qlamur qızdan üzr istəyib güldü. Sonra yaşlı bir qadına tərəf əyilib eşidilməyəcək səslə başa salmağa çalışdı ki, növbəti stansiyada düşməyəcəksə ona yol versin, çünki o, mütləq vaqondan düşüb qanad çalıb uçmalıdı. Qadın əsəbi halda arxasını Zülfiyə çevirdi. Zülfi qadını dirsəyi ilə itələyib qarşıya keçdi. Qadın donquldandı. “20 YANVAR” stansiyasında qatar dayandı və Zülfi cəld vaqondan düşdü.

- Ola bilməz! –deyə Zülfi dama-dama plaş geyinən qıza arxasını çevirib yeyin addımlarla yenidən yeraltı keçidə düşdü. O qız idi, telefonun sahibi... Zülfi divara söykənib qızı pusdu. Qız yeraltı keçidin daş pilləkənində dayanıb əl sumkasını eşələyirdi. Zülfi öz-özünə dedi ki, vallah qız ağlayır. Telefonunu tapa bilmir. Evdə onu danlayacaqlar. Bəlkə də telefonu hansısa mağazadan kreditə alıb, heç pulunu da ödəyib qurtarmayıb. Qızın üz cizgilərindən bilinirdi ki, ailə durumu o qədər də ürəkaçan deyil. Telefon isə olduqca bahalı telefon idi. Qızın ağladığını görən bir qadın ona yaxınlaşıb nəsə dedi. Qızın dodaqlarının açılıb-qapanmasından Zülfi belə başa düşdü ki, qız həqiqətən də telefonunun itməsindən narahatdır. Başıbatmış Zülfi istədi qaçıb getsin, amma getmədi. Durub gözlədi. Qız gözlərini silə-silə yeraltı keçiddən çıxdı.

O, yolboyu sumkasını eşələyə-eşələyə gedirdi. Zülfi də maraq üçün qızı izləyirdi. Qız bir yerdə dayandı. O, sumkasını zeytun ağacının altındakı skamyanın üstünə boşaltdı. Zülfi sumkadan tökülənlərin hamısını görə bilmədi, təkcə diyirlənən biqudidən başqa. Zülfi bilirdi ki, qız telefonu tapa bilməyəcək, çünki telefon bu dəqiqə onun cibindədir. Qız həyəcanla yoldan ötən bir oğlana nəsə dedi. Oğlan əlindəkini –violonçel çamadanını yerə qoyub cibindən telefon çıxartdı.

Zülfi hiss etdi ki, cibində nəsə titrəyir. Sonra hansısa xarici mahnının səsi eşidildi. Zülfi telefonun səsini alıb yenidən cibinə atdı. Oğlan qıza dedi ki, cavab vermirlər. Zülfi özü bilə-bilə telefonu söndürməmişdi. O istəyirdi ki, qız ümidini itirməsin. Qoy belə düşünsün ki, onun telefonunu hələ yəqin ki, heç kim tapmayıb, tapsaydılar söndürüb içindəki nömrəni tullayardılar. Deməli, telefonu axtarmağa dəyər. Amma qız deyəsən, heç də belə düşünmürdü. Oğlan qızdan uzaqlaşdı. Qız yoluna düzəldi. O, dayanacaqda dayanıb hansısa avtobusu gözlədi. Uzaqda görünən avtobusa minmək istəyənlər birdən-birə çoxaldılar. Yırğalana-yırğalana yaxınlaşan avtobus dayanacaqda dayandı. Zülfi də dayanacaqda –qızın arxasında dayanmışdı. Avtobusun qapıları tıslayaraq açıldı. Qız ondan qabaqda dayanan qadına yol verdi sonra ayağını avtobusun pilləsinə qoydu. Zülfi cəld hərəkətlə telefonu qızın sumkasına atdı. Avtobusun qapıları bağlandı. Zülfi yan pəncərəyə başını söykəyib ağlayan qıza baxdı. Maşın hərəkət etdi, Zülfi də yoluna düzəldi.

Yağış dayanmışdı. Zülfi, üstündə iri qara hərflərlə “internet kafe” yazılan yarımtikili binanın qarşısında dayanıb, siqaret çəkən oğlanın yanına yaxınlaşıb salamsız-kəlamsız:

- Dəfnə niyə gəlmədin? –soruşdu.

- Zülfi, qardaşın canı üçün vaxtım olmadı. Burda da qoymağa adam tapa bilmədim, özün bilirsən də gərək özüm oturam dükanda. Yoxsa bu əclaflara buranı tapşırıb getsəm deyəcəklər ki, alver olmayıb. Pulların hamısını qatlayıb qoyurlar ciblərinə. İstifadəçilərə yazılan vaxtı da sistemdən silirlər, vəssalam! Dükanın aylıq kirayə pulunu da canım çıxa-çıxa ödəyirəm.

- Yaxşı görək, gopa basma burda, Sürəyya xalanın kökələrini az yemisən? Burnundan piltə-piltə töküləcək.

- Arvad kimi qarğış eləmə görüm. Bura bax, sən canın əhvalatı dəqiq bilmirəm, danış görüm, necə olub bu məsələ?

- Birincisi arvad özünsən, mən qarğış eləmirəm, sənə halalı, haramı başa salıram.

- Yaxşı görək, sən canın danış görüm məhəllədə nə baş verir? İnanmırsan, bu xarabadan çıxa bilmirəm?

- Adam çörək qazandığı yerə elə deməz.

