İsa qorxudan Muğanna oldu

İsa qorxudan Muğanna oldu
7 iyun 2014
# 08:00

“İki qardaş olur. Birinin adı İsa, birininki Musa. İnəklərini itirirlər. Axtarsalar da tapa bilmirlər. Atalarının qorxusundan allaha yalvarırlar ki, onları quşa çevirsin. Allah onları quşa çevirir. Elə o vaxtdan qardaşlar inəklərini axtarır, amma tapa bilmirlər.

-İsa tapdın?

-Yox.

-Musa tapdın?

-Yox”

Dil olub dillənən, adamlara öz kədərli əhvalatlarını danışan həmin quşlar haqda rəvayəti mən də ik kəz nənəmdən eşitmişdim. O quşların adını isə nənəm belə demişdi: İsa-Musa quşları. Mən aylı gecələrdə o quşları görməkçün bəlkə saatlarla ağacların dalında gizlənmiş, onları dinləmiş, hətta bəzən gizləndiyim yerdəcə yuxuya qalmışdım, amma bu sirli quşları – “qardaşları” görə bilməmişdim...

Amma sonralar İsa Hüseynovun əsərlərindən birində yenidən qarşılaşdım o quşlarla. Onda hələ ilk gənclik illərindəydim və bu nəhəng insanın kimliyini əməllicə dərk etmirdim. Amma bu quşlar haqda yeni adı bu yazıçıdan öyrəndim: anadil quşlarıymış...

...Mən İsa Hüseynovu (Muğannanı) iki gözlə görməyənlərdənəm. Yox. Ayrı cür anlamayın: nə vardı ki, mən də başqaları kimi bir-iki saatlığa gedib ustadı görər, əlini sıxar, içimdəki nigarançılıqdan qurtulardım. Amma... amması o ki, mən bu yerdə bir az mistikaya meyilliyəm: gərək bununçün qəzavü-qədər özü şərait yaratsın, yoxsa... yoxsa o boyda tilsim sınar...

Hə, İsa Hüseynov mənimçün bir tilsim idi. Muğanna isə lap sehr oldu...

“...Yazıçı gərək bir az elə tilsimli təhər olsun. Hər adamın ona əli çatdısa, tilsim sınar axı... Bir də yazıçı gərək dörd divara aşiq olsun, bağlasın qapını, saatlarla. Günlərlə çıxmasın ordan. Çıxanda da əsərlə çıxsın... yoxsa bizi qatırlar qabaqlarına mal kimi, doldururlar avtobuslara. Şəppədən-xeyir sürürlər pambıq rayonlarına, zəhmətkeşlərlə görüşə... ə, zəhmətkeşin vaxtı var kitab oxuya?!” – bu isə başqa bir ustadın, Sabir Əhmədlinin sözləridir, 70-lərdə deyəndə bloknotuma köçürmüşəm.

Tam o fikri bölüşürəm ki, yazıçı hər tərəfli azad olmalıdır. O qədər ki, hətta çörəyindən belə asılı olmamalı, maaşa işləməməli, məmur qabağında hesabat verməməlidir. Axı hamının hesabatın yazıçı düzüb-qoşur. Yoxsa yazıçıdan hesab sormaq...

Bu da başqa bir ustadın – Əkrəm Əylislinin lap bu günlərdə etdiyimiz söhbətindəndir: “İsanı Muğanna olmağa vadar edən, yəni tilsimə salan, sehrbaza döndərən onun qəddar sovet rejimindən qorxub öz içində gizlənmək istəyi idi.” Doğrudan, yazıçı bəzən maqiyaya özxoşuna getmir. Kimini qorxu aparır, kimini sehrə aludəçilik...

Yazıçını yazıçı edən isə onun hücrəsi, dörd divar arasıdır. Onun o hücrəyə “meracı” yeni-yeni əsərlərin yaranmasına rəvac verir.

...Düşməyin yazıçıların peşinə. Onları narahat etməyin. Kitablarını oxuyun əvəzində. Qoy sizin əsrdə də yazıçı öz sehrini, sirrini qoruya bilsin – anadil quşları kimi...

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #