Alim Qasımov: “Danışmaqdan qorxuram!”

Alim Qasımov: “Danışmaqdan qorxuram!”
20 may 2014
# 20:02

Alim Qasımov: “Danışmaqdan qorxuram!”

Kulis.Az Şərif Ağayarın Xalq Artisti Alim Qasımovla müsahibəsini təqdim edir.

- Ustad, necəsiniz?

- Əlhəmdülillah, yaxşılıqdı…

- Namaz qılırsınız?

- Qılıram.

- Amma bilirsiniz ki, sizinlə bağlı tamam başqa söz-söhbətlər danışırlar hərdən… Guya o hala, o havaya köklənmək elə-belə olmur…

- (Gülümsəyir) Hə, belə danışanlar olur. Bilirsiz niyə deyirlər? Adi aktyora bax, deyirsən filankəsin rolunu oyna, o saat obraza girir, səhnədə tamam başqa adam olur. Bizim də sənətdə belə bir şey var ki, gəlib oturursan səhnədə, beş-altı dəqiqədən sonra başqa adamsan! Uşaqlarla burda məşq eləyəndə də, beş-on dəqiqədən sonra başqa aləmdə oluram. Başqa aləmdə olanda mən bilirəm ki, məsələn, bir saat burda olmalıyam. Bu aləmdən tamaşaçıya fərqli şeylər çatdırmalıyam ki, zövq alsın...

- Və hətta bir dəfə qorxmusunuz daha irəli getməkdən, burnunuzdan qan açılıb...

- Bəli. Bilirsən, ilhamın elə bir halı olur ki, bəzən, qıraqdan baxan adamı dəli hesab edər. Məsələn, bir dəli küçə ilə gedir, heç kimi vecinə almır, başlayır öz-özünə danışmağa... Bəlkə də onun gözündə ətrafdakılar dəlidir. O, başqa dalğadadır. Sənətdə də belə olur. Mən bəzən tamamilə başqa dalğaya düşməkdən ehtiyat edirəm. Axı zalda tamaşaçı var? Sən bir proqramla hərəkət edirsən. Səni müşayiət edən musiqiçiləri nəzərə almalısan. Ona görə özümü tamamilə o dalğaya buraxa bilmərəm. Yoxsa mizan-tərəzi itə bilər.

- Qızınız Fərqanə xanım bu sütuasiyanı danışanda dedi ki, bir anlıq mənə elə gəldi, atam yanımdan uçub gedəcək.

- Fərqanənin gözəl aurası var. Mən onun yanında çox rahatam.

- Mənə elə gəlir, Fərqanə xanım sizi yerdən üzülməyə qoymur...

- Bu mənə çox rahatdı. Bilirəm ki, yerdə bu var də, məni qaytaracaq (gülür).

- Deyirlər, beyindən gələn səs var, ürəkdən gələn səs var, bir də ruhdan gələn… Sizinki hardandır sizcə?

- İtaliyanın musiqi “şkolası” ki, var, orda bütün səslərin dəqiq adını bilirlər. Hansı ki, bizim Bülbül, Rəşid orda oxumuşdu… İndi cavanlardan da oxuyan var! Onlar bu səsləri notla tuturlar. Amma biz fikir veririk hala, eşqə, səsin dadına-tamına, təsiredici qüvvəsinə. Bax bu hala yalnız ürəklə oxuyan xanəndələr düşür. Məsələn, Rübabə Muradovaya Allah necə bir səs vemişdi… Oxuyan kimi özü də, dinləyici də o hala düşürdü. Yaxud Qədir Rüstəmovun “Sona bülbüllər”də oxuduğu… Bu elə bir məsələdi ki, izah eləmək olmur. Eləcə hiss eləyirsən. Mən özüm də bəzən öz ifalarıma qulaq asanda məəttəl qalmışam. Özüm-özümdən nəsə öyrənmişəm. Həmin vaxt hansı halda, hansı havada olmuşam, hardan bəhrlənmişəm, hansı məktəbdən nə cür gəlmişəm - özüm heyrət eləmişəm.

- Amma bizim klassik ifaçılardan da çox şey öyrənmisiniz… O məşhur “Moskviç”inizin işindəki gül yadınızda olar. İçinə mikrofon qoyub Hacıbaba Hüseynovu danışdırırdınız…

- (Gülür) Həəə… Sən hardan bilirsən bunu?

- Soruşanda danışmırdı ki, səsini yazırdınız?

