news-inner
clock08:45 calendar-gray 20 İyun 2014 view-gray1943 dəfə oxunub
view-gray1943 dəfə oxunub

Yetimin xilaskarı vərəmli Yuşka

Kulis.az yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının tərcüməsində tanınmış rus yazıçısı Andrey Platonovun “Yuşka” hekayəsini təqdim edir.

Çoxdan, ötən vaxtlar bizim küçədə görkəmcə qoca bir adam yaşayırdı. O, böyük Moskva yolunun qırağındakı dəmirçixanada çalışırdı; baş dəmirçinin əlaltısı-köməkçi işləyirdi, çünki gözləri pis görürdü, qollarının qüvvəsi azıydı. O, dəmirçixanaya su, qum, kömür daşıyır, görük basır, baş dəmirçi döyəndə maşayla zindanın üzərində qızmış dəmiri tutur, atları nallamaq üçün dəzgahın yanına gətirir, görüləsi bütün başqa işləri yerinə yetirirdi. Qocanın adı Yefim idi, amma hamı onu Yuşka çağırırdı. O, boyca balaca, arığıydı; qırışmış sifətində bığ-saqqal əvəzinə orda-burda təkəm-seyrək ağ tüklər bitmişdi; gözlərisə korun gözləri kimi ağ idi, o gözlərdə qurumayan yaşsayaq həmişə nəm varıdı.

Yuşka dəmirçixana sahibinin mənzilində, mətbəxdə yaşayırdı. Səhər dəmirçixanaya gedir, axşamsa geri gecələməyə qayıdırdı. Dəmirçixana sahibi ona işi müqabilində çörək, şorba, horra verirdi, Yuşkanın çayı, qəndi, paltarısa özününküydü; o, bunları öz maaşına - ayda yeddi manat altmış beş qəpiyə almalıydı. Amma Yuşka çay içmir, qənd almır, su içirdi, uzun illər boyusa dəyişib-eləmədən eyni paltarı geyinirdi: yayda işdən qaralıb qaxac olmuş, qığılcımlarla deşilmiş, bir neçə yerindən ağ bədəni görünən köynək-şalvarda, ayaqyalın gəzirdi, qışdasa köynəyinin üstündən ölmüş atasından qalan yarımkürkü də keçirir, ayağına da payızdan tikdiyi keçə çəkmələri geyinir, bütün ömrünün hər bir qışında elə eyni çəkmədə gəzirdi.

Yuşka səhər tezdən küçəylə dəmirçixanaya gedəndə qocalar, qarılar qalxıb deyirdilər, bax, Yuşka artıq işə getdi, durmaq vaxtıdı, - cavanları oyadırdılar. Axşamsa Yuşka sığınacağına keçib gedəndə adamlar deyirdilər, şam eləyib yatmaq vaxtıdı, bax, Yuşka da yatmağa getdi.

Balaca uşaqlar, hətta, yeniyetmə olanlar da sakitcə gedən qoca Yuşkanı görəndə küçədə oynamağa ara verir, Yuşkanın dalınca qaçır, qışqırırdılar:

- Bax, Yuşka gəlir! Odu, Yuşka!

Uşaqlar yerdən quru budaq, xırda daşlar, bir ovuc toz götürüb Yuşkaya atırdılar.

- Yuşka! – Uşaqlar qışqırırdılar. – Sən, doğrudan, Yuşkasan?

Qoca uşaqlara heç bir cavab vermirdi, onlara acığı tutmurdu; o, əvvəlki kimi, dinməzcə gedirdi, xırda daşlar, zir-zibil dəyən sifətini örtmürdü.

Uşaqlar Yuşkanın sağ olmasına, özü də onlara acıqlanmamasına təəccüblənirdilər. Sonra təzədən qocanı səsləyirdilər:

- Yuşka, sən həqiqisən, ya yox?

Sonra uşaqlar təzədən ona yerdən götürdüklərini atır, yanına qaçıb gedir, bütün böyük adamların elədikləri kimi, onları niyə söymədiyini, ağac götürüb arxalarınca niyə qaçmadığını başa düşmədən ona toxunur, itələyirdilər. Uşaqlar özgə belə bir adam tanımırdılar, fikirləşirdilər – Yuşka doğrudanmı sağdı? Yuşkaya əlləriylə toxunub, yaxud onu vurub görürdülər ki, o, möhkəm, sağlamdı.