- Yaxşı da, çərənləmə, indi də ilahiyyatçı oldun? Sən canın nə məsələdir?

- Əə, bu arvadın bacısı oğlu nə idi, o sarı, balacaboy, kök əclaf.

- Aha, tanıyıram.

- Bu əclaf xalası üçün lotereya alıb. Arvad deyib ki, gözüm görmür lotereyaya özün bax. Bu vələduzna da öz aldığı lotereyaya özü baxıb. Birdən bunların lotereyasına “Cek Pot” düşüb. Yüz iyirmi min manat. Bilirsən də bu azərlotereyada hər adam uda bilmir. Nə olubsa bu əclaf vurub, arvada da bildirməyib. Deyib, heç nə düşmədi. Bilmirəm, pulu necə əldə eləyib. O məsələ hələ dəqiqləşməyib. Pulu almağa ola bilər, özü gedib, bəlkə də başqasını yollayıb, bilmirəm, amma tanıyanlardan onu televizorda görən olmayıb. Qısası, pulu hansısa yolla əldə edib, cırıb aradan Moskvaya. Çekist Kələntər dayının dediyinə görə kişilik edib, xalasına məktub qoyub gedib. Məktubda yazıb ki, Sürəyya xala, halal elə. Bilmirəm bu nə dərəcədə kişilikdi, amma Kələntərə qalsa kişilik edib. Arvadın da ürəyi dözməyib partlayıb. Məncə elə kim olsaydı, ölərdi.

- Köpəkoğlunun pulu, yaman şeydi. Bir türk filmi var, o yadıma düşdü. Deməli, lotereya alan bir adam uduşa bir xal yandırır. Deyəsən, adamın gözlədiyi rəqəm sıfır olur, amma bir çıxır. Adam gəlir oturur çayxanada dostları ilə deyib gülür. Dostları da buna: halal olsun sənə, biz olsaydıq dözməzdik, ürəyimiz partlayardı, deyirlər. Bu adam da deyir ki, yox əşi, nə danışırsız, puldur də. Səhər xəbər tuturlar ki, adam özünü asıb.

- O kino eləydi? O cür kinonu didib dağıtdın, montaj elədin.

- Baxmışdın?

- Hə, baxmışdım. Baş rolda Şənər Şən oynayıb.

- Ay sağ ol. Vallah, kişi adamsan, sözümü yarıda kəsib demədin ki, baxmışam, saxla!

- Deyirəm, Sürəyya xalanın bacısı –o vələduznanın anası, məsələyə o qədər biganədir ki, adamın lap ürəyi sıxılır. Qancıqda orqazma çata bilməyən fahişənin laqeydliyi var.

- Hah, ha, hayy, əla dedin.

- Özüm ölüm düz sözümdü. Camaatın işi dəhşətdi. Yaxşı yadıma düşdü –deyə Zülfi üz-gözünü turşudub mövzunu dəyişdi -bir adam var, mənim gözümə görünür –dedi. -Bir yetmiş boyu olar, bəlkə də çox. Çəkisi də təqribən yetmiş beş kilo olar. Keçəldir, əlində çətir tutur. Bilmirəm niyə belədir, mən həmişə onu çətir tutan adam kimi xatırlayıram. Onu iki ay əvvəl məsciddə görmüşdüm, bir də bayaq binanın qarşısında gördüm. Evin qabağındakı mağazaya girdi. Gicbəsər satıcıdan soruşdum ki, belə bir adam gördün? Dedi, yox.

- Bəlkə qarabasmadır?

- Ola bilər, amma qəliz məsələdir. Məncə qarabasma deyil, mən o adamı görürəm.

- Gəl, bir pivə içək, keçib gedəcək. Namaz qılmağı da bilirəm ki, tərgitmisən.

- Hə, içək –deyə Zülfi telefonunu çıxarıb displeydə işıqlanan nömrəyə baxdı. Sonra cavab verdi: “yaxşı, gəlirəm” –deyib telefonu söndürdü.

- Kimdir, nə fikrə getdin?

- Atamdır, deyir təcili evə gəl. Yaxşı, görüşərik –deyə Zülfi tələsdi. Dostu, ikinci siqareti yadırmaqdan ötrü kibrit çöpünü əllərinin arasına tutdu.

Zülfi ayaqqabılarını çıxarıb mətbəxə girdi. Anası orada yox idi. Sonra zala keçdi. Atası da anası da hazırlıqlı idilər.

- Hara belə? –Zülfi soruşdu.

- Qonşunun –Ağabala Ziyadxanovun yeddisidir, ora gedirik –dedi atası.

- Hə, Allah rəhmət eləsin, gedirsiz gedin də, məni niyə çağırmısız?

- Güya bilmirsən ki, məhəlləyə oğru dadanıb? Gündüz günorta vaxtı camaatın evinə soxulub əmlakını soyur?

- Bilirəm. Sən polissən axı, hər kimdirsə bizim evə girməyə cürət etməz.

- Yox, sən yenə də evdə qal! –atası qəti tapşırıq verdi. Sonra arvadına işarə verdi ki, getmək vaxtıdır.

Zülfi paltarını dəyişib burnunu qurdalaya-qurdalaya pəncərəyə yaxınlaşdı. Pərdəni aralayıb həyətə baxdı. Bayırda dolu yağırdı. Ağabala Ziyadxanovun bağlı qalan mağazasının qarşısında beş-altı sahibsiz pişik gəzişirdi...

# 1043 dəfə oxunub

Oxşar xəbərlər

# # #