- Yooo, danışırdı, sadəcə mənim yadımda qalmırdı.

- Deməli, öz razılığı ilə yazırmışsınız səsini…

- Yox-yox (gülür). Bilsəydi atamı yandırardı! Amma bir dəfə şübhələndi. Dedi, alə, lap müstəntiqlər kimi sorğu-suala tutmusan məni, birdən səsimi yazarsan haaa!!! Çox qorxdum! Dedim, Həci, ayıb söhbətdi (bərkdən gülür). Ama 70 yaşında halallığını aldım. Dedim, bir dəfə maqnitofon gətirdim ki, filan şeyi oxu mənimçün, oxumadın, mən də acığa düşüb belə bir iş elədim. Güldü rəhmətlik…

- Böyük sənətkarların çoxu, sözün yaxşı mənasında oğru olduqlarını etiraf edirlər. Hamıdan nəsə götürürlər…

- Onun dadı qəşəng olur dəə… (gülür).

- Məncə sizin ifalarınızda Qədirdən çox şey var…

- Çox ifaçılardan var. Ola bilsin adını bilmədiyim, heç vaxt tanımadığım sənətkarlardan da var. Muğam şifahi xalq ədəbiyyatıdır. Qulaqla gəlib hopan bir şeydi. Qulaqla bülbülə də qulaq asırsan, kəkliyə də, qırqovula da! Yol gedəndə bir uşağın fitnən nəsə çaldığını eşidirsən… Sən indi söhbət üçün bu maqnitofonu qoşmadın? Bizdə bu həmişə qoşuludu. Ürəkdə ki, istək var, bütün gözəl səsləri beynimizə, ürəyimizə yazırıq. Bir dəfə, sözünün qüvvəti, Astaraya getmişdik. Hamı toplaşdı başıma, yolun qırağında çay satan bir kişi nəsə bir-iki ağız oxudu. Sağollaşıb ayrıldıq. Azca aralanmışdım ki, həmin adamın səsi mənə qəfil çatdı elə bil. Dedim, yox eee… mən o səsi yazmalıyam. Qısa bir boğaz eləmişdi… Geri qayıtdım. Səsini yazdıq.

- Nə oxudu ki?

- “Aşiqəm kimə yalvarım?” Amma ayrı cür oxudu. Ona görə geri qayıtmağa məcbur oldum.

- Ustad, Yaqub Məmmədov sizdən çox narazı idi…

- Ola bilməz! Mən onu həmişə çox istəmişəm, aramız yaxşı olub. Ölümündən bir gün qabaq bir hüzürdə görüşdük…

- Şəxsi münasibətə görə deyildi. Bir dəfə ondan müsahibə aldım, dedi, Alimə deyirəm, klassik muğamı niyə belə oxuyursan? Mənə deyir, doğru deyirsən, üzümdən öpür, amma sonra gedib yenə bildiyini eləyir.

- Adam ölənin dalınca danışmaz, amma həqiqətən belə bir söhbətimiz olmayıb. O, çox təbii adam idi. Yoldaşlığımız olub onunla, yolunu saxlamışam, həmişə şagirdlik eləmişəm ona.

- Yaqub Məmmədov deyirdi, bəzi tanınmış xanəndələr var ki, şeytani səslə oxuyurlar. Deməli, səs təkcə beyindən, ürəkdən və ruhdan gəlmir, həm də şeytandan gəlir.

- İnsanın quruluşu eynidir. Elə onun boğazının da. Amma insan səsləri biri-birinə oxşamır. Məncə şeytani səs olmur. O, loru dildə xoşa gəlməyən səslərə elə deyib.

- Xaric səs şeytani deyil?

- Yox, yox, şeytani ola bilməz! Bir var Yaqub rəhmətliyin özündəki kimi, Allahın verdiyi gözəl səs, bir də var gözəl olmayan, xoşa gəlməyən səs. O, öz səsi ilə müqayisədə kiminsə səsinə belə deyə bilər.

- Sizi səs imtahanından kim kəsmişdi Sumqayıtda?

- Vallah yadımdan çıxıb. Oranın musiqi məktəbinin direktoru kim idi? Bilmirəm. Əlbəttə, indiki kimi oxuya bilmirdim, amma səsim vardı (gülür).

- Alimi səsdən kəsmək nə deməkdir? Pul istəyirdi?

