news-inner
clock12:13 calendar-gray 24 Aprel 2014 view-gray1895 dəfə oxunub
view-gray1895 dəfə oxunub

Qismət: “Pis yazıçı yaxşı romançı ola bilərmi?”

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimizQismətdir. Qismətinən sevdiyi əsərtürkyazıçısı, “Nobel” mükafatı laureatıOrxan Pamukun“Qara kitab” romanıdır.

Kulis.Az Qismətin Orxan Pamukun “Qara kitab” romanı ilə bağlı müsahibəsinin ikinci hissəsini təqdim edir.

Birinci hissə

- Bu roman haqqında Tahsin Yücelin “Qara kitab” adlı məqaləsində Pamukun əsərlərinin dilinin çox bərbad olduğu misallar göstərilərək vurğulanır. Hətta yazır ki, Pamukun türkcəsi o qədər bərbaddır ki, o ən bilinən, məlum ifadələri belə bir-birinə qarışdırır.

- Hə, Tahsin Yücelin həmin böyük səs-küyə səbəb olan məqaləsini oxumuşam. Orda müəyyən haqlı məqamlar var, amma öz müstəvisində. Düşünürəm ki, bir mətnin analizində ən vacib məqam, əvvəlcə həmin mətnin müstəvisini dəqiqləşdirməkdir, bu hətta bədii mətnin dilinin də tənqidinə aiddir və söhbət postmodern mətndən gedirsə, dil daha çox önəmlidir. Çünki postmodernizm hər şeyin dildən ibarət olduğunu deyir. Fikrimcə, Tahsil Yücelin də yanıldığı məqam da budur. Çünki o, sırf postmodern olan bir mətni dilə klassik yanaşan kanonlarla tənqid eləyib. Əsəri öz müstəvisindən uzaqlaşdırıb. Sözsüz ki, Pamuk özü də dəfələrlə deyib ki, tutalım, mən türk dilini Yaşar Kamal qədər dərindən bilmirəm, amma nəzərə almaq lazımdır ki, dil və üslub həm də bir-birini təyin edən şeylərdi. Pamukun romanındakı İstanbulun qarmaqarışıq, labirintvari, ziqzaqlı təsviri, həm də romanın uzun, bəzən bir səhifə boyunca uzanan, çoxlu “və” bağlayıcısı ilə ifadə olunan cümlələri ilə adekvatdır. Bu, şüurlu edilmiş bir şeydir, üslub məsələsidir.

- Üslub məsələsiylə-filan razıyam, amma məsələ odur ki, T.Yücel arqumentlər qoyur ortaya, misallar çəkir. Ancaq inkar eləmirəm ki, həmin yazıda aqressiya var. “Yazının ilk cümləsi belə başlayır, pis yazıçı yaxşı romançı ola bilərmi?” Sonra da Pamuku misal çəkir. Özü də o Pamukun lüğətinin müasir türkcəyə uyğun gəlmədiyini, “topal ifadələr” məsələsini xüsusi vurğulayır. Məsələn, “Yıllarla buyruklarına uyduğum Onunla ilk defa eşit olmuşduk”. “Bu geometrik ve tertemiz manzarada kendimi dışarıdan seyrederken Onu kendimin yaratdığını hemen anlamıştım”. Həm də məntiqi səhvlər var. Məsələn, Ələddinin ağacı qorumaq üçün canından keçməsi məsələsi barədə haqlı olaraq yazır ki, deyək ki, bu mümkündür bəs qəhrəman ağacın kökünə özünü necə sipər edə bilər. Eyni zamanda, mənim də əsas razılaşdığım bir məqamı vurğulayır ki, bir-birinə bənzər, eyni mənzərəni canlandıran cümlələr əsərdə çoxluq təşkil edir. Gələk əsas məsələyə. Romanın sonluğuna.

Roman qəribə bir sonluqla bitir: “...heç nə həyat qədər heyrətamiz ola bilməz. Yazıdan başqa...”

- Postmodernizmin nəzəriyyəsində “metafiction” adlanan, türkcə üstkurmaca deyilən, bizim dildə isə təxminən metaroman, metaproza kimi səslənən bir fənd var. Açığı mən bu sözün mahiyyətini anlasam da, dilimizdəki adekvat qarşılığını tam dəqiqləşdirə bilmirəm. Sürətli şəkildə belə bir ekskursiya edək: XIX əsrin realist romanı daha çox məzmuna önəm verən, mimetik, yəni xarici gerçəkliyi birəbir əks etdirməyə çalışan roman idi; XX əsrin birinci yarısındakı modernistlərin əsərləri özgələşdirmə estetikası yazılmağa başladı və süjetin dominantlığı formanın dominantlığı ilə əvəzləndi, forma eksperimentləri gücləndi, xarici aləmdən daxili aləmə keçid baş verdi. Sonrakı mərhələdə, yəni artıq postmodernizmdə ənənəvi realistlərin xarici aləmindən və modernistlərin eksperimental formalizmdən bədii mətnin artıq özünün özünə yönəlməsi etapı başladı. Ənənəvi, klassik ədəbiyyatda necə ki, kompozisiyanın əsas elementi zaman-məkan konkretliyi və ardıcıllığıdır, çağdaş postmodern mətnlərdə də əsas element metafiction-dır. Postmodern müəlliflərdə, əslində, özündən əvvəlki ədəbi ənənənin bənzər elementlərini, məsələn, modernist mətnlərdə olduğu kimi fərqli formaların tətbiqini canatmanı görmək olar, bu da təbiidir. Çünki postmodernist müəlliflər özündən əvvəlki ənənədən geninə-boluna faydalanmağı sevirlər. Metafiction ən sadə şəkildə desəm, mətnin içində bir mətnin necə qurulduğuna, necə yazıldığına daim işarələr edən, həmişə oxucuya mətnin fiksiya, qurama olduğuna xatırladan fənddir. Orxan Pamuk təkcə məşhur final cümləsində yox, bütün roman boyu bu cür eyhamlar edir. Xatırlayırsansa, Pamuk “Qara kitab”dan sonrakı bütün romanlarında özünü də romana qatır, hamısında qarşımıza oxumaqda olduğumuzun kitabın yazarı kimi çıxır. Və deyim ki, məhz yazarı kimi, müəllifi kimi yox. Çünki Rolan Bartın sözləri ilə desək, əsər müəllifə aiddir, mətn yazara. Bu, hər şeyi bilən, yazdığını mütləq həqiqət kimi təklif edən ilahi-təhkiyəçi obrazından imtinadır. Nəhayət deyim ki, Orxan Pamuk məlum final cümləsi ilə yaratdığı dünyanın, insanların ətdən-sümükdən insanlar kimi yox, sözdən, dildən, yazıdan əmələ gəlmiş insanlar kimi dərk olunmasını istəyir. Biz axı dedik, postmodernistlər üçün dünya dildən ibarətdir. Bir neçə dəfə yazdığım bir sitatı yenidən təkrarlayım, Bekketin sözüdür: Homo Logos, yəni sözdən adamlar. Ehtimal olunan yalnış anlaşılmanın qarşısını almaq üçün, tez-bazar əlavə edim, dünyanın yazı kimi, dil kimi dərk olunması o anlama gəlmir ki, təsvir olunanların gerçəkliklə əlaqəsi yoxdur, sadəcə postmodern müəlliflər maksimalist obyektivlik iddiasından uzaqdırlar.

- “Qara kitab”ın əvvəlində belə bir epiqraf var: “Epiqraflardan istifadə etməyin, çünki yazıdakı sirri öldürür”. Daha sonra simvolik bir obrazın adı ilə başqa bir epiqraf verilir: “Belə öləcəksə, onda sən də sirri öldür...”. İstərdim bu ironiyadan danışaq.

- Əla ironiyadır. Həm də sənə deyim ki, bu ironiya ona görə gözəldir ki, hələ romanı oxumağa başlamamışdan artıq epiqrafdaca estetik bir oyun başlayır və bir növ oxucu həm nə cür bir mətn oxuyacağı ilə bağlı şübhəyə düşür, həm də az-maz sezir ki, bu nəsə fərqli bir romandır. Futbolçular oyundan qabaq meydançada isinmə hərəkətləri edirlər ha, təxminən onun kimi bir şey. Sonradan romanın ortalarında biz əvvəldəki həmin epiqraflardan biriylə rastlaşırıq və onda təzədən əvvələ qayıdıb baxırıq ki, bu həmin cümlədirmi? Şəxsən mən baxmışam, bunu belə başa düşürəm ki, Pamuk başqa mətnlərə illüziyalarla dolu bu romanda həm də özü özünə istinad eləyir, roman mətnin lap əvvəlindəki, hələ başlamamış verilən epiqrafla intertekstual əlaqəyə girir. Romanda bütün epiqraflar həm də oxumağa hazırlaşdığım hissənin xarakterinə, ruhuna uyğun seçilib. Məsələn, birini xatırlayaq, yaşlı köşə yazarlarının bir-biriylə didişdiyi, bir-birini iynələdiyi bölümün epiqrafı “Yahya Kamalla söhbətlər” kitabından götürülüb: “Ondan düşmənlərini soruşdum. Saydı. Saydı. Saydı”.

