Bakının ən ucuz kafesindən REPORTAJ

Bakının ən ucuz kafesindən <span style="color:red;">REPORTAJ
10 sentyabr 2016
# 10:38

- Qardaş, deyəsən biznesmensən...

- Yox, bu hardan çıxdı?

- Stoldakı kağızlarının üstündə “Alman malı” yazılıb, ona görə soruşdum.

- Yox, bu redaktə etdiyim kitabdır.

Qardaş bir şey başa düşməsə də, özünü anlayırmış kimi göstərib başını bir-iki dəfə tərpətdi.

Sonra nə işlə məşğul olduğumu soruşdu və mən internet saytının ona nə olduğunu başa sala bilmədim.

Bu söhbət “Bıstro” kafesində baş tutub. Bakıdakı nadir Sovet nişanələrindən birində... Rus fotoqraflar Bakıda olanda paytaxtımızın simvollarını lentə köçürüblər. Onlar “Bıstro”dan da fotoreportaj etmişdilər.

***

“Bıstro” adından da göründüyü kimi ayaqüstü, atüstü kafedir. Özünə xidmətdi burda. Kafedə 8 stol var, hər stolun ətrafında 4, adam lap çox olanda 5 nəfər dayanaraq bir qismat çörək kəsə bilir. Bura adətən ucuz yemək və ucuz içki həvəskarları gəlir. Amma burdakı yeməklərin keyfiyyəti bahalı restoranlardakından, inanın ki, geri qalmır. Bilirəm, inanmayacaqsınız. Gəlin, görün!

Belə də ki, inanmırsınız, inanmayın... Amma, məsələn, gənc və perspektivli yazıçı Cavid Zeynallıdan oranın necə yer olduğunu soruşa bilərsiniz. Günlərin bir günü Cavid sevinə-sevinə dedi ki, bəs, bir dənə əjdaha kafe tapmışam, əsl sən deyəndir, proletariat yeməkxanasıdır. Bir borş, bir balıq yedim, çörək, göy-göyərti də öz yerində, kompot içdim, hələ xırda-para şeyləri demirəm, 3 manat pul verdim, araq içmədiyimi görüb elə bildilər ki, pulum yoxdur, arağa və pivəyə də qonaq elədilər.

Bəlkə yenə inanmayacaqsınız, ancaq Cavidin dediyi sonuncu məqam burada az qala adət halını alıb.

Stol ətrafına hiss etsələr ki, araq içmək istəyirsən, amma pulun yoxdur, mütləq səni quş südünə qonaq edəcəklər. Hətta zakuskanı da təşkil edirlər.

***

“Siqaret çəkmədiyiniz üçün təşəkkür edirik”. Belə bir elan var o kafedə. Ancaq bu elana heç kim əhəmiyyət vermir. Elə işçilərin özləri də. Siqaret çəkənlərə heç bir irad bildirilmir. Amma özləri siqareti çöldə çəkirlər.

“Kənardan içki, yemək gətirmək qadağandır”. Divara vurulmuş bildirişlərin birində isə belə yazılıb. Bu qaydaya demək olar ki, hamı əməl edir. Ancaq bəzi istisnalarla...

Bir dəfə görürəm ki, bir kişi ciddi səylə aereport çantasını açıb, içindən üstündə çin qızlarının fotosu olan o məşhur göy rəngli kulyoku çıxardır, bu kulyokun içindən də bir ağ sellofon çıxır. Onun içindən də “pesok kulyok”una bükülü şeyi masanın üstünə qoyur. Dedim, sən Allah, görüm bu ordan nə çıxardacaq? Bir də görəm nə? Bir dənə badımcan turşusu! Zəruri xatırlatma: bir badımcan turşusunun “Bıstro”dakı qiyməti 40 qəpikdir.

Bu qaydaya əməl eləməyən qoca bir rus da var. Araq sifariş verir, stolun ətrafında öz yerini tutur, özü də elə stol tapmağa çalışır ki, işçilərin nəzərindən yayına bilsin. Məqam gözləyir, şans yaranan kimi torbasındakı “zakuska”ları stolun üstünə yığa bilsin. Belə momentlərdə həmişə ona göz vururam və görürəm ki, bu, onu həyəcanlandırır. Çarəsiz şəkildə boynunu bükür və sanki deyir: “Neyləyim e?”. Bu qoca rusla eyni işi görən azərbaycanlı qardaş da var.

Beş qəpik əslində bir şey deyil. Amma bu kafedə beş qəpiyə də nəsə almaq mümkündür. Məsələn, zakuska üçün feyxoe... Hərdən görürsən ki, müştərilərdən bəziləri şikayət edir. Deyirsən, nə baş verib? Cavab verir ki, vallah, bunlar ağ eləyiblər, əvvəl filan şey 5 qəpik idi, indi 10 qəpiyə qaldırıblar. Burda 5 qəpiyə bir pomidor turşusunun dörddə birini də almaq olar. 5 qəpiklik turşu zakuska üçün əvəzsiz şeydir. Yəqin ki, bura 5 qəpiyin tədavüldən çıxmadığı yeganə yerdir.

***

Yəqin bilirsiniz, “Dirol”u qəzet köşklərində 40 qəpiyə satırlar. “Bıstro”da isə “Dirol” 35 qəpikdir.

***

“Bıstro”nun daimi qonaqları həddindən artıq çoxdur, amma üç nəfəri burda daim görmək olar: Kolya, Saşa və Vasya. Təsəvvür edin ki, rus fotoqraflar şəkil çəkmək üçün bura günün günorta çağı gəlirlər ki, heç kim narahat olmasın. Və Kolya yenə ordadır, rus fotoqrafların obyektivinə düşür.

Bu üç dost fasiləsiz içir və sərxoş olmurlar. Vasya zövqlü, bahalı geyimi ilə bura gələnlərin hamısından fərqlənir, hiss olunur ki, işi-gücü olan adamdır. Onun məhz bura gəlməyi bəzən bu kafeyə yeni qədəm qoyanları təəccübləndirir. Ancaq görünür onun bura gəlməyində bir hikmət var.

Bura darıxan adamların məskənidir əslində. Burdakı insanların necə darıxdığını hiss etmək üçün onları diqqətlə müşahidə yetərlidir. Şair demişkən, gözlər qəlbin aynasıdır. Onların darıxdığını həm də ciddi-cəhdlə səni söhbətə çəkməklərindən bilirsən.

***

Günlərin bir günü bərk sərxoş olan birisi müştərilərdən birinin gödəkcəsini götürüb getdi. Kafedə kamera olduğundan oğrunun kimliyi dərhal bilindi. Gödəkcəsi oğurlanan adam polisə şikayət etmədi, “yəqin ehtiyacı var oğurlayıb, bir gödəkcəyə görə adamı bədbəxt eləməzlər” - dedi. Kolya dirəşib öz gödəkcəsini ona verdi ki, yolda üşüməsin.

***

Bu kafedə demək olar ki, hər gün müxtəlif maraqlı hadisələr baş verir. Bir dəfə təxminən 50-yə yaxın yaşı olan bir kişinin kiminləsə sözü çəp gəldi. Kişi necə vurmuşdusa, arada ayağı büdrədi, çənəsi stola dəydi. Danışmağından da qalmadı: "Siz öləsiz, hamınızı məhv eləyərəm, siz deyəsən məni tanımırsız, mən Yaponçikəm, o məşhur Yaponçik".

Mübahisə sakitləşəndə mənə yaxınlaşdı: “Sən mədəni və ziyalı adama oxşayırsan, qəzet-zad oxuyursan yəqin, məni də tanıyarsan, mən Yaponçikəm, nə lazımdırsa təşkil edək sənin üçün”. Onu tanıdığımı bildirib, təşəkkür etdim və heç nəyə ehtiyac olmadığını söylədim.

***

Bir dəfə də yenə 50 yaşlarında bir kişi söyüş söyürdü. Cavan oğlanlardan biri ona yaxınlaşıb irad tutdu və tinə keçməyi təklif etdi. Kişi əsəbi şəkildə dedi ki, axı sən kimsən, mən sənlə tinə keçim, sən bilirsən mən kiməm? Nəsə bunları araladılar, cavan oğlan kafeni tərk etdi. Kişi təxminən 5 dəqiqə öz-özünə deyindi və özünü çölə atdı ki, oğlanla haqq-hesab çürütsün. Oğlan çoxdan uzaqlaşmışdı. “Doğulduğum gündə də öldüm” deyən Həzrət Əlinin sözlərinə inansaq 5 dəqiqə bir igidin ömrüdür.

***

Yadımdan çıxmamış bir nəfərdən də danışım. Bura bir qolu olmayan cavan bir oğlan da gəlir. O, həm də axsayır. Hiss olunur ki, ayağının birində də ciddi problem var. Cavan oğlan bura tez-tez gəlir. Hamı sifariş verir, bizim iki əllə apara bilmədiyimiz sifarişləri bir əlində aparır. Maraqlıdır ki, ona kömək üçün heç kim cəhd göstərmir. Halbuki, buradakı insanlar əslində yardımsevərdirlər. O oğlanın bu halı adamı kədərləndirdiyi qədər yeyib-içməyə həvəsləndirir. Qardaş bu vəziyyətdə də yeyib-içməyindən qalmırsa, sən sağlam canınla niyə qalasan ki?

***

Bura bir nəfər də gəlir. Sifəti kömür kimidir. Ustad demiş, mən onun sifətində insan əzabının son həddini görürəm. Alnındakı qırışlar cadar-cadar olmuş torpağı xatırladır. Bir dəfə onu söhbətə çəkməyə çalışdım. Heç nə danışmadı, ancaq az qala hönkürəcəkdi. Onu söhbətə çəkmək istədiyimə görə it kimi peşman oldum, indi də özümü bağışlaya bilmirəm.

***

Mən Murad Köhnəqala ilə burda tanış olmuşam. Yumurta-pomidorla konyak içirdim. Birdən bir nəfər yaxınlaşdı, bura boşdurmu dedi, buyurun dedim. Başımı yuxarı qaldıranda gördüm Murad Köhnəqala! Qarşısında 100 qram araq və feyxoe.

Dedim, sizi tanıyıram və başladıq söhbət eləməyə. Murad Qorki adına Ədəbiyyat İnstitutuna girməyindən, qızlarla necə fırlanmağından, elədiyi davalardan danışdı. Sonda da yazdığı kitablardan. Və əlavə konyak almağa pulumun olmadığını bilib, “Bıstro”dakı adətə uyğun olaraq məni 150 qram konyaka qonaq elədi.

***

Bura tez-tez gələnlərdən biri də gözəl şairimiz Əlisəmid Kürdür. Və mən bilirəm ki, təkcə Əlisəmid Kürün yox, Şərif Ağayarın, Seymur Baycanın, Səbuhi Məmmədlinin də burda çox maraqlı günləri olub.

***

Dəyərli dostlarımızdan biri yeni kafe açıb, ona görə də çoxdandır “Bıstro”ya getmirəm, ancaq əminəm, hər şey qoyub gəldiyim kimidir.

# 9680 dəfə oxunub

Oxşar xəbərlər

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
#
#
# # #