- Şübhəsiz o vaxt pul-zad alırdılar. Asəf Zeynallı üçün məndən 2500 manat istəmişdilər... Sonralar məni gördü o kişi. Onda sürücülük oxuyurdum. Dedi, gəl oxu musiqi məktəbində. Dedim, hara gəlirəm, qoymadın oxuyam, indi məni əsgər aparırlar! Çox dirəşdi ki, gəl, getmədim.

- Məhəmməd peyğəmbər deyib mənim möcüzəm Qurandır. Quranın intonasiyası çox təsirlidir. Məsələn, bircə İxlas surəsi ilə adamı ovsunlamaq olur…

- Düz oxunsa hə…

- Bir də səsi ilə məşhur olan bir peyğəmbər var…

- Hə, Davud peyğəmbər. Bir də Bilal vardı, gözəl səsi olduğuna görə Allahın rəsulu deyib, ilk azanı o oxusun…

- Deyirsiz, heç nə oxumuram, bəs bunları hardan bilirsiz?

- Qulaq günahkarıyam. Məclislərdə eşitmişəm.

- Quran kurslarına yenə gedirsiz?

- Yox, kurs demək olmaz, yüngülvari öyrənmək üçün bir müddət məşğul oldum. Bir az bilirəm...

- Aşıq Şakirlə “düşmənçiliyiniz” nə idi ki, “Şirvan şikəstəsi”ni elə oxudunuz?

- Yoox, elə demə. Allah onların ruhunu şad eləsin. Onlar vaxtında öz sözlərini deyib, öz sənətlərini qoyub gediblər. Məndə bunun belə alınmağı muğamla aşıq sənətinin bir bağlantısı, bir keçididir. Bu şikəstədə heç vaxt qəzəl oxunmayıb. Əsasən qoşma oxunub. Amma mən “Mənim bu aləm içrə bir qara gözlü nigarım var / Gecə-gündüz fərağından nə səbri nə qərarım var”.

- Bu ideya kimin idi? Sizin “Şirvan şikəstəsi” oxumağınız?

- Allahın qisməti. Tam təsadüfdən alındı.

- Və siz orda qoşma da oxumusunuz qəzəllə birlikdə...

- Həə, qoşmayla bitirmişəm. Bayaq dediyim kimi, muğamla aşıq sənəti arasında bir bağ yaratmağa çalışmışam.

- Məncə, “Şirvan şikəstəsi” təkcə aşıq sənəti ilə muğam arasında deyil, Alimin qəbul olunan və tərəddüd edilən klassik və yeni dünyaları arasında da bir qızıl ortadır. Çünki, bu şikəstəni sevib qəbul etməyən adam, demək olar ki, yoxdur.

- Həəə, elədir, hamı bəyənib! (Gülür). Hətta bir cənublu qardaşımız vəsiyyət edib ki, məni bu şikəstə ilə dəfn edərsiz... Təsirli alınıb, doğrudan.

- Sarayda verdiyinmiz knsertlərin birində məşhur saz havası olan “Dubeyti”ni çox qəribə tərzdə oxudunuz... Şəxsən mən şokda idim.

- Dəqiq yadımda deyil həmin ifa. Amma deyim ki, mənə Şirvan aşıqları ilə yanaşı Borçalı, Qazax, Tovuz aşıqları da təsir edib və onlardan da bəhrələnmişəm.

- Ustad, Füzulinin qəzəllərində niyə səhv buraxmamısınız heç? Bunu etməyən yeganə xanəndəsiz bəlkə də...

- Yox, mən başdan-ayağa səhv oxumuşam.

- Yox, yox, mən buna əminəm. Bəzən səhv ifadəniz olub, amma geri qayıdıb düzəliş vermisiniz... Təbbi ki, mexaniki xətalardan danışmıram...

- Mən Füzulini bilmirəm, ona görə səhv oxuyuram.

- Amma çox sevirsiz Füzulini... Hiss olunur.

- Hə, elədir.

- Şiəsiz?

- Heyif ki, bizi belə təriqətlərə bölüblər. Parçalayıb zəif salmaq üçün... Mən bu bölgüləri qəbul eləmirəm. Hamımız bir Allahın quluyuq.

- Möhürlə namaz qılırsız?

- Yox, möhürsüz...

- Seyiddən oxuyursuz: “Seyr et Nəcəf diyarını bul dürri-vəhdəti / Bundan savayı mən nə açım yar söhbətin...”

- Həzrət Əli bizim din sütunlarından biridir. Ömər də onun kimi... Amma bunların arasında bir uçurum yaradıblar.

- Ömərin adı olan qəzəl oxumamısınız...

- Rastıma çıxsa oxuyardım...

- Füzulini böyük eşqlə oxuyursuz. Amma mənə elə gəlir, Seyidin qəzəllərində daha rahatsız, daha azadsız, elə bil daha çox vətəndəsiz.

- Seyid Füzuliylə müqayisədə bir az sadə yazıb, bəlkə buna görədir. Amma hamı bilir ki, Füzulinin yeri başqadır.

- Mənə belə gəlir ki, qəzəllə bağlı məsləhətləşdiyiniz xüsusi bir adam var.

- Yox, belə bir adam yoxdur. Amma mən həmişə çalışmışam ki, Hacı Maildən, Vasim Məmmədəliyevdən, Ələmdar Mahirdən və başqalarından nəsə öyrənim. Təəssüflənirəm ki, bu adamlarla çox məşğul ola bilmədim. Öz içindəki alovu beytin alovuna qata bilsən böyük əsər yaranar. Bunun üçün o beytin mənasını-mətləbini yaxşı bilməlisən. Təəssüf ki, mən bəzi beytləri başa düşmədən özümdə eşq yaradıram ona qarşı. Şairin dediyini öz bildiyim kimi təsəvvürümdə canlandırıram.

- Şəcəryanla aranız necədir?

- İran boyda ölkədə ustad adı qazanmaq hər sənətkarın işi deyil.

- Sizdən böyük olar məncə... Yaşca deyirəm...

- Bir az yaşlıdır.

- Səhnədə oturmaq, qavalların düzülüşü-filan, sizdən əvvəl onlarda olub.

- Bu, bineyi-qədimdən var. Azərbaycanda da yerdən otururmuşlar qədimdə. Belə fotoşəkillər də var, hardasa görmüşəm.

- Şəcəryanla görüşmüsünüz?

- Görüşmüşəm. İranda da, İsveçdə də!

- Bəzi adamla düşünür ki, bizim muğamlar onlarla müqayisədə bir az zəifdir.

- Millət olaraq onların sayına bax. Həm də oxunan sözlər onların ana dilindədir.

- Şəcəryan sizə qulaq asıb?

- Yəqin ki.

- Söhbətiniz olmayıb heç?

- Belə, qısa. Tərcüməçi vasitəsi ilə.

- Eqoist-filan deyil ki?

- Yox, sadə adamdır.

- Bir Şəhram Naziri də var...

- Həə, onunla çox yaxınam. Evlərində çalıb-oxumuşuq. O da böyük sənətkardı. Şəcəryandan da fərlidir yolu. Şəcəryan daha ağırdır.

- Təsəvvüflə aranız necədir? Sizi sufiyə bənzədənlər də var...

- Mən o elmi bilmirəm, amma gördüyüm iş sırf hal məsələsidir. Bizimkinə artıq musiqi demək olmaz.

- Demək olarmı ki, sizi namaza səsiniz gətirib çıxardı.

- Bilmirəm. Amma bu sənət məni çox tərbiyə edib. Həmişə deyirdim 40 yaşından namaza başlayacam. Hələ bir az gecikdim... Bir səhər qalxıb namaza durdum. Gördüm həyat yoldaşım da arxamda namaz qılır. Heç “Qülhüvəllah”ı deyə bilmirdi. İndi ərəbcə oxuyur. Məndən tez öyrəndi. Bu da Allahın bir hiklmətidir.

- Akif İslamzadəyə qulaq asırdınız?

- İndi də qulaq asıram. Çox gözəl, özünəməxsus ifası, fərqli mahnıları var.

- O deyir, səsim batmasaydı gəlib Alim Qasımova çıxacaq, onun kimi oxuyacaqdım. Amma qismət Alimin imiş... Siz hara çıxmısız? ORA haradır?

- (Gülümsəyir) Mənim musiqim sufi-dərviş halına döndü. Başqa heç nə deyə bilmərəm.

- Ustad, ORAdan necə görünür bu şəhər? Bu tikinti bumu, çoxlu xarici maşınlar, qulaqbatırıcı siqnal səsləri?

- ORAdan heç nə görünmür və heç nə eşidilmir. Bu dünya orda yoxdu...

- Qar yağan vaxtı işığınız sönəndə də ORAda idiniz? Deyirsiz, özüm üçün yox, ehtiyacı olanlar üçün səs-küy elədim...