- Röya böyük hərflərlə, ad kimi yazılanda Qalibin sevgilisidir, kiçik hərflərlə yazılanda isə Qalibi özünə gətirən, ona işarələr verən bələdçi. İstərdim söhbətimiz yönünü bu cür ikibaşlı məsələlərə səmt alsın.

- Hə, postmodern müəlliflərin dil oyunlarına, dünyanı yazı kimi qavramaq cəhdinə daha bir nümunə də budur. Personajların adları ilə oynamaq. Jan Fransua Liotarın məşhur cümləsini xatırlayaq: “İnsanın təkcə adının olması kifayətdir ki, o artıq dil oyunlarına cəlb olunmuş sayılsın”. Sonradan doğulacaq qızına romanındakı qəhrəmanın adını – Röya adını verən Pamuk, əsər boyu bu sözlə oynayır. Röya adı romandakı başqa adlar kimi məcazidir. Əslində, Pamuk bunu demək olar ki, bütün romanlarında edir, adlara fərqli mənalar yükləyir. Röya adıyla bağlı yozumlar çoxdur, bunlardan hansı doğrudur, bunu demək mənim üçün çətindir. Amma bir şey var ki, roman boyu axtarılan Röya əsərin əvvəlində üstüörtülü, Pamukun sevdiyi söznən desək, əsrarlı təsvir edilən səhnədən başqa demək olar ki, hər yerdə ancaq işarələrdən ibarətdir. Yəni o varmı, yoxmu, demək çətindir. Məncə, Röya ad-simvolu romanda yaradıcılığı, ilham pərisini ifadə etmək üçün yaradılıb. Çünki “Qara kitab” həm də yazmaq və yaradıcılıq haqqında romandır. Yadındadırsa, biz romanda oxuyuruq ki, Röya detektiv əsərlər oxumağı sevir, Qalib isə yox. Belə improvizə edə bilərik, Qalibin Röyaya olan sevgisi və qısqanclığı, həm də bir növ ciddi ədəbiyyat tərəfdarlarının kütləvi ədəbiyyatla olan münasibəti kimidir. Ciddi ədəbiyyat həmişə əyləncəli, yüngül romanların çox oxunmasını, insanları həyəcanlandırmasını qısqanır. Bu mənada, “Qara kitab” həm də sənət haqqındadır – poetikadır.

- Romandakı süjetin inandırıcılığı məsələsi də xeyli dartışılan mövzudur. Belə ki, Qalib onu atıb gedən həyat yoldaşının axtarışında olur. Ancaq sonra məlum olur ki, bu bədii priyom imiş, yazıçı başqa yerlərə yol alır, hətta elə yerə gəlib çıxır ki, heç Qalibin vecinə olmur sanki. Belə bir təəssürat doğur ki, sanki heç nə olmayıb. Bu məqamda isə oxucu əsərə olan inamını itiririr. Yeri gəlmişkən, bir məsələni deyim. Bu axtarış motivi Pamukun əsərlərini qarış-qarış gəzir, "Bəyaz Qala"da əsir ölkəsinə qayıtmağını, "Mənim adım qırmızı"da qatilin tapılmasını, "Yeni həyat"ın personajı əvvəlki həyatını axtarır. Səncə Pamuk romanlarındakı axtarış motivinin bu qədər istifadə edilməsinə səbəb nədir?.