Onda uşaqlar Yuşkanı təzədən itələyir, ona torpaq topası atırdılar – bir halda ki, doğrudan da dünyada yaşayır, yaxşısı budur, qoy acıqlansın. Amma Yuşka gedir, susurdu. Bu zaman uşaqlar özləri Yuşkaya acıqlanmağa başlayırdılar. Əgər Yuşka həmişə susur, onları qorxutmur, dallarınca qaçmırsa, oynamaq uşaqlardan ötrü darıxdırıcı, xoşagəlməzdi. Onlar da qocanı daha bərk itələyirdilər, qəzəblə cavab versin, şənləndirsin deyə, ətrafında qışqırışırdılar. Onda qorxu içində qocadan qaçıb aralanar, sevinclə təzədən uzaqdan cırnadar, sonra gecənin qaranlığında, evlərin kölgəsində, bağların, dirriklərin qalınlığında gizlənmək üçün onu öz yanlarına çağırardılar. Amma Yuşka onlara toxunmur, cavab vermirdi.

Uşaqlar Yuşkanı tamam dayandıranda, yaxud da onu həddən artıq bərk vuranda, qoca onlara deyirdi:

- Neyləyirsiniz, mənim əzizlərim, neyləyirsiniz, balacalar!.. Siz deyəsən, məni sevirsiniz!.. Mən nəyə görə sizin hamınıza lazımam?.. Dayanın, mənə toxunmaq lazım deyil, atdığınız torpaq gözümə düşüb, görmürəm.

Uşaqlar onu eşitmir, başa düşmürdülər. Hələ də Yuşkanı itələyir, ələ salırdılar. Uşaqlar sevinirdilər ki, ona istədiyin hər şey eləmək olar, qocasa onlara heç nə eləmir.

Yuşka da sevinirdi. Uşaqların nəyə görə ələ saldıqlarını, əzab verdiklərini bilirdi. Qoca inanırdı ki, uşaqlar onu sevirlər, o onlara lazımdı, amma insanı sevməyi bacarmırlar, sevgi üçün neyləmək lazım gəldiyini bilmirlər, buna görə də incidirlər.

Pis oxuyanda, yaxud valideynlərinə qulaq asmayanda evdə ata-analar uşaqlarına irad tuturdular: «Bax, sən də Yuşka təki olacaqsan! Böyüyəcəksən, Yuşka kimi yayda ayaqyalın, qışdasa nazik keçə çəkmədə gəzəcəksən, hamı səni incidəcək, çayı qəndlə içməyəcəksən, yalnız su içəcəksən!»

Yaşlı, ahıl adamlar da küçədə Yuşkaya rast gəlib bəzən onu incidirdilər. Yaşlı adamların ağır dərdləri, yaxud inciklikləri vardı, ya da kefli olurdular, bu zaman qəlbləri quduz hiddətlə dolurdu. Dəmirçixanaya, yaxud yatmağa evə gedən Yuşkanı görüb yaşlı adam ona deyirdi:

- Sən nə belə kef içində, ayrı cür gəzirsən burda? Xüsusi nə fikirləşirsən belə?

Yuşka ayaq saxlayır, qulaq asır, cavabında susurdu.

- Sözün yoxdumu, nədi, heyvanın biri! Sən mənim yaşadığım kimi, sadə, namusla yaşa, altdan-altdan heç şey fikirləşmə! De, necə lazımdı, elə yaşayacaqsan? Yaşayacaqsan? Aha!... Hə, yaxşı.

Davam elədiyi müddətdə Yuşkanın susduğu söhbətdən sonra yaşlı adam əmin olurdu ki, Yuşka hər şeydə günahkardı, dərhal da onu vururdu. Yaşlı adam Yuşkanın çəkingənliyindən hiddətlənirdi, onu əvvəl istədiyindən də artıq döyür, bununla da dərdini müvəqqəti unudurdu.

Sonra Yuşka uzun müddət yoldakı tozun içində yıxılıb qalırdı. Ayılıb özü qalxırdı, bəzənsə dəmirçixana sahibinin qızı dalınca gəlir, onu qaldırıb özüylə aparırdı.

- Ölsən yaxşı olardı, Yuşka, - sahibin qızı deyirdi. – Niyə yaşayırsan?

Yuşka ona təəccüblə baxırdı. O, yaşamaq üçün doğulduğu halda niyə ölməli olduğunu başa düşmürdü.

- Məni ata-anam dünyaya gətiriblər, onlar belə istəyiblər, - Yuşka cavab verirdi. – Mənə ölmək olmaz, həm də dəmirçixanada atana kömək eləyirəm.

- Sənin əvəzinə başqası tapılardı, köməkçiyə bir bax!

- Məni, Daşa, xalq sevir!

Daşa gülürdü

- İndi sənin yanağından qan axır, keçən həftəsə qulağını cırıblar, sənsə deyirsən – xalq səni sevir!...

- O məni anlayışsız sevir, - Yuşka deyirdi. – Adamların qəlbi kor olur.

- Onların qəlbi kor olsa da, gözləri iti görür, - Daşa dillənirdi. – Tez gəl görək! Onlar qəlblə sevsələr də, səni hesabla vururlar.

- Hesabla onlar mənə acıqlanırlar, bu doğrudu, - Yuşka razılaşırdı– Küçəylə getməyə imkan vermirlər, bədənimi şikəst eləyirlər.

- Ay səni, Yuşa, Yuşka! – Daşa kökçünü ötürürdü. - Atam deyirdi, sən hələ qoca deyilsən axı!

- Qoca nədi!.. Sinəm uşaqlıqdan əziyyət verir, xəstəlikdən bu günə düşmüşəm, qocaya çevrilmişəm…

***

Yuşka bu xəstəliyinə görə, hər yay sahibinin yanından bir aylığa çıxıb gedirdi. O, piyada, deyəsən, qohumlarının yaşadığı uzaq, ucqar kəndə yollanırdı. Onların necə qohum olduqlarını heç kəs bilmirdi.

Hətta, Yuşkanın özü də bunu yaddan çıxarırdı, bir yay kənddə dul bacısı, o biri yaysa bacısı qızı yaşadığını deyirdi. Sonrakı dəfə kəndə, daha sonrakı dəfəsə, düz Moskvaya yollandığını söyləyirdi. Adamlarsa fikirləşirdilər ki, uzaq kəndə Yuşkanın atası kimi, həlim, adamlara yük olan sevimli qızı yaşayır.

İyunda, yaxud avqustda Yuşka çiyninə içərisində çörək olan heybə salır, bizim şəhərdən çıxıb gedirdi. Yolda o, otların, meşələrin ətrilə nəfəs alır, səmada peyda olub üzən, işıqlı hava istisində yox olan buludlara baxır, daşlı yatağında gümüldənən çayların səsinə qulaq asırdı, Yuşkanın sinəsi dincəlir, o, daha öz naxoşluğunu – vərəmi hiss eləmirdi. Yuşka ins-cins olmayan uzaq yerlərə gedib, daha canlı varlıqlara öz sevgisini gizlətmirdi. O, nəfəsindən xarab olmasınlar deyə, nəfəs almamağa çalışa-çalışa torpağa əyilib çiçəkləri öpür, ağacların qabığını sığallayır, cığırdan ölüb düşmüş kəpənəkləri, böcəkləri qaldırır, özünü onlarsız yetimləşmiş hiss eləyib uzun-uzadı görkəmlərinə baxırdı. Amma canlı quşlar səmada ötür, çəyirtkələr, böcəklər, işlək cırcıramalar otların içində şən səslər çıxarırdılar, buna görə də Yuşkanın qəlbində yüngüllük vardı, onun sinəsinə çiçəklərinin rütubət, gün işığı qoxusu verən şirin havası dolurdu.

Yuşka yolda dincəlirdi. O, yol qırağındakı ağacların kölgəsində oturur, rahatlıq, isti içində mürgüləyirdi. Dincəlib, çöldə nəfəs alıb daha xəstəliyini yadına salmır, sağlam adam kimi, kefi kök halda yoluna davam eləyirdi. Yuşkanın qırx yaşı vardı, amma xəstəlik ona artıq çoxdan əziyyət verirdi, vaxtından qabaq qocalmışdı, ona görə də hamıya qoca görünürdü.

Beləcə, Yuşka hər il çöllərdən, meşələrdən, çaylardan keçib onu orda kiminsə gözlədiyi, ya da kimsənin gözləmədiyi – bunu şəhərdə heç kəs bilmirdi – uzaq kəndə, yaxud Moskvaya gedirdi.

Bir aydan sonra Yuşka adəti üzrə geri şəhərə qayıdır, təzədən səhərdən-axşamadək dəmirçixanada işləyirdi. O, təzədən əvvəlki tək yaşamağa başlayır, təzədən uşaqlar, böyüklər, küçənin sakinləri Yuşkanı ələ salır, cavabsız axmaqlığına görə, ona irad tutur, incidirdilər.

Yuşka sonrakı ilin yayınacan sakitcə yaşayırdı, yayın ortasındasa, heybəsini çiyninə salır, il ərzində qazanıb yığdığı pulu, cəmi yüz manatı ayrıca kisəciyə qoyur, həmin kisəciyi boynundan asıb qoynunda gizlədir, Allah bilir, hara, kiminsə yanına çıxıb gedirdi.

Amma ildən-ilə Yuşka get-gedə daha da zəifləyirdi, onun həyatının günləri bu cür keçib gedirdi, sinəsindəki xəstəlik cisminə əziyyət verir, onu əldən salırdı. Bir yay, Yuşkanın öz uzaq kəndinə yollanmaq müddəti yaxınlaşanda o, heç yerə getmədi. Adəti üzrə axşam, artıq hava qaralanda dəmirçixanadan sahibinin yanına gecələməyə gəldi. Yuşkanı tanıyan kefikök yol adamı onu ələ saldı:

- Torpağımızı niyə tapdayırsan, Allahın müqəvvası! Heç olmasa, ölüb eləyəydin, sənsiz daha şən olardı, yoxsa darıxmaqdan qorxuram…

Bu yerdə Yuşka, deyəsən, ömründə birinci dəfə incidi:

- Mən sənə neyləmişəm, nəylə mane oluram!.. Valideynlərim həyata gətiriblər, qanuni doğulmuşam, mən də sənin kimi, bütün aləmə gərəyəm, deməli, mənsiz də keçinmək olmaz!..

Yoldan ötən adam Yuşkaya axıracan qulaq asmayıb ona açıqlandı:

- Nə danışırsan! Sən nə dedin? Sən məni, lap məni özünlə bərabər tutmağa necə cəsarət eləyirsən, yaramaz eybəcər!

- Mən bərabər tutmuram, - Yuşka dedi, - lazım gələndəsə, hamımız bərabərik…

- Sən mənim başıma ağıl qoyma! – Yoldan ötən adam qışqırdı. - Mən özüm səndən ağıllıyam! Buna bax, dil açdı, mən sənə ağıl öyrədərəm!

Yoldan ötən qolaylanıb qəzəbinin gücüylə Yuşkanın sinəsindən itələdi, o, arxası üstə yıxıldı.

- Dincəl, - Yoldan ötən adam dillənib evinə çay içməyə getdi.

Yuşka sərilib üzü üstə çevrildi, daha tərpənmədi, yerindən də qalxmadı. Az sonra yaxınlıqdan bir adam, mebel emalatxanasının xarratı ötürdü. O, Yuşkanı səslədi, sonra onu arxası üstə çevirdi, qaranlıqda Yuşkanın ağ açıq, donuq gözlərini gördü. Onun ağzı qaraydı; xarrat Yuşkanın ağzını ovcuyla sildi, başa düşdü ki, bu şoralanan qandı. O, Yuşkanın başının üzüaşağı durduğu yeri də yoxladı, hiss elədi ki, orda torpaq nəmdi, həmin yeri Yuşkanın boğazından axan qan isladıb.

- Ölüb, - xarrat köksünü ötürdü. – Əlvida, Yuşka, bizim hamımızı da bağışla. Səni adamlar çıxdaş elədilər, hakimin kim olacaq!..

Dəmirçixana sahibi Yuşkanı dəfnə hazırladı. Sahibin qızı Yuşkanın cəsədini yudu, onu dəmirçinin evindəki masanın üstünə uzatdılar. Mərhumun meyiti üstünə onunla vidalaşmağa bütün adamlar, qocalar, uşaqlar, Yuşkanı tanıyan, həm ələ salan, həm sağ vaxtı əziyyət verən bütün camaat gəldi.

***

Sonra Yuşkanı dəfn eləyib unutdular. Amma Yuşkasız yaşamaq adamlar üçün çətin oldu. İndi bütün qəzəb, ələsalma adamların arasında qalırdı, onların arasında sərf olunurdu, çünki hər cür özgə qəzəbinə, hiddətinə, istehzasına, şərinə cavab vermədən tab gətirən Yuşka yox idi. Yuşkanı təzədən yalnız payızın ortalarında yada saldılar. Tutqun, yağışlı günlərin birində dəmirçixanaya gənc bir qız gəldi, sahibindən - dəmirçidən soruşdu: Yefim Dmitriyeviçi hardan tapsın?

- Hansı Yefim Dmitriyeviçi? – Dəmirçi təəccübləndi. – Bizdə başdan-binadan burda belə adam olmayıb.

Qız qulaq asdı, amma çıxıb getmədi, dinməzcə nəyisə gözlədi. Dəmirçi qızı süzdü: bu yağışlı hava ona nə qonaqdı belə, gətirib. Qız çəlimsiz, boyca balacaydı, amma zərif, saf sifəti o qədər incə, çəkingən idi, iri boz gözləri elə qüssəylə baxırdı ki, elə bil indicə yaşla dolacaqdı, qıza baxa-baxa dəmirçinin ürəyi yumşaldı, qəfildən də başa düşdü:

- Bəlkə o Yuşkadı? Elədi ki, var – pasportuna görə Dmitriç yazılırdı…

- Yuşka, - qız pıçıldadı. Düzdü. O, özünü Yuşka adlandırırdı.

Dəmirçi susdu.

- Bəs sən onun nəyisən? – Qohumusan yoxsa?

- Heç kəsi. Mən yetim idim, Yefim Dmitriyeviçsə, məni, balaca qızı Moskvada bir ailəyə qoydu, sonra pansionu olan məktəbə verdi…

Hər il o, mənə baş çəkməyə gəlirdi, il boyu yaşamağım, oxumağım üçün pul gətirirdi. İndi mən böyümüşəm, artıq universiteti bitirmişəm, Yefim Dmirriyeviçsə bu yay məni görməyə gəlmədi. Mənə onun harda olduğunu deyin, - deyirdi iyirmi beş il sizin yanınızda işləyib…

- Yarım əsrin yarısı keçdi, bir yerdə qocalmışıq, - dəmirçi dilləndi.

O, dəmirçixananı bağlayıb qonağı qəbiristanlığa apardı. Orda qız üzü üstə onu uşaqlıqdan yedizdirən, onun qənd yeməsi üçün heç vaxt özü qənd yeməyən adamın, ölü Yuşkanın yatdığı torpağa düşdü.

Qız Yuşkanın xəstəliyini bilmirdi, indi özü həkimlik oxuyub qurtarmışdı, onu dünyada hər şeydən çox istəyən, qəlbinin bütün hərarəti, işığıyla sevdiyi kəsi müalicə eləmək üçün bura gəlmişdi…

O vaxtdan uzun müddət keçmişdi. Həkim qız həmişəlik bizim şəhərdə qaldı. O, vərəmli xəstələr üçün xəstəxanada işləməyə başladı; vərəm xəstələrinin olduğu evləri gəzir, işinə görə kimsədən pul götürmürdü. İndi özü də qocalıb, amma hələ də bütün günü əzabları dincəltməkdən, ölümü əldən düşmüş adamlardan uzaqlaşdırmaq naminə usanmadan xəstə adamları müalicə eləyib sakitləşdirir. Hamı da şəhərdə Yuşkanın özünü, həkimin onun qızı olmadığını çoxdan unudub, xeyirxah Yuşkanın qızı adlandırıb, onu tanıyır.

Oxşar xəbərlər

Xəbər lenti

BAFTA mükafatının təqdimetmə mərasimi keçirildi
18:54 12 Aprel 2021
Anar: "Çox istərdim ki, yazıçılarımız Şuşanı ziyarət etsin"
18:11 12 Aprel 2021
Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
17:30 12 Aprel 2021
“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021