- Yox, bu söhbətləri qaldırmışamsa, deməli, orda olmamışam. Həmişə orda olmaq mümkün deyil. Bəzən adam əsəbləşir, gərginliyə dözmür.

- Bəs YUNESKO-nun mükafatını alanda kəpənək qalstukdan niyə imtina etdiniz?

- Yoxum idi, ona görə...

- Deyiblər, burda xüsusi formalar var, amma geyinmək istəməmisiniz və onlar da sizi anlayışla qarşılayıblar. Beləliklə, tədbirdə səhnəyə çıxan, yeganə kəpənək qaltuksuz sənətkar olmusuz.

- Açığı, dəqiq xatırlamıram, amma öz sadə paltarımda səhnəyə çıxdığım yadımdadır. Qara kostyum, ağ köynək geyinmişdim.

- Tarixən, xanəndələr saraylarda olub, amma aşıqlar xalqın arasında... Bu nə ilə bağlıdır sizcə?

- Kasıb-kusubun xanəndə çağırmağa pulu olmayıb axı.

- Aşıq pulsuz da gedirdi...

- Aşıq dərviş kimidir. Gəzərgidir. Xanəndəlik pul və yer tələb elədiyindən varlı adamların evində, saraylarda olub.

- Bir də, düşünənlər var ki, muğam hücrə musiqisidir. Publika üçün, geniş salonlar üçün deyil... Amma Alim Qasımov muğamı hamıya sevdirə bildi. Bu necə oldu? Bəlkə xaricdə təsdiq olundunuz deyə sizi asanlıqla qəbul elədilər.

- Bu amil də var... Amma geniş səhnəyə çıxmaq o vaxt ağlıma gəldi ki, Fransada bələdiyyə teatrının binasında konsert verirdim, 1200 nəfərlik zal doldu və xeyli adam da çöldə qaldı. Ora məşhur səhnədir... Bu təsirlə fikirləşdim ki, Bakıda, sarayda niyə konsert verməyim? Əvvəl 5-6 yüz nəfər gəldi, sonra min nəfər. Daha sonrakı konsertdə sarayı doldurdum. Hətta çöldə qalıb bayır üçün kalonka istəyənlər də oldu. Yəni, bunun üçün də zəhmət çəkdim, göydəndüşmə olmadı.

- Muğam insanlarda reallıq hissini itirir– bu fikir də səslənir bəzən. Bu barədə nə deyə bilərsiz?

- Muğama ruhən təmizlənmək üçün qulaq asırsan. Knsertdən sonra get işinlə məşğul ol. Xanəndə əl-qolunu bağlamayıb ki?!

- Cəmiyyət bəzən sevdiyi sənətkardan vətəndaş mövqeyi də umur. O cümlədən sizdən. Niyə heç vaxt hansısa problem barədə danışmırsınız?

- Əvvəla, mən mətbuatdan uzaq adamam. Sənətim elə bir sənətdir ki, tənhalığı, pünhana çəkilməyi sevir. Hər hansı bir adamla – dəxli yoxdur siyasətçi, sənət adamı və ya məmurla mübahisə etməyim, söz güləşdirməyim sənətə köklənməyimə mane olur, məni küsdürür elə bil. Bundan çox qorxuram!

- Ürəyiniz istəyən dinləyiciləriniz çoxdur?

- Nə deyim? Tanımadıqlarım da var axı... Məsələn, elə adam var, deyir, inanmıram ki, gəlib əlimlə sənə toxuna bilərəm (gülür). Belə də olur: biri yol gedəndə uşaqları özlərini öldürür ki, Alimi qoyma, istəmirik. Amma yolun bir yarısında həmin adam uşaqlarından 5-cə dəqiqə möhlət istəyir ki, mənə qulaq assın (yenə gülür). Nə bilim, hər cür münasibət var.

- Son dövrlər ürəyinizcə oxuyan bir ifaçıya rast gəlmisiniz?

- Bilirsən, bu sənət təkcə səslə bağlı deyil. Musiqi duyumu, ritm, nitq qabiliyyəti, söz, yaddaş, üstəlik çoxlu zəhmət... bütün bunlar hamısı cəm olanda dünyəvi sənətkar yetişir. Hərədə bir şey çatışmır. Mükəmməl bir ifaçı ortaya çıxsa, mən ad çəkməsəm də, onu görəcəksiniz.

# 7609 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
# # #