- Klassik realist kanonlarla yanaşsaq, “Don Kixot” da, “Çevrilmə” də, “Master və Marqarita” da və yüzlərlə başqa əsər də inandırıcı sayılmaya bilər. Amma məsələ başqa cürdür. Artıq çoxdandır ki, dünya ədəbi-nəzəri düşüncəsində, sənət fəlsəfəsində bədii mətnin mütləq həyata oxşamalı olduğu düşüncəsi köhnəlib. Bədii mətn elə bədii mətndir, yəni yaradıcılıqdı, alternativ, özünəməxsus yeni bir dünyadır. Bu dünyada əlbəttə ki, birəbir real həyatdan götürülmüş, avtobioqrafik elementlər həmişə olur, çünki başlanğıc nöqtəsi həmişə həyatdı, amma bədii ədəbiyyatın qiymətləndirilməsi çoxdandır ki, “həyata nə qədər oxşayır?”, “nə qədər realdır?”, nə bilim “kitabdangəlmədir”, “inandırıcıdır” filan kimi gülməli meyarlarla aparılmır. Kubist Pablo Pikasso deyirdi ki, mən də realistəm. Bu sözü ilə Pablo demək istəyirdi ki, reallıq bir cür deyil, onun da tonları, yarımtonları, başqa-başqa çalarları var. Mən şəxsən realizmi sənədlilik, həyata oxşarlıq kimi qəbul etmirəm, realizmi mahiyyət kimi qavrayıram və bu kontekstdə “Alisa möcüzələr ölkəsində” əsəri də, nə bilim, elə “Harri Potter” də tamam realist əsərlərdi. Rus formalistlərinin yaxşı bir ifadəsi var: “Ədəbiyyat başqa cür demək sənətidir”. “Başqa” cür deyilən mətnlərə münasibət tarixən birmənalı olmayıb. Bir də ki, indi dünyada oxucu mərkəzli şərhlər aparıcı yerdədir və “Qara kitab”ın çap olunduğu illərdən bu yana hələ də müzakirə olunması bunun göstəricisidir. Nə qədər oxucu varsa, o qədər yanaşma və bu pluralist atmosfer yaranması Pamuk özü çox çalışıb. Pamuk onun romanlarını XIX əsrin kanonları ilə ölçməkdə israr edən, fərqli rakursların qabağını almaq istəyən tənqidçilər haqqında “Nobel” mükafatını almağa gedəndə, Stokholmun küçələrində Cüneyt Özdəmirə verdiyi müsahibədə təxminən belə demişdi, onlar, yəni o tənqidçilər, mən dünyada qəbul oldunduqca, paxıllıqları artan adamlardı, haqqımda hər dəfə bir şey uydururlar, mən alışmışam, gülüb keçirəm. Alain Robbe Grillet dediyi kimi “dünya nə mənalıdır, nə də mənasız, o sadəcə var, vəssalam”.

Qaldı axtarış motivinə, bu barədə əvvəlki suallarda az-maz danışdıq. Davam edə bilərik. Bu mənim ədəbiyyatda ən sevdiyim motivlərdəndi. Odisseyi xatırlayaq, onun axtarışı ev necə qayıtmaqla bağlıdır və yadındadırsa bu qayıdış axtarışında ən böyük təhlükə yaddaşın itməsidir. Lotus meyvəsindən yeyənlər keflənib hər şeyi unudurlar. Təsəvvür elə o boyda müharibədən sağ çıxasan, evə qayıtmaq üçün vurxuxasan və qəfildən yaddaşını itirmək təhlükəsi ilə üzbəüz qalasan, çox ağır sınaqdı. Deməli, burda ikinci bir mexanizm işə düşür, axtarış təkcə evə necə dönməklə bağlı olmur, üstəlik bu axtarışın üstünə bir də unutmamaq üçün axtarış əlavə olunur. Get-gedə motiv qat-qat çoxalır, üst-üstə qalaqlanır və sonra get-gedə də çözülür. Odisseyadan Coysun “Uliss”inə, ordan isə “Qara kitab”a cəmi bir neçə addım var. Və sənə deyim ki, bu axtarış motiv, əslində, dünya ədəbiyyatındakı əksər şedevrlərin onurğasında var. Həqiqət axtarışı, dirilik suyu axtarışı, xoşbəxtlik axtarışı, qatil axtarışı, ideal cəmiyyət axtarışı, Allah axtarışı... Təbiət qarşısında, xəstəlik qarşısında, ölüm qarşısında çıxış yolu axtaran ibtidai insanla bugün hər gün google-da nəsə axtaran insanın arasında, bəlkə də o qədər fərq yoxdur. Çünki hər iki halda da nəticə ancaq mövcud olanla məhdudlaşıb və axtarış heç vaxt tükənmir.

- Romanın üç zaman qovşağıda yazılması olduqca maraq kəsb edir. Necə? İndiki hadisələr danışılarkən keçmiş xatırlanır və bu iki zaman gələcəkdəki hadisələrə (gələcək zamana) işarələr edir. Oxucu üç zamanın gərginliyi içərisində yaşayır. Elə bil həm indini qorumalısan, həm keçmişi yaddan çıxarmamalısan, həm də bunlardan asılı olaraq gələcəyi müəyyənləşdirməlisən.

- Burdakı məqsəd klassizmdəki “üç vəhdət” prinsipini, xronologiyanı pozmaqdır. Nisbilik nəzəriyyəsinin, qeyri-səlis məntiqin, kvant fizikasının dünyanı başqa rakursdan izah eləməyinin nəticəsidir ki, zamana münasibət də dəyişib. Artıq zamanın xətti yox, spiralvari, nisbi məfhum kimi dərk olunur. Elmdəki bu inqilabi dəyişikliklər bədii mətnlərdəki zamanda da öz əksini tapır. Bir vərəq götür, sətrin başında bir nöqtə qoy və o nöqtədən başlayıb iç-içə spirallar çəkməyə başla. Nə alınacaq ? Daim qabağa getmək üçün aşağı-yuxarı bükülən, əyilən, geri qayıdıb təzədən irəli atılan nöqtələr çoxluğu. Zaman da belədir, o bir tərəfdən irəliyə doğru axır, amma bu axın düzxəttli deyil, ziqzaqlıdır. İndi postmodern mətnlərin özündən əvvəl yazılan mətnlərdən, keçmişdən faydalanması xatırlayaq. Görürsən, metod zamana münasibətdə də eynidir. Bizdə, yanlış bilinən bir qənaət var ki, guya postmodernizm keçmişin mütləq inkarıdır. Əslində, postmodernizm daha çox yenidən dəyərləndirmədir. Keçmişin yerli-dibli inkarı, ənənədən total imtina modernizm epoxasına aiddir. Bir məsələni də yeri gəlmişkən deyim, bizim həmkarlarımız çox vaxt elə bilirlər ki, postmodern nəzəriyyədəki ayrı-ayrı fəndlər tətbiq eləməklə, yazdıqları dönüb olacaq postmodernist roman. Bir şeyi bilmək lazımdır ki, postmodernizm dünyagörüşüdür. Sənin dünyagörüşün o kanala düşmürsə, o cür düşünə bilmirsənsə, bir milyon fənd öyrən xeyri yoxdur. Məsələ odur ki, hamının bu təfəkkürə yiyələnmək məcburiyyəti yoxdur, amma gərək adamlar özlərini aldatmasınlar. Üzdən bir neçə fəndi mənimsəməklə bu işlər olmur. Çünki postmodernizm tarixdə bəlkə də heç vaxt olmadığı qədər eruditlik, informasiyalılıq tələb edir. Bilirsən, məncə, biz adına nəzəriyyədə bəzən posmodernite deyilən, bir növ modernizmlə postmodernizm arasında keçid mərhələsi olan bir dövrü yaşayırıq. Bir ayağımız o taydadı, bir ayağımız bu tayda, mən buna “tərəddüd mərhələsi” deyərdim. Bu bilirsən nəyə bənzəyir? Dövlət rəsmiləri şəhərin hansısa yerinə baş çəkəndə bir gün qabaqdan binaların üz tərəfi tez-bazar rənglənir, yəni guya hər şey yaxşıdır, amma həmin binanın içində vəziyyət “stabil” olaraq qalır, bax biz indi həmin vəziyyətdəyik. Və deyim ki, mənə indi maraqlı suallar ünvanlayan sən də, bu sualları cavablandıran mən də, indi bu söhbəti monitorun qarşısında oturub oxuyarkən bəyənən-bəyənməyən adamlar da, hamımız həmin o üç hərfli balaca sözün – “biz”in içində məskunlaşmışıq. Zamyatin qələminə layiq vəziyyətdir.

- Roman haqqında yazan tənqidçilərin ən böyük iradlardan biri də budur: xarakterlər tam işlənməyib, yazıçı zamanı, atmosferi yaradır, hadisələri dolğun, detallara vararaq təsvir edir, siyasi-bədii ideyanı çatdırır, ancaq bu hadisələr və süjet hesabına başa gəlir, hadisələrin yaradıcısı sayılan, taleləri süjetə köçmüş obrazlar vasitəsiylə olmur. Sən necə düşünürsən?

- Orxan Pamukun “Qara kitab”ı yazarkən tutduğu dəftərlərdən parçalar çap olunmuşdu, göz atmışam, çox maraqlıdır. Məsələn, özünə təlqin kimi yazır ki, qorxma, cəsarətli ol, anlaşılmamağı gözə al – sonra anlaşılmaq üçün, öz dilini yarat, xarakter yaratma, psixologiyadan imtina et, sən tamam başqa cür bir roman yazırsan, hər şey səndən başlayır və s. Qəribə qeydlərdi, adamı mütəəssir edir, həm də enerji verir. Bilirsən, Fərid, söhbətin əvvəlində də dedim, yenə təkrar edirəm, “xarakter yaratmaq”, “katarsis”, “yaddaqalan obraz” və sair bu kimi yarlıqlar ənənəvi tənqidin alətləridi, Aristotelçi estetikanın təzahürləridir. Ənənəvi mətnlərdə tematik gücü təmsil edən qəhrəmanlar, xarakterlər olur. Ədəbiyyat tarixi hamımızın sevə-sevə oxuduğu qəhrəmanları özündən məşhur romanlarla doludur. Modernist romanda qəhrəman artıq subyektə çevrildi, postmodernist romanda isə sözə, yazıya, oyunun tərkib hissəsinə. Huizinqanın maraqlı bir kitabı var: “Homo Ludens”, yəni oyun oynayan insan. XX əsr göstərdi ki, insan Homo Sapiens deyil. Bəs nədir? Huizinqa deyir ki, insan oyunbazdır, hər şey oyundur. Kafkanın “Məhkəmə”sindəki Yozef K. Xarakterdirmi? Bəs Coysun Leopold Blumu, Stefan Dedalı necə? Yox, yox, onların hamısı sadəcə subyektlərdir. Bu, modernist epoxanın və həmin epoxanın təzahürü olan bədii mətnlərin xarakteridir, həmin mətnlərə, tutalım, Qonçarovun “Oblomov”u kimi yanaşmaq absurddur. Bir də ki, bu cür sürüşkən təyinat – “xarakterin tam işlənib-işlənməməsi” həmişə tənqidçiyə imkan verir ki, nəyəsə ilişsin, axı ideal insan olmadığı kimi ideal yazıçı da yoxdur və avtomatik sonacan mükəmməl xarakter yaratmaq da mümkün deyil. Sənə deyim ki, Coysun “Uliss”inin gücü də mənə görə bundadır, o bir gündə – 1904-cü il, iyunun 16-da, səhər saat 8-də Dublin körfəzində başlayan və Dublini qarış-qarış dolaşan bir mətn yaratdı, personajının təkcə gördüklərini yox, anlıq fikrindən keçənləri də yazdı və məncə, bununla hər şeyi deməyə canatan ənənəvi roman düşüncəsinə nöqtə qoydu. Sanki Coys demək istəyirdi ki, nəinki bir bütöv taleni, bir yekə ömrü və bir adamı sonacan yazmaq, heç bir gün bir adamın ağlından keçənləri sona qədər obyektiv təsvir etmək mümkün deyil. Və sənə deyim, yaxşı ki, belədir. Yoxsa ədəbiyyat tədbir keçirtmək kimi bir şey olardı – quş qoyardıq ki, bu da belə getdi. İndi bizim haqqında söhbət etdiyimiz “Qara kitab” romanı da Coysdan çox şeyi mənimsəmiş, amma həm də Coysun nöqtəsindən sonrakı dövrün mətnidi.

- Şeyx Qalib deyilənə görə Məsnəvini 14 dəfə oxuyub. Məsnəvini farcadan bütöv oxuyanlar bu kitabın asan olmadığını deyirlər. Onların fikrincə, bu artıq fantastik rəqəmdir. Şeyx Qalib məsnəvini oxuyub “Hüsnü eşq”i yazır”. O.Pamukun qəhrəmanı da Mövlanəni oxuyur, ancaq o köşə yazır. Səncə, Pamukun öz romanında köşə janrından istifadə etməsinin səbəbi nə idi?

- Maraqlı məqama gəldik. Bunun səbəbini məxsusi araşdırmışam. Bunun bir neçə qatı var. Birinci qat avtobioqrafikdi: Orxan Pamukun bibisinin əri “Həyat” jurnalının baş yazarı, redaktoru Şevker Rado olub. Xalasının ərinin qardaşı isə Atatürkə yaxın jurnalist kimi tanınan Falih Rıfkı Atayla birlikdə “Dünya” qəzetini təsis Bedii Faikdir. Uşaqlığında və gəncliyində ailə söhbətlərindən bu məşhur adamlar haqqında çox eşidib, onların yazılarını izləyib, bütün bunlar Pamuka təsirsiz ötüşməyib. Romandakı Bedii Usta jurnalist olmasa da, həmin jurnalist qohumdan izlər daşıyır. İkinci qat ictimai-siyasidir: Türkiyədə indinin özündə də köşə yazarları hədsiz çox oxunur, Pamuk gənclik dövründə isə Türkiyədəki köşə yazarlığının əcdadlarından sayılan Çetin Altanın parladığı illər idi. Sonradan “Ötəki rənglər” kitabında Pamuk onun haqqında bir esse də yazıb. Cəmiyyətin köşə yazarlarına olan sonsuz sevgisi imkan verib ki, Pamuk bunu romanının malına çevirsin. Üçüncü qat bədii-estetikdi: “Qara kitab” romanı ensiklopedik romandır. Ensiklopedik romanların xarakteri budur ki, burda hər şeyin, hər janrın, üslubun romanın tərkib hissəsi olması mümkündür. Pamuk bir yazısında “Qara kitab”ın bu ensiklopedik tərəfi üçün bəhrənləndiyi ədəbi qaynaqları açıqlamışdı, eləmədim tənbəllik o siyahıdakı romanların hamısını tapıb oxudum. Demək təxminən yadımda qalanları sadalayım: Nabokovun “Solğun atəş”i, Kortasarın “Xana-xana oyunu”, İtalo Kalvinonun “Görünməz şəhərlər”i və “Əgər bir qış gecəsi bir yolçu”su, Jorc Perekin “Həyatdan istifadə qılavuzu”, Mario Varqas Lyosanın “Culiya xala və cızmaqaraçı”sı, Milan Kunderanın “Varoluşun dözülməz xəfifliyi” , Culian Barnsın “10 1/2 bölümdə Dünya Tarixi” romanları. Bu romanların hamısında ortaq bir cəhət var ki, bir-birilə əlaqəsiz görünənləri – istər üslub, janr olsun, istər həyat materialı – demokratik şəkildə yan-yana qoyur, bir-birinə qatır. Məsələn, Kundera romanının içinə esselər atır, Lyosanın romanının bir fəsli ana mətndir, bir fəsli Latın Peruda məşhur olan radio-pyeslər, Barnsın romanının hər fəsli ayrı bir tarixi dönəmə parodiyadır və bir-birilə əlaqəsiz əhvalatlardır, fransız dilinin ən çox işlənən “E” hərfindən istifadə etmədən yazdığı məşhur “Yoxolma” romanının müəllifi Perek, “Həyatdan istifadə qılavuzu” romanını elə ensiklopediya, elmi araşdırma sayıla biləcək fəsillərlə doldurub və s. Bu romanların əksəriyyəti 80-ci illərdə yazılıb və Pamuk o vaxt bunların hamısını oxuyub, öyrənib, mənimsəyib, bəhrələnib. Bir də ki, qərb roman tipinin keçmişi müəyyənləşdirmək olar, tutalım, Sternin “Tristram Şendinin həyatı və düşüncələri” romanı, Rablenin “Qarqantua və Pantaqruel”i, Coysun “Uliss”i. Amma bu cür mətnlər təkcə Qərbdə olmayıb axı, “Min bir gecə nağılları” da, “Məsnəvi” də, elə məsələn, Nizaminin poemaları da bu cür mətnlərdi və bunu anlayan Pamuk şərqli-qərbli bu böyük mədəni mirasdan yararlanıb. İndi fikirləşməliyik ki, görəsən, biz dünyanın harasındayıq, nələrnən əlləşirik?

Oxşar xəbərlər

Xəbər lenti

Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021