Şou-biznes haqda roman belə yazılmalıydı

Şou-biznes haqda roman belə yazılmalıydı
16 may 2014
# 15:39

Cavidin “Femme Fatalesi” - Leylası

“Məşhur insanlar müxtəlif həyat tərzlərini və cəmiyyətin qavrayış tərzini kütləyə nümunə göstərmək üçün mövcuddurlar. Və bu mənada özlərinin “qlobal” olduqlarını ifadə etmək azadlığına sahibdirlər.”

Guy Debord. “Gösteri Toplumu”

Bəlkə əvvəlcə “Leyla” romanının ümumi “aura”sına toxunmaq lazımdır. Valter Benjaminin təbirincə desək, əslində “aura” təkcənəliyin, orijinallığın yaratdığı təəssüratdır. Di gəl, bunun kənarında da “aura” yaratmaq imkanı mövcuddur. Bu mənada yaranan “təəssürat”, “aura” əsərin məqsədindən asılıdır. Əgər hədəf Cavidin qarşısına qoyduğu kimi ifşa etmək və pop-art, “şou-biznesi”n siyasi və mədəni propaqandaçılıq funksiyasını kütləvi tirajlamaqla hamıya agah etməkdirsə, o zaman roman oxucuda bəsirət pərdəsini deşib, parçalayıb həqiqi mənzərəni görməyə imkan verə bilər. Bildi. Bilir.

Müəllifin ölümünü elan etmədən öncə, Cavidin “məsələsi”nin nə olduğu sualı ətrafında düşünmək istəyərdim. Rolan Bart yazıçının, yaradıcı insanın “məsələsi” olmalıdır deyə vurğulayır. Elə bizim zənnimizcə də, Cavidi narahat edən, onu yazmağa təşviq edən, cəhdləndirən bir çıxış nöqtəsi, matrisi, paradiqması, çox dərinə basdırılmış arxetipləri olmalıdır. “Məsələ”si olmayan (problem yox, bir növ məsələ, həll edilməyi gözləyən məsələ) yazıçılar qrafomanlardır. Ki, burada da əslində müzakirəyə böyük mötərizə açmaq təqdiri-şayandır.

Ancaq Cavidin “məsələsi” qrafoman “arxetipsizliyinin”, “şüuraltısılzığının” əksinə daha dərin və daha aktualdır. Jurnalist Rəcəbin “flanör”lüyü, avara və sərgərdan həyat keçirməsi, ancaq eyni zamanda bu avarılığın üfüqündə ümidlə “günəş gözləyən” və öz qalibiyyətinə, uğruna qıyğacı inanan tipik azərbaycanlı yazıçını, ziyalını görürük. Bu xarakterdə ənənəvi və mental həyat tərziylə (Əsmər) daha içi boş, daha buludüstü və “femme Fatale” meylli (Leyla) bir tərəddüd məqamını görmək mümkündür. Və Cavidin məsələsi əslində bu dillemanın, bu dualığın, ikiləşmənin və iki arada bir dərədə qalmağın məsələsidir. Bu problem bir tərəfdən cəmiyyətə sırınan o parlaq işıqlı həyat, digər tərəfdən isə müəllifin özünün roman boyu yaratdığı kənd obrazı…

Rasim Qaraca öz məqaləsində bu kəndlilik və təzək qoxusunu bir yazarın düşüncəsinin səviyyəsi kimi təqdim edir. Etməyə cəhdlənir. Di gəl, unudur ki, varoluşumuzun və ətrafımızın özü, evimizin kandarı, toplumsal bilincimiz elə əslində Cavidin bənzətmələri kimi təzək iyi verir. “İnformasiya inqilabı”na qulağını tıxamışlar olaraq təzək qoxusunun təkcə tövləmizdən, əyin-başımızdan yox, düşüncəmizdən, varoluşumuzun mahiyyətindən gəldiyini qeyd etmək lazımdır. Bəlkə də, Cavidin məqsədi, məsələsi elə düşüncəmizi bu kənd ab-havalı şou-biznes “aurası” yaradan romanıyla rişxənd etmək, zarafatlaşmaq, ifşa etməkdir. (?) Bu mənada mövcud burjuaziyanın dırmığını, orağını hələ təzəcə əlindən yerə qoyduğunu, ancaq önlüyünü çıxarmağı unutduğunu deyə bilərik.

Rəcəb, Leyla və bütünlüklə romanın yaratdığı mənzərə mənim zənnimcə “milli citch” örnəyidir. Çünki, atalarımız bəlkə də “Citch”ə ən yaxşı kəlamı işlədiblər. “Üstü bəzək, altı təzək.” Dünyanın dalınca tələm-tələsik qaçan bütün “gecyuxudanoyanmış” cəmiyyətlər kimi, hər şeyə bir quş qoymaq xatirinə baş vururuq. Bu mənada Fukonun “yanlışbilinc” termini əslində məsələni daha geniş şəkildə açır. Bəli, hamımız yanlış bilinclənmiş, səhv məlumatlarla doldurulmuş haldayıq.

Qəfildən azadlıq əldə etməyin və onun ardınca gələn işğal qələbədən çox məğlubiyyətə köklənmiş cəmiyyətimizi hər şeyin “hiperhəqiqətini” yaratmağa məcbur etdi. Biz Lacanın təbirincə desək, “şizofrenik” bir topluma çevrildik. Elə buna görədir ki, öz “flanör“lüyü və cəmiyyətin “vədsizliyi” qarşısında Rəcəb “məşhur yazıçı hiper həqiqətini” uydurub. O, elə güman edir ki, romanını çap edən kimi kütləvi satışlar və qarşısı alınmaz şöhrət onun qapısını çalacaq. Əslində bu bir növ Rəcəbin mövcud varoluşumuza ironiyasıdır. Bu məqamda elə Cavidin məsələsi də daha aydın ortaya çıxır. Cavid, o, dayanmadan məşhur yazıçı adları sadalayan Rəcəbin timsalında bizə təqribən belə bir fikir çatdırır. “Mass-media və panoptikon var olduqca Leylalar və onun güdükçüləri qəhrəman kimi sırınacaq. Rəcəb kimilər öz hiper-uğurunun təsirində adi bir “flanör” həyatı yaşayacaqlar.”

Panoptikon romanın elə girişindəcə özünü göstərir. Onun varoluşu, gizliliyi, xəlvəti işləməyi strukturun və bütünlüklə sistemin Çarli Çaplinin “Modern Zamanlar” filmindəki kimi bütün çarxlarıyla necə işlədiyinin göstəricisidir. Rəcəbin rahatca döyülməyi, onun bütün hallarda təhqir olunması və bir növ medianın “dördüncü hökümət” adlı mifinin çoxdan zibil qabına tullandığının xəbərçisidir. Şübhəsiz “Leyla” romanını daha konseptual və semiotikanın bütün imkanlarıyla və tənqidin “dekonstruksiyalı” oxusuyla analiz etməli olsaq, xeyli dərin mətləblərə toxunmaq gərəklidir.

XXI əsrin afyonu, nəşəsi SEKSDİR. Mass-medianın, yəni Leylanın və Rəcəbin eyni silahın mərmiləri olduğu sistem kütləni həyatın əsas qayğılarından uzaqlaşdıraraq, daha yüngül mövzular barəsində düşünməyə sövq edir. Mişel Fuko deyirdi: “Dövlət müharibələri və topluma aid problemləri ölkənin sərhədlərinin kənarına çıxarıb. Kütlə zərərsiz bir birlikdir.” Bu mənada Rəcəb və Leyla bizim hamımızıq. Çünki, 24 saat televiziyadan bizə məcburən sırınan lüks həyat nağılları, kapitalizmin (buna post-kapitalizm də demək olar) bizi dayanmadan istehlakçı və alıcı kimi formalaşdırması bunun ən bariz örnəyidir. Elə roman boyu adları çəkilən maşın firmaları, eynək qiyməti və başqa nəsnələr də məndə Cavidin kapitalizmə qarşı amansız müharibə elan etdiyi təəssüratı oyatdı.

Bizim şou-biznes haqqında bir roman məhz belə yazılmalıydı. Bənzətmələri kənd-kəsək “aurası” yaradan, içində dərinliyi olmayan “femme Fatale”nin və “flanör”lüyün ironik bir şəkildə təqdim edildiyi roman…

P.S. Leylalar və ya Röyalar bizi kapitalizm dünyasına və “səhvbilincli”, “illuziyalı”, başdan ayağa simulakrlara bürünmüş bir gələcəyə aparır.

# 1729 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #